adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Terroristi Milli Məclisdə, Millət Vəkili Həbsdə Olan Ölkə

FƏRHAD ŞABANOV
19592 | 2011-10-11 07:05
Demək olar ki, Türkiyədə hər gün şəhid xəbərləri olur. Türk xalqının buna öyrəşməsi çox pisdir. "Şəhidlər ölməz, vətən bölünməz" qışqırıb, türk bayraqlarını əllərinə alıb küçələrə tökülmək heç nəyi dəyişmir. PKK Antalyada, Ankarada bombalar partladır. Türkiyənin şərqində günahsız insanları güllələyir. Ən acısı isə hamilə bir qadının öldürülməsidir. Görün ki, bu gözü dönmüş pkk vəhşiləri hələ dünyaya gözünü açmamış ana bətnindəki körpəni belə öldürəcək qədər canidir.
   
   Bəs türk mətbuatı bu hadisələri hansı dərəcədə işıqlandırır?! Hökümətə yaxın qəzetlər bu xəbərlərə manşetin ya altında, ya da üstündə kiçik bir yer verir. Yəni ki, görünməyəcək bir yer tapılır ilk səhifədə. Müxalifətə yaxın, hökümətə uzaq qəzetlər bu xəbərləri böyük hərflərlə manşetdən verir. Hətta bəzən ifrat dərəcədə şişirdilir.
   
   Universitetdə müəllimlər Türkiyənin xarici siyasətinin iflas etdiyindən danışır. Tələbələr Türkiyənin daxili vəziyyətinin acınacaqlı olduğunu deyir. Qərb qəzetləri Türkiyənin güclü iqtisadiyyatını və "Ərəb Baharı"na olan münasibətini tərifləyir. Ərdoğanın İsraili "qorxutmaq" üçün etdiyi çıxışlar İsraildəki 2 yaşlı uşağı belə güldürür. Kıbrısın Aralıq dənizindəki neft-arama çalışmalarına qarşı Türkiyənin göndərdiyi Piri Rəis gəmisi "qarışqanın filə padnojka verməsi" kimi bir şeydi.
   
   Qonşularla sıfır problem siyasəti çoxdan iflas edib. Suriya Türkiyədən gələn idxalı dayandırdı, cavabında Əsədin hesabları donduruldu. Ölkəyə vurulan iqtisadi zərbəyə qarşı bir nəfərin cibinə zərbə vurmaqla kifayətlənildi.
   
   Türkiyənin savaş təyyarələri İraqın şimalını bombaladı. Deyilənə görə indi də davam edir. Türkiyənin bu addımı nəinki terroru azaltdı, əksinə çoxaltdı. Bir nazir çıxıb dedi ki, hava qüvvələri ilə yanaşı milli ordumuz da İraqa girib terrorun kökünü qurudacaq. Bir başqa nazir dedi ki, boş söhbətdi. Müxalifət lideri dedi ki, belə hökümət olar? Terrora qarşı zurna-barabanla müharibə elan edirlər.
   
   Barış və Demokratiya partiyasının adından başqa barış və demokratiya ilə heç bir əlaqəsi yoxdu. Türkiyənin əsgərləri şəhid olarkən heç bir açıqlama vermirlər. İraq dağlarında 2-3 terrorist öldürüləndə çıxıb utanmaz-qızarmaz açıqlamalar verirlər. Qardaş qanı axıdırsınız, falan filan.
   
   Türkiyənin terrora qarşı qanunları çox light-dı. Əgər bir partiyanın iclaslarında Atatürk əvəzinə PKK terror təşkilatı başçısı Abdullah Öcalanın şəkilləri asılırsa bu partiyanın əməkdaşlarının və dəstəkləyənlərinin terrorist olması üçün dağa çıxıb silaha qurşanması mı gərəkdir? Bizim universitetdə doludur bunlardan. Bunları hamı görür və bilir. Asdıqları afişalar, qışqırdığı şüarlar konkret terror təşkilatını dəstəkləyir. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün şəklini divardan yerə salıb yerinə Öcalanın şəklini asırlar. Məncə Atatürkə qoyulacaq hörmət bu deyil.
   
