adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YER KüRƏSiNiN ALVERi

BABƏK YUSİFOĞLU
38669 | 2011-10-19 07:40
Heç kim məni qınamasın ki, fürsət düşən kimi amerikalıların dünyada törətdiyi bəd əməllərindən həvəslə yazıram. Onların Əfaqanıstanın başına illərlə bomba yağdırmasını, iraqlıları qırmasını, Quantanamo həbsxanasında tutub içəriyə doldurduqları müsəlmanlara verdikləri işgəncələri, oradakı insanlarla heyvan kimi davranmalarını, PKK-nı terrorçu kimi görüb, Türkiyəyə dostum deyərək PKK-çılara silah ötürməsini, Azərbaycanın ərazi bütövlyünü tanıyıb, bizə strateji tərəfdaş deyib ərazimizdə separtçı rejim qurmuş erməni dığalarına durmadan pul-para göndərdiyini... tənqid edirəm, lap qəzetə yazıla biləcək sözlərlə söyürəm. Hələ mində birini sadaladıqlarıma görə, bu maygülü amerikalılardan xoşu gələn varsa, məncə elə onlar da amerikalıların tayıdı. Amerikalıların özləri kimi yekəxana, özündən razı, fırıldaqçı, ikiüzlü... ikinci birisini tapmaq mümkün deyil.
   
   İstəyirəm ki, insanlar amerikalıların bütün fırıldaqlarından xəbər tutsunlar və hamılıqla onları durdursunlar. Yoxsa bu zırramalar, vallah, təkcə Yeri yox, elə bütün kainatı xaraba qoyacaqlar. Bu maygülülər indi Yer üzündəki əməllərini yavaş-yavaş bitirib göydə hoqqalara başlayıblar. Təzəlikcə məlum olub ki, amerikalılar Ayda çox qiymətli metal olan böyük titan yataqları aşkarlayıblar və orada tədqiqat aparırlar ki, Ayı qazıq-qazıq eləyib oradakı titanı Amerikaya daşısınlar və Ayı qoysunlar titansız. Heç kim elə zənn etməsin ki, bunları zarafata deyirəm. Qətiyyən yox. Nə varsa hamısını o qırılmışların özlərinin NASA-sı xəbər verib. Agentlikdən verilən məlumata görə, həmin yataqlarda tapılan titanın bir hissəsi polad kimi möhkəm, digər qismi isə bir azca ondan zəifdir.
   
   Bu günlərdə isə büdcəsində böyük bir "yırtıq" əmələ gələn Amerika hökumətinə bir muştuluq da çatdırılıb kİ, gözünüz aydın, qiyməli metalın aşkarlandığı "Mariya bölgəsi"ndə təxmin ediləndən 10 qat çox titan var. Şəxsən mən belə hesab eləyirəm ki, çox çəkməz bu amerikalılar Ayda olan nəinki titanı, hətta digər qiymətli süxurların-filanların hamısını daşıyıb gətirəcəklər xarabalarına. Və bundan sonra kim gecələr Ayı seyr edib şeir-filan yazmaq istəsə, yaxud baxıb elə-belə feyzlyab olmağa çalışsa onda Ayın bir parçasının olmadığını görüb qorxmasın. Bəri başdan bilsin ki, amerikalılar Yerdəki başqa ölkələrdən daşıyıb apardığı nöyüt, qızıl və başqa qiyməyli şeylər kimi, Ayın da yarısını daşıyıb özləri üçün aparıbalr. Onların nə vecinə ki, göy üzündə ay olacaq, ya olmayacaq.
   
   Əslində mən ondan qorxuram ki, onlar titanı daşımağa başlayanda başqa qiymətli nəyəsə rast gəlsinlər. Vallah, Həzrət Abbas haqqı, bu amerikalılar qazıntı-zad aparmayıb, eləcənə Ayı raketin arxasına bağlayıb birdəfəlik Amerikaya gətirəcəklər və aləm dəyəcək biri-birinə. Əslində, bu Aydakı titan məsələsi ortalığa çıxan kimi ürəyimə damdı ki, onların başqa fırıldaqları da olmamış deyil. Və bu günlərdə öyrənmişəm ki, sən demə, şübhələrim heç də boşuna deyilmiş. Özü də bu dəfə lap təhlükəli bir məsələ ortalıqdaymış. Hökumət tapşırıq verib ki, alimlər Yer kürəsinin qiymətini, özü də "optavoy" dəyərini öyrənsinlər.
   
   Kaliforniya Universitetinin astrofiziki Qreq Laflin qollarını çırmayıb girişib işə. Əvvəlcə təyin edib ki, Yer kürəsi neçə kvadratdı. Sonra nə qədər qiymətli şeyləri var. Məlum olub ki, planetimiz indiyədək astronomlara məlum olan bütün planetlərdən ən bahalısıdı. Burada heç şübhəsiz ki, onun qədimliyi də az rol oynamır. İndi bizdəki "vısotkalar"la sovet "zdaniyalar"ının qiymət fərqi azdı bəyəm? Nə isə, Qreq Laflin ölçüb-biçəndən, hesablayandan, vurub-çıxandan sonra Yerə beş kvadrillion dollar qiymət qoyub. Və bu haqq-hesabdan sonra ürəyimə damıb ki, amerikanlar imkan tapan kimi Yeri tez-bazar "inoplanetianlar"a satacaqlar. Beş kvadrillion nə puldu ki? Vallah, Bakıda Elmlər Akademiyasının, bulvarın, Badamdarın, Gəncliyin, "Beş mərtəbə"nin yanında elə torpaq sahələri var ki, satsan həmin puldan yeddi dəfə çox eləyər. Yəqin ki, o fırıldaqçı amerikanlar məsələni necə gəldi həll etmək istəyirlər. Və bu yolla hazırda nəfəslərini kəsən büdcədəki defoltu qapatmağa çalışırlar.
   
   Bu zıppıltılardan sonra hələ eşitmişəm ki, uruslar da Yer kürəsinin təbii sərvətlərinin ümumi həcmini və dəyərini öyrənməyə başlayıblar. Elə amerikanların tayı olan urusların da yəqin ki, alayı məqsədləri var. Yoxsa kimə güc düşüb ki, boş yerə pul xərcləyib bu qədər haqq-hesabı aparsın? Məncə dünyanın super gücü olmayan xalqları bu alverlərdən qəti narahat olmasınlar. Çünki "inoplanetianlar" nə qədər pis olsalar da, (onların dilindən, adətlərindən xəbərsiz olsaq da) onlar bu amerikanlarla, uruslardan pis olmayacaqlar. Bəlkə onda Yerdəki xalqlar bir ağ günə çıxar...

TƏQVİM / ARXİV