adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

GƏLiN, ŞEiRDƏN DANIŞAQ

VAQİF YUSİFLİ
32246 | 2011-10-29 07:51
Əlbəttə, demək olmaz ki, poeziyanın bu axtarışları səmərəsizdir. Biz ayrı-ayrı şeirlərdə çağımızın narahatlığını, bu narahatlığının şair qəlbində əks-sədasını özündə əks etdirən şeirlərlə qarşılaşırıq ki, bu şeirlər doğrudan da, YOL AXTARAN, onu aramağa, bulmağa çalışan poeziya qəhrəmanının duyğularını, düşüncələrini əks etdirir.
   
   1.Hər şeydən əvvəl bu insanın-müasir poeziyanın qəhrəmanının vətənpərlik missiyası haqqında. İstər sovet dövründə, istərsə də müstəqillik dönəmində, fərqi yoxdur, belə bir idealdan məhrum olan şairi təsəvvürə gətirmək qeyri-mümkündür. Sovet dövrü poeziyasında qəhrəmanın sosial məkanı məlum idi: əvvəl böyük Vətən-SSRİ, sonra öz Vətənin-Azərbaycan. İctimai duyğuların zirvəsi olan vətənpərvərlik də məhz həmin meyarla ölçülürdü, əvvəl SSRİ, sonra Azərbaycan, sonra doğulduğun şəhər, kənd, oba məhəbbəti. Amma çox zaman bu "vətənpərvərlik sırasına" əməl olunmurdu, Azərbaycan sevgisi birinci sıraya keçirdi. Poeziyamızda bu tendensiyanın əsası Səməd Vurğunun "Azərbaycan" şeiri ilə başlandı. Sonralar təkcə tərənnüm deyil, keçmişin, əsrlərin ağrı-acıları, şanlı tariximizin qəhrəmanlıq səhifələri də poeziyamızın qəhrəmanının vətənpərvərlik duyğularının ifadəsinə çevrildi. Bu mənada S.Vurğun ön sırada olmaqla R.Rzanın, B.Vahabzadənin, S.Rüstəmin, N.Xəzrinin, Qabilin, H.Arifin, Xəlil Rzanın, Cabir Novruzun, N.Həsənzadənin, M.Arazın, Q.Qasımzadənin, M.İsmayılın, S.Rüstəmxanlının, M.Yaqubun, Z.Yaqubun, R.Behrudinin, o taydan isə Şəhriyarın vətənnamələri poeziyamızın əbədi örnəklərinə çevrildi. Eyni tendensiyanın biz müstəqillik dövrünün poeziyasında da davam etdiyini görürük. Əlbəttə, söhbət Vətən sevgisinin primitiv, şeiriyyətə qətiyyən dəxli olmayan yüzlərlə nümunəsindən yox, əsl şeirlərdən gedir.
   
   Deyə bilərik ki, indi poeziyada vətənpərvərlik mövzusunun yeni çalarları yaranmışdır. Daha Vətənin tərənnümünə, vəsfinə o qədər də ehtiyac duyulmur. İndi də "Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər" (Məmməd Araz), "Burda hər budağın şeyda bülbülü, Burda hər bülbülün qönçə bir gülü, Burda hər qönçənin yaşıl bir tülü, Hər tülün xırdaca saçağı vardır" (Musa Yaqub), Hadinin şeir bazarıdı, Füzulinin məzarıdı, Taleyin ələnən ələyidi, Durna lələyidi. Araz hörüyündən kəməndə düşmüş Sevildi. "Ənəlhəq" harayıdı. Ələsgərin sazıdı. Qədim əlyazmasıdı. Dahilər boylanır sətirlərindən VətəngVətən! (Sabir Rüstəmxanlı) kimi şedevr şeirlər yazıla bilər. Ancaq zaman başqa həqiqətlər tələb edir. Tərənnüm və vəsf yox, Vətənlə, məmləkətimizlə, günümüzlə bağlı açıq söhbətə daha çox ehtiyac duyulur. Fikrət Qocanın "Azadlıq" poemasında olduğu kimi:
   
   
   
   Deyirəm bu çadırdı,
   
   bu da qaçqındı,
   
   bu da qaçqın balasıdı
   
   ayağı da yalındı.
   
    Gözü görə-görə deyir:
   
    yalandı!
   
    Nə biləsən bura gəlincə
   
   harda yalmandı.
   
   Bu gələnlər düzlük axtarmır
   
   düzlük üstündə toz axtarır.
   
   sərf eləyən söz axtarır,
   
   siyasi məhbus axtarır.
   
   
   
   ...Azadlığı qazananda
   
    elə bildik qışdan çıxdıq,
   
    nura düşdük.
   
    Sən demə yağışdan çıxdıq,
   
    Yağmura düşdük.
   
    Azadlığı aldıq,
   
    Yaman günə düşdük.
   
