adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

MAFiYA... iMPERiYASI

BABƏK YUSİFOĞLU
51897 | 2011-11-01 07:31
(Əvvəli qəzetin 25 oktyabr sayında)
   
   
   
   1931-ci il sentyabrın ilk günləriydi. Bossun çox gizli saxladığı bu qətl planınından mafiya daxilində kimsənin xəbəri belə yox idi. Məsələdən yalnız Maranzamonun şəxsi sürücüsünün məlumatı vardı. Amma bu da mafiya daxilində özünün agentura sistemini yaratmış Luçiano üçün kifayət idi ki, hər şeyi öyrənsin və öz kontur əməliyyatını keçirsin. Yalnız burada hələlik sual altında qalan yeganə məsələ işi uğurla başa çatdırmağı bacarmaqdı. Bunun üçün əməliyyat sürətlə və qətiyyətlə aparılmalıydı. Bacaracaqdılarmı? Bunu qabaqcadan kimsə deyə bilməzdi. Çünki proses zamanı hər şey baş verə bilərdi. Yalnız o dəqiq idi ki, plan baş tutmasaydı qəddar Maranzamonun verəcəyi cəzanı düşünmək belə qorxunc idi. Həmin gün Maranzamo Park-Avenidəki daşınmaz əmlakın satış söhbətini aparmaq üçün "Laki" Luçianonu öz kontoruna çağırdı. Hər şey məhz orada baş verməliydi.
   
   
   
   MARANZAMONUN AQİBƏTİ
   
   
   
   Maranzamo sirdən kimlərinsə xəbər tuta biləcəyindən ehtiyat etdiyi üçün heç bir bandaya tabeçiliyi olmayan peşəkar qatil Vinsent Kolla öz tapşırığını vermişdi. Plana görə, Salvatore Luçiano kontora gələcəkdi, bosla danışıqlarını bitirib binadan çıxarkən "Dəli köpək" ləqəbli Vinsent ona ardıcıl atəş etməli və bununla da bir nömrəli düşmən cəhənnəmə vasil olmalıydı. Əslində Maranzamo qatili çox ideal seçmişdi. Yalnız "Dəli köpək" kriminal aləmdə çox böyük nüfuza malik Luçianoya risqi göz altına almadan, tərəddüd etmədən atəş aça bilərdi. Qətlin törədiləcəyi gün Maranzamo niyəsə planlaşdırılandan bir qədər erkən kontora gəlib çıxdı. Hər tərəfdə sakitçilik idi. Onun kabinetinin qapısı döyüləndə heç nədən şübhələnmədi. Çünki Luçianonun gəlməsinə hələ yarım saatdan çox qalırdı, həm də vaxtsız gələn bu "qonaqlar" üç polis idi. Maranzamo gələnləri içəri dəvət etdi, düşündü ki, onlar yenə həmişə olduğu kimi gəlib bir neçə axmaq sual verəndən sonra cəhənnəm olub gedəcəklər. Lakin təşrif buyuran üç "qonaq"dan birinin otağa daxil olmayıb çöldə - qapının ağzında dayandığını görəndə çox şübhələndi. Deyəsən böyük səhvə yol vermişdi.
   
   Maranzamo kimsəni şübhələndirməmək üçün özünü o yerə qoymadı və iş stolunun arxasına keçib siyirmədə həmişə hazır vəziyyətdə saxladığı tapnaçanı götürmək istədi. Amma gec idi. Çünki artıq səhvi buraxmışdı. Boss tapançasını götürməyə imkan tapmamış arxadan kürəyinə saplanan bıçaq onu sarsıtdı və bunun ardınca dəstəyə başçılıq edən Salvatorenin gənclik illərinin dostu, ən çox güvəndiyi Baqsi Siqelin səsini eşitdi: "Noldu, niyə siz hələ də avaralanırsız!" Baqsi əlindəki xəncərlə boslar bosunun boynunun ardından vurub yerə sərdi. Öz kabinetində qanlar içərisində döşəməyə sərilən Marazamonun üzündə qəribə bir təbəssüm vardı. Niyə boss bu dəhşət anında gülümsəmişdi, bunu kimsə bilməyəcəkdi. Saniyələr sonra o keçinmişdi. Qəribə idi, Maranzamo mafioz kimi yaşamış, bənzəmək istədiyi Sezar kimi isə öldürülmüşdü.
   
