adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TƏSƏLLi

VƏSİLƏ USUBOVA
26428 | 2011-10-15 06:40
Nİyə biz hər şeyin qədrini vaxtında bilmirik?! O şeylər ki, bizimlədi, yanımızda, ətrafımızdadı onlara laqeydlik göstərir, gərəksiz bir şeylər kimi davranırıq. Əlimizdən gedəndə, bizi tərk edəndə ayılırıq, vay-şivən qopardır, göz yaşları tökürük. Və bu qədrini bilmədiyimiz şeylərin arasında geri qaytarılması mümkün olanlar da var, biryolluq itirdiklərimiz də. O biryolluq itirilənlər elə yandırıcı, ağrılı-acılıdılar ki, bir də qazanmaq üçün qarşılığında heç nə tapılmır. Ağızdolusu danışdığımız var-dövlət, pul-para, qızıl-gümüş, bir sözlə insan övladı yaranan gündən qurban naminə nəyi verə bilirsə, hamısı onun qarşısında sönük və dəyərsizdi. Bu dünyanın işləri niyə belə tərs və başayaqdı?! Bilmirsən, bu düzənə, qaydaya yaxşı deyəsən, yoxsa, pis. İşlərin belə qurulması insanın xeyrinədi, yoxsa, zərərinə?! Qərar vermək çətindi. Ən qədim dövrün filosoflarının belə dərk edə bilmədiyi o qədər şeylər gəlib bizə qədər çatıb ki, min illərin, milyon illərin kəşfləri də adama az və ləng görünür. İndiyədək heç kəs bir ömür çərçivəsində dərk edə, anlaya bilməyib bu dünyanın gərdişini. Çoxları, əslində, böyük əksəriyyət başını işlətmədən yaşayaraq öz payına düşən ömrü sakitcə başa vurub. Yəqin elə ən ağıllılar da belələridi. Adam var ki, bəlkə ildə bir dəfə başını qaldırıb göyə, Aya, ulduza baxmır. Bircə dəfə yağışın, küləyin romantikasına dalmır, üfüqləri seyr eləmir. Gözləri yol çəkmədən, nəyinsə dəyişəcəyini gözləmədən, etirazsız, üsyansız yaşayıb günlərini başa vurur.
   
   Bizim olanları nə zamansa itirəcəyimiz ağlımıza belə gəlmir. Və olanımızı sağa-sola xərcləyirik. Cavanlıqda elə bilirik ki, hər şey necə var, eləcə də qalacaq. Qarşımızda qocalanları, başı, dizi əsənləri, saçları ağarıb, gözləri nurdan gedənləri, çəliklə gəzənləri, qulağı ağır eşidənləri görə-görə onların da dünyaya belə gəlmədiklərini düşünmürük. Gicgahlarımızda ilk ağ tükləri görəndə, hərflər gözlərimizin qabağında qarışanda, aclığa, susuzluğa tabımız qalmayanda içimizdə soyuq yellər əsməyə başlayır... Başlayırıq hər şeydən dördəlli yapışmağa... Bizə öyrətmişdilər, axı... Əldən uçan quş bir də geri qayıtmaz. Axan suya bir dəfə girmək olar...
   
   ***
   
   
   
   Bizim nəslin taleyinə zamanın tufanlı dönəmləri yazılıbmış. İctimai quruluşların, əsrlərin ayrıcına düşdük. Elə bil bütün nisbiliklər birdən ömrümüzü çulğadı, özünü anlatdı bizə. Əvvəlcə vətəndaşı olduğumuz, sarsılmaz qala bildiyimiz nəhəng imperiya dağıldı. Dağıldı... və bizə müqayisə eləməkçin o qədər mövzular qoyub getdi ki, bu günə qədər qəti qərara gələ bilmirik: hansı daha yaxşı idi?! Kapitalizm, yoxsa, sosializm?! Elə şeylər var ki, onları dərk eləmək, yetərincə qavramaqçın on illər, yüz illər gərək olur. İnsanın ömür payı isə buna yetmir. Həyatı anlamağa başlayanda bir də görürsən ki, ömür karvanı enişə çatıb. Qarşıda sanılı günlər qalıb. Bu, olduqca göynərtili bir duyğudu. Xüsusən o kəslərçin ki, ən adi gün-güzəran belə yazılmayıb taleyinə. Arzuları gözündə qalmaq çox pisdi, elə pisdi ki, onun tərifini yazmağa qələmin qüdrəti çatmır...
   
   Xəyallar qurmağa başlayan gündən elə bilirik ki, istədiyimiz hər şeyə çatacağıq. Bəlkə lap artığına da. Uğursuzlara aciz deyirik, şansı yeyin olanlara zirək. Bir müdrik qocadan eşitdiyim sözlərə əvvəlcə inanmamışdım, elə bilmişdim sadəcə nəsihət naminə deyilmiş cümlələrdi: "Bir şam ki, haqdan yana, onu heç kim söndürə bilməz!" Zaman keçdikcə kişinin sözlərindəki sərt həqiqət məni üşütməyə başlayırdı. Gözlərimi göylərin ənginliklərinə dikib özümçün yandırılmış şamı axtarırdım...
   
