DÜNYANIN İŞIQLI VƏ QARANLIQ LÖVHƏLƏRİ

VAQİF YUSİFLİ
41139 | 2015-06-09 01:50
Onun çağdaş Azərbaycan ədəbiyyatında öz yeri, öz məkanı var - bu ərazi yalnız Seyran Səxavətə məxsusdur, yəni bu ərazinin sahibi odur. Biz oxucular həmin əraziyə daxil olub Seyran Səxavətin yaratdığı qəsri görə bilərik. Təmiz Azərbaycan sözlərindən hörülmüş bu qəsr çox möhkəm və davamlıdır, hər hansı küləyin, qasırğanın və "xarici istila"nın hücumları ona kar eləməz. Bəs bu qəsrin sakinləri kimlərdir?
Qəsrin içərisinə daxil oluruq... Yox, bu qəsr yox, gerçək Azərbaycan dünyasıdır. Müxtəlif, amma tanış insan sifətləri bir-bir gözlərimizin önündən keçir: bu insanların gözündə hirs var, qəzəb var, sevinc var, mərhəmət var, işıq var, qaranlıq var. Bir anlığa bu qəsr mənə Seyranın "Nekroloq" romanındakı xəstəxananı xatırladır: "Dünyanın heç bir yerində bu boyda xəstəxana yoxdu, yaşı min illəri çoxdan keçib. Dünyanın xəritəsinə də düşüb və başqa xəstəxanalardan fərqi oradadı ki, buranın xəstələri burda doğulur, yaşayır və burda da dəfn olunurlar, artırlar, azalırlar, yeyirlər, qırılırlar, uçurlar, sürünürlər, şərab içirlər, qan içirlər, ac qalırlar, tox qalırlar, xəcalət çəkirlər, şəkil çəkirlər, əziyyət çəkirlər, dərd çəkirlər, araq çəkirlər, nəşə çəkirlər, qonşunun xainliyini çəkirlər, bir-birinə kəm baxırlar, ələ baxırlar, dilənirlər, ev tikirlər, ev yıxıllar, qanırlar, qanmırlar, yalaqlanırlar, rüşvət alırlar, analarının əmcəyini kəsirlər, heç kəsi bəyənmirlər, halal çörək qazanırlar, haramlıq edirlər, borc alırlar, borc verirlər, tez gəlirlər, tez gedirlər, qəzet buraxırlar, televiziyada danışırlar, alver eləyirlər, alınırlar, satılırlar, teatr çıxardıllar, çalıb-oxuyurlar, toyuq oğurlayırlar, uşaq oğurlayırlar, allahsız-allahsız danışırlar, qoyun başı kəsirlər, adam başı kəsirlər, hərdən-birdən də sevirlər".
Bir sözlə, mənəvi dünyamızın bütün mənzərəsi əks olunan o söz qəsri real həyatın XX əsr dünyasını bütün ziddiyyətləri ilə gözlərimiz qarşısında canlandırır. Hər hansı istedadlı bir yazıçıda bir neçə zərrə olsa da Balzak tutumu var və çeşidli insan mənzərələrini böyük sənətkarlıqla yaradan Balzaka oxşamaq heç də pis deyil. Amma Seyran Səxavət Balzaka niyə oxşamalıdır, gəlin onu Mirzə Cəlilə, Haqverdiyevə, Çəmənzəminliyə oxşadaq. Çünki Seyran Səxavət təpədən-dırnağa milli yazıçıdır. Ancaq oxşatmaq sözündə də bir təqlid çaları var, ona görə də adlarını çəkdiyim bu böyük Azərbaycan yazıçılarını Seyran Səxavətə bir müəllim hesab edək və əgər bu meyarla yanaşsaq, Seyran Səxavət öz müəllimlərindən çox həqiqətlər əxz edib. Seyran Səxavət öz böyük müəllimi Mirzə Cəlil Məmmədquluzadədən həyatı real əks etdirməyi, həyata böhtan atmamağı və əlbəttə, cəsarətli olmağı öyrənib, öz böyük müəllimləri Haqverdiyevdən və Çəmənzəminlidən isə koloritli və duzlu yazmağı, xarakter yaratmağı əxz edib.
