...DƏRYANIN GƏMiSi KÖç iMiŞ DEMƏ...

FAİQ QİSMƏTOĞLU
22230 | 2011-10-29 07:51
Heç kim bilmir ki, bir gündən, bir saatdan, bir dəqiqədən və bir saniyədən sonra onun başına nələr gələcək. Elə hamımız fikirləşirik ki, hər şey olduğu kimi davam eləyəcək və işlərimiz də çox yaxşı gedəcək. Biz belə düşünürük. Amma Ulu Yaradan hər bir insanın əvvəlcədən alın yazısını yazır. O alın yazıda onun dünyaya gəlişi, yaşaması, ömür sürməsi və sonda da dünyasını dəyişməsi əks olunur...g
   
   İnsan var ki, dünyasını dəyişəndə çoxları ona heyfslənmir. Elə sadəcə olaraq deyirlər ki, filankəs rəhmətə gedib. Hətta bəzisi bu rəhmət sözünü elə deyir ki, deməsə ondan yaxşıdı. Rəhmət sözündə bəlkə də bir lənət hiss olunur. Adam da var ki, tək bir evdən, bir məhlədən deyil, bir eldən gedir. Bir eldən gedən adamlar haqqında insanlar da o itkiyə görə ürək ağrısı ilə danışır, onu yada salır və bu insanın əməli-saleh işlərindən danışırlar. Danışırlar ki, rəhmətə gedən adam çox şərəfli, çox qürurlu və çox da ağayana insan olub. Adətən köhnə kişilər haqqında belə deyirlər. Köhnə kişilər bu dünyaya gələndə elə kişi kimi gəlirlər və kişi kimi də ömürlərini başa vururlar. Onlar bütün qız-gəlinə öz övladı gözü ilə baxır, heç kimə yük olmur, üstəlik də belə adamlar heç vaxt haqq-ədaləti övladı da olsa onun ayağına vermir.
   
   Elə bil bir qədər mətləbdən uzaqlaşdım. Amma ha uzaqlaşsam da yenə söhbət haqqında yazacağım çox gözəl insan, gözəl pedaqoq və müəllimim olan Balaca müəllimin üstünə gələcək. Bu kişi heç də hamı kimi həyat yaşamayıb. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub, orda boya-başa çatıb, orda da oğul-uşaq sahibi olub, nəvə-nəticə görüb və günlərin birində də dünyasını dəyişərək Allahın dərgahına qovuşub.
   
   Rəhmətlik Balaca müəllimin yas mərasiminə gedə bilməmişəm. Buna görə müəllimimdən və onun ruhundan üzr istəyirəm. Çünki heç Balaca müəllimin rəhmətə getməyini də bilmirdim. Qardaşım Elxanla telefonla danışanda dedi ki, Balaca müəllim rəhmətə gedib və sabah da yeddisidi. Ağrımasaydım və təzyiqim yüksək olmasaydı, özümü müəllimimin yeddisinə çatdırardım. Amma təzyiqim yüksək idi, həm də bərk ağrıyırdım. Həkimlər də məsləhət bilmədi ki, bu vəziyyətdə rayona çıxım. Üstəlik də yas yerinə getməyimi biləndə həkimim qəti etiraz elədi. Dedi ki, hələ bir müddət heç hara çıxa bilməzsən, yasa, toya getmək də məsləhət deyil. Həmişə həkim məsləhətinə qulaq asmışam və bu dəfə də o məsləhətə baxdım və kəndimizə gedə bilmədim.
   
   Balaca Kazımov Böyük Bəhmənli kənd orta məktəbinin ən savadlı, bacarıqlı və istedadlı coğrafiya müəllimlərindən olub. Əvvəl atamıza-anamıza dərs deyib, sonra da bizə. Dərs deyəndə Balaca müəllim gülə-gülə deyərdi ki, ata-ananıza dərs demişəm, sizə dərs demişəm, övladlarınıza da dərs deyəcəm. Bəli, o bizə coğrafiyanı öyrətdiyi kimi, sinif yoldaşlarımın övladlarına da, nəvələrinə də coğrafiyanı çox yaxşı öyrətdi. Mən həmişə Balaca müəllimin dərsindən "5" qiymət alardım və deyirdim ki, böyüyəndə də coğrafişünas olacam. Düzdü, elə bir ixtisas yox idi və mən də coğrafişünas olmadım. BDU-nun (ADU) jurnalistika fakültəsinə qəbul oldum və jurnalist oldum. Balaca müəllim mənim universitetə qəbul olmağımı eşidəndə çox sevindi. Rəhmətlik dedi ki, fərqi yoxdu, coğrafiyaçı olmadın, jurnalist oldun. Bu sənətinlə xalqına, millətinə daha çox xeyir verə bilərsən...
   
