adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
23028 | 2011-10-13 06:55
(əvvəli ötən sayımızda)
   
   Vəkil bildirdi ki, prokuror heç bir dəlil, sübut olmadan müttəhimə on il iş, cəza tələb edir, yəni dünya dərəbəylik-zaddı bəyəm, sabah buna necə cavab verəcək prokuror. O da öz növbəsində cavab verdi ki, nədi məni qorxudursan? Elə bu dilinə görə bir yana çıxammadın, belə getsə elə ölənəcən də vəkil qalacaqsan, o dustağıdakı on il basaram gedər, onda bilərsən kiməm..."
   
   Vəkil bərk hirsləndi, qayıdıb dedi ki, məktəbi güclə oxuyub bitirdin, hamının sənnən zəhləsi gedirdi, bir dəfə arxa tullamışdılar səni satqınçılıq üstündə, elə indinin özündə də Ucar camaatı yanından bir azca hörmətin yoxdu, pulun çoxluğundan quduran bir parazitsən, bu yaşında lotuluq edirsən, boynunda arvad kimi sep gəzdirirsən, sənin də axırın gələcək, bişərəf...
   
   O xeyirxah adamla, zalım adam bəlkə də səndən sonra yüz dəfələrlə bir-biriylə dalaşacaqdı, barışacaqdı. Amma ara yerdə sənin taleyin həll olunmuşdu, sənin kitabın bağlanmışdı. İki saatlıq fasilədən sonra hökm oxundu, sənə on il iş kəsdilər... Amma sən dustaq olası adam deyildin, axı nə günahın sahibiydin? Kimin bağına girmişdin, kimin bostanına daş atmışdın? Yox, səhv etdim, dilin yansın, günahın böyükdü, lap böyük.
   
   Çünki var-qazanc düşkünü olmadın, onun-bunun cibinə girmədin, özgə varına göz dikmədin,natəmiz olmadın,mərdiməzarlıq etmədin. Sən ancaq özgələr üçün yaşayırdın, insanlıq üçün alışıb-yanırdın, bir tikə çörəyini hamıyla bölməyə hazır idin, dost yolunda canını belə əsirgəməzdin. Sən zəmanə adamı deyildin, cəmiyyəti başına almış murdarlıqdan, zalımlıqdan uzaq idin. Dustaqlıq illəri də öz dərdini unudardın, elə onun-bunun halına acıyardın. Çünki gözlərin görərdi, ağlın kəsərdi ki, əksəriyyət dustaqlar heç nədən cəza çəkir, əzab-əziyyət içində çürüyürlər. Həmişə düşünərdin ki, oğrular doğruları mühakimə edir, natəmiz kəslər təmiz, ləkəsiz adamları əl-ayağa dolaşan hesab edib dustaqxanalara salır. Və bir yol görmədin ki, kimlərsə dustaqxanalara baş çəksin, bir baxıb görsün ki, doğurdanmı bu məhbusların hamısı qatı cinayətkarlardı.
   
   Düşərgələrdə nəzarətçilər tərəfindən yersiz təhqirlərə, fiziki-mənəvi işgəncələrə məruz qalanlara acıyıb, yanırdın. İndi də deyirsən sağlam ürəyim xəstəlik tapdı, sancısı-ağrısı bütün günü mənə əziyyət verir. O ürəyin dalınca çox deyinmə. Təqsirkar gözlərindi. Nədi, sənin gördüklərinə ürəkmi dözər?.. Amma dustaq olan, əzab çəkən tək sən deyildin. Başsız qalan ailən idi dustaq, atasız qalan körpəni demirəm hələ. Sənin dərdinin, fikrinin dustaqları çoxuydu. Atan, anan, bacı-qardaşların, dost-tanışların hamısı dustağıydı. Sənə nə vardı ki, tək bir canın yiyəsiydin. Düşərgələrdə tərcümeyi-halına bələd olduğun minlərlə dustağı həbs cəzası vermədən bircə kəlmə sözlə də islah etmək olardı. Nalayiq söz yarasına dözməyib birinə bir sillə vuran adamı "qatı xuliqan" deyə məhbəsxanaya salırlar.
   
   Onun nəticəsidir ki, iki dalaşanı ayırmaqdan hamı yan keçir, uzaq qaçır, qorxur ki, şərə salarlar, şahid kimi qələmə alarlar... Yolda qəzaya uğrayıb aşan maşına görə sürücülərin çoxu sürəti artırıb tez uzaqlaşmağı üstün tutur, qorxur şərə düşər. İnsanları laqeydliyə, əxlaqsızlıqlara yuvarlayan cinayət qanunlar (əksəriyyəti) quruluşun öz murdarlığından doğur. Yetmiş manata on beş külfət saxlayan ailə başçısından heç soruşan yoxdur ki, balam, quru çörəyə necə pul çatdırırsan. Amma işdən sonra çörək pulu qazanım deyə bir-iki qutu siqaret, nə bilim daha nə xırda-xuruş şey üstə "alver" deyə tutub salırlar türməyə. Bütün bunları bilə-bilə prokurorlar da, hakimlər də "müqəddəs" sovet qanunları adından çıxış edərək neçə il iş kəsirlər adama.
   
