adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

TƏHDiDiN üNVANI DƏYiŞiR

BABƏK YUSİFOĞLU
38243 | 2011-10-14 07:23
Uzun illər ABŞ-ın İran İslam Respublikasına qarşı göstərdiyi təhdidlər, psixoloji təzyiqlər heç bir effekt vermədi. Vaşinqton düşünürdü ki, Yaxın Şərqdə yerləşdirdiyi hərbi potensialını artırmaqla, İran Körfəzinə əlavə aviadaşıyıcı göndərməklə Tehranı qorxudaraq güzəştə getməyə, onun çaldığı hava ilə oynamağa məcbur edə biləcək. Amma sonda anladı ki, onun ehtimalları kökündən yanlış imiş. Ona görə yanlış imiş ki, Birləşmiş Ştatların əslində İrana qarşı yürütdüyü həmin sərt, daha doğrusu düşmən siyasətinin ardınca əməli addımlara keçməliydi, lakin Ağ Ev son addımlara risq etmədi. Çünki artıq amerikalılar anladılar ki, İran onlar üçün nə İraqdı, nə Əfqanıstandə, nə də başqa dövlət.
   
   Düşmənini yalnız sanksiyalar tətbiq etməklə çökdürməyi gözə alan Vaşinqton İranda həqiqətən iqtisadi problemlərin güclənməsinə nail olsa da nəzərdə tutduğu effekti ala bilmədi və əksinə indi özü çox kəskin büdcə böhranı içərisindədir ki, vəziyyətdən çıxması çox zor görünür. Bundan başqa, son vaxtlar maraqlı proseslərin şahidi oluruq. Belə ki, indi rollar elə bil dəyişib. Bu dəfə Tehran Ağ Evi təhdid edən bəyanatlar səsləndirməkdə, sərt addımlar atmaqdadır. Bir neçə gün bundan əvvəl İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Sayyari bəyanat verdi ki, Qərbin hərbi qüvvələrinin İran körfəzində mövcudluğu region üçün təhlükə mənbəyidir: ""dünya hegemonu"nun hərbi birləşmələri bizim dəniz sərhədləri boyu dislokasiya olunduğu kimi İran da özünün ən güclü hərbi dəniz donanmasını ABŞ-ın dəniz sərhədlərinin ətrafında yerləşdirmək istəyir".
   
   Bu Birləşmiş Ştatlara qarşı yetərincə sərt messajdır. Çünki Amerikanın sərhəd sularına İran gəmilərinin göndərilməsi və onlara qarşı hər hansı müdaxilənin edilməsi Tehranın daha ciddi addımlar atacağına bir siqnaldır. Siyasilər ən azı bu fikirdədir. Bu günlərdə Vaşinqtonun Tehranı terror aktlarında günahlandırması, Səudiyyə Ərəbistanının diplomatına qarşı sui-qəsddə suçlandırılması Tehranın sərt reaksiyası müşayiət olundu. İran Amerikaya ondan da sərt bəyanat ünvanladı. Xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, onun ölkəsi Birləşmiş Ştatlara elə bir zərbə endirə bilər ki, onlar bunun altından qalxa bilməzlər.
   
   Salehi deyib: "Biz heç bir qarşıdurma istəmirik. Lakin əgər onlar (ABŞ) bizi bu cür addım atmağa məcbur edərlərsə, bu bisdən çox ABŞ üçün çox ağır nəticələrə gətirib çıxarar. Əgər onlar (ABŞ) qarşıdurma istəyirlərsə biz də əks cavab verməli olacağıq ki, bu onların sonu olacaq. Onların qarşıdurma üçün çağırış etməyə gücləri varsa, bizim də onların altından qalxa bilməyəcək cavab zərbəsinə gücümüz var".
   
   Hazırda bir sıra amerikalı ekspertlər belə hesab edir ki, Tehranın bu xəbərdarlığı heç də ideoloji, psixoloji təzyiqlər üçün edilməyib. Bunun köklü səbəbləri var ki, Vaşinqtonun hələlik ya onlardan xəbəri yoxdur, ya da qarşı tərəfin sözügedən təhdidlərini ciddiyə almırlar. Lakin politoloqlar daha çox mülahizənin birinci ehtimalına üstünlük verirlər. Bunu da onunla əlaqələndirirlər ki, İran heç vaxt belə bəyanatla çıxış etməyib. İndi islam ölkəsinin bu cür danışmaq üçün cəsarətlənidirən səbəblər çox yəqin mövcuddur və onları ciddiyə almaq gərəkdir. Hətta indi politoloqlar Ağ Evə xəbərdarlıq edirlər ki, İran öz hərbi dəniz qüvvələrini əgər ABŞ-ın sərhəd suları yaxınlığına göndərməyi reallaşdırarlarsa, buna qarşı çox ehtiyatlı davranmaq lazımdır.
   
   Son dövrlər Vaşinqtonun Çinə qarşı "iqtisadi savaş" açması yönündə həyata keçirdiyi siyasəti də şərhçilər tərəfindən müsbət qarşılanmayıb. Onlar bildirirlər ki, Birləşmiş Ştatlar artıq dünyanın bir çox dövlətlərində arzuolunmaz ölkə imici qazanıb və bu tendensiya bundan sonra da davam edərsə Vaşinqton "məğlubiyyətlə" barışmaq məcburiyyətinə qalacaq. Hazırda onsuz da bu prosesi stimullaşdıran hadisələr cəryan edir. Qərb ittifaqlarına cavab olaraq Rusiyanın Çin, Qazaxıstan və Belorusla birlikdə (başqa region dövlətlərinin qatılması üçün "açıq qapı" da saxlanmaq şərti ilə) yeni təşkilat yaratmaq ideyası indi ən çox danışılan məsələlərdən birinə çevrilib və hər kəs bilir ki, Kremlin beynəlxalq səviyyəli bütün addımları yalnız Birləşmiş Ştatların təkbaşına hegemonluğu əleyhinədir.
   
   Həqiqətən də Çorc Buşun prezidentlik dönəmindən başlayaraq dünyada Birləşmiş Ştatların əleyhinə olan ovqat sürətlə artmaqdadır. Və maraqlıdır ki, Vaşinqton da bunun fərqində olsa da Obama iqtidarı həmin prosesin durdurulması naminə hər hansı təşəbbüsdə belə bulunmur. Çox yəqin ki, yaxın gələcəkdə dünya hegemonları arasındakı balans dəyişməli olacaq. Mümkündü ki, meydana yeni güc mərkəzləri çıxsın.

TƏQVİM / ARXİV