adalet.az header logo
  • Bakı 18°C

DüNYANIN SONU

OQTAY SALAMOV
31284 | 2011-10-22 07:07
Bu yazını yazanda oktyabrın 21-i, səhər saat 11 idi. İki gündü Liviyanın lideri Müəmmar Qəddafinin öldürülməsi bütün media məkanını tutub, xəbərlərə görə səhər saatlarında rəhmətliyi naməlum bir yerdə basdıracaqlar. Bu mənada Qəddafi üçün dünyanın sonu doğrudan da çatdı. Vay qalanların gününə. Bilmirik bizi haradasa basdıran olacaq, yoxsa onu da artıq biləcəklər? Əslində xəbərlərə inansam gərək bu yazını yazmayaydım, bu gün təkcə Qəddafi üçün deyil, Yer kürəsinin bütün sakinlərinin son günüdür. Bir halda ki, yazını heç kim oxumayacaq, onun qonorarını verməyəcəklər, kimsə qəzəbli bir cavab yazmayacaq, yazını yazmağın mənası nədir ki? Amma sonra fikirləşdim ki, "vəsi yüngüllükdü", qoy desinlər ki, zalım oğlu ölən gününə qədər yazdı. Bir də, xəbər yalan çıxar, ayın sonunda maaşımı kəsərlər axı... Qısası, sağ qalsanız oxuyarsınız, yoxsa...
   
   Vallah, neynəyim, dünyanın sahibi iddiasında olan amerikalılar nə deyirsə inanmalıyıq, qocasına da, cavanına da, vəzifəlisinə də, vəzifəsizinə də. Bəy dediyin nədi, bəyənmədiyin nədi? Həmin o Amerikanın Kaliforniyadan olan 90 yaşlı moizəçisi Harold Kempinq dünyanın sonu üçün yeni tarix göstərib. Özü də xəbərdarlıqsız-zadsız, elan eləyib ki, dünyanın sonu oktyabr ayının 21-də saat 18:00-da olacaq. Bilmirsiniz Amerika vaxtı ilə bizimki arasında nə qədər fərq var?..
   
   Moizəçi özünün rəhbəri olduğu "Ailə" radiosunda bildirib ki, "Bu cümə günü demək olar ki, yer üzünün bütün sakinləri cəhənnəmə gedəcəklər".Onun iddiasına görə, bu gün bütün ölülər məzardan qalxacaq. Yalnız 2 faiz əhali cənnətə gedəcək. Qalanları isə cəhənnəmə "deportasiya" edilənə kimi bir müddət baş verəcək fəlakətləri, yanğın, zəlzələ və selləri görmək üçün yerdə qalacaqlar.
   
   Ayıb da olsa, skeptiklər Kempikin əvvəlki proqnozunun düz çıxmamasından ürəkləniblər ki, bu dəfə də belə olacaq. Yadınızdadırsa, 1994-cü ildə İsa peyğəmbərin (s.ə.s) zühur edəcəyini iddia edən amerikalı o vaxt da hesablamalarında səhv olduğunu demişdi. O, həmçinin bu ilin mayın 21-i saat 18:00-da qiyamətin qopacağını iddia etmişdi. Bilmirəm, ya Yaradan Yerə 5 aylıq "otstroçka" verib, ya da moizəçı barıtını çox eləyib...
   
   Qayıdıram bu günün yüz faiz onunçün dünyanın axırı olan adama. Mən bilmirəm, Qəddafi Harold Kempinqin dediyi Cənnətə gedəcək 2 faiz arasında olacaq, yoxsa yox, əməlləri və niyyətləri adamlar arasında çox mübahisəli görünən bu adamın öldürülməsi çox vəhşiliklə oldu. Elə Səddam Hüseynin, Bin Ladenin ölümü də vəhşilik törətməklə baş verdi. Adamların vəfasızlığı, dünən şəklini başları üzərində asdıqlarının bu gün nəşini ayaqlar altına atması və bundan ləzzət almasını görmək dəhşətdir!
   
