adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Əgər bu müsahibəni ona görə almaq istəyirsənsə onda açıq-aydın yaz"

İNTİQAM VALEHOĞLU
15176 | 2011-10-29 08:20
Təqdimata keçməzdən əvvəl deyim ki, bu yazı müsahibə formasında olsa da, müsahibədən daha çox mübahisədir. Yəni...
   
   Adətən QHT-lər bir şeydən gileylənirlər-maliyyə problemindən. Amma elə təşkilatlar da var ki, gileylənmələrinə rəğmən, maliyyə şəffaflıqlarında problem olduğundan növbəti dəfə donorlardan qrant ala bilmirlər. Nəticədə də belə giley-güzar yaranır.
   
   İndi də keçək əvvəldə yazdığım "yəni"yə.
   
   Müsahibim "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlillidir. Amma əvvəldə maliyyə şəffaflığıyla bağlı yazdıqlarım elə təsəvvür yaratmasın ki, sözügedən qurumda bununla bağlı hansısa problemin olduğunu, yaxud olmadığı qənaətindəyəm. Ən yaxşısı əvvəlcə müsahibimiz haqda məlumat.
   
   
   
   -Fariz Xəlilli 1980-ci ildə Ağsu rayonunda anadan olub. 1997-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olub və 2001-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistraturasına Qədim dünya tarixi ixtisası üzrə qəbul olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2002-ci il yanvar ayının 1-də Azərbaycan Tarixi Muzeyi Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası və fondu şöbəsində laborant kimi fəaliyyətə başlayıb. 2003-cü il dekabr ayının 25-də Azərbaycan Tarixi Muzeyinin aspiranturasına qəbul olub və 2007-ci ildə bitirib. 2008-ci il noyabrın 28-də akademik Nailə Vəlixanlının rəhbərliyi ilə "Azərbaycan Tarixi Muzeyinin arxeoloji materialları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi (ən qədim dövrdən e.ə. IV əsrə qədər)" namizədlik dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi adını alıb. Fariz Xəlillinin Azərbaycan, türk, ingilis, rus, norveç dillərində 50-dan çox elmi məqalə və tezisləri nəşr olunub. Həmmüəllif olaraq AMEA-nın müxbir üzvü Vəli Əliyev ilə "Ağsunun tarixi səhifələri"(2001-ci il) və Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım ilə "Mövlanə İsmayıl Siracəddin Şirvani" (2003-cü il) kitabları vardır. Beynəlxalq tədbirlərdə yaxından iştirak edən Fariz Xəlilli Aşqabad (Türkmənistan), Ankara, İstanbul, Bursa (Türkiyə), Roma, Vatikan (İtaliya), Poznan (Polşa), Tokio (Yaponiya) şəhərlərində keçirilən konfranslarda Azərbaycanı təmsil edib.
   
   Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 0,5 (yarım) ştat elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutu İctimai fənlər kafedrasının müəllimidir. O, həmçinin MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədridir.
   
   - Gəl, əvvəlcə "Miras"ın yaranma tarixi və məqsədlərindən danışaq...
   
   - "MİRAS" 2010-cu ilin yanvarından yaranıb, mart ayında dövlət qeydiyyatına alınıb. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir. Mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılmasına, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə kömək etmək, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına yardımçı olmaq, yaddan çıxmış adət-ənənələrimizi öyrənmək və gənc nəslə çatdırmaq. Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün təşkilatımız müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir. Həmçinin aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
   
   -İndiyə kimi neçə layihə həyata keçirmisiniz? Ümumiyyətlə, bu layihələrlə bağlı məlumat verin,,,
   
   - Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəmiz bizim ilk layihəmiz olub ki, dövlət, ictimai qurumların və fərdi şəxslərin böyük dəstəyini alıb. 2010-cu ilin mart ayından heç zaman tədqiqat aparılmayan və öyrənilməsinə perspektivli baxılmayan son orta əsrlərə aid Ağsu şəhərinin öyrənilməsinə başlanmışdır. 3 qazıntı sahəsində 9000 kv.m-ə qədər şəhər ərazisi öyrənilmişdir. Sənətkar dükanları, yaşayış evləri, hamam kompleski, qala divarları, cümə məscidi və geniş həyəti, su anbarı, geniş küçələr, su xətti, kanalizasiya sistemi və s. aşkar olunmuşdur. Minlərlə gümüş, mis, dəmir, saxsı, fayans, şüşə, sümük, parça, dəri əşyalar əldə olunmuşdur.
   
