adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HACI MƏHƏMMƏD ASDANBƏYLİ

MƏMMƏD DƏMİRÇİOĞLU
29542 | 2015-06-06 01:34
Baxın, yaşadığınız dövrün, içində çalxalandığınız mühitin ab-havasına, gözləri oxşamaqdan daha çox, bəzi gözləri gülməkdən, bəzi gözləri də ağlamaqdan yaşla dolduran dünyanın mənzərələrinə tamaşa edin.
Bayağılıqlar içində qəş edənlərə baxıb için-için ağlayan gözlərin gizləndiyi yeri kim görsün? Görmək bir yana, heç görməyə cəhd edən varmı ki...
Haqqında söhbət açıb, mənzərəsini cızmağa çalışdığım bu qeyri-adi istedad, bilgi, zəka və könül sahibi, çoxlarına görünməyən, amma çoxlarının tanıdığı, İncə dərəsində Hacı Mahmud Əfəndi Həzrətlərinin ocağını qalayıb, çırağının nurundan şölələnən Hacı Məhəmməd Astanbəylidi.
Çox erkən yaşlarından özünü, dünyanı, Allahı dərk edən Məhəmməd, Azərbaycan İslam Universitetinə qəbul olmuş, üçücü kursda oxuduğu zaman Səudiyyə Ərəbistanından gəlmiş krallığın nümayəndə heyətinin nəzərini cəlb etmiş, Krallığın dəvətiylə Mədinə İslam universitetinə dəvət olunmuşdur...
Əslində Hacı Məhəmməd haqda tərcümeyi-hal yazmaq belə məqamda çox bəsit bir iş olardı.
Kamil bilgilər sahibi Məhəmmədlə görüşmək, onun cezv dairəsinə düşmək, sehrli bir aləmə, bənzərsiz bir hikmət dünyasına varmaq deməkdir söyləsək, yanılmış olmarıq. Öz zahiri görkəmi, qeyri-adi qiyafəsi, ədəb-ərkanı və yüksək əxlaqi dəyərləriylə hər kəsi ilk görüşdən valeh edən bu övlüya misal, dərviş könül insanla kəlmə kəsəndən sonra, sehrlənib cazibə dairəsindən ayrıla bilmirsən. Çox maraqlı olduğu qədər sirli, sirli olduğundan daha sadə olan bu insan görkəmcə kasıb, mahiyyətcə ən zəngin saraylardan belə zəngin bir odaya sığınıb, gecə və gündüz Allahı zikr edərək, var bildiyimiz varlıqların yoxluqlarıyla kəlmələşir, göylərdən ay işıgıyla ismarıclanan səslərə qulaq asır, xəlvətiliyin içində qərq olub, zümzümələrlə xəfif pıçıltılara çevrilir.

Sürünür yerin üstündə,
Ağ buludun ağ kölgəsi.
Ağarır torpağın rəngi,
Ağarır suların səsi.

Yanır sinəsi gecənin,
Fələyin beli bükülür.
Susamış sərsəm yuxular,
Qaçıb çaylara tökülür.

Dünyada dəli qalmayıb,
Yön verə həyat yoluna.
Solmağa gülü qalmayıb,
Bu dünyanın vay halına.

Baxın, bir ətrafa nəzər salın. Camaatın başı yaşamaq işinə elə qarışıb ki, yoxluğun nə olduğunu dərk etmək, bu fanidə varlığın belə sürətlə yoxluğa doğru qaçmasını anlamağa heç kimin vaxtı yoxdur.

Haşiyə:

Daha baxmır adamlar,
Dərdi qanmaq işinə,
Başlar yaman qarışıb,
Pul qazanmaq işinə.

Vərdiş edib, qardaşım,
Yanağıma göz yaşım.
Kötük üstündə başım
Düz dayanmaq işinə.

Ya əvvəl, ya da axır,
Hamı yanana baxır.
Təkcə pərvanə baxır,
Oda yanmaq işinə.

(M. D.)