   Haşiyə: Biz müsəlmanlar sevindikdə, üzüldükdə, təəccüb etdikdə, heyran olduqda, hər zaman təkbir gətiririk: "Allahu Əkbər!"
   
   Çünki, "Allah ən böyükdür!" mənasına gələn Allahu Əkbərin gördüyü iş də anlamı qədər böyükdür.
   
   Sevindiyimiz zaman bu sevincimizi Allahın böyüklüyünə bağlayırıq.
   
   Üzüldüyümüz zaman Allahın ən böyük olduğunu xatırlayıb təsəlli tapırıq. Ondan ayrı bir səadət və fəlakət təsəvvür etmədiyimiz üçün səfa halında da, cəfa halında da "Allahu Əkbər!" deyirik.
   
   Namaza "Allahu Əkbər" lə başlayır və hər rükətdə bunu beş dəfə təkrarlayırıq.
   
   Dünən Qəddafinin ölümündən əvvəlki son görüntüsünə baxırdım. Liviyanın qiyamçı hökumətinin nümayəndəsi Tripolidəki mətbuat konfransında bildirdi ki, ""Biz Qəddafini novdan çıxartdıq. O, müqavimət göstərmədi. Onu yük maşınına mindirəndə sağ əlindən başqa heç bir yerində yara yox idi". Onun sözlərinə görə, Liviyanın devrilmiş lideri Müəmmar Qəddafi hospitala aparılarkən güllələnib. Guya hospitala gedən yolda avtomobil çarpaz atəşə məruz qalıb. Milli Keçid Şurasının rəhbəri bildirib ki, Müəmmar Qəddafinin kim tərəfindən öldürüldüyü məlum deyil.
   
   Nümayiş olunan kadrlar isə başqa söz deyirdi. "Allahu Əkbər" qışqırıqları ilə keçmiş rəhbərlərini linç edirdilər. Deyəsən vəhşiliklərinə Allahı da şərik qoşmaq istəyirdilər. Başqa bir kadrda Qəddafinin öldürülməsi xəbərini eşidən ABŞ Dövlət katibi Hillari Klinton bu xəbərə mexaniki reaksiya verib, şok olaraq "Vauv!" - deyir . Bilirsiniz nəyə oxşayır- rusların xoşa da, naxoşa da "oy b..." deməsinə... Amma onunla ən yaxın dostlar kimi görüşürdülər...
   
   Düzünü deyim ki, Müəmmar Qəddafi haqda məlumatlarım az idi. Sadəcə olaraq onun 1975-ci ildə Beyrutda yaradılmış ASALA erməni terrorçu təşkilatının əsas maliyyəçilərindən və ilhamvericilərindən biri olmasını eşitdiyim üçün sözsüz ki, antipatiyam vardı. Bu gün isə mərhumun tərcümeyi-halı və gördüyü işlər haqda oxuduqlarım məni şoka saldı. Onun harada, nə vaxt doğulması, necə hakimiyyətə gəlməsi mənim üçün çox da maraqlı deyildi. İndi "sivill və demokratiya nümayəndələri" olan Amerika və avropalıların çaldıqları zurnaya (hər bir ölkənin öz zurnası var, sadəcə olaraq adını başqa cür qoyurlar) oynayan liviyalıların diktator, qaniçən, kabus adlandırdığı polkovnik Müəmmar Qəddafinin hakimiyyəti haqda çox maraqlı məqamları nəzərinizə çatdırıram. Əslində bu mənim araşdırmam deyil, ANSPRESS-in "Tanımadığımız polkovnik Qəddafi" yazısından götürdüyüm faktlardır. Xatırladıram ki, "İnqilabdan sonra Qəddafi polkovnik rütbəsini alır. 1976-ci ildə general-mayor rütbəsini almasına baxmayaraq, Qəddafi ölənə qədər özünü polkovnik hesab edib". 1977-ci ilin martında Qəddafi Liviyada əsasını xalq komitəsinin təşkil ediyi rejim - Cəmahiriyyə yaradır və onun prezidenti kimi ölkədə Ərəb Sosialist İttifaqından başqa bütün siyasi təşkilatların fəaliyyətini qadağan edir. Ölkədəki müxalifətçilər edam edilir və təqiblərə məruz qalır.
   
