adalet.az header logo
  • Bakı 16°C

"ƏRiYƏN" QüDRƏT

BABƏK YUSİFOĞLU
49355 | 2011-10-13 06:55
Yer üzündə mütləq həqiqətlərdən biri belədir: Tanrıdan başqa heç nə əbədi deyil! Kim inanardı ki, bir gün gələcək sovet imperiyası çökəcək, onun nəhəng qüdrəti ən azı 15 yerə parçalanacaq, Kreml öz hegemonluğunu digər güclərlə bölüşməli olacaq. Amma bu baş verdi. Milyardlarla insan da bu gerçəkliyin şahididir. Bu, super dövlət hesab edilən ABŞ-a da aiddir. Ona görə də dünən və bu gün Vaşinqton başda olmaqla Qərb hegemonluğunun əbədi sürəcəyini düşünənlər böyük səhvə yol verirlər. Çünki artıq xristian dünyasının da Şərq üzərindəki basqılar, nəzarət, diqtə erası sona çatmaq üzrədir. Əlbəttə, bu mühakiməni bölüşməyənlər də çox olacaq, əks arqumentlər səsləndirənlər də tapılacaq. Amma dünyada gedən proseslərə bir qədər diqqətlə nəzər salmaq, olanları təhlil etmək kifayətdir ki, həmin mühakimənin həqiqət olduğunu təsdiqləyəsən.
   
   Qərbin baş dövləti, artıq dünya jandarmı adını daşıyan Birləşmiş Ştatlardakı büdcə krizini həmin prosesin başlanğıcı saymaq olar. Bu gün BMT həmişə olduğu kimi hansısa müsəlman ölkəsinini cəzalandırmaq üçün qərar çıxarır, Vaşinqton heç kimi gözləmədən o dövlətin başına bomba yağdırmağa başlayır, şəhərləri xarabalığa çevirib sərvətlərinə yiyələnir. Avropalılar da hər cür dəstəyini ondan əsirgəmir, lazım gəldikdə sarkozilər, berluskonilər hərəkətə keçir, xoşlarına gəlməyənləri hədələyir, ölüm saçan raketlərini yaratdıqları "düşmənin" üzərinə yağdırırlar. Bütün bunların məhz belə olduğunu sübut etmək üçün çoxsaylı misalları sadalamağa lüzum belə yoxdur.
   
   Lakin Suriyaya qarşı heç bir əməliyyatdan söhbət belə getmir. Və heç kim inanmasın ki, Qərb suriyalıların qırılmasını, insanların müharibə acılarını çəkməsini istəmədiyi üçün bu cür "humanistlik" göstərir. Xeyr. Səbəb bunlar deyil. Sadəcə olaraq hadisələr fərqli şəkildə cərəyan etməyə başlayıb. Belə ki, hazırda ABŞ, Avropa Birliyi - Xristian klubunun özü ən böyük maliyyə böhranı dövrünü yaşayır. Avropa Birliyi ölkələri biri-birinin ardınca iqtisadi böhran nəticəsində xaotik vəziyyətə düşüb. Yunanıstan, Portuqaliya, qismən Niderland və İspaniya çox böyük gərginliklərlə üz-üzədir. Ekspertlərin proqnozlarına görə, proses hələ davam edəcək, digər birlik dövlətlərini də öz cənginə alacaq. Elə Amerika da eləcə. Biləşmiş Ştatlar hələlik baş verə biləcək təhlükəni etiraf etməsə də, super dövlət imicinə zərbə vurmaq istəməsə də düşdüyü borc bataqlığının təzahürlərini daha gizlətmək gücündə deyil. On illiklər boyu İraqın, Əfqanıstanın başına bomba yağdıran, həmin ölkələrdə böyük əsgəri kontingent saxlayan Birləşmiş Ştatlar məhz özünün büdecə böhranına görə Suriyaya qarşı davranışlarında görünməmiş "təmkin"lik nümayiş etdirir. Əslində isə ABŞ deyilən super güc özünün əvvəlki qüdrətini itirməkdədir. Etiraf edək ki, əvvəlki dövrlər olsaydı BMT-nin nə qərar qəbul etməsindən asılı olmayaraq Amerikanın qoşunları çoxdan Suriyanı raket yağmuruna tutmuşdu.
   
