adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Kürdlər titrədi, Türklər özünə döndü!

FƏRHAD ŞABANOV
19903 | 2011-10-29 07:51
Türkiyə tarixinin ən çətin anlarından birinə şahidlik edirik. Van şəhərində 7,2-lik zəlzələ oldu. Həddindən çox ölən və yaralanan oldu. Günlük xəbərlərdə çıxan rəqəmləri bura yazmayacam, çünki onlara inanmıram. Təbii fəlakətlərdə insan ölümlərinin statistikasını aparan dövlət qurumlarına qarşı hörmətim sıfırın altındadır.
   
   Van Türkiyənin cənub-şərqində yerləşir. Əhalisinin əksəriyyətini kürdlər təşkil edir. Zəlzələdən əziyyət çəkənlərin demək olar ki, hamısı kürdlərdi. Hansı ki, türk əsgərinə daş atıb, pkk bayraqlarını dalğalandıran şəhərlərin başında gəlirdi Van. Zəlzələdən sonra onların yardımına birinci olaraq türk əsgəri getdi. Mən nə kürdlərə nifrət edirəm, nə də türk əsgərinə hörmət. Sadəcə insan olaraq baxıram baş verənlərə. Darda olan bir insana irqindən və milliyyətindən asılı olmayaraq kömək edilməsinin tərəfdarıyam. Bizim universitetdə də yardım kampaniyaları keçirildi. Paltarını göndərən, oyuncaq göndərən. Bu kampaniyalar həqiqətən də təqdirə layiqdir. Siyasətin kirlətdiyi insan qəlblərində hələ də saflığın ölmədiyini göstərən əlamətlərdir.
   
   Bu zəlzələnin Türkiyə tarixində əlamətdar yeri olacağına inanıram. Ölən insanların sayına görə yox. Məhz milliyyətindən asılı olmayaraq Türkiyə vətəndaşları əl-ələ tutmağı bacarmasına görə. Canlı yayım yardım kampaniyasında bir gecədə 97 milyon türk lirası toplandı. Təxminən 45 milyon manat edir bu məbləğ. Bu yardımın kürdlər üçün toplanması yardımın anlamını artırır. Pkk məsələsinin kürd-türk məsələsi olmadığını ortaya çıxarır.
   
   Məncə bundan sonra türk əsgərinə daş atan kürdlərin sayı azalacaq. Pkk-ya bu bölgələrdən gələn dəstək azalacaq. Bu çox böyük bir hadisədi. Ordakı insanlardan çox sui-istifadə etdilər. Oxumamış insanın beyni ağ kağıza bənzəyir. O kağızı birinci kim əlinə keçirsə, öz ideologiyasını yazır. Həmin bölgə müəyyən səbəblərlə tarix boyu dövlət kontrolundan uzaq qaldı. Bu da nəticəsi. İndi həmin insanlara birlik, bərabərlik bilincini aşılanması baxımından bu zəlzələnin xeyri olacağını düşünürəm. Keçən günlərdə Şırnaq şəhərində pkk-nın keçirtdiyi aksiyada kürd vətəndaşları mitinqə qatılanları döyüb-qovublar. Kürdcə "edi bese" yəni ki, "yetər artıq" deyiblər. Belə hadisələrin artacağını düşünürəm. Çünki Türkiyənin qurtuluş savaşında kürdlər və türklər çiyin-çiyinə müstəqillik üçün vuruşublar.
   
   "Ey Türk! Titrə və özünə dön!"
   
   Türklər tarix boyu ayılmaq üçün titrəməyi gözlədilər. Bir faciə, bir müsibət həmişə min nəsihəti üstələdi. Baxmayaraq ki, bu dəfə kürdlər titrədi, ancaq türklər özlərinə döndülər. İnsanlıqlarını, təmiz ruhu, birgə yaşaya bilmə duyğusunu göstərə bildikləri üçün. Pkk hələ də bölgədə yardımların gəlməsində və insanlara çatdırılmasında fəsadlar törətsə də, insanlar artıq buna aldanmır. Roj kanalının provakativ yayınları artıq işə yaramır. Zəlzələ kimi fəlakətdən belə istifadə etmək üçün nə dərəcədə qəddar, inamsız və insanlıqdan uzaq olmaq lazımdı?!
   
   Allah Qəddafiyə rəhmət etsin
   
   Bəzən dəyəri anlamaq üçün itirmək gərək. Qəddafinin Liviya və Liviya xalqı üçün hansı dərəcədə dəyərli olduğunu zaman göstərəcək. Qoy Avropanın kuklaları Qəddafini öldürüb demokratiya qazandıqlarını düşünsün. Vaxt keçdikcə onlar da Misir və digər "Ərəb Baharı"nın "meyvələrini dərmiş" ölkələrinin gününə qalacaq. Misir diktatordan qurtuldu. URRA! Demokratiya! İndi Misirin halından xəbəri olan var? Yenə çaxnaşmalar baş verir və insanlar ölür. Niyə? Çünki "demokratiya" gəldi. Gələn demokratiya gedən monarxiyadan pis oldu. İnqlab etdilər. Sökdülər, dağıtdılar, ölkəni cəhənnəmə çevirib diktatoru devirdilər və demokratik ölkə qurdular. Gənclərin adrenalini içlərində qalmadı. Ümid edirəm ki, Azərbaycanın da adrenalinli gəncləri bu olaylardan dərs çıxaracaq. Əsl inqilablar küçədə vurub-dağıtmaqla olmur. Kitabxanalarda, universitetlərdə olur. Çayxanada oturub pivə ilə boş qarını doldurmaqla da olmur, ya da dumanla beyni. Əsl inqilab elmlə boş başı doldurmaqla olur.

TƏQVİM / ARXİV