adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GüNƏŞLi TORPAğIN MÖHKƏM QALASI

VƏSİLƏ USUBOVA
35010 | 2011-10-29 07:51
Hər ay, hər il (bəlkə də hər gün) dünyada nə qədər yubileylər, anım mərasimləri keçirilir. Ayrı-ayrı şəxslərin, şəhərlərin, qədim universitet və kitabxanaların, daha nə bilim, nələrin, nələringYubileylər olub-keçənləri yada salmaq, keçmişi yaşatmaq, yaratdıqlarını bu günə daşımaq, tanıtmaq və dünəniynən qürur duymaq üçündü.
   
   Bir də insanın fani dünyaya meydan oxuması, ona öz əbədiyaşarlığını sübut eləməsidi. Bir fərq var ki, insanlar sağlığında yubileyləri keçirildikcə qocalır, sanki bizdən ayrılmağa, getdikcə unudulmağa başlayırlar. Dünyasını dəyişənlərsə, anıldıqca bizlərə daha yaxın olur, ömrümüzdə-günümüzdə yaşayır, qoyub getdikləriylə həyatımızı mənalandırır, zənginləşdirirlər. Yubileyi keçirilən şəhərlər daha da böyüyür, abadlaşıb gözəlləşir, cavanlaşırlar. Kitabxanalar zənginləşir, müqəddəs ziyarətgahlar qədər əzizlənir, elm-bilik paylayan nur mənbəyinə çevrilirlər. Hələ universitetlər... Şəxsən mən yaşı əsrlərlə ölçülən universitetlərə sahib olan millətlərə qibtə edirəm...
   
   İnsanlar biliklərini, səylərini, cavanlıqlarını-bir sözlə, bütün ömürlərini bu saydıqlarımıza həsr edib, bağışlayaraq bu dünyadan köçüb gedirlər. Bəlkə elə buna görə bütün yubileylərdə bir qüssə, nisgil ovqatı da yaşanır...
   
   ***
   
   Oktyabrın əvvəlində bizlər də bir yubiley ovqatı yaşadıq. Rayonumuzun 80 illik yubileyini qeyd elədik. Əslində, Sabirabadın yaşı səksən ilə sığacaq bir tarix deyil. 1931-ci il oktyabrın 7-də bu əraziyə Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirin adı verilib. Həmin günə qədər isə Sabirabad uzun, zəngin, keşməkeşli bir tarix yaşayıb...
   
   Yubileylə bağlı xüsusi döş nişanları, təqvim, disklər, qələmlər, bir də rayonun tarixini əks etdirən kitabça hazırlandı. Şəhərin Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında geniş tədbir keçirildi. Tədbirə müharibə və əmək veteranları, elm, incəsənət xadimləri, ölkəmizin müxtəlif təhsil müəssisələrində, elm və mədəniyyət ocaqlarında çalışan adlı-sanlı sabirabadlılar dəvət olunmuşdular. Tədbir AzTV kanalı ilə yayımlandı...
   
   ***
   
   Dedim ki, Sabirabadın tarixi 80 ilə sığası tarix deyil. Yubiley münasibətilə buraxılmış kitabçada bu tarixin müəyyən məqamları əksini tapıb. Bir həftədi kitabça əlimdən düşmür. Dönə-dönə vərəqləyir, oxuyur, təsirlənir, xəyallara dalıram. Haqqında danışılan adamların çoxunu tanıyıram. Bəzilərindən yazmışam. Pambıqçıdırsa tarlasında, taxılçıdırsa zəmisində, heyvandardırsa fermasında, müəllimdirsə işlədiyi məktəbdə, həkimdirsə çalışdığı xəstəxanada olmuşam. Pambığın becərilməsini, yığımını, taxıl biçinini, qış aylarında gecə sağımlarını izləmişəm. Bu adamlar gözümün qabağında şöhrətləniblər, tanınıblar, adlar-mükafatlar alıblar... Nəhayət yaşlanıblar, həyat səhnəsindən gediblər. İndi bu kitabçanın nəfis, parlaq səhifələrində şəkilləri və... qısa ömür tarixçələri qalıb. Şəkildəki idarə və yaşayış binalarının da neçəsi gözümün qabağında tikilib...
   
   
   
   Deməli, mən də bu
   
   yubileyin bir parçasıyam...
   
   Bilmirəm, sevinim,
   
   yoxsa, kədərlənim...
   
   
   
   Bu duyğuları bir-birindən ayrı yaşamaq mümkün deyil... Biri o birini tamamlayır...
   
   ***
   
   Mən tarixçi deyiləm. Ancaq Sabirabadın bərəkətli torpağı, işgüzar adamları haqqında yazdıqlarım bəlkə nə vaxtsa yada düşəcək, gərək olacaq, axtarılacaq...Bu yazıda isə ancaq yubiley kitabçasındakı faktlardan istifadə edəcəyəm...
   
   Mənə görə "Muğan" sözü dilimizdəki ən tutumlu, ən sanballı sözlərdən biridi. Təkcə çox geniş bir ərazinin adı olduğuna görə yox. Ona görə ki, Tanrı bu torpağa hər şeyi bol əllə verib. Elə bil ki, Günəş də bu torpağı daha çox sevir, dünyanın bu başından qalxıb o başında batmağa gedəndə göydəki yolçuluğunu bu yerlərdə ləngidir, işığını, istisini daha bol-bol sərf etməmiş qüruba əyilmir. Günəş boldusa, orada hər şey bol olacaq. Yer üzündə canlı-cansız nə varsa, hamısı işığa, istiyə can atır. Hər kəsin, hər şeyin can atdığı yerlərin də tarixi mütləq zəngin olmalıdı...
   