   Balaca müəllim yeganə müəllimlərdən idi ki, o bizə hər şey öyrədə bilmişdi. Həm coğrafiyanı öyrətmişdi, həm də insan olmağı öyrətmişdi. Hətta dünya xəritəsində işləməyi o bizə elə aşılamışdı ki, xəritəyə baxmadan gözüyumulu biz çubuqla dünya xəritəsindəki ölkələri və onların paytaxtlarını göstərə bilirdik. Bizim sinifdə Gülbahar da, Gülyaz da, rəhmətlik Yusif də mənim kimi dünya xəritəsində gözüyumulu hər hansı yeri göstərə bilirdi. Bütün bunları bizə sevimli müəllimimiz Balaca müəllim öyrətmişdi. Hər müəllim bildiyini şagirdə öyrədə bilmir. Amma bayaq dediyim kimi, rəhmətlik İsa müəllim, Balaca müəllim, Əvəz müəllim, Cəlal müəllim bildiklərini bizə öyrədə bilirdilər. Bu gün nə qazanmışıqsa, həmin rəhmətlik müəllimlərimizin zəhməti, əməyi və əziyyəti hesabına əldə eləmişik.
   
   Sevimli müəllimimiz bizə bir çırtma da, bir şillə də, bir qapaz da, bir çubuq da vurmazdı. Amma elə söz deyərdi ki, dəymişimiz dura-dura kalımız tökülərdi. Onun bir sözündən adam utanıb yerə girər, səhvini başa düşər və bir daha həmin günahı təkrarlamazdı. Balaca müəllimdə nadir pedaqoqlarda olan qeyri-adi bir istedad vardı: o uşağı danlamazdı, ata məsləhəti verərdi, baba məsləhəti verərdi və bir də müəllim məsləhəti verərdi. Deyərdi ki, sənin atana da, anana da bu cür öyüd vermişəm və sənə də bu öyüdü verirəm. Yaxşı-yaxşı yadda saxla, böyüyəndə görəcəksən ki, Balaca müəllim sənə düz yol göstərib. Müəllimlərimizin göstərdiyi düz yolla biz gedib yaxşı və rahat bir nöqtəyə çatdıq. Sən demə, elə müəllim də ata-ana qədər şagirdini çox istəyirmiş.
   
   Biz 8-ci sinifdə oxuyanda Balaca müəllim elmi dərnəyə rəhbərlik edirdi. Mən də coğrafiyadan "Çin Xalq Respublikası" mövzusunda iş götürdüm və elmi dərnəkdə yuxarı sinif şagirdlərinin iştirak etdiyi bu mövzunu yüksək səviyyədə danışdım. Nəinki mühazirə iştirakçıları, eləcə də Balaca müəllim məndən çox razı qaldı. Dedi ki, bu uşağın böyük gələcəyi var və ona görə də ona bu mövzudan "5" yazırıq. Həmin mövzu mənim həyatda ilk addımım oldu. Ondan sonra digər addımlar atıldı və hamısında da hər şey uğurlu alındı. Nə demək istəyirəm? Demək istəyirəm ki, Balaca müəllim kimi pedaqoqların, ziyalıların biz insanların üstündə zəhməti çox olub.
   
   Axırıncı dəfə bir neçə ay bundan əvvəl Balaca müəllimlə oğlu rəhmətə gedəndə görüşdüm. İki oğul itirib Balaca müəllim. Biri şəhid olub, birinin də ürəyi qəfil dayanıb. Yas məclisində gözüm onu axtarırdı. Əsəd müəllimə başsağlığı vermişdim. Bircə qalmışdı müəllimimi görmək. Amma bilmirdim nə deyim. Bir də gördüm ki, Balaca müəllim kənardakı stulda əyləşib ağsaqqallarla söhbət eləyir. Ona yaxınlaşdım, məni görən kimi ayağa qalxdı və qucaqlayıb öpdü. Dedi ki, zəhmət çəkib gəlmisən. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Təsəlli verdim. Dedi ki, mənim oğlum Əvəz müəllimdən, Qismət kişidən, Cəlal müəllimdən və başqalarından artıq deyil. Allahın əmridi və Allah da öz bəndəsini istənilən vaxt götürüb öz dərgahına aparır. Özüm də məəttəl qalmışdım onun bu qədər səbrli və toxtaq olmasına. Deyirlər Allah-Təala adama dərd verəndə, səbr də verir ki, ürəyi partlamasın. Mən də cavan qardaşımı, cavan atamı və cavan anamı itirəndə dərddən az qala ürəyim partlayırdı. Ancaq Allah-Təala səbr verdi və bu səbr o dərdi böyüməyə qoymadı. Balaca müəllimə də Allah böyük səbr vermişdi. Hətta danışanda sifətində təbəssüm yaranırdı ki, övladları da ona baxıb toxtasın,,,
   
