adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

MAFiYA... iMPERiYASI

BABƏK YUSİFOĞLU
60343 | 2011-10-11 07:03
Qəribədir, dünyada insanın təsəvvürünə gələn və gəlməyən, ən heyrətamiz hadisələr baş verir. Və bəzən də inana bilmirsən ki, sən də həmin dünyanın içərisindəsən...
   
   Bir vaxtlar Birləşmiş Ştatlarda nəşr olunan "Time" jurnalında bir siyahı dərc edilmişdi. Bu siyahıda məhz o şəxslərin adları sadalanırdı ki, onlar avtomobili, təyyarəni, televizoru, kompyuteri, interneti... kəşf etmiş, bir sözlə XX əsrin simasını müəyyənləşdirmişdilər. Əlbəttə, bəşəriyyətə böyük faydalar verən belə şəxslərin hansısa mətbu orqanda əbədiləşməsi təbii idi. Lakin qəribəlik onda idi ki, bu siyahıda Bill Qeytsin, Henri Fordun "qonşusu" heç nəyi kəşf etməyən, uzaq Siçiliyadan 1906-cı ildə öz qələbəlik ailəsi ilə Amerikaya təşrif buyuran "qaranlıq dünya"nın ən böyük bosslarından biri, mafiya "atası" Salvatore Luçiano idi.
   
   Və o vaxtlar kimsə bilmirdi ki, gözləri daim bic-bic baxan bu balaca oğlan zaman keçdikdən sonra Birləşmiş Ştatların ən möhtəşəm şəhərlərindən birinə "böyüklük" edəcək. Adı dünyaca məşhur adamların siyahısına düşəcək. Amma doğrudan da, dediyim kimi, qəribəliklərlə dolu olan bu həyat hər zaman hər kəsi mat qoyacaq nəsə tapır. Kim idi Salvatore Luçiano? O, Amerikada hər kəsin tanıdığı, hər kəsin qorxduğu, çəkindiyi, qorxunc bir mafiya atası idi...
   
   SALVATORE VƏ "YENİ DÜNYA"DA BAŞLANĞIC
   
   
   
   O, 1897-ci il, 24 noyabrda Siçilyada - Lerkara-Friddidə (Palermoda) dünyaya göz açıb. Salvatore valideynləri Antonio Luçianonun və Rozalinin üçüncü övladı idi. Və ondan sonra da ailənin digər uşaqları olmuşdu. Salvatore hələ uşaqlıqdan digərlərindən fərqlənməyə başlamışdı. Hətta öz fərasətinə və diribaşlığına görə özündən böyük - Cüzeppe və Françeskini də üstələyirdi. Məlumatı olanların sözlərinə görə anası onu daha çox əzizləyərmiş.
   
   Heç də kicik olmayan ailənin dolanışığı yaxşı deyildi və günlər ötdükcə maddi çətinliklər daha da çox özünü büruzə verirdi. Onlar bir neçə il beləcə ehtiyaclarla vuruşduqdan sonra atası Antonio anladı ki, ailənin brada həyatına davam etməsi mümkün deyil. Özü də bu həmin dövrlər idi ki, okeanın o tayı - "Yeni dünya" avropalı insanlar üçün ümid torpağı rolunu oynayırdı. Xüsusilə də İtaliyadan, eləcə də Sicilyadan Amerikaya axın-axın ailələr köç edirdi.
   
   Salvatorenin atası da 1907-ci ildə Amerikaya getdi. Məqsədi də o idi ki, əvvəl təkbaşına bu uzaq səyahətə baş vursun, işlərini düzüb-qoşandan sonra Avropada qoyduğu ailəsini yanına gətirsin. Əlbəttə, Antonionu anlamaq heç də çətin deyildi, çünki bütöv ailə ilə birlikdə bele bir sınağı keçmək ağır olacaqdı. Hələ işin alınmayacağı ehtimalı da var idi. Amma çox çətinliklə də olsa Antonio da alındı. O, şaxtada çalışmağa başladı. Gecə-gündüz işlədi, düz iki il pul topladı. Və 1909-cu ilin aprelində ailə ABŞ-a köçərək Lauer İst-Saydda - Nyu-Yorkun əsasən emmiqrantların yaşadıqları rayonda yerləşə bildi. Onda Salvatorenin 10 yaşı vardı. Qeyd edim ki, bu rayonda İtaliyadan köç edənlər o qədər çox idi ki, ətrafda kimsə ingiliscə danışmırdı və bu da ilk illər üçün Luçianoların işinə çox yaradı. Amma onların Birləşmiş Ştatlara köçməsi heç də ailənin bütün problemlərini, heç olmasa maddi çətinliklərini çözməmişdi. Bu üzdən də Salvatore yeniyetmə dövrlərindən başlayaraq hər cür qara işlərdə çalışıb, aldığı kiçik qazancla ailəsinə kömək edirdi. Bu gələcəyin bir nömrəli qanqsterinin ilk həyat dərsləri idi...
   
