adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

PUL DƏRDi, QiYMƏT DƏRDi...

BABƏK YUSİFOĞLU
30691 | 2011-10-12 06:52
Əlbəttə, günümüzün elə mövzuları var ki, mətbuat tez-tez, təkrar-təkrar onları gündəmə gətirməli olur. Bu o məsələlərdir ki, həm insanlarımız o haqda ətraflı məlumat almaq istəyirlər, həm də həmin reallıqların məmurların diqqətinə çatdırılmaq zərurəti yaranır. Hələ bir ay öncə əhalinin ürəyini qopmacaya salan bir söhbət ildırım kimi hər tərəfə yayılmışdı: bu, paytaxtda nəqliyyatın intellektual idarəetmə sisteminə keçəcəyi ilə əlaqədar ictimai nəqliyyatda gediş haqqının bahalaşacağı idi. Nəqliyyat Nazirliyinin nümayəndələri də başlayan narazılığa izahat vermək üçün mətbuatda bəzi məsələlərə açıqlıq gətirməyə çalışdı. Onların uzun-uzadı verdiyi izahatları təkrar etmək istəmirəm. Çünki buna lüzum da yoxdur. Yalnız söhbətin canının nədən ibarət olduğunu bildirim.
   
   Deyilirdi ki, nəqliyyatın yeni sistemə keçməsi və onun fəaliyyət göstərməsi üçün daha çox vəsait sərf olunduğundan gediş haqlarının artırılacağı məsələsi gözlənilir. Həmin ərəfədə ictimai nəqliyyatdan istifadə edən bir sıra Bakı sakinlərinin məsələ ilə bağlı fikrini öyrənmişdim. Deyilənləri dəyərləndirən sakinlər birmənalı şəkildə söylədilər ki, əgər bu yeni "intellektual sistem" əhalinin cibinin puluna düzəldiləcəksə, sonra cibində siçan oynayan hər kəsin maddi durumuna zərbə vuracaqsa bu "intellektual" bizə lazım deyil. Hətta bəziləri ironiya da etmişdilər ki, ondansa at, uzunqulaq arabası gətirilsəydi daha yaxşı olardı. Yeri gəlmişkən, bir də onu xatırlatmaq istərdim ki, bu cür söhbətlərdə "malı-mala" qatmasınlar. Məlumdur ki, ümumiyyətlə ölkənin nəqliyyat sektorunda aparılan islahatların, görülən işlərin böyük bir qismi dövlət büdcəsinin hesabına aparılır. Bunu da camaatın maddi durumunu nəzərə alıb eləyirlər.
   
   Əhalinin büdcədən maliyyələşən təbəqəsinin, təqaüdçülərin, gəliri az olanların aldıqları əmək haqlarının səviyyəsini nəzərə alsaq, vallah at, uzunqulaq arabaları ilə bağlı təklif verənləri qınamaq mümkün deyil. Çünki ekspertlərin hesablamalarına görə, dörd nəfərdən ibarət kiçik bir ailədə əgər gündəlik üç nəfər (təhsil müəssisəsinə, problemi ardınca, işə getmək üçün) ictimai nəqliyyatdan istifadə edirsə, ailənin aylıq gəlirinin təxminən 25 faizi mütləq şəkildə yalnız gediş-gəlişə sərf olunur. Özü də bu məhz indiki qiymətlər müqabilində 25 faiz təşkil edir. Belə çıxır ki, nəqliyyatda gediş haqları bahalaşandan sonra isə "büdcəçilər"in aylıq gəlirinin 30-35 faizi nəqliyyata xərclənəcək. Bunu təsəvvür edə bilirsinizmi?
   
   Və heç kəs deməsin ki, bunda nə var ki? Ona görə deməsin ki, bu yazıq "büdcəçilər"in axı canı yalnız bununla qurtulmur. Hər ay işığa, qaza, suya, liftə, zibilə, kanalizasiyaya, telefona, ev puluna... ödənən xərcləri də nəzərə alsaq, belə çıxır ki, "büdcəçilər" növbəti qiymət artımından sonra həqiqətən özləri üçün at arabası tapmaq zorunda qalmalı olacaqlar. Axı, dərd heç də təkcə nəqliyyat deyil. Çünki hamı çox yaxşı bilir ki, nəqliyyatda qiymət artımı baş verən kimi bütün digər sahələrdə də bahalaşma qaçılmaz olur. Ərzaqdan tutmuş, saqqıza qədər hər şeyin qiyməti ceyran belinə çıxır. Onda bu "büdcəçilər"in halı necə olacaq?
   
   Amma sən demə, bunlar da heç hamısı deyilmiş. İndi də kasıb-kusubun ən çox istifadə etdiyi metronun da gələn ildən bahalaşacağı söylənir. Məmurlar onu fakt kimi camaatın gözünə soxurlar ki, Bakı metrosu dünyada ən ucuz metrodur. Hətta həm MDB-də, həm də dünyadakı metrodakı gediş qiymətləri sadalanır. Qardaş Türkiyədə bunun 80 lirə, Rusiyada 35, Ukraynada 16 qəpik, Nyu-Yorkda 2 dollar və s. olduğu dönə-dönə vurğulanır. Qərbi və Şərqi Avropa ölkələrindəki metro ödənişləri misal çəkilir.
   
   Vallah, billah, Həzrət Abbas haqqı, bu millət xəsisliyindən nəqliyyatda gediş haqqlarının bahalaşacağına etiraz eləmir. Camaat buna məcburdur, çünki aldığı əmək haqqını bu ayın başından o biri ayın başına çatdırmaq üçün nə zülümlər çəkir, bunu bir Allah, bir də çəkənlər bilir. Ay kişilər, ay qardaşlar, ay canım, ay hökumət nümayəndələri, nolar belə danışanda bir dəfə də xaricdəki "büdcəçilər"in aldıqları maaşla bizimkilərin maaşının məbləğini deyin. Əgər bizimkilərin aylıq maaşları onlarınkı qədərdisə onda halaldı, siz də bizim nəqliyyatdakı gediş haqlarımızı qaldırın eləyin oradakı qədər. Əgər bir əcnəbinin ay ərzində təkcə siqaretə verdiyi pul bizdəki bir müəllimin maaşından çoxdursa, bizim camaat nəqliyyata bu qədər pulu necə, haradan xərcləsin?! Bunu heç "foksnik"lər də bacarmaz...
   
   Mənim üçün çox maraqlıdır, lyukus maşınlarda gəzən və heç vaxt avtobusdan, metrodan istifadə etməyən, amma nəqliyyatda gediş haqqının bahalaşmasının zəruri olduğunu deyib dad döyənlər özləri bir müəllim qədər maaş alsaydılar necə yaşayardılar? Onda da deyərdiləmi, gediş haqqı bahalaşmalıdır?! Mənə elə gəlir ki, bütün qanunların fövqündə insan amili, xalqın, millətin rifahı durur və durmalıdır. Və belə olduğu təqdirdə insanların rifahı ilə, ölkənin tərəqqisi naminə həyata keçirilən işlərə görə qiymətləri qaldırmazdan öncə əmək haqları nəzərə alınsa daha doğru olar. Camaat zor durumda buraxılmasın. Onların həyatlarının necə çətin keçdiyindən xəbərsiz ola bilərsiniz, amma sonda onlar sizin xalqınızdı.

TƏQVİM / ARXİV