adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

CiNAYƏT "MAŞINLARI..."

BABƏK YUSİFOĞLU
34073 | 2011-10-28 07:44
Müsəlman dünyasını terrorçuluqda, terrorçuları himayədə daim suçlayan xristian aləmi özünün daha dəhşətli əməlləri haqqında qətiyyən danışmaq istəmir. Bir nömrəli, iki nömrəli, üç... nömrəli terrorçuların hamısını onlar islam ölkələrinin vətəndaşlarından düzəldirlər. Əgər lap sadə məntiqlə düşünsək, həqiqətən çox qəribə situasiyanın şahidi olarıq. Dünyada kütləvi qırğın silahlarının 99 faizi məhz xristian ölkələrindədir. Və təsnifatına, imkanlarına görə nüvə silahı müdafiə yox hücum silahı hesab edilir. Və heç kim iddia edə bilməz ki, milyonlarla insanı bir göz qırpımında məhv etmək qabiliyyətinə malik bu silah atılan zaman yalnız günahkarları, yaxud hərbçiləri seçərək məhv edir. Əslində günahsız insanları da qırdığına görə onu da terror silahı hesab etmək daha doğrudur.
   
   Yaxud başqa bir məsələyə diqqət çəkək. Beynəlxalq səviyyəli mafiyalar, killer dəstələri, terrorçuları ən çox Qərbin payına düşür və bunu onların özləri də etiraf edirlər. Amma onlara terrorçular demirlər. Məgər adı mafiyadırsa, o artıq terror dəstəsi sayılmamalıdr? Məgər Amerika, Siciliya, Meksika, Rusiya, İrlandiya... mafiyaları adam öldürməklə, qeyri-qanuni bizneslə, insan, narkotika və silah alveri ilə para qazanmırlarmı? Onların törətdikləri cinayətlər niyə terror aktı kimi dəyərləndirilmir? Əlbəttə, bütün bu sualların cavabları hər kəsə aydındır, lakin beynəlxalq qanunları yazanlar, baş vermiş hər hadisəyə qiymət verənlər məhz xristian olduqları üçün onlara belə sərf edir.
   
   Dünyanı nüvə qorxusu altında saxlayan Rusiya ilə Amerikanın həm də mafiyası bəşəriyyət üçün bir bəlaya çevrilib. Xüsusilə son 20 ildə rus mafiyası elə bir həddə qədər inkişaf edib ki, digərləri yalnız bu işdə onlara həsəd apara bilər. Bu elə-belə mülahizə deyil. Birləşmiş Ştatların Federal Təhqiqat Bürosunun məlumatlarına əsasən rus mafiyası hazırda yalnız Meksika mafiyasından geri qalır. Hətta rəsmi sənəddə bildirilir ki, ruslar mafiya aləmində çox böyük tarix yaratmış məşhur italiyan mafiyası "Koza Nostra"nı belə üstələmişdir. Həmin "Koza Nostra"nı ki, 1930-50-ci illərdə onların qarşısına çıxan olmamış, hətta dövlət belə onlarla hesablaşmaq məcburiyyətində qalmışdır.
   
   FTB hökuməti xəbərdar edir ki, ümumiyyətlə Amerikada mafiyanın yenidən güclənməsi prosesi başlayıb. Məlumdur ki, Al Kapone, Salvatore Luçisno və digər mafiya ataları cismən sıradan çıxandan sonra ölkədə mafiyanın gücü xeyli zəiflədi, sıraları seyrəldi, nüfuzu ciddi şəkildə endi. Amma son dövrlər bu mütəşəkkil kriminal şəbəkə yenidən aktiv şəkildə dirçəlməyə başlayıb. İndi ABŞ-da fəaliyyət göstərən bandaların tərkibindəki üzvlərin sayı 40 faiz artıbdır. Yalnız ölkə daxilində rus mafiyasının üzvləri 7,3 faiz çoxalmış, yeni-yeni kriminal şəbəkələr formalaşdırmışdır. Rəsmi statistikada bildirilir ki, ruslar indi yalnız Meksika, Kolumbiya qruplaşmalarından geri qalır. Və burada zaman nisbətini nəzərə alsaq rusları hətta birinci yerə də qoymaq mümkündü.
   