   Danışmaqla qurtaran deyil. Hüquqşünaslar da bunu təsdiq edər ki, qanunlardakı kəmkəsir saya gəlməz... İslah-əmək düşərgələrində özünə qarşı adicə insani münasibət, hörmət görməyən dustaq hansı islah haqda düşünsün. Kim yazıb, hansı "ağıl sahibi" yazıb bu qanunu ki, düşərgədə cəzanı çəkən hər bir dustaq ayda üç məktub yaza bilər. Hansı "ağıllı hüquqşünas" yazıb ki, cəza müddətinin yarısına qədər ildə ikicə dəfə, altı aydan bir cəmi bircə kq çəkidə bağlama düşür hər dustağa. Yəni, bir kq ərzaq. Bu cür qanunlar dustaqlarda kin-küdurət, nifrət oyadır, inamsızlıq oyadır... Deyirsən tək bir canın yiyəsiydin. Amma tək o bir canın özünü qoruyub saxlamaq, min əzabın, min bir işgəncənin içindən sağ-salamat qurtarıb çıxarmaq hardasa, ölüb-dirilmək kimi bir şeydi. Mən bu azadlıq üçün Anara borcluyam, yoxsa Allah bilir axırım necə qurtaracaqdı. Azadlığa çıxandan sonra məni gözləyən min bir çətinliklərlə üzləşəndə mənə əl tutan, mətbuatda mənə iş düzəldib yaradıcılıq yollarına cığır açan Yusif Səmədoğluna borcluyam. Mənə mənəvi dayaq olmuş gözəl insanlar var. Adil Minbaşıyev, Zahit Tağıyev, Aydın Alıyev...
   
   Azadlığa çıxan hər bir dustaq yenicə doğulmuş körpə kimidi, gərək əllərindən tutub yeriməyi öyrədəsən... Ayağa durub dikəlməyimdə bu insanların xidməti əvəzsizdi. Mən Aqilə, Nicata,Rəşada həmişə dua edirəm. Beş il həbs cəzasından azadlığa çıxan kimi anama zəng etdim, səsimi tanımadı, dərd səsimi ona yadırğatmışdı, deyəsən... Amma telefonda bircə kəlmə alo deməklə, - Zakir sənsən, buraxılmısan, - deyib məni beş il keçəndən sonra səsimdən tanıyan Vaqif Cəbrayılzadə məndə dosta, tanışa qarşı sevgi, istək oyatdı, bütün inamsızlıqlarımı əritdə canımdan, dostun dosta sədaqətinə bir daha inandım... - "Qa-ra-bağ, Qa-ra-bağ... Ziyalılar satqınçılıq edirlər..." Bu söz sənə çox pis təsir elədi, mikrafonda danışanı qınadın da. Gecələr meydanda qalanlar arasında sən də vardın. Sübhün gözünü ocaqların başında açardın. Camaatı çox dinləyərdin, özün də tez-tez söhbətlər edər, çoxlarıyla həmrəy olardın.
   
   Amma tez-tez Anardan um-küs edənlərlə mübahisə edərdin. Amma bir şey səni dərhal sakitləşdirərdi. Yəni sən dustaq olanda Anara üz çevirdin, Anardan umdun, Anara bağladın gümanını. Bu gün xalq dustaqdı, xalq da gümanını Anar kimi vicdanlı, ağıllı bir ziyalıya bağlayıb. Uman yerdən küsərlər - deyib atalar. Odur ki, çoxlarını qınamazdın, ayağa durub ocaq başından sakitcə uzaqlaşırdın. O gün evi-eşiyi belə unutmuşdun. Torpaq, vətən sevgisi hər şeydən üstün imiş, ucaymış. O gündən əlimə qələm də uyuşmadı. Dustaqxanadan çıxıb dustaqxanaya düşdüyünü bir daha yəqin elədin. Səni ən çox acıdan bir ağsaqqal yazıçının acı sözləri oldu: Zakir Fəxri dustaq olub, türmədə yatıb, ləkəlidi, niyə mənzil bölgüsündə ona ev düşür, filankəsə yox, filankəsin şəxsi işi tərtəmizdi, partiyaçıdı..."
   
   Sənin ağlına gəlməzdi ki, yazıçı, şair dilindən belə söz çıxa... Dustağın hər yerdən əli üzüləndə yazıçı, şair qapısı döyür... Sən dustaqlıq illəri özün-özünə məktublar yazardın. Özündən özünə yazılmış həmin məktublar sənə böyük təsəlli, inam gətirərdi. Yazardın ki, sən çox istedadlı şairsən, zəmanəmizin nadir sənət adamlarından birisən, şeirlərin bizə ruh, mənəvi zənginlik gətirir. Dünyanın Ən sevimli şairlərindən birisən... Zərfin üstündə də yazardın: - Oxuculardan. Yazardın ki: - Sizi bir nəfər qadın narahat edir. Şairim sizi sevirəm, sizsiz yaşaya bilmirəm, səbirsizliklə yolunuzu gözləyirəm. Zərfin üstündə də ünvan yazardın: - Filankəsova Filankəs. Və bu yalançı məktubların doğru olduğuna inanıb ruha gələrdin. Bəzən həmin hisslər yaxandan tutub indi də səndən əl çəkmir...
   
