adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ZAMAN AYDINLIQ GƏTiRƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
33720 | 2011-11-03 14:11
Siyasi həyat həmişə qaynarlığı ilə diqqəti çəkir. Yəni siyasət deyilən hər nədisə burda dinamika olanda maraq kəsb edir. Bax, bu mənada bizim məmləkətin bəxti o qədər də gətirməyib. Çünki son vaxtlar siyasi müstəvimiz bir durğunluq yaşayır. Bunu siyasilər etiraf etməsə də, amma göz gördüyünə inanar deyiblər. Yəni hər gün qəzet səhifələrində eyni siyasi fiqurları görmək, eyni başqanları, sədrləri, partiya funksionerlərini seyr etmək artıq onları adiləşdirib, bizim də gözlərimizi qabar edib.
   
   Mən dəfələrlə siyasi baxışlarını bölüşdüyüm insanlarla söhbətlərimdə bildirmişəm ki, media Azərbaycanın siyasi fiqurlarına, funksionerlərinə bircə aylıq "qırmızı kart" göstərib diqqətdən kənarda saxlasa, soydaşlarımızın ən azı 85 faizi onları bütünlüklə unudacaq, yerdə qalan 15 faizinin 13 faizi hərdən bir xatrılayacaq, 1 faizi dost-tanışı, 1 faizi ailə üzvləri, qohum-əqrabası olmaqla onları öz çevrələrində görəcəklər.
   
   Bax, bu mənada siyasilərin mediaya diqqət gösərməsi, onlarla iş birliyinə üstünlük verməsi, xüsusilə özlərinin mətbu orqanlarını yaratması başa düşüləndi. Lakin burda da bir məqam var. Bu da həmin siyasilərin bəzən özlərini mətbuatdan üstün tutmalarıdı. Təəssüf ki, bu insanlar bar gətirən ağacın barəsində deyilmiş atalar sözünü unudurlar. Düşünmürlər ki, unutqanlıq, etinasızlıq həmişə ciddi fəsadlar törədib. Bu məsələnin birinci tərəfi. Qaldı məsələnin ikinci tərəfinə, yəni bu gün gündəmdə olan və müxtəlif münasibətlər bildirilən Müsavat Partiyasının başqanı məsələsinə... Deməli, müstəqil mətbuatla yanaşı, müxalif partiyalara aid media durumları da Müsavat başqanının kim olacağı ətrafında xeyli vaxtdır ki, fikir mübadiləsi aparmaqdadı. Ardıcıl olaraq izlədiyim qəzetlərdən əldə etdiyim bilgilərə görə, İsa Qənbərin yenidən Müsavata başqanlıq etmək fikri yoxdur. Elə bu da partiya daxilində müyyən qruplaşmalara əl-qol açmaq imkanı veribdi.
   
   Mətbuatda gedən xəbərlərdən aydın olub ki, başqanlıq iddiası olanlar arasında daha çox adları hallanan Arzu Səmədbəyli və Arif Hacılıdı. Bundan öncə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də adı bu sıraya daxil edilmişdi. Sonda Turanın sahibi mətbuata geniş açıqlama verməklə bu fikirdə olmadığını bəyan etdi. Yenə meydanda əsas fiqurlar kimi Müsavatın Ali Məclisinin sədri Arzu Səmədbəyli və bu gün həbsdə olan sədr müavini Arfi Hacılı qaldı. Doğrudu, müxtəlif ziyalı qrupları, o cümlədən də partiyadakı bəzi tərəfdaşları hazırda Türkiyədə yaşayıb-işləyən Vurğun Əyyubun da adını siyahıya əlavə edib. Hətta Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məsələyə münasibət bildirərkən vurğulayıb ki, "mən adları çəkilən şəxslərin hər birinə böyük hörmətlə yanaşıram. Hesab edirəm ki, əgər bu məsələni öz prakmatik siyasi mövqeyindən çıxış edərək boynuna götürən bugünkü sədrliyə Vurğun Əyyub gətirilsə, onda Müsavat Partiyası ancaq və ancaq qazanar".
   
   Amma çox maraqlıdır ki, Vurğun Əyyubun namizədliyini "Müsavatın qazancı" kimi dilə gətirən çox hörmətli Eldəniz müəllim onu da xatırladıb ki, "çox təəssüflər ki, müsavatçılıqla bugünkü Müsavat partiyası arasında bərabərlik işarəsini qoymağa çətinlik çəkirəm".
   
   Bəli, Eldəniz müəllimin bu fikri əslində Azərbaycanın ana müxalifəti sayılan partiyalarda, ümumiyyətlə, siyasət meydanına atılan qüvvələrin böyük əksəriyyətində özünü göstərməkdədi. Çünki Müstəqillik, Qarabağ, Dövlətçilik, Demokratiya, İnkişaf və s. fikirləri səsləndirməklə, daha doğrusu, həmin fikirləri şüar etməklə siyasi arenaya gələn partiyaların sonrakı fəaliyyətləri, eləcə də onların mübtəla olduqları qrand xəstəlikləri, həmçinin hansısa dairələr xidmət etmələri, xüsusilə xarici bağlantıları sonda çox mətləbləri açır, çox sirləri farş edir. təəssüf ki, bu həqiqətdir.
   
   O ki, qaldı Müsavat partiyasının yeni başqanının kim olacağı məsələsinə, bununla bağlı "mediaform" saytının suallarını cavablandıran Arif Hacılı bildirib ki, "İsa Qəmbər nizamnamənin məlum bəndinin dəyişdirilməsinin əleyhinə olduğunu, hətta onun iradəsi nəzərə alınmadan belə dəyişikliklər olarsa, başqanlığa namizədliyini irəli sürməyəcəyini bildirib... İsa Qəmbər başqanlıqan getdikdən sonra... Müsavatın yeni başqanının arxasında İsa Qəmbər kimi siyasi lider dayanacaq. Müsavat başqanlığına namizədliyimi irəli sürmək niyyətindəyəm. Divan üzvlərinin əksəriyyətinin fikrini öyrənmişəm. Məhkəmə prosesi zamanı İsa bəylə də ilkin söhbətimiz olub".
   
   Bütün bu açıqlama onu göstərir ki, artıq Müsavatda İsa bəyin başqanlıq müddətinin başa çatdığı həmin yerə iddialılar tərəfindən birmənalı olaraq qəbul edilib. Necə deyərlər, qalıb yeni başqanın seçilməsi.
   
   İndi bu başqanlıq haqqına kimin sahib olacağı zamanın işidi. Ancaq Müsavat daxilində "o zaman" kimin necə təsir edəcəyini də qismət olsa görəcəyik. Hər halda, media bu mövzunu diqqətdə saxlayır, özü də hər bir tərəf öz prizması altında.

TƏQVİM / ARXİV