Seyran Səxavəti bir yazıçı kimi səciyyələndirmək üçün bir çox sözlərdən, ifadələrdən istifıdə eləmək olar, ancaq mənim ağlıma gələn birinci söz AZADLIQ sözü oldu və Seyran Səxavət həmişə daxilən azad olub, müstəqil olub və indi də bu müstəqilliyi və azadlığı bir kimsə onun özündən və qələmindən qopara bilməz. Bunu təkcə mən demirəm. Ramiz Rövşən də deyir: "Seyran Səxavət bizim ədəbi nəsildə zamana yaxa verməyən birinci oğuldur. Zamandan asılı olmayaraq Seyran Səxavət həmişə bir sifətdə, bir namusda, bir qeyrətdə olan dostumdu". Bu həqiqəti Fuad Poladov da təsdiqləyə bilər: "Yaşadığımız keçid dövrünün çətinlikləri, sınaqları, yalnız Seyran Səxavət kimi güclü, bütöv insanların "Mən"ini, azadlığını əlindən ala bilmədi". Yazıçı isə o zaman azaddır ki, yalanı həqiqət, həqiqəti yalan kimi qəbul eləmir, ta əzəldən azad doğulur və içindəki qul stixiyasını boğub öldürür və millətini düşünür. Daxilən azad və müstəqil yazıçı ölkəsi müstəqil olmamışdan da müstəqil ola bilər və biz bunun bariz nümunəsini İsa Hüseynovun, Yusif Səmədoğlunun, Anarın, Elçinin, İsi Məlikzadənin və bir sıra yazıçıların timsalında görmüşük. Seyran Səxavəti də bu cərgədən ayırmaq olmaz.
Məsələ onda deyil ki, Seyran Səxavət bir sıra əsərlərini ədəbiyyət üçün yasaq olunmüş mövzularda yazırdı, qətl günü yaxınlaşan quruluşun siyasi və mənəvi böhranından söz açırdı, cəmiyyəti bürümüş kataklizmləri bədii sözün cənginə verirdi, Azərbaycan gerçəkliyini bəzəksiz-düzəksiz, yalansız-boyasız təsvir edirdi, məsələ ondadır ki, onun ədəbi tərbiyəsi elə əzəldən bunun üstündə qurulmuşdu.
Məşhur estetik Y.Borev yazır ki, əsərin əsasında duran həyat materialı bəzən sənətkarı öz arxasınca aparır və o, qətiyyən istəmədiyi nəticəyə gedib çıxır. Fikrimcə, bu mülahizənin Seyran Səxavətin bir çox əsərlərinə dəxli var, o da qələmə aldığı geniş həyat materialı ilə üz-üzə dayanması və bəzən bu həyat materialının arxasınca getməsidir. Seyran Səxavət adətən öz hekayə və povestlərində cəmiyyət hadisələrinə nisbətən dar, lokal bir məkandan qiymət verməyə çalışır, hadisələr və insan xarakterləri də bu prizmadan nəzərə çarpırdı. Ancaq dar sözü burada nisbi məna daşıyır, çünki S.Səxavət dar və xırda məkanı BÖYÜK MƏKANın bir parçası kimi ümumiləşdirə bilir. Onun "Sanatoriya" povestində belə bir fikirlə qarşılaşırsan ki, "elə dünyanın özü də sanatoriya kimi bir şeydir. Əməlli-başlı fikirləşəndə görürsən ki, dünya xəstəxanaya oxşayır. Lap dərindən fikirləşəndə görürsən ki, dünya qəbiristanlığa da..."
