adalet.az header logo
  • Bakı 13°C
08 Iyun 2015 16:03
73074
RUBRİKA
A- A+

“Seçicilərimin başını aşağı etməmişəm” - Mandat

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Lakin son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə, qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə rubrikamızın bugünkü qonağı 42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Musa Qasımlıdır.

-Musa müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Deputat olaraq beş ildə bir neçə səviyyədə fəaliyyət göstərmişəm. Birincisi, Milli Məclisin komitə və plenar iclaslarında qanunvericilik işlərində iştirak etmişəm. Seçicilərimi düşündürən məsələləri iclaslarda gündəliyə gətirmişəm. Bu və ya digər məsələyə dair öz mülahizələrimi söyləmişəm. Hökumətin hesabatları zamanı söylədiklərim icra orqanı tərəfindən yerinə yetirilib və ya diqqətə alınıb. İkincisi, seçicilərim üçün əlçatan olmuşam. Müraciət edənlərlə həm Sumqayıtda, həm də Milli Məclisdə görüşərək istək və arzularını dinləmişəm. İmkanlarım daxilində köməklik etmişəm. Məktublarını müvafiq icra orqanına göndərmişəm. Seçicilərim dəvət edildikdə toy məclislərində iştirak etmişəm. Hüzr məclislərində imkanım daxilində iştirak etməyə çalışmışam. Üçüncüsü, ölkəmizi və elmimizi xarici ölkələrdə ləyaqətlə təmsil etməyə, xüsusən Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin çatdırılmasına səylər etmişəm. Xarici ölkələrdə bir neçə elmi məqaləm və monoqrafiyam nəşr edilib. Beş ildə deputat səlahiyyətlərini qətiyyən aşmamışam. Seçicilərimin başını aşağı etməmişəm, telefonum daim açıq olub, onlar həmişə mənə çata biliblər, seçicilərim mənə səs verdikləri üçün utanmayıblar. Bununla belə, hesab edirəm ki, əsl qiyməti seçici verə bilər.

- Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

- İmkanlarım daxilində seçicilərimin istəklərini yerinə yetirməyə çalışmışam. Konkret misallar çəkmək istəməzdim. Ancaq müraciətlərə dərhal cavab verilməsi, seçiciyə zəng edilməsi və hətta xoş bir söz deyilməsi təkcə seçicini deyil, insanın özünü də rahatladır.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Dünyanın bütün ölkələrində problemlər var. Birində az, digərində çox. Problem olmayan ölkə yoxdur. Seçicilərin bu gün dünənkindən, sabahsa bu gündən yaxşı yaşamaq istəyi normal qarşılanmalıdır. Belə istək həm də gələcəyə olan inamın, nikbinliyin göstəricisidir.

- Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- Seçkilərə təqribən 5 ay qalır. Bu, az müddət deyildir. Zamanı gələndə qəti qərar verəcəyəm.

- Musa müəllim, Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

- Doğrudur, parlament elə danışmaq üçün yer deməkdir. Ancaq danışmağa imkan verilməsi elə nədən gəldi danışmaq olmamalıdır. Məncə, aktivlik danışmaqla ölçülmür. Əsas məsələ az, lakin dərin danışmaqdır. Hər bir məsələ üzrə ilk növbədə mütəxəssis danışsa, həm qanunlar mükəmməl olar, həm də bilməyənlər öyrənər. Populist çıxışları mən qəbul etmirəm. O dövr çoxdan keçib gedib.

- Azərbaycan Respublikası Milli Məclisinin regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- Milli Məclis cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun reallaşdırılmasında özünəməxsus rol oynayır. Azərbaycan parlamenti bir sıra beynəlxalq və regional parlament təşkilatlarının ya qurucu üzvü, ya da üzvü kimi parlament diplomatiyasında xüsusi yer tutur. Bu fəaliyyəti mən faydalı hesab edirəm.

-Adətən millət vəkilləri ilə icra hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Ümumiyyətlə, ötən beş ildə Sumqayıt şəhər icra hakimiyyəti və digər strukturlarla aramızda heç bir soyuqluq və ya narazılıq olmayıb. İlk növbədə ona görə ki, heç birimiz digərinin işlərinə müdaxilə etməyib, heç kim səlahiyyətlərini aşmayıb, bunlara cəhd də olmayıb. Mən beş ili Sumqayıt şəhər icra hakimiyyəti və məmurlar ilə əməkdaşlıq şəraitində başa vururam.

Ədil Ədilzadə