adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

TƏHLüKƏ YALNIZ 53-cü PARALELDƏ DEYiL

BABƏK YUSİFOĞLU
35967 | 2011-10-21 08:00
Bu gün ekoloji problemlərdən söz açarkən ayrıca hansısa ölkədəki vəziyyəti təhlil etmək, təbiətə, ətraf mühitə vurulan zərbələrdən danışmağa ehtiyac yoxdur. Çünki artıq bütövlükdə Tanrı tərəfindən hər bir gözəlliyi, zənginlikləri ilə xəlq edilmiş Yer kürəsinin ekoloji vəziyyəti gerçəkdən fəlakət həddindədir. İnsanlar təbiətdən aldıqlarının əvəzinə əsrlər boyudur ki, ona bacardıqları zəbəni vururlar. Çox qəribədir, müasir insan ekoloji fəlakətə səbəb olacağını bildiyi halda, yenə öz əməllərinə "bəs" demir, öz maraqları naminə "oturduğu budağı" məmnuniyyətlə kəsməklə məşğuldur.
   
   Bir müddət əvvəl Avropanın nüfuzlu alimləri həyəcan təbili çalaraq bəyan etdilər ki, atmosfer qatında azon təbəqəsindəki yırtıq xeyli dərəcədə böyüyüb. Alimlərin hesablamalarına görə, hazırda bu dəliyin həcmi Almaniya ərazisi qədərdir. Və ən qorxuncu da budur ki, proses durmayıb, əksinə beləcə davam etməkdədir. Lakin insanlar təkcə Yer kürəsinin bərbad günə qoymaqla kifayətlənməyiblər. Bu gün məxfi və məlum maraqlar üzündən dünyanın super dövlətləri kosmosu, Ayı - necə deyərlər, su yoluna döndəriblər. İndi Birləşmiş Ştatlar Aydakı titan yataqlarında qazıntı işlıri aparmaq üçün hazırlıqlara başlayıb. Rusiya kosmik gəmiləri yeni missiya ilə kosmosa göndərməyə hazırlaşır. Eləcə də digər inkişaf etmiş ölkələr. Və bu gün bəşəriyyətə qarşı onun razılığı olmadan belə qorxunc əməllər törədilir, qəsd edilir, lakin kimsə cavabdehlik daşımır. Amma nədənsə fəlakətin ünvanı bütün günahsız insanlardır.
   
   Bu günlərdə beynəlxalq informasiya mənbələri daha təhlükəli olayla bağlı bir xəbər yayıblar. Belə ki, Almaniyanın kosmosdakı ROSAT peyki 1999-cu ildə öz fəaliyyətini başa vurduqdan sonra hərəkət trayektoriyasından çıxaraq sürətlə irəliləməyə başlayıb. Uzun müddət müxtəlif istiqamətlərə hərəkəti edən aparat yaxın vaxtlarda konkret ünvana yönəlib. Tədqiqatlar göstərir ki, sıradan çıxmış kosmik aparat Yer kürəsini istiqamətində saatda 30 min kilometr sürətlə hərəkət etməkdədir. Əlbəttə, insanlar peyklərin kosmosa buraxılmasına və eləcə də yerə göndərilməsinə alışdıqları üçün buna bir qədər adi baxa bilərlər. Lakin bəla orasındadır ki, ROSAT artıq insanlar tərəfindən idarə olunmaz şəklə düşüb.
   
   Məlumat üçün bildirim ki, aparatın ağırlığı 2 tondur. Almaniyanın kosmik mərkəzindən xəbərdarlıq edilib ki, peyk Yerə yaxınlaşmaqdadır və 53-ci paraleldə yerləşən bütün ölkələr - Böyük Britaniya, Niderland, Almaniya, Polşa, Belorus, Çin, Rusiya Federasiyası, Qazaxıstan, Kanada və ABŞ üçün təhlükə yaratmaqdadır. Hətta o versiya da var ki, aparat sadalanan ölkələrdən başqa digərləri üçün də qorxulu ola bilər. Alman mütəxəssislər bildirirlər ki, təhlükə qaçılmazdır. "Peykin bəzi hissələri atmosferlə sürtünmə nəticəsində yana bilər, lakin 1,5 tonluq əsas hissə isə 53-cü paraleldə yerləşən ölkələrdən birinə çaxıla bilər".
   
   Böyük təhlükə mənbəyinə çevrilən peyki müşahidə edən mütəxəssislər bəyan ediblər ki, yaxın 10-15 saat ərzində onlar təhlillər apararaq aparatın hansı radiusda yerə düşəcəyini konkret müəyyən edə biləcəklər və bu haqda hər kəsi məlumatlandıracaqlar və bununla da 53-cü paraleldə yerləşən digər ölkə vətəndaşlarının sakitliyinə təminat yaradacaqlar.
   
   Bəli, budur müasir insanın təbiətlə oynadığı oyunların bir fraqmenti. Dövlətləri idarə edənlər, siyasətçilər raketləri kosmosa əhalinin xəbəri, razılığı olmadan buraxırlar, təhlükə yarananda isə yalnız xəbərdarlıq etməklə kifayətlənirlər. Əslində onların indi görə biləcəyi bir iş də yoxdur. Çünki elə situasiyalar, elə məqamlar var ki, insan övladı hansı zəkanın, hansı bacarığın sahibi olursa-olsun orada aciz qalır. İndi təsəvvür edə bilərsinizmi, sadalanan dövlətlərin və ya onlara qonşu olan ölkələrin əhalisi hansı həyəcanı yaşayırlar. Və unutmaq olmaz ki, Yerlə bu cür toqquşmalardan sonra təbii fəlakətlər də özünü göstərir, maqnit qasırğası, zəlzələlər son həddə qədər aktivləşir.
   
   Mənə elə gəlir ki, ümumiyyətlə, təbiətə qarşı istənilən münasibətə, cinayətə qarşı bütün xalqlar həmrəylik göstərməli, aktiv şəkildə etirazlarını bildirməli, lazım gələrsə, daha radikal şəkildə təbiətə, ətraf mühitə, ekologiyaya zərbə vuranlarla mübarizəyə qalxmalıdır. Çünki qədrini bimədiyimiz bu Yer kürəsi bütün bəşəriyyətin ümumi evidir. İnsanınsa ilk vəzifələrindən biri isə öz evini qorumaqdır.

TƏQVİM / ARXİV