Hacı Məhəmmədlə görüşüb, onunla kəlmələşəndən, pıçıltılara bənzəyən hədislərinə qulaq asandan sonra insanın ruhunda, könlündə bir rahatlıq yaranır, dünya dərkindən keçib, var olanı yoxdan yaradanın mahiyyətini dərkə başlayırsan, bir belə var-dövlət hərislərinə yazığın gəlməyə başlayır.
"Bilən söyləməz, söyləyən bilməz" desə də bildiklərini əsirgəmədən söyləyər, söhbətin hansı şırnağa düşməsindən asılı olaraq, elmlərin istənilən sahəsindən söz açar, isdər rus klassiklərinin, isdər şərqin bütün dahilərinin, istərsə də dünya ədəbiyyatının poeziyasından, nəsrindən nümunələr söyləyib, maraqlı şərhlər verər, islam mədəniyyətinin, təsəvvüf elminin mahiyyət və məzmunu özünəməxsus ifadə tərziylə, zəngin hafizəsiylə açıqlayıb, hər kəsi öz bilgiləriylə heyran qoya bilir. Onunla söhbətlər zamanı mən həmişə heyrət məqamında olmuşam.
Etiraf etməliyəm ki, Fəna (yoxluq, heçlik) məqamına da keçidi Hacı məhəmmədlə görüşlərdən tanımışam.
Bu qədər uca könül sahibi olduğundandır ki, tanıyanlar, bircə dəfə qonağı olanlar belə onun alçaq könlünə heyran olurlar. Amma elə də olur ki, aylarla, illərlə onunla görüşmək eşqiylə alışıb-yananlar, aylarla, illərlə onunla görüşmək səadətindən məhrum olurlar.
Görüşlərimizin birində soruşdum ki, səninlə görüşmək istəyənlər olur ki, səninlə görüşə bilmirlər, bu necə olur? O gülümsəyərək bir rəvayət danışdı:
"Ağasıyla yol gedən bir nökər yaxınlıqdakı məscidi görüb, ağasından rica edir ki, günorta namazını məsciddə qılmaq üçün ona 5-10 dəqiqə icazə versin. Ağa 5-10 dəqiqə gözləməyə razı olur. Nökər məscidə girir, amma dediyi vaxtdan xeyli ötməsinə baxmayaraq, oradan çıxmır. Hövsələdən çıxan ağa məscidin qapısından içəri boylanır. Heyranlıqla hədislərə qulaq asan nökərə qəzəblənərək "səni nə qədər gözləyim" deyir. Nökər məzlum-məzlum ağasına baxaraq: "Ağa, səni içəri buraxmayan, məni də çölə buraxmır" deyir.
Gözə görünməkdən, dərc olunmaqdan gizlənməsinə baxmayaraq, hərdən qardaşı İbrahim İlyaslı onun şeirlərini mətbuat səhifələrinə çıxarır. Hər yeni şeir nümünələri ədəbi mühitin içindən səssiz ötüşmür. Təsadüfi deyil ki, böyük söz sahiblərindən olan xalq yazıçımız Elçin müəllimin də nəzərindən yayınmayıb, Məhəmməd Asdanbəyli poeziyasının işığı.
Elçin müəllim "Azərbaycan, 10, 2009" sayında dərc etdirdiyi "Azərbaycan ədəbi prosesində nə baş verir?" məqaləsində Məhəmməd Asdanbəyli yaradıcılığına da toxunub:
" ...Bu günlərdə mən imzası ilə ədəbi prosesdə ilk dəfə rastlaşdığım Məhəmməd Asdanbəylinin "Azərbaycan" jurnalında (2009, 2) silsilə şeirlərini oxudum və doğrusunu deyim ki, gəraylı səkkizliyində və bayatı yeddiliyində yazılmış bu şeirlər məzmunun yeniliyi, təravəti, yaratdığı bədii-estetik auranın novator mahiyyəti ilə mənimçün çox maraqlı oldu. Burada istedad yeni məzmunu, yeni obrazlar qalereyasını klassik formanın (milli formanın) qəliblərinə elə yerləşdirilib ki, elə bil, söhbət eyni zamanda, yeni, indiyə qədər tanımadığımız formadan gedir.

