HƏYAT SƏNİ GÜLDÜRƏNDƏ GÜLMÜSƏN...

FAİQ QİSMƏTOĞLU
95784 | 2015-06-06 01:33

Həmişə kefimizin kök vaxtında və ala buluddan nəm çəkən anlarımızda işimiz-gücümüz, hər şey yağ kimi gedir. Hətta xoş günlərdən, yeyib-içməkdən, istirahət etməkdən başımız açılmır ki, yaxınlarımızla əlaqə yaradaq, onlardan xəbər tutaq. Biri də gileylənəndə ki, niyə səndən səs çıxmır, çox sakit və soyuqqanlı halda deyirik; vallah, başım çox qarışıqdı. O qədər qarışıqdı ki, adım da yadımdan çıxıb.
Adın yaddan çıxmağı o qədər də yaxşı şey deyil. İnsanın ki, adı yadından çıxdı, deməli, hər şeyi unudacaq və heç nə xatırlamayacaq. Hər şey də unudulanda və xatırlanmayanda insan daha cılız, daha imskin və mənən daha kasıb görünür. Onu heç kimə arzulamazdıq.
Sözümün canı ondan ibarətdir ki, xoş günlərimizdə, bayaq dediyimiz kimi, kefimiz ala buluddan nəm çəkəndə nəinki yaxınlarımız, hətta növzənbullah, Allah da yadımızdan çıxır. Xoş gündə, xoş güzəranda gülməyə nə var ki?!
Əlini hara atırsan, kefin kök olur. El dilində demiş olsaq, əlin dolu qayıdır. Qoy olsun! Ancaq gərək çətin gününü də, ağır anları da və yıxıldığın məqamları da düşünəsən. Düşünəsən ki, ey dadi-bidad, bu xoş günlərin, kefli-damağlı anların ağlamalı məqamları da ola bilər. Biz bilmirik o məqam, o an nə vaxt yaxalayacaq bizi. Bilsəydik biz də olardıq peyğəmbər. Çünki Allah-Təala müəyyən möcüzələri və öncəgörmələri peyğəmbərlərə hədiyyə verib. Hətta deyilənlərə görə, bəzi insanların ürəyindən çox şey keçib. Və yuxudan qalxıb deyir ki, mənə vergi verilib. Sonradan məlum olub ki, o ya güclü stress keçirib, ya da ruhi xəstədir. Bizim bunlarla heç bir işimiz yox, kim nə eləyir, nə eləmir yaxşı və pis işinə görə Allah-Təala qarşısında yalnız özü cavab verəcək.
Ancaq bir onu bilirəm ki, hər adam ağır dərdin, qəmin altına çiynini verə bilmir. Çiynini versə də, o yükün ağırlığı onu o qədər sıxır ki, o bu dərdə tab gətirmir. Yaxın bir dostum var, çox gözəl sənətkardı. Ayaqqabı təmir edir. Bu yaxınlarda həyat yoldaşını itirib. Həyat yoldaşını itirəndən sonra gecəsi, gündüzü yoxdur. Qəşəng düzəltdiyi o bağçanın həyətində bu gün də yoldaşını axtarır. Hər gülə, çiçəyə baxanda Eldarın yadına uzun illər bir yastığa baş qoyduğu yoldaşı düşür. Cəmi 20 gündür həyat yoldaşı Allahın dərgahına qovuşub. Amma bu 20 gündə usta Eldar hər dəqiqə, hər saat yoldaşı ilə dərdləşir, söhbətləşir. Oğlanları, gəlinləri, nəvələri heç biri ona həyat yoldaşının yerini verə bilmir. Hər dəfə də onunla söhbət edəndə təsəlli verirəm və deyirəm ki, səbirli ol. Usta Eldarın gözləri dolur və tük basmış üzü kədərin içində görünür. Sanki onun üçün hər şey bitib. Amma bir balaca qəlbinə yol tapanda, ürəyini ələ alanda yenidən həyat eşqi gözlərində parlayır.
Usta Eldar çox halal və zəhmətkeş adamdır. Otuz ildir onunla qonşuyuq, anam-bacım olsun, həyat yoldaşı da çox ismətli, əxlaqlı və zəhmətkeş bir xanım olub. Usta Eldar köks ötürür və dillənir:
- Tay mən yaşamaq istəmirəm, onsuz mənim üçün həyat bir cəhənnəmə bənzəyir. Məzarının yanında özümə yer də düzəltdirmişəm. Ağırdı mənimçün. Heç kim onun yerini verə bilməz.
...Gözləri yenidən dolur. Günəşin şəfəqləri üzünə düşür. Və o çöhrədə bir nur yaranır. O nur onu hara aparacaq, hara qovuşduracaq, bilmirəm. Amma bir onu bilirəm ki, həyat yoldaşları üçün sadiq olan Eldar kimi insanlar çox azdır. Ən azından biz qadınları kişilər dünyasını dəyişəndə belə bədbin görmüşük. İndi Eldar qardaşımı görürəm və fikirləşirəm ki, qadınlara da sədaqətli olan belə kişilər varmış. Son söz olaraq Eldar qardaşımıza böyük şair və rəhmətlik Bəxtiyar Vahabzadənin bu misralarını yada salıram:

Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül, görüm...

TƏQVİM / ARXİV