adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

OKTYABR "DƏRSi..."

BABƏK YUSİFOĞLU
27347 | 2011-10-26 11:37
Həm yerli, həm də dünya KİV-lərindən hər kəsə məlumdur ki, PKK terrorçularının Türkiyədə hərbi postlara, jandarmlara hücumu nəticəsində onlarla türk əsgəri qəhrəmancasına şəhid düşdü. Məhz bu son xain basqınlar iqtidarın da, ictimaiyyətin də sanki səbr kasasının daşmasına səbəb son damcı oldu. Və iqtidarda olan Ədalət və İnkişaf Partiyası nəhayət qərar vedir ki, PKK silahlıları ilə daha sərt dillə danışmağın vaxtı çatıb. Bunun üçün də lazım olan təlimatlar, əmrlər verildi. Türk ordusu terrorçuların yuva saldığı ərazilərə, əsasən İraqla həmsərhəd rayonlara, Qəndil dağının üzərinə hərəkətə keçdi. Və planlaşdırılmışdı ki, antiterror hərakatı ölkə daxili ilə məhdudlaşmayacaq, sərhədötəsi hərbi əməliyyatlarla davam etdiriləcək. Və artıq bir həftədən çoxdur ki, PKK-nın üzərinə üst səviyyədə basqılar davam edir. Baş qərargah rəisi Necdət Özərin və ordu komandanlarının əməliyyatlara şəxsən rəhbərlik etməsi yəqin ki, məsələnin ciddiyyətini lazımınca göstərir.
   
   Türk ordusu 22 taborla bölgədədir və bir neçə gündür ki, sınırötəsi hücumlar davam etdirilir. Bütün bu məlumatları bildirməklə nəyisə təkrar xatırlatmaq istəmirəm. Məqsədim bu proseslərdəki yeni, həm də maraqlı məqamlara diqqət çəkməkdir. Bu günlərdə PKK silahlıları Ankaraya hədələyici xəbərdarlıqlar göndəriblər. PKK-nın rəsmi nümayəndəsi Əhməd Denis açıqlamalarında bildirib ki, əgər Türkiyə Ordusu Şimali İraq ərazisində hərbi əməliyyatları durdurmasa kürd silahlılarının cavab zərbələri daha ağır olacaq. (RİA Novosti) Terrorçuların gözlədiyi effekt alınmadı. Bölgəyə gətirilmiş qüvvələr separatçıların üzərinə daha sərt şəkildə getməyə davam etdi. Əlbəttə, elə belə də gözlənilirdi. Dünyanın ən döyüşkən, ən güclü ordularından biri sayılan türk Silahlı Qüvvələri əhməd denislərin hədələri ilə geri çəkiləsi deyildi.
   
   PKK-nın "ağır zərbə" bəyanatı isə yenə xəlvət yolla Bitlis ərazisinə daxil olaraq pusqu qurub partlayış törətməkdən ibarət oldu. Amma təəssüf ki, bu partlayışda 5 polis nəfəri, biri az yaşlı uşaq olmaqla 3 mülki şəxs yaralandı. Separatçılar bu dəfə səhvə yol verdiklərinin fəqrində deyildilər. Onlar elə sanırdılar ki, bu cür xain terror aktlarını davam etdirməklə türk ordusunu geri çəkilməyə vadar edə biləcəklər. Amma niyyətləri boğazlarında qaldı. Alınan məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri İraqın Şimalındakı əməliyyatlarını daha da genişləndirib. Qura əməliyyatlarına havadan "Kobra" tipli hərbi vertolyotlar, və aviasiya dəstək verir.
   