Ətrinə uçduğun gülü,
Əllərin dərə bildimi?
Ürəyin istəyənləri,
Gözlərin görə bildimi?

Arasında gözüm qalsa,
Qapını bağlayarsanmı?
O qapının arxasında,
Yalqızca ağlayarsanmı?

Gözlərinin dediyini,
Dilin söyləyə bildimi?
Baxışların izləyəni
Baxtın əyləyə bildimi?

... Qoca Yunis İmrə deyir:

Məni sorma bana, bəndə degülvəm,
Bir bən vardur bəndə, bəndən içəri.

Məhəmməd "bəndən içərü"nü ifadə edə bilir və o yalnız "bən"i ifadə etsəydi, güman edirəm ki, orijinal olmazdı, onun orijinallığının səbəbi "bən"in içindəki "bən"i poeziyanın predmetinə çıxara bilmək bacarığıdır.
...Biz yuxarıda Tanrı mövzusundan danışdıq. Bu da Məhəmmədin Tanrıya müraciətidir:

Baxdıqca bu qəbirlərə,
Qorxuram ölməyəm, Tanrım.
Dalıb o uca sirlərə,
Qorxuram ölməyəm, Tanrım.

Yolum bu qədər qısamı?
Əy belimi, ver əsamı.
Görsəmdə ki, ölür hamı,
Qorxuram ölməyəm, Tanrım.

Yerim məndən, Səndən bəri,
Dinsizlikdən, dindən bəri,
Mən səni sevəndən bəri
Qorxuram ölməyəm, Tanrım.

...Məhəmmədin şeirləri məndə belə təəssürat yaratdı ki, o bilərəkdən yox, təbii olaraq "ibtidai" formalara müraciət edir, onun spontan təsiri bağışlayan misraları, obrazları heca və qafiyə sisteminə riayət edən bu "ibtidai" formalarda çox təbii səslənir və köhnə forma ilə yeni məzmun, yeni deyim tərzi bu şeirlərdə özünün təbii sistemini tapır, istedad primitivi elitar səviyyəyə qaldırmağı bacarır. Bu şair, elə bil, sözləri soyundurur, amma bu "söz çılpaqlığında" bir bakirəlik var...
Bu uca təriqət sahibi, hansı təriqət sahibi olduğunu vurğulamasa belə, Sufi fəlsəfəsinin Əbu Hamid Qəzali təfəkkürünün Həqiqətə aparan Şəriət, Təriqət və Mərifət mərhələsindən keçərək, Fəridəddin Əttarın Həqiqətə qovuşmağın Yeddi mərhələsini: Eşq, Tələb, Mərifət, İstiğna, Tovhid (Vəhdət) Heyrət və nəhayət Fəna-nı (Yoxluq, heçlik) adlayaraq, Nəqşibəndiliyin dördlük: Dunyayı dərk edərək, tərk eləmək, Varlığı dərk edərək, tərk eləmək, Axirəti dərk edərək, tərk eləmək, Və bu dərkləri tərk eləmək mərhələsindən keçməkdədir.
Məhəməd bizim yaşadığımız mühitin rənglərinə səslərinə, ətrinə xeyli qərib olan bir təsəvvüf filosofudur. Onu anlayandan çox anlamayanlar məmləkətində yaşamağın nə zor iş olduğunu bilənlər anlaya bilir onu.
Adlarını qeyd elədiyimiz Böyük sufi övlüyalarının təfəkkür mərhələlərindən söhbət açdıq və bütün varlıqların yoxdan yaranıb, "Bəqabillaha", yəni yoxluğa qovuşmasını dərk edirik.
Bu mərhələləri dərk etdikdən sonra butun dərdlərdən azad olursan, azlığa, yoxluğa şükranlıq edirsən, dünyanın cahi-cəlalı gözündə bir heçliyə dönür və Hacı Məhəmmədin şeirlərinə bədirlənmiş ay işığında qulaq asıb, uca yoxluğa, gözə görünməzə - həqiqətə qovuşmaq eşqiylə alışıb-yanırsan...

