adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DüNƏNiNDƏ QALANLAR

VƏSİLƏ USUBOVA
24234 | 2011-10-22 07:07
Bezdim, usandım bu xatirələrin əlindən. Adam nə qədər dünənlə yaşayar?! Nə qədər gördüklərindən, eşitdiklərindən ip ucu tapıb geriyə boylanar?! Dünən də bir dünən ola. Bu xatirələr, yadadüşmələr də xoş, ürəkaçan, təsəlliverən ola, dərd yarıdı. Əksəri ağrılı-göynərtili, təəssüflər, peşimançılıqlarla dolu. Üstəlik də, səhvlər, yanılmalar, aldanmalar, özünüaldatmalar... Vaxt, bivaxt bilmir, günün-gecənin istənilən çağında gəlib dolur başına, qəhər olub tıxanır boğazına. Qovmaq, hürkütmək, qorxutmaq da olmur. Ancaq öz içində saxladıqların-bu günədək kimsələrlə paylaşmadıqların, ürək qızdırıb kimsəyə açmadıqların daha qəddar, daha zəhlətökəndi. Dil bilsələr, dil töküb birtəhər başından edərsən. Amma o, dilsiz-filansız, lal sükutla hücum edib sənin başını elə qatır ki, bir də ayılıb görürsən, nə qədər dəyərli vaxtını əlindən alıb... Uzun zamandı yaxa qurtarmaq istəyirəm bu gözəgörünməz, içdən gəmirən bəladan. Varlığıma tamam hakim olub. Əlindən bir dəqiqə də qurtula bilmirəm. İşim olmayanda da özümə iş tapıram. Neynim ki......
   
   Bu dəfə həqiqətən işim vardı. Ciddi bir məsələynən bağlı yuxarı mərtəbəyə qalxmışdım. Stolun üstündəki qarışıqlıqda vətəndaşlara yazılmış cavabların arasında bir adı, ünvanı gözüm aldı. Və həmin andan mən artıq sakit tövrlə pilləkəni qalxan adam deyildim...
   
   Otağıma qayıdıram. Məni tanıyanların alışdığı, bəzən də qınayıb danladıqları daimi vəziyyətimi alıram. Əlim çənəmdə, gözlərim də pəncərəmin ağzında yellənən yaşıl-sarı yarpaqlı budaqlarda...
   
   
   
   ***
   
   
   
   Düzünü desəm, məktub göndərilən vətəndaşla, daha dəqiq, qadınla bağlı heç bir xüsusi xatırlamam yoxdu. Sadəcə... bu ad mənə rayona gəldiyim ilk günləri, ayları xatırlatdı. Buraya öz istəyimlə gəlmişdim. Təbii ki, üç-dörd ay keçməmiş peşiman oldum. Boş vaxtlarım olanda başımı stolun üstünə qoyub ağlayırdım. Tələbə yoldaşlarım, imkan tapan kimi qaçdığımız dəniz kənarı, kinoteatrlar, rəfiqəmlə qol-qola, ətrafımızda hər şeyi unudaraq bir-birimizin sözünü kəsə-kəsə söhbət eləyib gəzdiyimiz küçələr gözümün önündən getmirdi. Amma burada qalmalı oldum. İndi həmin günlərə boylananda heç də az maraqlı, məzmunlu günlər keçirmədiyimi anlayıram. O zaman buralar daha romantik və maraqlı idi. Çünki nə adamları, nə onların düşüncə və xarakteri, həyat tərzi hələ mənə tanış deyildi.
   
   Hər şey sirləriynən cəzbedicidi, diqqətçəkəndi. Sirri olmayan maraqsızdı, yorucudu. İnsan da, təbiət də qaranlıq tərəfləriynən özünə çəkir. Meşələr niyə maraqlıdı?! İçində başqa aləmlər var, ona görə. Ağacından, quşundan, heyvanından tutmuş nağıllardan, rəvayətlərdən gələn gözəgörünməz qüvvələri ilə. Bu cazibədar gözəllik və qorxular meşələri sehrli bir aləmə çevirir gözlərimizdə. Həm də qəribə hisslər keçirirsən onun qoynunda. Daha azad, daha rahat bilirsən özünü. Həm qorxuludu, həm sığınacaqdı, həm də azaddı burası. Səni istəyənlərdən də qoruyur, istəməyənlərdən də. Özünü gözdən-qulaqdan iraq sayırsan. Çöldə-düzdə edə bilmədiklərini edə bilirsən burda...
   