   Salvatore qardaşlarından və digər gəlmə uşaqlardan fərqli olaraq artıq ingilis dilini öyrənmişdi. Çünki anlamışdı ki, əks təqdirdə heç nəyə nail olmaq mümkün deyil, hətta şəhərin yaraşıqlı, bəzəkli, böyük mağazalarına belə girib baxa bilməyəcək. O da bunun öhdəsindən gəlmişdi. Hətta Salvatore ingilscəni italyan ləhcəsi olmadan danışmağı bacarırdı. Ona görə də atasının köməkliyi ilə küçənin başındakı şlyapa tikən sexdə işə düzəldi. Od parçası olan Salvatore çox keçmədi buradakı işində ilk, kiçicik kapitalını yaratdı. Fərasətli Salvatoreni artıq ətrafda da yaxşı tanıyırdılar. Hərdən "razborka"lara da qoşulan siciliyalı əslində yalnız sexdəki işi ilə kifayətlənmir, daha çox pul əldə etmək, həyatın dibindən çıxmağın yollarını axtarırdı. Özü də onun üçün fərqi yox idi, bu yol haradan, necə keçəcəkdi...
   
   
   
   "KİÇİK İTALİYA"
   
   
   
   Bəlkə də həyatın gərdişi idi, gələcəkdə Birləşmiş Ştatların hər bucağına səs salacaq "Koza Nostra" mafiyasının gələcək bossu da bu "Kiçik İtaliya"nın sakinlərindən idi. Orta məktəbi yarımçıq buraxandan sonra Meyer Lanski və Baqs Siqal ilə tanış olan Salvatore bu iki şəxslə yaxın dost oldu və ömrünün sonunadək onlardan ayrılmadı. Elə bu adamlar da, digər yaxın dostları da gələcəkdə Salvatore Luçianonun sayəsində çox məşhurlaşacaqdılar. Buna isə hələ xeyli vardı.
   
   Belə demək olar ki, Salvatore artıq özü üçün bir mühit yaratmaqdaydı. Onun həyatında özünəməxsus iz buraxan Françesko Kastili - Frenk Kastello ilə də dostlaşdı. Bu dostluğun tarixçəsi də qəribə olmuşdu: 104-cü küçədə "işləyən" dəstə ilə Luçanonun arasında mübahisə yaranır və tərəflər güclərini göstərməyə qərar verirlər. Əslində bu, Nyu-York küçələrinin o zamankı sərt qaydalarından biri idi. Məsələyə hər iki dəstənin üzvləri də qoşulur, lakin Salvatore qarşı tərəfin bosu Françesko ilə görüşdən sonra qızışan mübahisə sülhlə çözülür. Məhz həmin illərdə Salvatore Luçianonun "hörməti" sürətlə artırdı. Manhettendəki digər sayılan-seçilən oğlanlar da onunla dostlaşmağa başladılar. İşlədiyi şlyapa sexinin sahibi Maks Qudmanın özü də bu bacarıqlı yeniyetməyə digərlərindən daha çox əmək haqqı ödəməklə onunla dostlaşmışdı. Bir qədər sonra isə Salvatore polisdə və siyasi arenada tanışları olan Corc Skoplondan cəlbedici bir təklif aldı. Corc deyirdi ki, şlyapaları müştərilərə daşıyarkən onların içərisində "ağ toz" - narkotika gizlədərək müştərilərə çatdırsın, bununla da yaxşı pul qazansın. Salvatore təklifi qəbul etdi və işin öhdəsindən çox yaxşı gəldi. Çünki hələ ondan şübhələnən yox idi.
   
   Lakin o bütün bunlarla kifayətlənən deyildi. Başqa dostlarından biri Luçianoya Nyu-Yorkun gecə həyatından danışdı, bir anın içərisində qumarda yaxşı pullar qazanmağın mümkün olduğunu söylədi. Kart oynamağı uşaqlıqdan bacaran Luçiano tərəddüd etmədən qumara girişmək üçün də qərar verdi və elə ilk dəfədəcə 224 dollar pul uddu ki, bu da o zaman üçün heç də az para sayılmırdı. Bu uğurdan sonra Salvatore daha böyük qumar stolları ətrafında oturmaq haqqında düşünürdü.
   
   
   
   "QARANLIQ DÜNYA"NIN KANDARINDA...
   