   Baqsi polis geyimində olan adamları ilə geri döndü: o, Luçianoya tapşırığın yerinə yetirildiyini xəbər vermək üçün tələsirdi. Çünki Luçiano belə istəmişdi. Lakin heç kəsə elə gəlməsin ki, Salvatore Luçiano sadəcə bir nömrəli rəqibini aradan götürdüyünü öyrənməyə tələsirdi. Xeyr, məsələ heç də bununla bitmirdi. "Laki" Luçiano tədbirli adam idi. Onun üçün əlavə problemlər yaranmasın deyə, proses tam sona çatdırılmalıydı. Salvatore keçmiş dostundan sevindirici məlumatı alan kimi ondan təlimat gözləyən adamlarına əməliyyata başlamaq əmrini verdi. Və bu göstərişin ardınca Maranzamonun bütün sədaqətli adamları hər yerdə Luçianonun "Qətllər Korporasiyası" tərəfindən elə həmin gün öldürüldü. Bununla da Salvatore boslarının intiqamını ala biləcək bütün qanqsterlərə heç imkan vermədi ki, Maranzamonun öldürülməsindən xəbər tutsunlar. Və beləliklə "cinayət aləmi"nin "beyni" bu dəfə də düşmənini bir neçə saat qabaqlamaqla situasiyanı öz xeyirinə dəyişmişdi. İndi mafiyanın başında şəriksiz "Xaç atası" "Laki" Salvatore Luçiano dururdu.
   
   
   
   ƏLLİ İLLİK CƏZA
   
   
   
   Bütün işlərini Salvatore nə qədər "təmiz" həyata keçirsə də artıq hüquq-mühafizə orqanlarında onun haqqında təhqiqat başladılmışdı. Luçianonun cinayətkar əməllərindən az-çox xəbərdar olan Dyui əlindəki materiallar əsasında bu mafiya bosunun lazımınca cəzalandırıla biləcəyini düşündüyündən istintaq materiallarını məhkəməyə təqdim etdi və 1936-cı ilin aprelində onun həbsi üçün order almağa müvəffəq oldu. Uzun çəkişməli məhkəmə prosedurundən sonra "Xaç atası"na 50 illik ciddi rejimli həbs kəsdilər. Amma bütün bunlar Luçiano üçün uşaq oyuncağından başqa bir şey deyildi. O bilirdi ki, bu "sroku" axıradək "yatmayacaq". Çünki "Xaç atası"nın hakimiyyəti ağılasığmaz dərəcədə böyük idi. Hətta dövlət məmurları arasında belə. Bunu İkinci Dünya Müharibəsi də sübut etdi.
   
   Alman hərbi gəmiləri həmin dövrlərdə tez-tez Amerika ticarət gəmilərinə ziyan verir, onları batırır, ölkə iqtisadiyyatı böyük itkilərə məruz qalırdı. ABŞ kəşfiyyatı belə qənaətə gəlmişdi ki, almanlara bu işdə ya cəsuslar ordusu yardım edir, ya da pul xətrinə yerli adamlar. Dövlət orqanları bütün bunların qarşısını almaq üçün hərəkətə keçsə də effekt yox idi. Lap yuxarı instansiyaların razılığı ilə əks-kəşfiyyat kömək üçün cinayət dünyasına müraciət etdi. Rəsmi şəxslər əlaqələndirici vasitəsi ilə "Xaç atası" ilə görüş təşkil etdilər və danışıqların nəticəsi kimi "içəridən" çölə əmr göndərildi: "əməkdaşlıq edin". Məhz bu əmrdən sonra balıqçılar, dəniz fəhlələri, avaralar, qaçaqmalçılar... hərbi kəşfiyyatın gözlərinə, qulaqlarına çevrildilər. Çox qısa zamanda elə ABŞ-ın özündə səkkiz alman kəşfiyyatçısı ələ keçirildi.
   