   
   
   Poemada 90-cı illərin ictimai-siyasi mənzərəsi əks olunub və F.Qoca poeziya dili ilə ulu öndər Heydər Əliyevin də portretini yaratmağa müvəffəq olub: "Ölkənin nizamı qırılmışdı təsbeh sapı kimi. Dənələri dağılmışdı hər yana... Ölkənin dörd yanı açıq qapı kimi, Vaxt lazım idi o dənələri yığmağa. Vaxt yox idi Heydər Əlirza oğlu tək idi... Heydər tək idi O mərtəbədə belə adam tək olur. Təkə Allah da kömək olur".
   
   Poema beləcə açıq söhbət şəklində qələmə alınıb. Olsun ki, bəzi oxucular bu yazı tərzini, azca da danışıq dilinə uyğunlaşdırılan bu cür ifadə üsulunu F.Qocanın fərdi poetik üslubuna yaraşdırmasın. "Sahil işıqları Xəzərdə yandı, Dedim dalğalara od düşər indi... İstədim dənizdə alışıb-yanan Aydan alışdırım papirosumu... Gözlərinə qan dammış Havalı öküz kimi Cəlladlar tapdalayır, Öz torpağı Çilini... Günəşə açılmış zərif dodaqlar kimi Külək əsəndə milyon-milyon lalələr... Dönüb olur qıpqırmızı şəlalələr" kimi əsl poetik obrazların müəllifi F.Qocanın fərdi poetik üslubunda publisistik çalar da müəyyən yer tutur və zəmanə haqqında, keçdiyimiz çətin və məşəqqətli yolumuz məhz açıq söhbət, hadisələrə sərt və kəskin reaksiya şəklində öz ifadəsini tapmalıydı. O ki qaldı ulu öndərimizin poeziyada əks olunan portretinə... F.Qoca "Bəzi "demokratlar"dan qat-qat artıq demokrat olan, kapitalizmin qəliz bazarında çevik, yeni bir siyasət adamının" obrazını yaratmağa səy göstərib. Öncə qeyd etdik ki, poeziyamızda vətənpərvərlik missiyası müstəqillik dönəmində də davam edir, ancaq köhnə stereotip hələ də öz ömrünü bitirməyib və açıq danışaq: yüksək poetik istedadın məhsulu olan vətənpərvəlik şeirlərinin, poemaların sayı isə o qədər də çox deyil. (Musa Ələkbərlinin və Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdikləri poemalarını xatırlamamaq insafsızlıq olardı). Qarabağ mövzusunda yazılan şeirlərdə isə get-gedə şablon ifadə tərzi, stereotip hökm sürməkdədir. (bu haqda biz poeziyaya həsr etdiyimiz bir məqalədə söz açmışıq-V.Y.) Doxsanıncı illərdə, ikimininci illərin əvvəllərində yaranan və sözün əsl mənasında bizə vətənpərvərlik ruhu aşılayan poetik nümunələri xatırlayayır və deyirsən ki: hanı Qabilin "Nəsimi bazarında", "Ümid sənədir ancaq", M.Arazın "Ayağa dur, Azərbaycan", C.Novruzun "Şuşa yolu", İ.İsmayılzadənin "Haran ağrıyır, Vətən" şeir və poemaları kimi şedevrlər?
   
   2.Həyat anlayışı olduqca genişdir və bütün sevincləri, gözəllikləri ilə birgə həyatda həmişə kədər doğuran hadisələr, olaylar da baş verir.Və həyat dar mənada təkcə yaşayış, gün-güzəran deyil. Həyat bizi əhatə edən real varlıqdı, dirilikdi, ömürdü, insanda cismani və mənəvi qüvvələrin təzahürüdü. Uəmiyyətin özü də bir həyatdı. Otun da, quşun da, çiçəyin də, dağın da, çölün də, göydə buludların da həyatı var. Amma həyatın ağrı-acıları da çoxdu. Həyatla bağlı bu sonu bitməyəcək nəhayətsiz şərhi elə buradaca yarımçıq saxlayıb,bizim müasir qəhrəmanın həyat haqqında düşüncələri ilə sizi tanış edim.
   
    Poeziyamızın iki görkəmli nümayəndəsinin- Musa Yaqubun və Məmməd İsmayılın son illərdə yazdıqları şeirlərə üz tutmaq istəyirəm. Niyə məhz onların yaradıcılığına? Mənim fikrimcə, yaşı yetmişi keçmiş bu iki şair hələ də sözün cazibəsindən uzaqlaşmamışlar. Onların yaradıcılığına birtərəfli yanaşan hər kəs düşünə bilər ki, Musanın da, Məmmədin də ən gözəl şeirlərinin yazıldığı illər arxada qalıb, daha onların poetik gücü tükənib və Musa da, Məmməd də köhnə şeirlərinin havasına yaşayırlar.
   