   Bundan başqa, Türkiyə sərhəddindən 20 kilometr aralıda yerləşən Zaho ərazisinə 35 tank və hərbi maşın yeridilməklə əməliyyatlar daha da genişləndirilib. Ağır döyüş maşınlarının bölgəyə yeridilməsi onu deməyə əsas verir ki, regiondakı PKK qüvvələrinin harada səngər qurub müqavimətə təşəbbüs etməsinə heç bir şans verilməyəcək. Türkiyə Hərbi Hava Qüvvələri Qəndil, Zap, Hinərə, Metina ərazilərində PKK-ya məxsus sığınacaqları, mağaraları, silah anbarlarını, bir sözlə onlara məxsus hər şeyi bombardımana məruz qoyub. Türk kəşfiyyatının məlumatlarına əsasən məhz bu bölgələrdə separatçıların hərbi bazaları mövcududr. Ötən gün Qazan vadisindəki əməliyyatlarda 15 silahlı terrorçu öldürülüb.
   
   Bütün bunlar göstərir ki, kürd silahlılarının 28 türk hərbçisini öldürərək vahimə yaratmaq, Ankaranı geri çəkilməyə məcbur etmək ideyaları boş və mənasız bir iddiadan başqa bir şey deyilmiş. Onların ratsiya vasitəsi ilə biri-birlərinə uğradıqları dəhşətli itgilər haqda məlumat vermələri də göstərir ki, PKK bu cür əks-reaksiyanı ağlına belə gətirməməşdir. Türk Ordusu Şimali İraqla sərhəd boyu bütün yaşayış məntəqələrində, ərazilərdə axtarış əməliyyatlarını qarış-qarış həyata keçirir. Və gizlənməyə cəhd edən terrorçular ələ keçirilirlər. Ümumiyyətlə, Şimali İraqda aparılan əməliyyatlarda 270 terrorçunun məhv edildiyi bildirilir.
   
   Kəşfiyyat məlumatları üzrə hərəkət edən türk ordusu daha bir terror yuvasını aşkarlayıb. Və qeyd edək ki, tankların Şimali İraq ərazisinə yeridilməsinin bir səbəbi də məhz bununla əlaqədar imiş. Türkiyənin "Vətən" qəzetinin yaydığı məlumata görə, tanklar İraqda Haftandakı düşərgəyə daxil olub. Türkiyənin xüsusi təyinatlı əsgərləri də ərazidədir. Qorxuya düşüb düşərgədən qaçan 400-ə yaxın terrorçu şimaldan və cənubdan mühasirəyə alınıb. 20 tank və 30 zirehli maşın həmin istiqamətlərdədir və Bamerində yerləşən Türkiyə hərbi bazasının tankları isə əks istiqamətdən hücuma keçib. Terrorçuların vəziyyəti kritikdir. Lakin bu döyüşün nəticələri barəsində hələlik heç bir məlumat verilmir.
   
   Bütün bu proseslərdəsə ən diqqətçəkən məsələlərdən biri həm prezidentin, həm baş nazirin, həm də ordu rəhbərliyinin açıqlamalarında PKK-ya qarşı əməliyyatların sonadək davam etdiriləcəyinin birmənalı şəkildə vurğulanmasıdır. Rəcəb Tayyib Ərdoğan iki gün öncəki çıxışında bildirdi ki, PKK-la bu mübarizə kompaniya xarakteri daşımır. Türkiyəni geri çəkilməyə məcbur edə biləcəklərini düşünənlər böyük səhvə yol verirlər. Hər kəs törətdiyi əməllərin cavabını verəcəkdir.
   
   Əslində Ankara indiyədək saysız-hesabsız dəfə PKK-ya silahı yerə qoymağı təklif edib. Onlara anlatmağa çalışıb ki, Türkiyənin unitar yapısı müzakirə mövzusu ola bilməz və türk ordusunu yenmək mümkün deyil. Lakin təəssüflər olsun ki, Türkiyənin həm iç, həm də xaricdəki düşmənləri bu çağırışlara ciddi yanaşmamışlar. İndi hər kəsə bir daha bəlli oldu ki, Türkiyə ilə oynamaq ağılsızlıqdan başqa bir şey deyil.
   
   Türk Ordusunun anti-terror əməliyyatları davam edir. PKK-ya oktyabr "dərsi"ni verir...

TƏQVİM / ARXİV