   
   
   DEPORTASİYA
   
   
   
   Bundan sonra türmədə onun üçün yaradılan xüsusi şərait, komfort həyat tərzi çöldəkindən heç də geri qalmırdı. Fərq yalnız onda idi ki, boss istədiyi yerə gedə bilmirdi. Bunu aydın təsəvvür etmək üçün yalnız onu bilmək kifayətdir ki, həbsxanadakı təmtəraqlı "kabinet"ində "Laki" Luçiano istədiyi şəxsləri - jurnalistləri, tanınmış siyasətçiləri, biznesmenləri... qəbul edə bilirdi. Onun içəridə verdiyi göstərişlər qısa zaman içərisində aidiyyəti ünvana çatdırılır, sözsüz yerinə yetirilirdi. Vəkilləri isə gecə-gündüz onu həbsdən çıxarmağın yollarını aramaqdaydılar. Nəhayət, onların köməyi ilə 1945-ci ildə Salvatore bağışlandı. Və 1946-cı il 2 fevralda "Laki" Luçiano azadlığa buraxıldı. Bosu qarşılamağa jurnalistlərdən savayı çoxlu sayda kriminal aləmin ən nüfuzlu şəxsləri, qanqsterlər, tanınmış adamlar gəldilər. Onun şərəfinə ən möhtəşəm restoranlarda, ən dəbdəbəli saraylarda ziyafətlər verildi. Amma Birləşmiş Ştatlar hökuməti ona ölkədə yaşamağı qadağan etmişdi.
   
   Həbsdən çıxandan bir qədər sonra "Yeni dünyanı" tərk edərək "Qoca Avropa"ya - İtaliyaya qayıdan Luçiano Palermoda dəbdəbəli, gözəl bir villada sakitcə yerləşib həyatını sürdürməyə başladı. Amma bu heç də o demək deyildi ki, Luçiano kriminal dünyadan ayrılmışdı. Əsla yox. Əksinə o, Palermoda oturub qurduğu böyük kriminal "imperiya"nı idarə edir, yeni planlar həyata keçirməyə çalışırdı. Yenə əvvələr olduğu kimi, "Laki" Lucianonun iradəsi bütün mafiya üçün əsas idi. O, istəyirdi ki, Aralıq dənizi ölkələrini, hətta bütün dünyanı idarə edəcək bir set yaratsın və "Kölgə biznesi"ni daha da genişləndirsin. Bu məqsədlə də o səfərə çıxdı. Əvvəlcə Argentinaya, sonra isə Kubaya gəldi. Və demək olar ki, bu səyahətində o, nəzərdə tutduqlarını reallaşdırmağı bacardı. Hətta Havannada onu Kubanın gələcək diktatori Batista təmtəraqla qəbul etdi. Daha sonra isə Luçiano Havannada mafiyanın konfrensiyasını keçirdi. Nə qədər qəribə səslənsə də bu, mafiya tarixinə "Havanna konfrensiyası" adı ilə düşdü. Və mafiozlar burada biznes məsələsində razılığa gəldilər.
   
   
   
   LUÇİANONUN SEVGİSİ
   
   
   
   Bütün şüurlu həyatı boyu kriminal dünyanın içərisində olan, öz bacarığı, ağlı hesabına mafiyanın "Xaç atası"na çevrilən Salvatore çox sonralar ailəsini də arayıb-axtarmadı, eləcə tək yaşamaqda davam etdi. Onun haqqında danışanlar deyirlər ki, Salvatorenin rəsmən nikahda olduğu qadın olmayıb. Övladı da yox idi. Amma Luçianonun qeyri-qanuni arvadı varmış. Əylənməyi də, qadınlarla vaxt keçirməyi də xoşlayan "Laki" Luçiano Havannadan qayıdanda Palermoya yox Romaya getdi. Burada da dəbdəbəli bir villada günlərini keçirir, ara-sıra jurnalistlərlə, biznesmenlərlə... görüşür, məşhur əyləncə mərkəzlərinə də ayaq basırdı. Və belə günlərin birində Luçianonun həyatında görünməmiş iz buraxan bir hadisə, daha doğrusu tanışlıq baş verdi. Əyləncə gecələrinin birində o, məşhur "La Skala"nın rəqqasəsi İqea Lissioniylə tanış oldu. Bəzi mənbələrdə isə İqeanın Milanın gecə klublarının birində çalışdığı söylənir.
   