"Sanatoriya" povestində hadisələr bir sanatoriya dairəsində baş verir, ancaq elə buradan da cəmiyyəti seyr eləmək mümkündür. S.Səxavət çürüməkdə olan bir cəmiyyətin son günlərini təsvir edir, özü də adi, bəlkə də ilk baxışda ciddi maraq doğurmayan hədisə və əhvalatlarla... Əsərin personajlarından biri sanatoriya binası haqqında deyir: "Bu boyda bina: qəşəng, gözəl, çürüyüb gedir - baxan yoxdu. Sahibi olsa belə olmaz axı. Kimi qoyurlarsa fikirləşir ki, mən düzəltməyə gəlməmişəm axı, bir-iki il işləyib çıxıb gedəcəm. Elə bil ki, bostandı - hərənin çiynində bir xurcun daşıhadaşıdı. Heç kəs də fikirləşmir ki, bu bostan bir gün sovulacaq axı, onda noolsun". Doğrudan da sanatoriya ilə cəmiyyətin içi arasında bir elə fərq görünmür, sanatoriya sanki cəmiyyətin ümumiləşdirilmiş modelidir.
"Nekroloq romanında isə S.Səxavət bədii təsvirdə Zaman və Məkan hüdudlarını genişləndirir. Açıq demək lazımdır ki, romanda çağdaş Azərbaycan mənzərəsi (ictimai-siyasi-mənəvi) əks olunmuşdur. Mənzərə bütöv və genişdir, cəmiyyətin bütün zümrələrini əhatə edir: çadırlarda yaşayan və cəhənnəm həyatı keçirən soydaşlarımızdan tutmuş nəhəng maliyyə fırıldaqları ilə məşğul olan mafioz qruplara qədər... Romanda sanki zaman anlayışı da şərtidir. Şərti simvolik, rəmzi vasitələr də romanda həyat həqiqətinin məntiqili uyuşur. Əsərdə təsvir olunan Məkan da bizə tanışdır: "Buraların ərazisi indikindən qat-qat böyük olub: əvvəl qeyri-bərabər şəkildə iki bölüblər - Quzeyə və Güneyə. Qonşular bölüşdürüb, alışma eləyiblər, "uf" da deməyiblər, dillənməmişik, ufuldamamışıq, ağrımamışıq, ağrıya bilməmişik, çünki sağlam can ağrıyar... Ölmüş adamı şaqqalasan da xəbəri olmaz - ölüdü. İki yerə bölünəndən sonra da ağılları başına gəlməyib, elə yeyib yatıblar, düşməni süfrələrinin başına keçiriblər, düşmən də düşmənçiliyini eləyib, girib bunların qılığına ki, bəs qardaşıq. Elə o vaxtdan da evləri yıxıldı, düşmən üstlərinə ayaq açdı: xanlıqlar, mahallar, şəhərlər, kəndlər asta-asta əldən getdi. Torpağı torba ilə daşındı. Dedilər: "bir torba torpaq nədi kig"...Bilmədilər ki, bir torba torpağı göylər kişnəyib, buludlar ağlayanda, qərib eldə canını tapşıran yüzlərlə qəribin gözünə tökmək olar. Hardan biləydilər..." Deməli, məkan məlumdur, söhbət məmləkətimizdəki məlum olaylardan gedir. Ancaq S.Səxavət romanda konkret olaraq kimə isə işarə eləmir, bu son illərin ictimai-siyasi hadisələrinin canlı iştirakçıları da nəzərə çarpmır. Ustalıq elə bundadır. Lövhələr isə nə qədər tanış və həm də realdır. Soydaşlarımızın zillətlə ömür sürdüyü çadır həyatı, işsizliyin barometri olan "Qul bazarı" və böyük varidat sahibi olanların cəm olduğu təmtəraqlı kef məclisləri sizə də tanış deyilmi? Digər tərəfdən, S.Səxavət xalqın düçar və məhkum olduğu maddi və mənəvi fəlakətlərin qədəri azmış deyə romanın lap başlanğıcında təğii fəlakəti - böyük qasırğa və seli də buraya əlavə edir.