   FTB-nin məlumatında o da deyilir ki, rus qruplaşmalarına Birləşmiş Ştatların ərazisində meksikalılardan çəmi beş dəfə az rast gəlinir. Burada ən çox diqqət çəkən məqamlardan biri də odur ki, rusların törətdikləri cinayətlərin həcmi də getdikcə çoxalmaqdadır. Təhlillər göstərir ki, 2009-cu illə müqayisədə bandaların ümumi sayının artımı 40 faizdən çox olub. Bu da onu göstərir ki, qanunsuz pul dövriyyəsi, qətllər, silah və narkotika alveri də avtomatik bir o qədər yüksəlib və Amerikada ümumi kriminogen durum sürətlə pisləşməyə doğu gedir.
   
   Amerikanın xüsusi xidmət orqanları bu dəstələrlə indi yalnız küçələrdə, ərazilərdə mübarizə aparmır, həm də internetdə bu işlə məşğul olmağa məhkumdurlar. Etiraf etmək lazımdır ki, hökumət qurumları operativlik baxımından kriminal aləmin üzvlərindən çox-çox geri qalırlar. Çünki FTB müəyyən internet məlumatlarını yoxlayıb faktları ələ keçirmək üçün razılığı mütləq məhkəmələrdən almalıdır. Başqa cür internet şəbəkələri istifadəçilərin şəxsi informasiyalarına girişə icazə vermir. Və bu da hüquq işçiləri üçün çox böyük əngəllər yaradır.
   
   Mütəxəssislər rus mafiyasının tez bir zamanda belə "uğur" qazanmasının bir səbəbini Rusiyda qazanılan "çirkli pullar"ın böyük həcmdə Birləşmiş Ştatlara axınında, özü də qeyri-leqal yollarla axınında görürlər. Rusiyanın "kölgə iqtisadiyyatı"ndan əldə edilən pulların təxminən 15-20 faizi birbaşa mafiya büdcəsinə daxil olur ki, həmin vəsait burada daha böyük pulların qaqzanılmasına şərait yaradır. Və araşdırmalar sübut edir ki, qeyri-qanuni pulların əldə edilməsi prosesi də böyük masştabda cinayətlərin törədilməsi ilə müşayiət olunur. Çünki bu kriminal şəbəkələrin əlində böyük miqdarda silah cəmləşib. Və maraqlıdır ki, bu silah arsenalının dövriyyəsində müxtəlif ölkələrin dövlət strukturları da iştirak edir.
   
   Statistik rəqəmlər sübut edir ki, rus mafiyası yalnız Birləşmiş Ştatlarda öz varlığını genişləndirməklə məşğul deyil, o həm də Avropada da çox böyük əlaqələrə malikdir ki, əlaqələri Asiya ölkələrinə, hətta Afrikaya qədər uzanır. Bu böyük kriminal şəbəkə kölgə iqtisadiyyatında, silah, narkotika, insan alverində ona maneçilik yaradanlara qarşı amansız tədbirlər görür. İnsanlar qırılır, partlayışlar törədilir, şəxslər oğurlanır, ipə-sapa yatmayanlar şantajlara məruz qoyulurlar. Və maraqlıdır ki, yazının əvvəlində dediyim kimi bu cinayətkar şəbəkələrə terrorçu deyilmir. Onlar mafiya adlanırlar. Halbuki, bunların hər ikisi cinayətkar struktur olaraq gizlilik prinsipləri ilə fəaliyyət göstərirlər. Hər ikisi də insanlığa qarşı cinayət törətməklə məşğuldurlar.

TƏQVİM / ARXİV