   - Layihələriniz hansı formada maliyyələşir? Bu barədə də ətraflı yazın. İstəsəniz adlar da çəkə bilərsiniz...
   
   - Layihənin hədəfinə çatması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası iki ildir Ağsuda tədqiqatlarını davam etdirir. İlk layihəmiz Orta əsr Ağsu şəhəri arxeoloji turizm layihəsi adlansa da, bu həm də mənim doktorluq işimin tərkib hissəsidir. Bu layihəni mən təklif etmişəm və ianələr də əldə edilmişdir.
   
    - Niyə məhz Ağsuda? Bu yerlibazlıq deyil ki?
   
   - Ağsu Azərbaycanın turizm potensialı olmayan bölgələrindən biri hesab olunurdu. Bu bizə arxeoloji turizmin imkanlarını təqdim etmək üçün meydan verirdi. Layihə özünü demək olar ki doğruldur və insanların, turistlərin bu kompleksi görmək istəkləri gündən-günə artır. Bakıda və Amasiyadakı sərgimizi yüzlərlə uşaq və gənclər ziyarət etmişdir.
   
   - Sualıma cavab vermədin... Niyə Şamaxı yox, Ucar yox, məhz Ağsu?
   
   - Bizim digər bəlgələrlə əlaqədar layihlərimiz var və aidiyyəti yerlərə təqdim olunub. Cavab gözləyirik. Orta Əsr Şıxakəran şəhəri arxeoloji turizm kompleksi, Gülüstan qalası arxeoloji turizm kompleksi, Şəmkir Enerji muzeyi və Goranboy Kurqan Muzeyi bizim layihələrimizdir. Lakin bu layihələr üçün maliyyə dəstəyimiz yoxdur.
   
   - Bir layihə nə qədər maliyyə tələb edir?
   
   - Layihənin son məqsədini və donorla razılaşmaya əsaslanır. Biz layihəni ilkin olaraq keşfiyyat işləri ilə başlamağa üstünlük veririk. Bu isə o qədər çox maliyyə tələb etmir. Mən dəqiq rəqəm səsləndirə bilmərəm. Layihəyə görə dəyişir.
   
   - Məsələn, az maliyyə tələb edən layihə...
   
   - Necə yəni. Sən rəqəm istəyirsən? Rəqəm səsləndirmək istəmirəm axı...Bunun məsələnin məğzinə aidiyyəti var ki?
   
   - Var.
   
   - Məncə uyğun deyil.
   
   - Uyğundur. Bu necə ola bilər ki, bir ictimai təşkilatın maliyyə məsələsində şəffaflıq olmasın...
   
   - Şübhəniz var? Axı mən dedim ki, 4000 manat. Bu nəyi dəyişir ki?
   
   - Gəl belə danışaq. Əgər normal təşkilatsansa, maliyyə məsələsini niyə gizlin saxlayırsan ki?
   
   - Mən maliyyə məsələsini ictimai müzakirəyə çıxarmağı düzgün saymıram. Onu demək istəyirəm.
   
   - Əgər təşkilat layihəsini həm də ianələrlə həyata keçirirsə, camaat bilməlidir ki, pulu hara xərclənir, nə qədər xərclənir...
   
   - Əgər bu müsahibəni ona görə almaq istəyirsənsə onda açıq-aydın yaz. Layihənin smetaları təqdim olunur həmin şəxsə və ya quruma. Onlar da buna görə cavab verirlər.
   
   - Kim cavab verir?
   
   - İanə və ya qrant verənlər.
   
   - Konkret olaraq normal layihəyə nə qədər maliyyə lazımdır?
   
   - Sən soruşdun ki, minimal bir layihəyə nə qədər lazımdır? Mən də dedim ki 4000 manat
   
   - Məncə QHT-lərin qrant ala bilməmələrinin elə ən əsas səbəbi məhz qeyri-şəffaflıqdır.
   
   - Biz iki dəfə qrant üçün müraciət etmişik, ikisini də veriblər. Amma niyə maliyyədən başladığını başa düşmədim.
   
   - Çünki maliyyə hər zaman diqqətdə olan məsələdir. Yəni pul verən də, cəmiyyət də bilməlidir ki, filan təşkilat aldığı pulu hara xərcləyir.
   