   
   
   Daha mötəbər "məkanlar"a girmək üçün özündən böyük qardaşının kostyumunu geyinərək "işə" girişən Salvatore Luçiano ilk "səfərini" yalnız imic üçün istifadə etdi. Çünki "böyüklər" onu yaxına buraxmalıydılar axı. Əynindəki böyük, çiyinləri sallanan pencək özünü öz qabında hiss etməyə imkan verməsə də qumarxanada bir damcı da içki içmədən, kimsəyə maneçilik törətmədən vaxt keçirdi, sonra isə sakitcə oranı tərk etdi. Effekt alınmışdı, növbəti dəfə Luçianonu məmnuniyyətlə oyun stoluna buraxdılar. Biclikləri, situasiyanı dəyərləndirməyi, özünü hər məqamda idarə etməyi... erkən yaşlarından öyrənmiş Salvatorenin bütün qaranlıq üşlər üçün əslində "fitri istedadı" var idi. Elə bu üzdən idi, o yenə də uddu, özü də daha böyük məbləğ. Demək, ilk qələbə qazanılmışdı, qalırdı düşündüyü "mənsəbə" çatmaq üçün növbəti addımlar.
   
   Luçiano qələbəsindən qazandığı para ilə ən dəbdə olan bahalı kostyum və şlyapa, qəhvəyi çəkmələr... alıb özünü girmək istədiyi dünyanın adamlarının qiyafəsinə saldı. İkinci işi isə gedib işlədiyi şlyapa sexi ilə üzülüşmək oldu. Çünki daha orada işləməyi üzünə yaraşdırmırdı. İndi onu nə görkəmcə, nə də xasiyyətcə heç ailəsi də tanımaz olmuşdu. Anasının nəsihətləri isə artıq onluq deyildi. Salvatore Luçiano özünü o aləmə atdı ki, orada ölümlər, qumar, fahişələr, qətllər, qarətlər... bir də oradan gələn böyük pullar var idi. Ailəsi isə onun bu işlərini bəyənmədilər... O ilk dəfə narkotika üstündə həbs edilib üç il iş alanda 1916-cı il idi. Salvatore kəsilmiş cəza müddətini tam "yatmadı", vaxtından qabaq azadlığa çıxdı. Amma həbsxana dövrü onun gələcək "qaranlıq həyatı" üçün çox gərəkli oldu. Çünki Luçiano məhz həbs düşərgəsində olduğu müddətdə həmin dünyanın ekstra isimləri - Torrio, Kostello, Masseriya... ilə tanış olub dostlaşa bildi, Amerikanın "kölgə" iqtisadiyyatının sirlərini öyrəndi. Bundan sonra Luçiano qaranlıq dünyanın ən gənc "hörmətli" adamlarından biri hesab edilməyə başlandı. Çox çəkmədi ki, o dövrlərin mafiya qruplaşnaları, qanqster dəstələri arasında böyük nüfuza malik olan Cüzeppe Masseriyanın "ailəsi"nin sıralarına daxil edildi.
   
   Masseriya "ailəsi" Nyu-Yorka nəzarət edən ən nəhəng iki qrupdan biri hesab edilir, onların törətdiyi cinayətlərin əndazəsi belə yox idi. Digər nəhəng qanqsterlər dəstəsi - Maranzano ilə kriminal nüfuz üzərində müharibə aparan Masseriya "ailə"sinə sıravi üzv kimi daxil olan Salvatore Luçiano burada da diqqət çəkməyə müvəffəq oldu. Salvatore narkotika, reketlik və insan alveri, əsasən isə fahişələrin alqı-satqısı ilə məşğul olurdu. Gənc, səriştəsiz qızları, qadınları səxavətli aşiq roluna girməklə aldadıb yoldan çıxararaq tora salan və onların vasitəri ilə böyük pullar qazanan Luçiano özünü yavaş-yavaş daha sərbəst hiss etməyə başlamışdı. İndi onun özünə neçə-neçə cavan işləyirdi.
   
   
   
   LUÇİANO "İMPERİYA"SININ QURULMASI...
   
   
   
   Artıq Luçiano özünü "qaranlıq dünya"nın sıradan bir üzvü kimi görmək istəmirdi. Çünki bunun üçün indi o lazım olan imkanlara malik idi. Əslində Luçiano qorxunc Masseriyanın artıq "sağ əli" sayılırdı. Yalnız qalırdı bir nəhəng kompaniya yaratmaq, bu da Salvatore üçün çətin deyildi. Qısa müddətdən sonra bu istəklərini də həyatda reallaşdırdı və Nyu-York kimi şəhərdə böyük bir biznes quraraq biznesmen adını da qazandı. Əslində siciliyalı özünün qaranlıq işlərindən başqa buradan da çoxlu gəlir əldə edirdi. Əlbəttə, onun biznesində də kriminal əməllər olmamış deyildi, lakin hər şeyi dəqiqliklə ölçüb-biçməyi bacaran, mafiyanın gələcək "Xaç atası"nın həm də şansı çox yaxşı "işləyirdi". Bəlkə də bu bir tale idi...
   
   (davamı qəzetin 18 oktyabr sayında)

TƏQVİM / ARXİV