   İndi obyektiv amerikalı siyasilər də, hətta hərbçilər belə hər şeyi etiraf etməkdədirlər. Onlar bildirirlər ki, ABŞ-ın müharibələrə xərcləyəcək pulu yoxdur. Dövlət büdcəsində yaranmış mürəkkəb situasiya ilə əlaqədar olaraq ölkənin müdafiə nazirliyi döyüş hissələrinin xərclərinin ixtisar edilməsi üçün plan hazırlayır. Birləşmiş Ştatların Silahlı qüvvələri quru qoşunlarının qərargah rəisi, general Raymond Odierno bildirib ki, baş verən bu proseslərə görə, ABŞ ordusu artıq eyni vaxtda iki hərbi münaqişədə adi silahlarla iştirak etmək imkanlarını itirməkdədir.
   
   Hazırlanmaqda olan yeni proqramda növbəti 10 il üçün hərbi xərclərin 450 milyard dollaradək azaldılması nəzərdə tutulur. General onu da əlavə edib ki, əgər konqres büdcə defisitinin aradan qaldırılması üçün yeni mənbələr tapmasa, bundan sonra da hərbi qüvvələrə ayrılan vəsaitin yenidən azaldılması məsələsinə bir də baxılacaq. Məlumdur ki, əvvəllər Pentaqon bildirmişdi ki, 2016-cı ildə quru qoşunlarının şəxsi heyətinin sayı 50 min nəfər azaldılmalıdır. Qeyd edim ki, bu qoşun növündə Amerikanın 600 minə yaxın hərbçisi qulluq edir. Və özünü insan hüquqlarının, demokratiyanın beşiyi, müdafiəçisi elan edən bu ölkə təkcə Liviyadakı müharibəyə təxminən milyard dollar pul xərcləmişdir. Hərbi hava qüvvələrinin rəhbəri Liviyadakı müharibəyə Amerika hökumətinin hər gün dörd milyon dollar pul sərf etdiyini açıqlamışdı.
   
   Elə həmin ərəfədə biabırçı şəkildə aşkarlandı ki, ABŞ müharibəyə daha az pul xərcləmək üçün özünün ən ucuz raketlərindən istifadə edirmiş. Çünki müasir tipli qanadlı "Tomahawk" raketləri dövlətə 1- 1,5 milyona başa gəlir. Və başda Biləşmiş Ştatlar olmaqla Qərb elə bu səbəblərdən də Bəşər Əsədi cəzalandırmaq, Suriyanı da işğal etmək üçün hərəkətə keçmədi. Halbuki əvvəllər Qərbin Suriya ilə münasibətləri indi döyüşdükləri Liviyadan daha mürəkkəb idi. Çünki başlayacaq yeni bir müharibə onlardan Liviyadakından da çox pul tələb edəcəkdi. Buna isə yeni Səlib yürüşçülərin, öz generallarının dediyi kimi gücləri qalmayıb.
   
   Əslində problem təkcə maliyyə, büdcə böhranı, hərbi xərclərin azaldılması məcburiyyəti ilə məhdudlaşmır. Başda ABŞ olmaqla Qərbi bu gün ictimai narazılıqlar da bürüməkdədir. Dövlətdən narazı kütlələr daha hakimiyyətin vədlərini eşitmək istəmir, getdikcə pisləşən həyat səviyyələrindən ötrü küçələrə axışırlar. Vaşinqton Amerikada baş verənlərin ətrafa yayılmaması üçün ən ciddi şəkildə önləyici tədbirlər görsə də artıq cidanı çuvalda gizlətmək mümkün olmur. Barak Obama iqtidarına ümid bəsləyənlər Ağ Evin büdcə böhranına gətirən siyasətinə qarşı çıxırlar. Müasirliyi ilə öyünən Qərb müharibəyə xərclədiklərini humanitar sahələrə, insanlığın inkişafına sərf etsəydi şüarları ilə əməlləri onda üst-üstə düşər, bəşəriyyət qazanardı. Amma onu da etiraf etmək lazımdı ki, onları məhz müharibələrə sərf etdikləri pullar bərbad vəziyyətə salacaq, müxtəlif hissələrə parçalayacaq. Sadəcə buna bir qədər zaman gərəkdi...

TƏQVİM / ARXİV