Gülmə büdrəməyimə,
Hər başa gələn işdi,
Kürə şəklindədi yer,
Sürüşmək olan işdi.

Həvəsdən düşmə, sən də
Varmı günahsız bəndə?
Əyri yerin üstündə,
Düz gəzmək yalan işdi.

Mənim bu şəklimi çək,
Olsa günahın dağ tək.
Ümidi itirməmək,
Bəh-bəh, nə yaman işdi.

***
Vaxt vardı yer ucaydı,
Vaxt vardı, yer alçaqdı.
Yetişdi vaxtı yoxun,
Qurtardı var vaxtı.

Sona yetdi yaz vaxtı,
Tamamlandı naz vaxtı.
Gəldi çoxun az vaxtı,
Vaxt vardı az çoxdu.
Vaxt vardı, gəl-gəl idi,
Tikanlarda gül idi.
Tikan olub gül indi,
Vaxt vardı, vaxt yoxdu.

***
Bu gün çox çətin gündü,
İstərsən, gərilməyək.
Gəl boşlayaq bu günü,
Nə gərək, yorulmayaq.

Nolar, yaş olsun göz də,
Düz olmasın bu düz də.
Nə tapmışıq ki, bizdə,
Gəl bizə vurulmayaq.

Nədir bir gün, bir gecə,
Bir belə dözdük necə?
Gəl heç almayıb vecə,
Bir gün də var olmayaq.

***
Yenə açdı bu baxçanın,
Gülləri sarı-sarı.
Qucaqladı sarmaşıqlar,
Köhnə, qəmli hasarı.

Sən ki ən qədim avara,
Sən min ilin əyyaşı.
Səndəmi tanıya bildin,
Nə şey imiş göz yaşı?

Burax köhnə yaraları,
Bir də qanatmaqları,
Aldanmaqları itirmə,
Yorma unutmaqları.

***
Külək böylə əsməsə,
Heç düşməzdin yadıma,
Di gəl ki, hər gün əsir,
Əsir sənin adına.

Yoxsa əsmirmi hər gün,
Mənəmi elə gəlir.
Gerçəkmidi, yalanmı?
Kim bilir, Allah bilir.

Eşqin qılıncı ilə,
Ağlımı kəsdirirəm.
Deyəsən bu küləyi,
Özüm cə əsdirirəm.

***
Səslənir ucalara,
Sükut-sükut nar bağı.
Yaşılı, qırmızısı,
Hər şeylərin uzağı.

Yarpaqlar - ya pir deyil,
Gör necə öpür göyü.
Kim açar bu pərdəyi,
Nə solu var, nə sağı.

Bir bu qədər dərində,
Acılaşıb şirin də.
Bu yerdə sözlədin də,
Muçuqlayır dodağı.

***
Görəsən çoxmu qalıb,
Hələ işıqlanmağa?
Səhər açılan kimi,
Gərək yüyürək bağa.

Nə gizlətmişdi otlar,
O titrəşməklərində?
Yaxşı baxa bilmədim,
Nəsə vardı dərində.

Nədən əsişirdilər,
Reyhanlar incik-incik.
Yüz yaşlı gənc akasya,
Bir yaşlı qoca incil.

***
Bu gün çəkin hər şeydən,
Bu gün heç nədə olma,
Elə qurtar, elə bit,
Bircə zərrə də qalma.

Elə uc, elə sovrul,
Qalmasın izin, tozun.
Silinsin ağın, qaran,
Qırmızın, göyün, bozun.

Bu gün vur, dağıt, çal, çap
Min olsun bir yoxluğun.
Bu gün yuxarıdan get,
Küpünə gir yoxluğun.

TƏQVİM / ARXİV