Öncə qeyd etdiyimiz kimi, romanda böyük bir xəstəxana təsvir olunur. Əslində, bu, adi xəstəxana deyil, məmləkətin rəmzidir. "Xəstəxana xəstə idi. Soyuqdan ölülərin də dişi-dişinə dəyirdi". Bu əsərdə də S.Səxavət "Sanatoriya" povestindəki priyomdan istifadə etmişdir - Məmləkətlə Xəstəxananın, məmləkətin adamları ilə xəstələrin bir-birindən fərqi yoxdur. Romanın bir neçə fəslində müxtəlif xəstələr verdikləri analizlərin cavabları üçün həkimə müraciət edirlər. Cavablar qeyri-adi və gözlənilməzdir .
"-Sənin diaqnozun, - həkim əlindəki qələmi yerə qoydu, stolun sağ tərəfindəki kağızı götürüb diqqətlə baxdı - sənin diaqnozun, alçaqlıq.
-Müalicəsi var?
-Yox!"
Yaxud:
"Analizlərdən belə görünür ki, sizin diaqnoz belə olacaq: deklarasiya xəstəliyi. Sizdə deklarasiya xəstəliyinin mikrobları tapılıb. Deklarasiya haqqında qanun çıxandan sonra o mikroblar aktivləşə bilər".
S.Səxavət təsvirlərində tünd boyalardan çəkinməyən yazıçıdır. Qrotesk onun təkcə çox sevdiyi bədii təsvir məqamlarından biri deyil, həm də yaradıcılığının üslubi məziyyətlərindən biridir. "Nekroloq" romanı bu mənada qrotesk-roman da adlandırıla bilər. Hətta deyək ki, "Nekroloq" adı özü də qroteskdir. Çünki romanda bir adamın, yaxud bir ailənin yox, bir xalqın mənəvi ölümündən söhbət gedir.
Bəs bu xalq niyə ölür? Dünyanın bu xalqın ölümündən xəbəri varmı? Birinci suala romanda süjetin öz inkişafından, hadisələrin gərginliyindən doğan kəskin kolliziyaların qabarıqlaşdırılması ilə cavab tapmaq olar. Düşüncədə baş verən partlayışlar, ölkəni, məmləkəti uçuruma aparan sarsıntılır, insanların insan ola bilməməsindən doğan faciələr bir küll halında romana daxil olur, həyat öz axarını dəyişdirir. Şəhərə əvvəlcə həzin meh əsir, sonra güclü külək başlayır, sonra isə bu külək qasırğaya çevrilir. "Bu güclü sel bəzi zirzəmilərdəki əyyaşların, fahişələrin və iş adamlarının meyitlərini vurub küçəyə çıxartmışdı...gBu şəhərdə yaşayanların hamısı ölüm qorxusunu yaşadı, hamının yadına düşdü ki, dünyada ölüm də var". Yazıçı bu vahiməli gecənin fonunda iki səhnə təqdim edir-biri şam səhnəsidir. Körpə bir qız təkqollu gənc atasının sinəsinə qısılmışdı. Ölmək istəmir bu qız. Şam yandırırlar və birdən hamı görür ki, şam ağlayır. "Onun göz yaşları işıq saçırdı. Bütün şəhər şam yandırmışdı-ancaq bu şamlar məbədlərdə yandırılan şamlara daha çox oxşayırdı". Bu səhnə bəlkə də romanda əhəmiyyətli bir detal deyil, amma hər halda kədərlidir. Başqa bir lövhə: "Qasırğa öz yuvasına çəkiləndən sonra Diribaş əl fanarını götürüb aşağı düşür, küçədə selin gətirdiyi və qoyub getdiyi nə varsa yığışdırmağa başlayır, meyitlərin ciblərini, sumkalarını gəzir. Axırda "işığı kök qadının üstünə saldı, sonra da qalstuklu kök kişinin. "Bəlkə bunlar ər-arvad imiş... Bacı-qardaş da ola bilərlər..." Kök qadının yanına gəldi, dizini qadının enli buduna qoyub üzüyü çıxarmaq tstədi, xeyli əlləşdi, "zəhrimara qalsın". İstədi çıxıb getsin, tamah qoymadı, onu qadına tərəf itələdi.