   
   
   Salam Zakir Fəxri, salam
   
   
   
   Başdan aşdı dərd-sərin,
   
   Qalmadı canda təpərin.
   
   Yox idi xəbər-ətərin
   
   Səsin də gəlmirdi balam,
   
   Salam Zakir Fəxri, salam.
   
   
   
   Çəkdiklərin gəlməz saya,
   
   Dönmüsən quru taxtaya.
   
   Düşsən soyuğa, şaxtaya
   
   Bürünməyə isti şalam,
   
   Salam Zakir Fəxri, salam.
   
   
   
   Qəbrin isti, yuvan soyuq,
   
   Ürək qəmdən oyuq-oyuq.
   
   Yaranmışdan elə buyuq.
   
   Olub-keçənlərdən halam,
   
   Salam Zakir Fəxri, salam.
   
   
   
   Yaxalarda qırmızı bant,
   
   Yıxdı bizi o vəd... bu and...
   
   Ha desinlər işin avand
   
   Söz gül açmaz, dildə, lalam,
   
   Salam Zakir Fəxri, salam.
   
   
   
   Gözlərdə bir göz qalmadı,
   
   Od almağa köz qalmadı.
   
   Üz tutmağa üz qalmadı.
   
   Bir damla umud borc alam,
   
   Salam Zakir Fəxri, salam.
   
   
   
   Səslər içrə səsin qərib
   
   İlhamın, həvəsin qərib.
   
   Sinəndə nəfəsin qərib
   
   Yazdıqların duzsuz kəlam,
   
   Salam Zakir Fəxri, salam.
   
   
   
   Göz görənlər bir tamaşa,
   
   Gəl ay yetim, di gəl yaşa...
   
   "Deyilənlər gəldi başa"
   
   Şikəst bədən, kəsik qolam,
   
   Salam Zakir Fəxri, salam.
   
   
   
   ***
   
   Daş ataram, daşım tutmaz,
   
   Qarğısam qarğışım tutmaz...
   
   Ağlasam göz yaşım tutmaz
   
   O, örtülü pəncərəni.
   
   
   
   Yumru-yumru yağış döyər,
   
   açılmaz...
   
   Bir tumurcuq baxış döyər,
   
   açılmaz...
   
   Tale döyər, naxış döyər,
   
   açılmaz
   
   O, örtülü pəncərəni.
   
   
   
   Və o örtülü pəncərənin arxasında Qlilov oturub qəzet oxuyurdu. Bu o qəzet idi ki, Qlilov hələ yerli milisdə təcridxanaya salınan günün axşamı anası ona pal-paltar büküb göndərmişdi, düz 1973-cü ilin 15 iyun günü... İndi isə 1980-cı ilin avqustu idi... Qlilova hətta oxumaq belə qadağan olunduğundan, bu qəzeti uzun illər boyu nəzarətçilərdən güc-bəla ilə qoruyub saxlaya bilmişdi. Və Qlilov oxuyan bu "Pravda" qəzeti onun özü kimi saralıb solmuş, qara yazıları Qlilovun alın yazıları kimi pozulmamışdı...
   
   Rıbinsk çox soyuq olduğundan burda oktyabr ayında yatmağa başlayan qar aprel-may aylarında ancaq əriməyə başlayardı. Qəribəsi o idi ki, ağaclar da soyuq apreldə,qar altında tumurcuqlamağa adət etmişdi və may-iyun ayları sürətlə yarpaqlayardı. Yazın gəlişindən asılı olaraq ya may, ya iyun aylarında dustaqxananın həyətindəki balaca bağçada, gül ləklərinin arasında diqqəti çox da cəlb etməyən yerlərdə gizlicə şüyüd toxumu səpərdim. Şüyüd çıxanda əsil toy-bayram olardı. Belə ki, keyfiyyətsiz və dadsız yeməklərə bir az şüyüd atanda istər-istəməz dad-tam dəyişərdi, ev xörəklərini xatırladardı bizə. Bəlkə də bu bizlərə elə gələrdi... Hardansa Qlilova bu xəbər çatdığından bir dəfə məndən xahiş elədi ki, imkan daxilində az da olsa ona şüyüd göndərim. Bir neçə gün sonra Qlilovla görüşəndə sevincək çarpayıdan üstümə hoppandı və məni qucaqlayıb öpməyə başladı... - brat, çox sağ ol, Allah səni bizə çox görməsin, axır ki, bir ağzımız tama gəldi... Şüyüddən bir yarpaq noxud şorbasına atdım, elə gözəl daddı ki, elə bil ev xörəyi yedim...
   
   (ardı gələn sayımızda)

TƏQVİM / ARXİV