Azərbaycan bir addım öndə

ETİBAR CƏBRAYILOĞLU
64445 | 2015-06-06 01:31
Cəmi bir neçə gündən sonra bütün Avropanın ürəyi Azərbaycanda döyünəcək. Köhnə qitədə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının məşəli Bakıda alovlanacaq. Bu mühüm yarışla bağlı hazırlıqlar yekunlaşmaq üzrədir. Mətbuat, telekanallarımız I Avropa Oyunlarını daim diqqət mərkəzində saxlayır, ətraflı işıqlandırır. İctimai Televiziya və Radio Yayımları Şirkəti bu işdə xüsusi fərqlənir. Bu kanal öz daimi izləyicilərinə I Avropa Oyunları ilə bağlı operativ və dolğun məlumatlar verir.
Müsahibimiz İctimai Televiziyanın Səhər proqramları departamentinin direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Direktorlar Şurasının üzvü Rauf Rəcəbov Bakıda start götürəcək I Avropa Oyunlarını böyük ictimai-siyasi əhəmiyyətə malik bir hadisə kimi dəyərləndirir:

- Həqiqətən də tarixi bir hadisə ərəfəsindəyik, birinci dəfə təşkil olunan Avropa Oyunları məhz ölkəmizdə, onun əsrarəngiz paytaxtı Bakıda keçiriləcək. Bu, sözsüz ki, Azərbaycana göstərilən böyük bir etimaddır. Regionda lider dövlət olmaqla və bir çox transmilli layihələrdə aparıcı qüvvə kimi çıxış etməklə bütün dünyanın diqqətini özünə tərəf yönəldən ölkəmiz belə bir məsul yarışı keçirməyi haqq edib. Təsadüfi deyil ki, 2012-ci il dekabrın 8-də keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında Bakının namizədliyini 38 dövlət dəstəkləyib. Belə bir qərarın qəbul olunması dövlət başçısı İlham Əliyevin, bütün xalqımızın qələbəsi idi. Həmin sessiyadan ötən cəmi iki il ərzində I Avropa Oyunlarının təşkili ilə bağlı görülən işlər, yeni inşa edilən idman arenaları, yenidən qurulan stadionlar və yaradılan infrastruktur Azərbaycanın nələrə qadir olduğunu bir daha sübut etdi. Çox qısa bir müddətdə və yüksək səviyyədə görülən işlərdən danışarkən I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətini qeyd etməmək mümkün deyil. Mehriban xanım Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti həqiqətən də ən xoş sözlərə layiqdir.
Doğrudan da ölkəmiz bir çox məsələlərdə əsl mayak rolunu oynayır. I Avropa Oyunlarına hazırlıq işlərində də bu aydın göründü. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan belə bir mühüm tədbirin hazırlanması və keçirilməsi ilə bağlı standartlar müəyyənləşdirdi. Növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkələr şübhəsiz ki, Azərbaycanın təcrübəsindən yararlanmağa çalışacaq. Bu baxımdan, mən belə hesab edirəm ki, I Avropa Oyunlarının yekunlarından asılı olmayaraq Azərbaycan qitənin digər ölkələrindən artıq bir addım öndədir.
- Belə mötəbər idman yarışlarının bir siyasi çəkisi də olur...
- Şübhəsiz, bu belədir. I Avropa Oyunlarına təkcə idman yarışı kimi baxmaq düzgün olmazdı. Nəzərə almaq lazımdır ki, 50 ölkəni təmsil edən 6 mindən çox idmançı yarışda iştirak etmək üçün Azərbaycana gələcək. Müxtəlif dövlətlərin rəhbərləri, hökumət başçıları həmin günlərdə Bakıda olacaqlar. Oyunlar keçirilən vaxt ölkəyə çoxsaylı əcnəbi turistlərin gəlməsi gözlənilir. Dünyanın aparıcı telekanalları I Avropa Oyunlarından canlı reportajlar yayımlayacaq, süjetlər təqdim edəcək. Ekran qarşısında oturan milyonlarla insan Azərbaycan həqiqətləri ilə real tanış olmaq imkanı qazanacaq. Təbii ki, bu da ölkəmiz üçün əlavə siyasi və mənəvi dividentlər deməkdir. Bildiyim qədəri ilə I Avropa Oyunlarının çox möhtəşəm rəsmi açılış mərasiminə tamaşa edən milyonlarla insan Azərbaycanın dünyaya hansı mesajlar verdiyinin də şahidi ola biləcək.