- Oğraş, bir də bu şəhərə nə vaxt sel gələcək?!" Doğrudan da, lap cəhənnəmi xatırladan bir səhnədir, qrotesk həddini aşır burada. Amma bütün bunların kökündə acı reallıqlar dayanır. Ümumiyyətlə, romanda elə hadisələr təsvir edilir ki, onların reallığına heç bir şübhə eləmirsən. Deyə bilərik ki, yazıçı real görünən bu dəhşətli səhnələri təsvir edərkən ifrata varmaya da bilərdi, amma romandakı həqiqət gerçəklikdəki həqiqətin özüdür ki, var məntiqi ilə razılaşırsan.
"Qaçqın əlillərin özlərinin dəlləyi var: ayda bir-iki dəfə ülgücünü bülövləyir düşür bunların canına. Suları var - şəhərə gedən böyük su kəmərini bir az deşiblər. Qoelro planının bu şəhərciyə heç bir dəxli yoxdu - yəni işığa həsrətdilər. Dədə-baba qaydasıynan yaşayırlar - neft lampası, kiroqaz və s.
Bu çadır şəhərciyində nə toy olmuşdu, nə də yas.
...Dörd nəfər çiynində kiçik bir tabut aparırdı: Gənc ata, qardaşı, atası və bir başqası. Burda məskunlaşanlar bir kəndin, bir şəhərin də bünövrəsinə daş qoya bilərdilər - lakin onlar qəbiristanlıq bünövrəsi qoyurdular və bu bünövrəyə qoyulacaq ilk daş - körpə cənazəsi indi onların çiynində idi... Tabutun dalınca bir dəstə çolaq gedirdi. Adamı vahimə basırdı və vahimə basdıqca adama elə gəlirdi ki, bu gedən elə Xalqdı...
Xalq qoltuq ağaclarına, çəliklərə çevrilmişdi və gedirdi-gedirdi qəbiristanlıq bünövrəsi qoymağa".
Beləcə, romanda kədərli və hüznlü səhnələr bir-birini əvəz edir. Əlbəttə, bu səhnələrin bir çoxu real məntiqlə yanaşdıqda bəlkə bir az hiperbolik səviyyədə nəzərə çarpır, ancaq Seyran çadır şəhərciyində adiliyə çevrilmiş vərdişləri, yaşayış tərzini daha qabarıq vermək üçün, ən başlıcası isə bu vərdişin və psixologiyanın gələcəkdə daha qorxulu bəlaya çevrilməməsi üçün bədii sözün bu çalarına üz tutur.
"Bu gün bu uşağın toyu idi. Ancaq nə yaxın-uzaq kəndlərin, nə şəhərlərin, nə külli halında məmləkətin, nə də dünyanın bu uşağın gözündəki kədərdən xəbəri yox idi. Xəbərləri yox idi ki, bu uşağın gözündəki erkən kədərin bir damcısı yerə düşsə, bütün dünya bu kədərin altında qalacaq.
... Körpənin alnı qırışıb ki, ilahi! Və bu qırışları heç kəs görmürdü - heç bu toydakı qırışlara baxanda, adam oğluna elə gəlir ki, qırışlar körpənin alnından yaşlıdı..."
Romanda məcazi-simvolik mahiyyət daşıyan, Xalqın ölümü ilə bağlı heykəllərin mitinqi səhnəsi müəyyən qədər plakatçılıq təsiri bağışlasa da, hər halda, bədii təsiri etibarilə maraqlıdır. Xalqın keçdiyi yolun və qarşılaşdığı bütün müsibətlərin mənzərəsi dahilərin fikir və mülahizələri fonunda ümumiləşdirilir.

TƏQVİM / ARXİV