   "Xavər-Zəmin"-Günəşli Torpaq adı ilə tanınan Muğan bir çox illər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. Elə o vaxtdan "Xavər-Zəmin" Qalaqayın (möhkəm qala) adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.
   
   Sabirabad müxtəlif adlarla Muğan vilayətinin tərkibində olduğundan tarixi mənbələrdə ayrıca xatırlanmır. Yalnız XV1 əsrin yazılı mənbələrində Cavad şəhərinin adı çəkilir. XV111 əsrin ortalarından isə Cavad xanlığının yaranması ilə bu ad tarixi mənbələrdə daha da möhkəmlənir. Azərbaycanın ruslar tərəfindən işğalından sonra burada yeni idarə üsulu yaradılmışdır. 1868-ci ildə Bakı quberniyası tərkibində Cavad qəzası təşkil olunmuş, 1888-ci ildə Cavad Petropavlovka adlandırılmışdır. Yalnız 1930-cu ildə Azərbaycan SSR-in yeni inzibati ərazi bölgüsü aparıldıqdan sonra 1931-ci ildə Petropavlovka Azərbaycanın satirik şairi M.Ə.Sabirin şərəfinə Sabirabad adlandırılmışdır".
   
   Sabirabadın abad, bağlı-bağatlı kəndləri çoxdu. Amma bir kəndi həm tarixi keçmişi, həm də bugünkü siması ilə çox fərqlənir. Cavad kəndi Kürün Şirvan tayında yerləşir. Sahilə söykənən evləri, həyətləri, bağ-bağçaları kəndi bir qədər də romantikləşdirir. Kəndin camaatı zəngin adət-ənənələrimizi qoruyub saxlamaları, yaşatmaları ilə də seçilirlər. Təkcə Novruz bayramında bu kənddə olmaq kifayətdi ki, deyilənləri öz gözünlə görüb inanasan. Bəlkə də respublikamızın çox bölgəsində baharın ilk səhəri axar su üstünə getmək, saf, sərin suda əl-üzünü yuyub niyyət eləmək, ağac budağından yelləncək asıb yellənmək adətləri artıq unudulub. Cavadlılar isə hər Novruz səhərində sanki keçmişimizə bir də səyahət eləyir, dədə-babalarımızın müqəddəs ruhunu sevindirirlər...
   
   ***
   
   Tarixi şəxsiyyətlərin ayağı dəyən torpaqlar tez şöhrətlənir. Və çox zaman həmin şəxsin bu torpağa hansı niyyətlə- dost, ya düşmən sifətində qədəm basdığı da unudulur. Zaman-zaman bu səfərləri rəvayətə çevirib ağızdan-ağıza, nəsildən-nəsilə ötürür, üstəlik, qürurla, iftixarla danışırlar. Bu yerlərdə də Cavadın tarixi ilə bağlı söhbətləri tez-tez eşitmək mümkündü...
   
   Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazırdı ki, "1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. O, çətinliklərlə Kürün o biri tərəfinə keçdi və yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü-bərə salmaq tapşırığı verdi. Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədilə Cavad bərəsini dağıtmışlar."
   
   A.A.Bakıxanovun "Bakı xanlıqları tarixindən" adlı əsərində Cavad kəndi haqqında daha maraqlı bir fakt var: "15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığında olan ordugahına qayıtdı. Burada Persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi."
   
   Bilmirəm, cavadlılar bu tarixlə öyünə bilərlərmi, öyünsələr də nə dərəcədə və harayacan haqlıdılar, ancaq mən axtarmaq, oxumaq, öyrənmək və nəhayət, yazmaq üçün kifayət qədər qiymətli məlumatların hələ də gizlində qaldığını güman edirəm. Bir də ona təəssüflənirəm ki, kifayət qədər zəngin tarixi olan bu kənddə o hadisələri yada salan nə bir abidə, nə də kiçik də olsa, bir xatirə lövhəsi-zadı yoxdu hələ ki. Ümid eləyirəm, bu yubiley canlanması hələ xeyli davam edəcək, tarixi unutmamaq, qoruyub saxlamaq baxımından çox işlərin təməlini qoyacaq...
   
   Mənsə çox sevdiyim kəndin tarixinə bir də atüstü səyahət eləmək istəyirəm. Elə buradaca ağlıma gələn bir qədər kədərli düşüncəni də yazmaq istəyirəm. Hiss edirəm ki, bu şöhrətli kəndin tarixi üzübəri gəldikcə öz romantik və şərəfli keçmişindən yavaş-yavaş uzaqlaşır. Çünki... O ötəri, gəldi-gedəri "firon"ların yerini indi daha üzlü, yerlini yerindən oynadan, hər şeyi həmişəlik özünkü eləmək istəyən və iki əsrədək buna nail olmağı bacaracaq təzə ağalar tuturdu...
   
    "XV111 əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birlikdə ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi... Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi. 12 oktyabr 1813-cü il tarixli Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza-Cavad qəzası yaradıldı. Qəzanın sahəsi 11617 kvadratmetr idi. 1897-ci ilin məlumatına görə, burada əhalinin sayı 85063 nəfər olmuşdur.
   
   Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli ukraynalı köçürüldü və həmin yaşayış məntəqəsi 1888-ci ildə Petropavlovka adlandırıldı..."
   
   Vəssəlam. Farslar getdi, ruslar gəldi. Burda deyiblər ey, qaz uçdu, qarğa qondu...
   
   Qarğa da ki, başdan-ayağa qapqara rəngdədi... Həm də bəduğur, leşəqonan quşdu...

TƏQVİM / ARXİV