Vaqif olan ibrahimoğlu

ETİBAR CƏBRAYILOĞLU
46217 | 2011-10-22 07:07
"Ya Rəbb! bəlayi-eşqi ilə qıl aşina məni"-deyən Məhəmməd Füzulinin heykəli. Heykəlin arxasında Akademik Milli Dram Teatrının binası. Akademik Milli Dram Teatrının arxasında "Yuğ" Dövlət Dram Teatrının yerləşdiyi bina. 18 oktyabr 2011-ci il, saat 15.00. Olsun lap 15.18. Teatrın foyesində, qapının önündə xeyli adam var. Amma və lakin rejissordan başqa hamı gəlib. Əslində elə onun gəlməyəcəyinə görə bura yığışıblar. Deyəsən bundan sonra belə olacaq, ad günlərini onsuz keçirəcəklər.
   
   
   
   18 oktyabr. Amma və lakin 1949-cu il
   
   
   
   Vaqif Həsənov, yəni Vaqif İbrahimoğlu doğulub 1949-cu ildə, oktyabrın 18-də. Bakının Mərdəkan qəsəbəsində, Şüvəlandan bir az bəri. Görkəmli rejissor, pedaqoq o zamankı İncəsənət İnstitutunda təhsil alıb. Amma və lakin dram-kino aktyorluğu fakültəsində. Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb da.
   
   İndi Teatr Xadimləri İttifaqı kimi tanıdığımız qurumun nəzdindəki Eksperimental Teatr Studiyasına, Tədris Teatrına rəhbərlik edib. Dövlət Musiqili Komediya Teatrının baş rejissoru vəzifəsində çalışıb.
   
   Bakının müxtəlif teatrlarında quruluş verdiyi tamaşaları hələ bir tərəfə qoyuram, Vaqif İbrahimoğlu Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında əsərlər hazırlayıb.
   
   Evdə dram-kino aktyorluğu diplomunu saxladığını unutmayıb və bir neçə bədii filmə çəkilib. Hamınızın dəfələrlə baxdığı "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Otel otağı" filmlərini göstərsələr yenə Vaqif bəyi görəcəyik.
   
   Hə, az qalmışdı yadımdan çıxsın. Bəs rəsmi titulları? Əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin dosenti.
   
   
   
   18 oktyabr. Amma və lakin 1989-cu il
   
   
   
   Vaqif İbrahimoğlunun həyatında daha bir önəmli bir hadisə. Həmişə novatorluğu ilə seçilən, teatra öz fəlsəfi baxışları ilə fərqlənən Vaqif bəy arzusunda olduğu layihəsini həyata keçirir. Tələbələrini, tərəfdarlarını başına toplayıb "Yuğ" Teatr Studiyasını yaradır. Yəqin ki, 40 yaşının tamamına özü-özünə ən qiymətli hədiyyə edir.
   
   1992-ci ildə Vaqif İbrahimoğlunun teatrı dövlət statusu alır. İlk illərdə Akademik Milli Dram Teatrına sığınan "Yuğ"a sonradan ayrıca bina verilir. Akademik Milli Dram Teatrının arxasındakı binada yerləşməyi "Yuğ"un sənət meydanında görünməsinə mane olmur. Vaqif İbrahimoğlunun kiçik saylı, amma və lakin sənət enerjisi ilə dolu kollektivi hər yerdən görünür. "Yuğ" xarici festivallara qatılır, beynəlxalq layihələrdə adından söz etdirir.
   
   Vaqif bəy "Yuğ"da 90-na yaxın tamaşaya quruluş verir. Tələbələrinin, davamçılarının quruluş verdiyi tamaşaları da hesablayanda daha böyük rəqəm ortaya çıxır.
   
   Özü də, bura bax, bu nə hesablamadı? "Yuğ" ki, bağlanmayıb. Vaqif bəyin yaratdığı teatr həmişə var olacaq.
   
   
   
   18 oktyabr. Amma və lakin 1991-ci il
   
   
   
   Yenə həmin tarix. Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edir. Azərbaycanı sözdə yox, əməldə sevən, azad fikirli, müstəqil düşüncəli, təpədən-dırnağacan türkçü Vaqif İbrahimoğluna doğum gününə bundan gözəl nə hədiyyə?
   
   Nə gözəl hədiyyə...
   
   
   
   18 oktyabr. 2011-ci il
   
   
   
   Vaqif İbrahimoğlunun 62-ci ad günü. Vaqif bəyin yaratdığı "Yuğ" teatrının 22 yaşı tamam olan gün. Müstəqilliyimizin bərpasının 20 illiyi. Canından əziz sevdiyi məmləkətinin tarixi üçün önəmli sayılan bir gün.
   
   Hamı toplaşıb. Vaqif bəy səhnədəki portretindən baxır.
   
   Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, tanınmış yazıçı Kamal Abdulla dostu haqqında danışır, birgə yaradıcılıq əlaqələrini yada salır: "Vaqif İbrahimoğlu böyük potensialı olmasına baxmayaraq həmişə yeni nəsə öyrənməyə can atırdı. Mütaliə etməkdən, öyrənməkdən yorulmurdu. O, Milli Akademik Dram Teatrında və digər teatrlarda necə tamaşa hazırlamağın lazım olduğunu sübut etdi.
   