   Qəddafi hakimiyyətə gəlməsindən dərhal sonra Liviyadan 20 min italiyalını çıxarır. Qısa müddət ərzində bütün xarici bankları, xaricilərin mülkiyyətində olan bütün torpaqları, xarici neft şirkətlərinin mülkiyyətini milliləşdirir. Həmçinin 1973-cü ildə ölkədə "mədəni inqilaba" başlayır və şəriət qanunlarını ləğv edir. 1980-ci illərin sonunda isə Qəddafi bütün rəsmi vəzifələrdən imtina edir və özünü inqilab lideri adlandırır. Amma faktiki olaraq ölkənin rəhbəri qalır.
   
   İndi isə, plagiatdan qorxmayaraq adı çəkilən yazıdan böyük bir hissəni elə oz yazım kimi təqdim edirəm:
   
   Maraqlıdır ki, diktatorun ölkəsində vətəndaşların sosial müdafiəsi dünya üzrə ən yüksək səviyyədə idi. Neft gəlirlərinin xalq kütlələrinin arasında ədalətli paylanmasına əsaslanan sosial güzəştlərə aşağıdakılar daxil idi:
   
   - dövlət hər bir ailə üzvünə ildə 1000 $ dotasiya verirdi;
   
   - İşsizlik müavinəti ayda 730 $ olub.
   
   - tibb bacısının maaşı 1000 $ olub.
   
   - hər bir yeni doğulmuş körpəyə 7000 $ verilirdi.
   
   - yeni evlənənlərə mənzil almaq üçün 64 000 $ hədiyyə edilirdi.
   
   - Liviyada şəxsi biznesin açılmasına bir dəfəlik 20 000 $ maddi yardım edilirdi.
   
   - Liviyada iri vergi və rüsumlar sadəcə qadağan idi.
   
   - Çox uşaqlı ailələr üçün simvolik qiymətlərlə əsas ərzaq məhsulları satan mağazalar şəbəkəsi təşkil edilmişdi.
   
   - Liviyada təhsil və tibb pulsuz olub. Həmçinin tibb işçilərindən heç kim əlavə haqq baradə bir kəlmə belə kəsə bilmirmiş.
   
   - Apteklərin bir hissəsi xəstələrə dərmanı pulsuz verirmiş.
   
   - Xaricdə təhsil və ya təcrübə keçmək Liviya dövləti hesabına ödənilirmiş. Amma burada limit var idi, bir ailədən maksimum iki uşaq dövlət hesabına oxuya bilərmiş.
   
   Lakin Liviyada sərt qadağalar da olub:
   
   - vaxtı keçmiş ərzaq satanlara qarşı böyük cərimələr kəsilirmiş və ya xüsusi polis tərəfindən həbs edilirmişlər;
   
   - saxta dərman satışına görə Liviyada ölüm hökmü kəsilirmiş.
   
   - mənzil haqqı Liviya vətəndaşları üçün sıfır olub.
   
   - Liviya əhalisi üçün elektrik enerjisi pulsuz idi;
   
   - Liviyada əmlakçı xidmətləri qadağan idi.
   
   - Liviyada spirtli içki satışı və istifadəsi qadağan olub.
   
   İndi nə deyirsiniz, Qəddafi Liviya xalqının dostu, rəhbəri idi, yoxsa düşməni? Əgər bu gün dünyanın sonu olduğunu iddia etməsəydilər bəlkə də liviyalıları qınamaq fikrində olmazdım. Elə onu devirənləri, buna fitva verənləri şıllaqlayan heyvanın quyruğu altında barmağı olan şeytanın hələ çox "işdəklər" görəcəyindən xəbərdar edəcəyimi yazacaqdım. Amma amerikalı başbilənlər deyirsə ki, dünyanın sonudu, onda bu sözlərin deyilməsi nəyə lazımdır ki?...

TƏQVİM / ARXİV