   - Göz önündədir gördüyümüz işlər. Başqa təşkilatlar da bizim işimizə yardımçı olurlar. Məsələn, orta əsr Ağsu şəhərinə gedən yola asfalt vurulub, abadlaşdırılıb. Bu tip işləri Ağsu rayon icra hakimiyyəti görür. Tədbirlərin keçirilməsi, qonaqların yerləşdirilməsi və s. icra hakimiyyətinin köməyi ilə olur.
   
   - Bu yöndə fəaliyyət göstərən xarici QHT-lərlə əməkdalığınız var?
   
   - Bu yaxınlarda İsveçin "Konners" təşkilatı Avropa Şərq tərəfdaşlığı çərçivəsində Qafqaz ekspedisiyasının bir marşurutunu Ağsudan salmışdı və partnyoru biz idik. Həmin ekspedisiya oktyabrın 8-9 aralığında keçirilirdi. Həmçinin Amasiya Memarlar Odası ilə Amasiya şəhərində Ağsu möcüzəsi sərgisi etdik.
   
   - Təşkilatın nə qədər işçisi var?
   
   - Ekspedisiyadan başqa 5 nəfər.
   
   - Bəs ekspedisiya?
   
   - Ekspedisiyanın üzvləri 10 nəfərə qədər olur. Onlar öz müəssisələrindən ezam olunsalar da maaşlarını oradan alırlar. Qalmaq, yemək və digər xərclər bizim tərəfimizdən ödənir. Fəhlələr isə Ağsudan olub, ekspedisiyadan asılı olaraq dəyişir.
   
   - Bildiyimə görə, könüllülər də sizə kömək edirlər...
   
   - Könüllülər də var. Biz bunu elan edirik, iştirak etmək istəyənlər qoşula bilərlər. Arxeoloji turizmin də əsasında bu cür könüllülük dayanır. Hətta turistlər də arxeoloji qazıntı prosesinin bir parçası olurlar.
   
   - Gənclərin bu sahəyə olan marağı nə yerdədir?
   
   - İstər Ağsudan, istərsə də paytaxtdan xeyli gənc bizim iştirakımız və məlumatımız olmadan qazıntı yerini və kompleksi ziyarət edirlər. Bu bizi sevindirir. Məsələn, "İrəli" ictimai birliyi, Yeni Gənclik Tələbə Birliyi kimi gənclər təşkilatları orta əsr Ağsu şəhərinə ekskursiyalar təşkil ediblər və burada bizim iştirakımız yalnız bələdçilik olub. Bakı sərgimizdə Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə seminarları da təşkil etmişdik. MİRASın Uşaq və Gənclərlə iş şöbəsi də gənclərin mədəni irsə marağını artırmağa xidmət edir.
   
   - Fikrincə, Azərbaycana indiki turist axını bizim potensialımıza uyğundurmu?
   
   - Bizim potensialımız geniş olsa da, imkanlarımız məhduddur.
   
   - Səbəb?
   
   - Bizim təqdimat üçün yararlı çox az mədəni və arxeoloji turizm obyektlərimiz var. Turist marşurutları xarici turistin istəklərinə cavab vermir.
   
   - Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələriniz nə səviyyədədir?
   
   - Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsi ilə əlaqələrimiz yüksək səviyyədədir və bizə istənilən təşkilati dəstəyi göstərirlər. Məktubumuza müsbət cavab verir, tədbirlərimizdə iştirak edir, abidələrdə işləməyimizə şərait yaradırlar. Bu məsələlər bizim istənilən layihəmizə aiddir. Turizm şöbəsi də bizim arxeoloji turizmlə bağlı layihələrimizə dəstək verir. Sadəcə bu sahə Azərbaycanda yenidir, ona görə də hələ inkişaf üçün gözləmək lazımdır.
   
   - Bəs fəaliyyətinizə mane olan qurumlar?
   
   - Məktublarımızı cavablandırmayan qurumlar var. İndiyə qədər mane olan quruma rast gəlməmişik.
   
   - Kimlər cavablandırmır?
   
   - Layihələrlə müraciət etdiyimiz bəzi qurumlar. Hər halda orada maliyyə göstərdiyimizə görə cavab gəlmədiyini düşünürük. Görünür, layihə onları maraqlandırmayıb ..

TƏQVİM / ARXİV