adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Kitabların əhatəsində ispan şorbası...

SAMİRƏ ƏŞRƏF
24500 | 2015-06-06 01:28


Atalar deyib ki, "el üçün ağlayan göz kor qalar". Mən isə deyirəm el üçün ağlamayan kor qalar. Üstəlik bu ağlamayan ədəbiyyat adamı, yazıçı, şair, publisist, bir sözlə söz adamıdırsa, o, ümumiyyətlə ömürlük korluğa məhkumdur. Çünki fikir adamının hər şey cəhənnəm, birbaşa onun özünə aid olan məsələlərlə bağlı susqunluğu bağışlanmazdır. Tutaq ki, gənc bir yazarın kitabı illərlə kitab mağazasında satılmırsa, gizlədilirsə, anbarlarda məhv olunursa, o, artıq buna çoxdan etiraz etməliydi. Bunun üçün zaman-zaman bir sıra məqamlar da yaranmışdı. Amma təəssüf ki, həmin məqamlarda hamı kirimişcə çəkilib bir kənarda dayandı. Hərə öz aləmində "taktika" işlədirdi. Guya allah qoymasa birdən bunlar nə vaxtsa, dünya şöhrətli yazıçıya çevrilə bilərlər və tutaq ki, Nigar Köçərli də birdən həmin yazıçının nə vaxtsa ona qarşı çıxmasını xatırlayıb onların kitablarına azərbaycanlı oxucunu həsrət qoyardı.
Bunları elə belə havadan, sudan yazmıram. Yadıma gəlir, il yarım bundan əvvəl kitabların satılmaması, xüsusilə "Əli və Nino" mağazalar şəbəkəsində yerli yazarların kitablarının sıxışdırılması məsələsi gündəmə gəlmişdi. Azadlıq radiosunun "Pen klub" verilişində yazıçı Şərif Ağayar təkcənə Nigar Köçərli ilə mübarizə apardı. Xanım dəfələrlə onun fikirlərini gülüşlə qarşılayıb istehza etdi.
Bu gün də Şərif bəyin əsəbdən qızarmış siması gözlərim önünə gələndə çox pis oluram. Həmin verilişdən sonra dörd, beş yazıçını çıxsaq heç kim bu məsələyə öz münasibətini bildirmədi. Hamı susmuşdu. Halbuki, onlar susduqları zaman kitabları da "Əli və Nino" mağazasının anbarlarında çürüyürdü.
Bəs indi nə baş verdi?! Niyə gənc yazarlar mütəşəkkil olmağa qərar veriblər? Təbii ki, bir çox səbəblər aydındır. Lakin mən aydın olmayan tərəflərdən yazmaq istəyirəm.
Məlum məsələdir ki, bizim məmləkətdə kitab oxunmur yox, kitab ümumiyyətlə heç kimə lazım deyil. Siz hələ şükür edin ki, bu gün beş, on gənc ordan burdan Həmid Herisçinin, Şərif Ağayarın, Seymur Baycanın kitablarını tapıb oxuyurlar. Sağlıq olsun, innən belə gələn gəncliyin böyük əksəriyyəti ümumiyyətlə kitabın nə olduğunu bilməyəcək. Nə etməli, kitabın, yazıçının və ən əsası ədəbiyyatın təbliğ olunmadığı bir dövrə, zəmanəyə gəlib çıxdıq.
Acı faktlar göz qarşısındadı. Bunlardan qaçmaq qeyri-mümkündür. İnsanların mütaliə səviyyəsi acınacaqlı vəziyyətdədir. Mağazalar kitabı gizlədir, yazıçılar susur, Nigar Köçərli yerli yazarlara yuxarıdan aşağı baxmaqda davam edir. Onların kitabını satmayacağını bildirir. Hətta hərdən bir rus ləhcəsi ilə onları lağa da qoyur. Gülüş hədəfinə çevirməyə cəhd edir. Nə üçün, niyə? Bilən yoxdur. Ümumiyyətlə tam səmimi deyim ki, indiyənə qədər bu xanımın Azərbaycan ədəbiyyatı, yazıçıları ilə hansı dərdinin olmasını özüm üçün müəyyənləşdirə bilməmişəm. Kiminsə bu barədə bir fikri, bilgisi varsa, lütfən məni də aydınlatsın.
Təəssüf ki, xasiyyətcə emossional insanam. Yoxsa, ərinmədən bu xanımın qarşısına keçib ona konkret belə bir sual ünvanlayardım: - Nigar xanım, soruşmaq ayıb olmasın, kitab mağazası kitab da satmayandan sonra nə satacaq? Dönər, qamburger, yoxsa ispan şorbası?
Necə ki, bir vaxtlar sizin mağazanızın kafesində kitabların əhatəsində həm də nanəli ispan şorbası satılırdı. Bu həmin vaxtlar idi ki, yerli yazarlarımız hər həftə sözügedən kitab mağazasının qarşısında yağışlı, soyuq havalarda imza günləri keçirirdilər. Mağazanın yeraltı kafesi o qədər darısqal idi ki, onlar təqdimatları bayırda keçirməyə də razı olurdular. Təki oxucu çoxalsın, ədəbiyyata, kitaba maraq yaransın. Bu gün qazandığınız oxucular da həmin dövrün oxucularıdı. Onlar ilk növbədə öz yerli yazıçılarının ardınca gəldikdən sonra sizin mağazalarınızın varlığından xəbərdar olmuşdular.
İndi mağazalarınızda oxucuların tələbatına uyğun olaraq sifariş olunub satılan xarici müəlliflərin əsərləri də məhz bəyənməyib, istehza etdiyiniz yerli yazıçıların öz yazılarında təbliğ etdikləri əsərlərdi ki, oxucular gəlib alırlar.
Təkcə Seymur Baycanın beş məqaləsində apardığı maarifləndirmə işinin, təbliğatın beş faizini sizin bütöv mağazalar şəbəkəniz edə bilməyib. Amma belə bir yazıçının kitabları sizin mağazalarınızda tapılmır.
Əlqərəz, əziz həmkarlar etirazlarınızın yaxşı nəticələr verəcəyinə ümid edərək sonda onu qeyd etmək istəyirəm ki, ədəbiyyat həm də vicdan məsələsidir. Və hansısa məqamlarda ədəbiyyatın tərəfində olan insanlara qarşı vicdansızlıq görəndə ona dəstək olmaq, yanında dayanmaq lazımdır. Əks təqdirdə həmin səmimi, ürəyitəmiz insanların başına gələnlər vaxtı gəlib çatanda bir gün sizin də başınıza gələ bilər. Necə ki, gəldi də.

TƏQVİM / ARXİV