Bir məsələni xüsusi qeyd etmək istərdim, xalqımız bu önəmli tədbirə böyük həvəslə hazırlaşır, belə bir möhtəşəm yarışın Azərbaycan paytaxtında keçirilməsindən qürur duyduğunu ifadə etməyə çalışır. I Avropa Oyunlarının məşəli rayonlarımızı gəzərkən insanların bu estafetə necə böyük sevinclə qoşulduqlarını görəndə ziyalı bir vətəndaş kimi ürəyim dağa dönürdü. Bu mənzərə mənə 2011-ci ildə "Avroviziya" mahnı müsabiqəsində qazandığımız qələbəni xatırlatdı. Həmin axşam İctimai Televiziyadakı iş yoldaşlarımla Bakının müxtəlif yerlərindən canlı bağlantılar, reportajlar hazırlayırdıq. Sadə insanların Azərbaycanın adı ilə bağlı bu qələbəyə necə sevindiklərini görmək həqiqətən də maraqlı idi. Xalqımız öz müstəqil və qüdrətli dövlətinin hər bir qələbəsinə sevinməyi bacarır. Biz bunu I Avropa Oyunları keçirilən günlərdə də aydın görəcəyik.
- İctimai Televiziya, bir qədər də konkretləşdirsək, rəhbərlik etdiyiniz Səhər proqramları departamenti I Avropa Oyunlarının təbliği ilə bağlı hansı işləri görür?
- Azərbaycanın efir məkanında öz dəsti-xətti olan İctimai Televiziyanın rəhbərliyi və hər bir əməkdaşı bu mövzuda geniş danışa bilər. Çünki gördüyümüz işlər çox olduğundan danışmağa sözümüz də var. Həqiqətən də bizim kanal bu mühüm tədbirin təbliğinə geniş yer ayırır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Cəmil Quliyevin rəhbərliyi ilə bu işlərə iki ay öncədən başlamışıq. Bizim Səhər proqramları departamenti bu vacib işə öz töhfəsini verərək "Bakı-2015"lə bağlı roliklər hazırlayıb. Geniş tamaşaçı rəğbəti qazanan "Yeni gün" proqramında hər gün I Avropa Oyunlarının mahiyyəti, əhəmiyyəti, görülən və görə biləcəyimiz işlər haqqında söhbətlər açırıq, müzakirələr aparırıq. Studiyaya dəvət etdiyimiz millət vəkilləri, hökumət nümayəndələri, tanınmış ziyalılar və sənətçilər I Avropa Oyunları ilə bağlı düşüncələrini tamaşaçılarla bölüşür. Müxtəlif idman federasiyalarını təmsil edən şəxslər, məşqçilər və idmançılar da tez-tez "Yeni gün"ün qonağı olur. Gənclər və İdman Nazirliyinin rəhbərliyi bu işdə bizim departamentə yaxında kömək edir.
Bildiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyi də bu məsul yarışla bağlı müəyyən tədbirlər həyata keçirir. Yarışlar keçirilən günlərdə əcnəbi idmançıların və xarici turistlərin maraq dairəsində olan muzeylərin, teatr və konsert müəssisələrin rəhbərlərini də studiyaya dəvət edirik. Gələn zənglərdən, reaksiyalardan belə məlum olur ki, tamaşaçılarımız görülən bu işləri maraqla qarşılayır.
- I Avropa Oyunları keçirilən günlərdə yəqin ki, studiya daha qonaq-qaralı olacaq...
- Böyük idman həyəcanı yaşanan 17 gün ərzində "Yeni gün"ün studiyasında da özünəməxsus atmosfer yaratmağa çalışacağıq. I Avropa Oyunlarında uğurlu nəticələr qazanan xarici və yerli idmançılar, yığmaların məşqçiləri, əcnəbi həmkarlarımız, yarışları izləməyə gələn turistlər qonmağımız olacaq. Qonaqlarımıza şərait yaradacağıq ki, qədim Azərbaycan, onun əsrarəngiz paytaxtı, burada keçirilən I Avropa Oyunları barədə fikirlərini tamaşaçılarla bölüşsünlər, təəssüratlarını danışsınlar. "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsi ilə bu barədə danışıb razılığa gəlmişik. Onların köməyi ilə peşəkar kollektivimiz səhər-səhər İctimai Televiziyaya baxan tamaşaçılara maraqlı, baxımlı proqram təqdim edəcək.

TƏQVİM / ARXİV