   ,,, Onun əllərinə baxdım. Əllərinin üstündəki damarları daha aydın görünürdü. Sanki o damarlar kiçik çaylara bənzəyirdi. Bu kiçik çaylar barmaqlarda birləşir və böyük bir dəniz yaradırdı. Onun damarı çıxmış əllərini möhkəm-möhkəm sıxdım və hətta o əllərdən öpmək istədim. Həmin əllər məni 40 il əvvələ - orta məktəb illərinə qaytardı, ürəyimi isindirdi, gözümə nur verdi. Balaca müəllim gördü ki, kövrəlmişəm, əllərini kürəyimə vurdu. Dedi ki, baxma müəllimin qocalıb. Mən bir qoca bağbana bənzəyirəm, bu gün-sabah dünyamı dəyişəcəm. Amma o bağa baxanda mən sənin kimi, Şirxan kimi, Süleyman kimi, Əbdürrəhim kimi, Kamran kimi, Məmməd kimi şagirdlərimin inkişaf etdiyini, mövqe tutduğunu görüb sevinirəm. Bundan artıq heç nə istəmirəm. Hər bir şagirdim mənim övladımdı, balamdı, nəvəmdi.
   
   Düz bir saata yaxın onunla söhbət elədik. Dedi ki, heç bilmirdim sən bu qədər inkişaf eləmisən və çox şeydən məlumatlısan. Şirin danışığından, şagird illəri ilə bağlı hadisələri xatırlamağından doymaq olmur. Mən sevinirəm ki, sənin kimi şagirdlərim bizim zəhmətimizi itirmədilər və bu gün sizə baxanda, şagirdlərimi görəndə ürəyim dağa dönür.
   
   Nədənsə özüm də Balaca müəllimdən aralanmaq istəmirdim. Sanki ürəyimə dammışdı ki, bu müəllimimlə mənim son görüşümdü. Özü də istəyirdi ki, bir az da ləngiyəm. Amma sadəcə olaraq, ağırlarım artmışdı və təzyiqim də bir qədər yüksəlmişdi. İstəmirdim ki, bunu Balaca müəllim hiss eləsin. Yoxsa axşama qədər məclisdə oturardım, müəllimimlə və dostlarımla dərdləşərdim. Ayrılanda ata-bala kimi qucaqlaşıb öpüşdük. Sonra da dedi ki, ay Faiq, bilirsən də sən mənim qohumumsan, ona görə də səni lap çox istəyirəm. Ayrıldıq və dönüb geri baxdım. Balaca müəllimin hələ də arxadan baxışları mənə dikilmişdi. Ayaqlarım gedirdi, ürəyim getmək istəmirdi. Balaca müəllimin böyük oğlu və mənim rəhmətlik qardaşım Qürbət müəllimin ən yaxın dostu Əsəd müəllim yaxınlaşıb qoluma girdi. Sonra da dedi ki, kişi səni görəndə lap kövrəldi. Axı o səni həmişə çox istəyib. Əsəd müəllimlə qapılarından çıxana qədər söhbət elədim. "Allah səbr versin" deyib aralananda onu da dedim ki, Balaca müəllimdən muğayat olun. Əsəd müəllim də gözünün yaşını silib başını tərpətdi və sonra da dönüb məclisə qayıtdı,,,
   
   Mən bu sətirləri yazında özümü müəllimimin ruhu qarşısında bir balaca rahat hiss eləyirəm. Ona görə rahat hiss eləyirəm ki, yas məclisinə gedə bilməsəm də, bu yazını qələmə almaqla içimdə bir təsəlli tapıram. Deyirəm ki, yəqin Balaca müəllimin ruhu məni bağışlayar. Amma öncə Balaca müəllimdən halallıq istəyirəm. Adətən rəhmətə gedən adama halallıq verirlər. Ancaq mən rəhmətə gedən adamın ruhundan halallıq istəyirəm. Deyirəm ki, Balaca müəllim, bizə çəkdiyin zəhməti, əməyi halal elə. Üstümüzdə çox əziyyətin olub, səni incitmişik, əsəbləşdirmişik və əlimiz çörəyə çatanda bir şey də eləməmişik. Yəni sadəcə olaraq, başımız özümüzə qarışıb. Başı özünə qarışan adam isə bəzən canını qoymağa yer tapmır. Balaca müəllim, sən Allah, o çəkdiyin zəhməti tək mənə yox, bütün sinif yoldaşlarıma, bütün şagirdlərə halal elə!!!
   
   Bu yazımı Sizin ruhunuza ithaf eləyirəm və yazımı da böyük şair Musa Yaqubun aşağıdakı misraları ilə bitirmək istəyirəm:
   
   
   
   Dünyanın zəmisi heç imiş demə,
   
   Dəryanın gəmisi köç imiş demə.
   
   Heçimi, köçümü indi bilmişəm
   
   İndi bilməyim də gec imiş demə...

TƏQVİM / ARXİV