   
   
   Zəmilərim, xırmanlarım sovrulub,
   
   Təndə canım, saçda dənim qovrulub,
   
   Xəzəl altda gül otlarım qıvrılıb,
   
   Bundan sonra nə olacaq, olacaq.
   
   
   
   Bu şeir, əgər belə demək mümkünsə, payız lirikası nümunəsidir. Musanın son illərdə yazdığı şeirlərdə ömrün o tayı ilə bu tayı-cavanlıqla qocalıq, baharla payız çox tez-tez qarşılaşdırılır və şairin səsində bir hüzn, bir təəssüf nidası duyursan. Arxın o tayında yarpızlar əsir, Bu tayda yuyunur qum dənələri misralarıyla başlayan şeir belə bitir:Daha o sellərin alındı köpü, Bu günüm o haya, haraya çatmaz. Mən kiməm, bu arxda bir saman çöpü Dəyirmana çatar, dəryaya çatmaz. Deyək ki, bizim poeziyada ömrün ötən illəri ilə bu günün qarşılaşdırılmasına az təsadüf etməmişik, təəssüfedici notlar səslənib. Halbuki, keçmişi xatırlamaq, ömrün gözəl çağları üçün bir nisgil duyğusuyla yaşamaq özü də gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində təbiət də, bu təbiətin bütün atributları da üzə gülürdü. Amma indi:
   
   
   
   Daha söz deməyə tutarım gedib,
   
   Dostları aparan qatarım gedib,
   
   Bu daşı özümə yoldaş eləyib,
   
   Bəlkə elə mən də qurtarım gedim?!
   
   Qalsın süfrə daşım mamır bağlasın,
   
   Üstünə yağışlar yağsın, ağlasın...
   
   
   
   Əlbəttə, Musa Yaqubun "dostlarını aparan qatar" gedib, özü isə yalqızdı və bu yalqızlığı, tənhalığı biz onun ikimininci illərin əvvəllərindən indiyə qədər yazdığı şeirlərinin əksəriyyətində hiss edirik. Musaya haqlı olaraq "təbiət şairi" deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan, insanla təbiət arasında harmoniyanı şeirlərində böyük sənətkarlıqla canlandıran şairdir. Doğrudan da, İsmayıllının Buynuz kəndində-Azərbaycanın balaca bir cənnətində oturub təbiətin bitib-tükənməyən möcüzələrindən gözəl şeirlər yazan bir şairin indi qəmə-qüssəyə batması, öz kədərini şeirlərində yaşaması heç də təəccüblü deyil. Şair yaşlaşanda, onun içindəki FİLOSOF da yaşa dolur, gedən ömürə, bir də qayıtmayan illərə, aylara boylanır, başlayır ruhu ilə söhbətə. Dünyanın gözəlliyini o balaca cənnətdə-Buynuz kəndində ruhuna hopduran, o meşələrdəki quşlar kimi azad yaşayan Musa, indi "dustaq" ruhuna üz tutub deyir:
   
   
   
   Salam Ruhum, salam! Salam dustağım!
   
   Hərdən özüm kimi boylanıb göyə,
   
   Qışqırma içimdə azadlıq deyə.
   
   Azadlıq nə gəzir bu yer üzündə.
   
   
   
   Musa Yaqubun "qəmli filosofu" üçün bu sayaq düşünməyi təbii hesab etmək olarmı? Biz onu qınaya bilərikmi ki, təbiidir və biz onu qınaya bilərikmi niyə onun şeirlərində nikbinlik sönməkdədir? Axı, "azadlıq nə gəzir bu yer üzündə" deyən şairin özü azad deyilsə, bunu necə deyə bilər? Əslində, belə də olmalıdır, çünki bu, həyatdır, Musa Yaqub həyatdan, reallıqdan bircə addım da kənar deyil, o da bizim dərdlərimizin və öz dərdlərinin içindədir.O, dərdin poeziyasını yaradır və bu hissləri poeziyanın dərdinə çevirir.
   
   Məmməd İsmayılın son on ildə yazdığı şeirlərində də kədərli bir ovqatın şahidi olursan. Amma bu kədər yaşanılan ömrün mahiyyətindən doğur-ən çox qürbət havası...sonra arzuladığın həyatın özü yox, tərs üzü... sonra, bütün bunların məntiqi nəticəsi kimi:
   
   
   
   Dalğa kimi dərd döydükcə döşünə,
   
   Tənha könlüm üşüm-üşüm üşinər.
   
   Ömür demə, gün tutular, "göy kişnər,
   
   "bulud ağlar" bir bayatı yaşadım.
   
   
   
   Təbii ki, aşıladığı ovqata görə, bu tipli şeirləri pessimist şeirlər kimi də səciyyələndirmək olar. Amma niyə? Əgər bu misralar şair ömrünün yaşantılarından doğursa, şairi və şeiri suçlamağa lüzum yox. Məmmədin "Azərbaycan" jurnalında çap olunan (2011,

TƏQVİM / ARXİV