   İqea Lissoni Luçianodan nə az, nə çox, düz 24 il kiçik idi. Və maraqlıydı ki, "Xaç ata"sı onun adını "Çarli" yox, "Şarli" kimi tələffüz edən cavan qıza inanılmaz bağlanmışdı. Deyilənə görə, Salvatore İqeaya böyük pullar xərcləməkdən heç vaxt imtina etməzdi. İqea da sonralar vətəndaş nikahına girdiyi Luçianonu heç vaxt tərk etməmişdi. Hətta "Xaç atası"na sui-qəsd hazırlandığı xəbəri yayılandan sonra da o, Salvatoreni tək buraxmamışdı. Sui-qəsd məsələsi qaydaya salınandan sonra onlar Neapol yaxınlığında yerləşən böyük bir villada yaşadılar. Salvatore əslində həmin illər ərzində İqeanın bir gözəl qadın kimi onu cəlb etdiyini düşənərdi, lakin zaman keçdikcə anlamağa başladı ki, bu bağlarda fərqli duyğular da var. Boss bunu İqea Lissoni xərçəng xəstəliyindən vəfat edəndən sonra bütün çılpaqlığı ilə dərk etdi.
   
   Onlar cəmi 11 il birlikdə yaşadılar və qadın ölərkən 37, Salvatore isə təxminən 61yaşında idi. Həyatında saysız-hesabsız ölümlər görən, yeri gələndə özü öldürən, ən müxtəlif situasiyalar, dəhşətlər yaşayan, həm də ağsaqqal sinninə çatan Luçiano arvadının ölümündən sonra sarsıldı. O özü bunu büruzə verməməyə çalışsa da (Salvatore Luçiano və arvadı İqea Lissoni) həqiqətdə belə idi. "Xaç atası" həmin itgidən sonra artıq əvvəlki adam deyildi və bir daha olmadı da. Hətta səhhətində də problemlər yaranmağa başlamışdı. Bir il də belə ötdükdən sonra həyatında dəyişiklik olsun deyə gənc bir italyan qızla - Adriano Riçço ilə birlikdə yaşamağa başladı. Yeni sevgilisi İqeanın yerini verməsə də həyatının sonlarınadək Luçiano ilə birgə oldu.
   
   
   
   MAFİYANIN "XAÇ ATASI"
   
   
   
   Dünyanın demək olar ki, əksər ölkələrində gizli və leqal biznes quran, istehsal, ticarət mərkəzləri, restoranlar, sexlər, məhsul bazaları... yaradan "Laki" Luçiano artıq elə bir mərtəbəyə çatmışdı ki, dövlətlərin iqtisadi vəziyyətinə belə təsir göstərə bilirdi. Hətta deyilənlərə görə Ruzveltin seçkilərində maliyyə xərclərinin böyük bir hissəsini Luçiano ödəmişdi. Bir çox dövlət məmurlarının problemlərini məhz o, yoluna qoyurdu. Bundan başqa, "cinayət dünyası" Luçianonun nəzarəti olmadan heç bir addım ata bilməzdi. Salvatorenin illik gəliri milyonlarla ölçülürdü. Və maraqlı idi ki, bu böyük mafiya imperiyası məhz onun ağılı, zəkası hesabına saat kimi işləyirdi. Onun illər əvvəl qoyduğu dəmir intizamı kimsə poza bilməzdi. Mafiyada ikincilərdən hesab edilən boslar belə. Bəlkə də elə bu sərt qanunlara görə idi ki, Salvatorenin rəhbərlik etdiyi mafiya uzun illər liderliyi əlində saxlamağı bacarmışdı.
   