   Vaqif bəy təkcə Azərbaycan dilini deyil, rus dilini də mükəmməl bilirdi. Mənim "Yarımçıq əlyazma" romanımı tərcümə edərkən buna bir daha şahid oldum. Moskvanın özündə bu əsərin belə mükəmməl tərcüməsindən heyrətlənmişdilər. Təqdimat mərasimində Vaqif özü də iştirak etdi və ünvanına deyilən xoş sözləri eşidə bildi.
   
   Vaqif İbrahimoğlunun yeri həmişə görünür. Mən onun yoxluğuna inana bilmirəm. O, yəqin ki, elə buralardadı və bizim dediklərimizi eşidir".
   
   Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov danışır. Amma və lakin teatrın rəhbəri kimi yox, Vaqif İbrahimoğlunun tələbəlik dostu kimi: "Vaqiflə tanışlığımız 1967-ci ildən- tələbəlik günlərindən başladı. Çox qəribə adam idi. Bir az da Səttar Bəhlulzadəyə oxşayırdı. Bəzən ilk baxışdan insanlar onu qəbul edə bilmirdilər. Yadımdadı, Vaqifi rəhmətlik Həsən Turabovla ilk dəfə tanış edəndə məndən soruşdu ki, həqiqətən də Vaqif ağıllı adamdı?
   
   Vaqif elə ilk vaxtdan dahi olduğunu bilirdi və həmişə də deyirdi. Teatra həqiqətən də bağlı və teatrı məbəd hesab edən adam idi və teatra xəyanət edənləri heç zaman bağışlamırdı. Mən həmişə Məryəm Əlizadəyə deyirdim ki, nə görmüsən bu Vaqifdə? Sən öləndə Vaqifə zəng eləsəm deyəcək ki, sən dəfninə get, mən məşqi qurtarandan sonra gələcəyəm.
   
   Bu dəqiqə də gözüm Vaqifi axtarır. Az qalıram deyəm ki, harda gizlənmisən, gəl çıx da".
   
   Vaqif İbrahimoğlu haqqında danışmağa haqqı olanlardan daha biri - professor Məryəm Əlizadə söz alır və unudulmaz dost xəstə yatarkən ona göstərilən diqqət və qayğıdan danışır: "Vaqif xəstələnib müalicə üçün Türkiyəyə gedəndə bütün dostları onunla maraqlanır, tezliklə sağalıb geri qayıtması üçün çalışırdılar. Kamal Abdulla bayaq çıxış edəndə təvəzökarlıq edib bunları demədi. Amma mən fürsətdən istifadə edib demək istəyirəm ki, Kamal Abdulla əsl dost kimi Vaqif İbrahimoğlu üçün çox böyük fədakarlıqlar etdi. Bütün dostlar-tanışlar Türkiyəyə zəng edir, onun vəziyyəti ilə maraqlanırdılar. Vaqifin amansız xəstəliyi sanki bütün dostları birləşdirmişdi. Ən ağır dəqiqələrində də Vaqif teatr barədə düşünürdü. Deyirdi ki, 5 tamaşanın quruluşu beynimdə hazırdı. Bakıya qayıdıb iki-üç gün dincələndən sonra məşqlərə başlayacam. Bakıya qayıtdı, amma məşqlərə başlamaq ona qismət olmadı. Sonuncu söhbətlərimizin birində dedi ki, gəncləri qoru. Harda bir istedadlı gənc gördün, ona kömək elə.
   
   Vaqif dünyasını dəyişəndən özümə yer tapa bilmirəm. Elə bilirəm ki, hardasa başqa bir məkandayam, ayaqlarım yerə dəymir".
   
   Xalq artisti Azər Paşa Nemət Gənc Tamaşaçılar Teatrında çalışdıqları günləri yada saldı: "Vaqiflə çox söhbətlərimiz olurdu. Hərdən içib düşürdük teatrda musiqilər üçün ayrılan yerə düşüb çalıb-oxuyurduq. Buna görə bizə bir neçə dəfə töhmət də vermişdilər. Vaqif məni bəlkə doğmalarımdan da yaxşı tanıyırdı. Hərdən elə şeylər danışırdı, özüm də təəccüb edirdim. Bir dəfə dedi ki, sənin haqqında kitab yazacam. İndi təəssüf edirəm ki, Vaqif o kitabı yaza bilmədi. Mənim üçün çox maraqlı idi, görüm Vaqif mənim haqqımda nələr düşünür..."
   
   "Yuğ"un kollektivi müəllimlərinin ruhunu anıb şeirlər deyirlər. Ekranda Vaqif İbrahimoğlunun həyatını əks etdirən şəkillər görünür. Amma və lakin özü yoxdu.
   
   Vaqif İbrahimoğlunun səsi gəlir: "Sən yaz, nə deyirəmsə onu yaz. Yaz,
   
   Ya Rəbb! Bəlayi-eşq ilə qıl aşina mən..."

TƏQVİM / ARXİV