adalet.az header logo
  • Bakı 18°C

Aygün Kazımovanın büstqalteri

İNTİQAM VALEHOĞLU
13371 | 2011-10-19 07:40
Elə mövzular var ki, artıq onlr haqda danışanda sadəcə ürəyim bulanır. Ona görə yox ki, bu mövzular çox iyrəncdir, ya da iyrənməli bir şey var onlarda. Sadəcə bilirəm ki, indi o haqda danışılan 10 fikirdən 9-u yalandır. Boğazdan yuxarıdır. Bilirəm ki, bir çox məktəblərdə hüzn günlərində məktəbin adını daşıdığı şəhidin abidəsi önünə qoyulan gül-çiçək dəstələri, əklillər mərasimdən həmən sonra ayrı-ayrı sinif otaqlarına qaytarılıb güldanlara basılır. Bəzən isə başqa yerlərə göndərilir... Çünki bütün bunları hələ bir neçə il əvvəl orta məktəbdə oxuyanda öz gözlərimlə görmüşəm. Bir də görmüşəm ki, məktəbimizin adını daşıdığı şəhidin abidəsi önündə əkilən palma ağacı cəmi bir həftədən sonra yoxa çıxıb. Sonra gedib öz-özünə məktəb direktorunun bağında bitib. Qarabağla, Güneylə bağlı tədbirdə alovlu çıxış edən birinə tədbirdən sonra yaxınlaşıb açıqlama almaq istərkən ağzından turşumuş araq iyinin gəldiyini hiss eləmişəm.
   
   Deyir bu günlərdə də Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim kişi şəhidimizin abidəsinin açılışına gəlməkdən imtina edib. Çünki rayon rəhbərliyi həmin abidənin hazırlanmasında və ətraf ərazilərin abadlaşdırılmasında iştirak edən fəhlələrin pulunu verməyib. İndi özünüz düşünün...
   
   O gün də "Facebook"da yazmışam ki, sizcə güneylilər sosial şəbəkədə fəal olduqları qədər Güneydə də fəallıq nümayiş etdirsələr, molla rejimini devirmək olarmı? Bir kopoyoğlu cavab yazmadı ki, ya olar, ya olmaz. Əslində fikrim həmin sualın cavabına əsasən bir yazı hazırlamaq idi. Amma mən də düşündüm ki, elə bu cavabsızlıqsa da, cavab verməliyəm. Qayıdıb öz sualıma cavab verdim ki, indi kimsə yazsaydı ki, Aygün Kazımovanın büstqalterinin razmeri neçədir, həmən 5 dəqiqənin içində 50 şərh yazılmışdı. Deməli, Aygün Kazımovanın büstqalteri boğazdan yuxarı vətənpərvərlikdən dəm zırıldanan gədə-güdələrdən ötrü daha maraqlıdır. Məndən iki dəqiqə sonra profilində yarıçılpaq qız şəkli olan bir istifadəçi yazdı ki, yaman darıxıram. Pah atonnan, həmən bu gədə-güdələr nətər tökülüşdü ə ora. Bunlara elə gəlir ki, elə bu saat qız bunları gözləyir. Ay siz öləsiniz.
   
   Bir dəfə də tanınmış adamlardan birinin yığıncağındaydım. Nəsə tədbir keçirirdi. Elə mövzu da nədən istəsən, ondan idi. Yəni vətənpərvərlik, namus-qeyrət, filan bəşmekan...Canım üçün bu kişi nətər danışdısa, dedim arvadı Məkkəni 7 "kruq" fırlanıb gəlib. Sonra eşitdim ki, yaşı altmışı ötmüş bu kişinin arvadının ən yaşlı aşnasının 28 yaşı var... Bax belə-belə işlər. Ona görə əvvəldə dedim ki, elə mövzular var ki, artıq onlar haqda danışanda sadəcə ürəyim bulanır. Elə yaxşısı Aygün Kazımovanın büstqalterindən danışmaqdır.

TƏQVİM / ARXİV