   Çox qəribə idi. Mafiya qanunlarını hətta Luçiano özü belə pozmurdu. O vaxt çoxlarını dəhşətə gətirə biləcək bir hadisə hamıya dərs idi. Onun ən yaxın dostu, ən sədaqətli adamı, ən risqli işləri öhdəsinə götürən silahdaşı Baqsi Siqel mafiyanın qanununu pozmuşdu. Və Salvatore Luçiano mafiyanın iclaslarının birində göz yaşları içərisində onun ölüm hökmünə qol çəkmişdi.
   
   1961-ci ilin sonlarında "Laki" Luçiano belə məzmunlu bir məktub aldı: "Hörmətli Sinyor Luçiano. Mən sizin əfsanəvi həyat yolunuz haqqında bir ssenari yazmağı və gözəl bir film çəkməyi özüm üçün böyük şərəf bilərdim. Hörmətlə: Ssenarist və prodüser Martin A. Qoş". Yazılanlar onu cəzb etdi. Axı, mafiya atası olmaqla yanaşı o, həm də şöhrətə biganə deyildi. Çox istərdi ki, onu daha yaxşı tanısınlar, haqqında gəzən saysız-hesabsız söhbətlərin doğrusunu bilsinlər. Luçiano - ssenari ilə əvvəlcədən tanış olmaq şərti ilə bu təklifə razılıq verdi. Artıq problem qalmırdı. Tərəflər görüşmək üçün razılıq da əldə etdilər. Martini A. Qoş Luçianonun yanına təşrif buyurmalıydı.
   
   
   
   ŞANSIN SONU
   
   
   
   1962-ci il, yanvarın 26-sı idi. "Laki" Luçiano yaxşı əhval-ruhiyyədə gələcək filmin müəllifini qarşılamaq üçün Neapol aeroportuna gəlir. Hər tərəfdə qorumalar, mühafizəçilər. O istəyirdi ki, onun haqqında ssenarini yazan, film çəkməyə hazırlaşan adamın gözlərinin içərisinə baxsın, yazılanlar haqqında iradlarını bildirsin. Luçiano qonağını gətirən təyyarənin endiyini görəndə niyəsə bir qədər həyəcanlansa da dodaqlarında təbəssüm yarandı. Görüşə dəqiqələr qalmışdı. "Şanslı adam" bilmirdi ki, bir azaca sonra şans onu tərk edəcək.
   
   Kimsənin gözləmədiyi bir hadisə baş verdi. O dövrün polis məlumatlarına görə, Siciliyada və Kalabriyada 300 mafioz klan fəaliyyət göstərirdi. Təkcə İtaliya mafiyasına 20 min adam işləyirdi. Bütün bunların başında duran və hər tərəfdə nəhəng leqal və qeyri-leqal biznes imperiyası, milyonlarla parası olan, haqqında əfsanələr dolaşan "Laki" Salvatore Luçiano qəfildən köksünü tutaraq yerə yıxıldı. Aləm dəydi biri-birinə. Onu xəstəxanaya çatdırmaq da mümkün olmadı. Çünki Luçiano artıq keçinmişdi.
   
   Dostları, kriminal dünyanın bosları, "Xaç ata"ları üçün görünməmiş dəfn mərasimi düzənlədilər. Qeyd edim ki, onu İtaliyada dəfn etmədilər. Bir vaxtlar Salvatorenin gəncliyi keçmiş Nyu-Yorkda, Kuinsdə torpağa verdilər. Sağlığında haqqında çəkilən filmi görmək Salvatoreyə qismət olmasa da ölümündən sonra onun haqqında bir neçə film çəkildi və ekranlarda böyük uğur qazanaraq müəlliflərinə böyük məbləğdə pul qazandırdı. İndi də mafiya adamlarının çoxu onun adını hörmətlə xatırlayırlar...

TƏQVİM / ARXİV