adalet.az header logo
  • Bakı 16°C

MüƏMMALAR VƏ GERçƏKLƏR...

BABƏK YUSİFOĞLU
58109 | 2011-11-02 07:09
Xeyli müddət dünyanın nəzərlərinin cəmləşdiyi talesiz Liviyada açıq müharibə sona yetdi və liviyalıların Qərbin təhriki ilə aylarla biri-birlərini qırması dayandı. Lakin hələ sülhün təməli oturuşduğunu da demək mümkün deyil. İndi hələlik "qələbə"nin eyforiyasını yaşayan "qalib" ərəblərin böyük əksəriyyəti əslində fərqində deyil ki, demokratiya, insan hüquqları pərdəsi altında qırılan 10 minlərlə gənc, iş qabiliyyətinə malik liviyalı ölüb və belə nəticə qələbə üçün əsas ola bilməz.
   
   Əlbəttə, diktator Qəddafinin orta əsr qaydaları ilə hakimiyyətinin davam etdirməsini biz də qəbul etmirdik. Amma bütün bunların Vaşinqtonun sifarişi ilə baş verdiyini düşünəndə və bugünkü proseslərin şahidi olanda verilən qurbanların Liviyaya heç bir xeyiri dəymədiyini görürük. Çünki Liviyanın bundan sonra müasir demokratik prinsiplər ilə yaşayacağını düşünmək absurd bir işdir. Qərbin isə yalandan iddia etdiyi seçkiləri isə Liviyadakı tayfa və Qərbin diqtəsi həll edəcək. Müharibədə ölənlərin ailələri, yaralananlar, hər şeyini itirən sadə insanlar, xalq kütləsi isə elə Qəddafinin dövründə necə yaşayırdısa elə də yaşayacaq. Əgər yeni ixtilaflar baş qaldırmasa.
   
   Bunun üçün bir məsələyə də diqqət çəkmək çox yerinə düşər. Bir neçə gün öncə beynəlxalq informasiya mənbələri qəribə bir xəbər yaymışdılar. Xəbərdə bildirilirdi ki, Müəmmar Qəddafinin oğlu Seyf əl-İaslam Qəddafi guya "Əl-cəzirə" vasitəsi ilə bəyan edib ki, müəyyən şərtlər altında beynəlxalq məhkəməyə təslim olmaq istəyir. Heç bir normal məntiqə sığmayan absurd bir iddia. Bəlkə də bizim bu ifadəmiz kimlər tərəfindənsə qəbul edilməyəcək, lakin xatırlatmaq istəyirəm ki, dünən polkovnikin oğlunun lap yeni bəyanatı yayılıb. Seyf əl-İslam bildirib: "Biz heç vaxt təslim olmayacağıq. Biz ya qələbə çalacaq, ya da şəhid olacağıq. Qəddafini sevən insanların hamısı ona sədaqətlərini qoruyub saxlayıblar. Və hər kəs də öz rəhbərliyinə inanmalıdır. Biz Ömər Muxtarın başlatdığı mübarizəni birlikdə başa çatdıracağıq".
   
   Göründüyü kimi bu bəyanatda təslimdən söhbət belə getmir. Və əksinə bu onu sübut edir ki, Liviyada başladılmış qardaş qırğını hələ davam edəcək. Bundan başqa, yeni toqquşmalar üçün ikinci bir versiya da görünməkdədir. Belə ki, son günlər Müəmmar Qəddafi ilə bağlı yeni bir iddia şübhələrin baş qaldırmasına şərait yaradıb. Deyilir ki, polkovnikin əsr alınması, öldürülməsi ilə bağlı bütün dünyaya nümayiş etdirilən görüntülərdəki şəxs Liviyanın keçmiş liderinin özü yox, oxşarınınkı olub. Polkovnikin özü isə salamat aradan çıxıb. Çünki bəzi ekspertlərə görə, onun ölümündə qəribəliklər gözə çarpır. Nəyə görəsə polkovnikin DNK-sının identifikasiyası üçün hərəkətə keçilmədi, ona məhkəmə qurulmadı, Qəddafinin "cəsədi" məxfi yerdə basdırıldı ki, kiminsə tərəfindən eksqumasiya edilməsin... (newsstreet.ru) Hətta öldürüldüyü görüntülənənin Əli Məcid əl-Andalus adlı bir şəxs olduğu da söylənir.
   
   Rusiyanın Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski də bütün bu məsələlərin çox şübhəli olduğunu deyir. Onun sözlərinə görə, "Əl-Cəzirə" telekanalı ilə verilən həmin informasiyalara birmənalı şəkildə inanmaq olmaz. "Çünki "Əl-Cəzirə" ona inam "kreditini" artıq tükəndirib. "Əl-Cəzirə" də "Əl-Ərəbiyyə", "Röyters" kimi ötən aylar ərzində Liviya müharibəsindən o qədər dezinformasiyalar yaydı ki, bu kanallara artıq inam qalmayıb". Demək, ehtimallar mövcuddur və hər şey ola bilər. Bütün bunlar liviyalıların müharibədən sonrakı bəlaları. Amma məsələ heç də həmin bəlalarla bitmir. Növbəti bəlalar Liviyanın təbii sərvətlərinin talanması ilə bağlıdır ki, artıq buna böyük mənada start verilib.
   
   Liviyada yeni hökumətin başçısı müəyyən edildi. Əbdül əl- Rahim əl-Kib üsyançıların liderləri və eyni zamanda hökuməti sayılan Mahmud Cibrili əvəzləyərək hakimiyyətə gəlib. O, Birləşmiş Ştatların adamı hesab edilir. Əl-Kib Amerikada təhsil alıb və uzun illər xaricdə yaşayıb. Böyük biznesə sahib olduğu da söylənir. İnformasiya mənbələrinin yaydığı məlumatlarda bildirilir ki, həmin posta əvvəlcə 8 namizəd iddialı imiş. Amma sonradan onların 3-ü namizədliyini geri götürüb. Səsvermədə isə şuranın 51 üzvündən 26-sı ona səs verib.
   
   Liviya neftinə iddialı dövlətlər sırasında Fransa da, İtaliyada var. Amma çox çəkməz ki, digər Qərb ölkələri də öz iştahlarını Liviyada açardılar. Çünki onlar bu ərəb ölkəsinə yağdırdıqları bombaların, işlətdiklər sursatların, əsgərlərə ödədikləri maaşların pulunu artıqlaması ilə geri çıxarmalıdırlar. Liviyanın isə zəngin təbii sərvətləri artıqlaması ilə buna bəs edəcək. Yəqin ki, görmək istəyənlər bütün bunların şahidi olacaqlar. Elə liviyalıları öldürən liviyalılar da...

TƏQVİM / ARXİV