   Türkiyədə yaşayan kürdlərin yalnız 40%-i bunları dəstəkləyir. Çünki geri qalanı həyatlarından məmnundur. Çünki artıq öz ana dillərində telekanal var. Artıq öz dillərində mahnı oxuyanda heç kim tutub onları türməyə salmır. Demokratiya budur, dağa çıxıb günahsız insanları öldürmək yox.
   
   1 Oktyabrda Türkiyə Böyük Millət Məclisi yeni dönəmə başladı, ancaq iki millət vəkili azadlıqdan məhrum olduğu üçün iclaslarda iştirak edə bilmir. Bu dönəmdə Türkiyə üçün yeni konstitusiya hazırlanması nəzərdə tutulub. Konstitusiya millətin iradəsini əks etdirməlidir. Əgər 2 millət vəkili həbsdədirsə, hansı milli iradədən söhbət gedir burda?
   
   Türkiyə çox qəribə dövlətdir. Bəzən elə bir addım atır ki, insan fikirləşir bura ən demokratik ölkədi. Bəzən də elə addım atılır ki, iraq bizdən deyirsən. Qısaca olaraq terroristi Milli Məclisdə, millət vəkili həbsdə olan bir dövlətdir Türkiyə.
   
   Eşidəndə çox təəccübləndiyim bir neçə hadisəni bu yazıya montaj etmək məncə Türkiyənin durumunu bir az da olsa ortaya qoyacaq. "Adım Oğuzxandır. Müəllim ilk dərs günü hamının adını soruşdu. O gündən sonra məni qara siyahıya aldı elə bil. Ən çox ayağa qaldırılan tələbə də mən olurdum, ən çox aşağılanan da. Bir gün müəllim sinifdə dedi ki, mənim damarımdan kürd-erməni qanı axır. Onda mən başa düşdüm ki, mənim adım bunun xoşuna gəlməyib ona görə məni incidir."
   
   Bir gün Ankaradakı Qazi universitetinə qulağında sırğa olan bir oğlan daxil olur. Oğlanı qırağa çəkirlər və ağzını açmağa imkan verməmiş tutub qulağını cırırlar ki, türk kişisi sırğa taxmaz. Axır oğlan özündə güc tapıb qışqırır ki, mən türk deyiləm, Abxaziyadan gəlmişəm.
   
   Türkiyə Mövlananın dediyi kimi, "nə olursan ol, yenə gəl" ölkəsi deyil. Gərək hansı yerdə, hansı insanla, hansı mövzunu danışmaq olar, ya da olmaz onları biləsən. Liberal insan çox azdı bu ölkədə. Səbəbi isə çox aydındı. Atatürk dövründə dindarlar sıxışdırılıb və əziyyət görüb. Daha sonra ordu çevrilişlərində kommunist gənclərə işgəncələr edilib. Ona görə cizgilər çox sərtləşib. Bir adam ya o tərəflikdi, ya bu tərəflik. Liberallar isə dünyadan xəbəri olmayan, tarixi bilməyən, izdivac proqramlarından başqa heç nəyə baxmayan vətəndaşlardır. Onlar üçün fərqi yoxdu heç nəyin. Ya da həddindən artıq çox görmüş və oxumuş insanlar.
   
   Hava soyuduqca qaz və işıq pulu artırıldı. Ankara əhalisi soyuq qış gecələrində partlayışların törətdiyi yanğınlarla isinməyə hazırlaşır. Çünki Türkiyə Millət Məclisinin qəbul etdiyi qərar ilə terroristlərin məskən saldığı dağların bombalanmasının müddəti bir il də uzadıldı. Atılan bombaların, təyyarələrin işlətdiyi benzinin pulunu çıxartmaq lazımdı. Bundan başqa terrora dəstək verdikləri üçün on minə yaxın insan həbs edildi. Əlbəttə bunların cavabı qarşı tərəfdən növbəti bombalar olacaq. Yaşayarıq, görərik...

TƏQVİM / ARXİV