   Hələ də axtarıram...
   
   
   
   ***
   
   Dörd-beş il bundan əvvəlin sözüdü. Heç nəynən təsəlli tapa bilmədiyim ağır günlərimin biriydi. Məni çox sarsıdan bir yolçuluqdan dönürdüm. Hava soyuqdu, aramsız yağış yağırdı. Kolxoz bazarına yaxın küçələrin palçığını ayaqlaya-ayaqlaya güc-bəlaynan yeriyirdim. Canımın odundan çətir götürməyi də unutmuşdum. Çox nadir hallarda həyatdan bezgin oluram. Belə olanda nə təsəllilər, nə məsləhətlər qulağıma girmir. İndi də iqtidarım olsaydı o qədər ağlardım ki, bu dərdli-ağrılı dünyanı su basardı, Qiyaməti yaxınaşdırıb hamının canını biryolluq qurtarardım. Başımı qaldırıb kimsənin üzünə baxmaq istəmirdim. Sanki başqa dünyadan gəlmişdim, bu dünyanın adamlarıynan göz-gözə gəlməkdən çəkinirdim.
   
   Adamların nisbətən az olduğu yerdə küçənin tinindən bir qız çıxdı. Elə bil hamı yox oldu, küçədə ikimiz qaldıq... Bu qızı əvvəl də görmüşdüm, amma buralarda görəcəyimi ağlıma da gətirməzdim. Vaxtilə maşın-traktor stansiyasının meydançası olmuş bu yerin yaxınlığında yaşayış evi də yox idi. O, haradan gəlirdi, hara gedirdi?! Niyə bu adamsız, səssiz meydançadan keçirdi?! Yox, bu görüş təsadüfi deyildi. Həmin anda mən ikimizin də bu planetdən ayrı bir məkanda rastlaşdığımıza inanırdım. Nə fanatikəm, nə də fantastik. Nə uçan boşqablar, nə yadplanetlilər haqqında deyilənlərə inanıram. Gözəgörünmələri də ya xəstəliyin, ya da qorxaqlığın əlamətləri sayıram. İndi isə sanki bütün bu saydıqlarımın hamısının bir yerdə şahidi olurdum...
   
   Məsələ burasındadı ki, bu qızın beli ikiqat əyilmişdi. Ağzı az qala yerə dəyirdi. Bilinirdi ki, ucaboylu olub. Başını güclə bir qədər qaldıra bilirdi. Bu vəziyyətdə eynən at nalına bənzəyirdi. Məni heyrətləndirən onun şikəstliyi, taleyin amansızlığına düçar olması deyil, bizim məhz indi, mənim qüssədən üzüldüyüm anda rastlaşmağımız idi. O, bu yerdən təsadüfən keçə bilməzdi. Onu göndərən vardı. Mənə təsəlli olmaqçın: "Bax! Diqqətlə bax! Və yaxşı-yaxşı fikirləş! Bacarırsan, başını da bir az işlət. Gör, insan övladıyçın neçə cür bədbəxtliklər yaradılıb. Sən də belə ola bilərdin. Övladın da, nəvən də. Ağlını başına yığ... və yaşamağa davam elə!"...
   
   Təzədən Yer üzünə qayıtdım. Yağış kəsmiş, göy arınıb təmizlənmişdi. Yağışdan sonra hava həmişə xoş, təmiz olur. Doyunca nəfəs alıb bu saflığı ciyərlərinə doldurmaq istəyirsən. Mənimsə nəfəsim ikiqat genişlənmişdi...
   
   Amma... bu təsəllimdə də bir ağrı, etiraz da vardı. Bəs, o, niyə belədi?! (Özümə yığılmıram ki, mən...) Yəqin elə bütün şükranlıqlarda bir sızıltı olmamış deyil...
   
   
   
   ***
   
   Koridorda səs-küy var. Adamlar dərdlərini, ehtiyaclarını götürüb gəliblər. Birinin evindən damır, birinin həyətini zinə suları basıb, o birinin hasarı uçub-dağılıb... Heç birinin də bu işləri görməyə imkanı yoxdu. Bəxtəvərlər! Keşkə, mənim də dərdimi kimsə həll edə biləydi, deyirəm. Sizə qoşulardım, xahiş edərdim. Bu özü də bir təsəllidi ki, ümidlə hansısa qapını döyürsən. Fərq etməz, o qapını sənin üzünə necə açarlar. Önəmli olan odu ki, dərdinin çarəsinin insan əlində olduğunu bilirsən...
   
   Dərdini götürüb gələnlərin arasında elələri də var ki, onların yerinə olmağı kimsə arzulamaz...
   
   Nahaq demirlər ki, bu dünyada hamı bir-birinə təsəllidi...
   
   Qəribə məntiq var bu təsəllilərdə. Mən kimə görəsə xoşbəxt sayıla bilərəm. Kimlərsə də mənə baxıb özünə təsəlli verir...
   
   Beləcə, hamı özündə yaşamağa güc tapır.
   
   Amma nə zəif, nə ağrılı gücdü bu...

TƏQVİM / ARXİV