   
   
   ***
   
   
   
   Adam bir vurulanda, bir də xəcalətli iş tutanda (yəni ətrafındakılara görə) bu dünyada tək qalmaq istəyir. Əgər insanın bu istəyi olmasaydı, yəqin ki, Məcnunun da eşqi bu qədər dillərə düşməzdi. Bu sevgini qəlbən tənha olanlar yaşadıb indiyədək. "Nəsimi" filmində deyildiyi kimi, ətrafındakı bədbəxtlər heç zaman anlamayacaqlar ki, sən hansı ucalıqda dayanırsan...
   
   Xatirələr də tənhalara, bu günü dünənkindən qat-qat maraqsız olanlara hücum çəkir. Bugünkü boşluqları doldurmaqçün. Məktub göndərilən qadının adı məni təsadüfən xəyallandırmadı. Onunla yaşıdıq. Atası azərbaycanlı, anası rus idi. Özü də yəhudiyə ərə getmişdi. O zaman rayonda belələri çox idi. Və sanki adamlar daha mehriban və anlayışlı idilər. İndikindən qat-qat mədəni həyat sürürdülər. Hava qaralan kimi küçələrdə dəstə-dəstə kluba təzə gətirilmiş kinolara baxmağa gedənləri görərdin. Maraqlısı bu idi ki, rus da, yəhudi də, tatar və ləzgi də azərbaycanca şirin-şirin söhbət edərdilər. Hələ pambıq zavodunun həyətində rəqs meydançası da vardı. Təzə ildə, dövlət bayramlarında "Mavi işıq" gecələri, cürbəcür əyləncəli tədbirlər keçirilərdi. Novruz bayramını da, Pasxanı da eyni həvəslə qeyd edər, bir-birlərinə pay verərdilər. İndi onlar yoxdular- dünyasını dəyişənləri də var, köçüb gedənləri də. Tək-tük qalanları da adamın qəlbində ancaq kədər və nostalji hisslər doğurur. O zaman kimsənin ağlına da gəlmirdi ki, gün gələcək bir-birlərinə çəpəki baxacaq, aranı soyudub yadlaşacaqlar. Kimlərinsə hazırladıqları məkrli planlardan xəbərsizdilər. Bilirəm ki, o qadın da indi öz evində tək-tənha qalıb. Uşaqları Rusiyaya, İsrailə gedib bir də geri dönmədilər. Özü isə, görünür, ata yurdundan ayrılmaq istəmir. Bu sətirləri yazanda da qəlbimi qəribə bir həsrət ağrısı çulğayır. Bəlkə də insan ölməzdi, zəmanəsi ölməsəydi. Əvvəl zamanı öldürürlər, sonra da o zamanın adamlarını...
   
   Deyəsən, bəşəriyyət daha nə istədiyini də düz-əməlli anlaya bilmir. Ya da anlamağa başlayır. Daha nə iqtisadi quruluşlar, nə də tərəqqi onu ovuda bilmir. Gündən-günə robotlaşan, "dəmir"ləşən həyat sıxır adamları. Deyəsən, anlayıblar ki, insan övladı belə yaşamamalıdı. Birinin az, birinin çox yediyi yetər. Birinin səhərdən axşamadək işlədiyi, o birisinin işsizlikdən harınlaşıb adamlıqdan çıxdığı dünyamızı eybəcər hala salıb. Biri qayğılardan, biri qayğısızlıqdan boğulur. Biri çarəsizlikdən, digəri dərdsizlikdən intihar edir.
   
   Yenə dünya çalxalanır, bulanır, nələrəsə can atır. Bəlkə ötən çağların xatirələri ilə yaşamaqdan beziblər daha. Ömürlərindəki boşluğu, mənasızlığı doldurmaqçın belə edirlər. Yoxsa,... çörək, paltar dərdi nədir ki,...Özünə qayıtmaq istəyir dünya. Özü olmaq istəyir insanlar. Amma... tarixin belə dönəmləri çox olub, axı. Nə qazanıb bəşər oğlu?! Həmişə dəxli olmayanlar yararlanıblar.
   
   Yenə aldanacaq, yenə itirəcəkmi, görəsən?!
   
   Yaddaş ağrısından necə, qurtula biləcəkmi?!.

TƏQVİM / ARXİV