adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

VƏHHABiLiK

SEYFƏDDİN ALTAYLI
49361 | 2011-10-08 07:35
"Heç bir şey fikirdən daha təhlükəli deyildir!
   
   
   
   Emile Chartien"
   
   
   
   Axır vaxtlarda yazdığım məqalələrdə daim imperializm və imperialistlər üstündə dayandım. Oxucularım bəklə də bu meylimə tənqidi yanaşıblar. Bu məsələni daim nəzərdə tutmağımın səbəbi millət olaraq imperializmin və imperialistlərin xüsusilə son bir neçə əsrdir başımıza açdığı bəlalardır ki, məqsədim onları yeni nəsillərə çatdırmaq cəhdidir. Tarix, dünya millətlərinin sərgüzəştlərinin meydana gətirdiyi ibrətamiz hadisələr xronolojisinin həkk olunduğu və ora girmədikcə qaranlıq görünən bir dəhlizdir. Tarixin çənli-çiskinli keçmişini layığıyla oxuyan, bilən və ona görə də tədbir görən millətlər tarixlə yanaşı yeriyiblər, əksini edənlər isə tarixin qaranlıq qəbiristanlığında ad qoyub səhnədən çəkilib gediblər.
   
   Britaniya Adasında yaşayan çağdaş ingilislərin babaları Kelt nəsəbli Bretonlardır. Daha sonralar Qüzey Almaniyadan gedən German köklü Saksonlar və Anqluslar birləşib bugünkü Anqlosaks irqini yaradıbdır. Britaniya adasının, güzəranın tələb etdiyi ümumi ehtiyaclar yönündən xaricdən asılı olması münasibətilə Anqlo-Saks irqini imperialist, işğalçı və müstəmləkəçi bir xarakterə büründürübdür; daha düzü genlərində dolandırdıqları o xarakterin üzə çıxmasına amil olubdur.
   
   İngilislər, gücləri çatdığı xalqları tarix boyu əzib, ölkələrini işğal edərək onları müstəmləkələşdirib, xalqlarını isə qul edibdir; güclərinin çatmadığı xalqların və dövlətlərin qarşısında isə siçan kimi pısaraq yuvasına sinib hücum çəkəcəyi məqamı gözləyibdir. Üstələmək istədiyi gücü məğlub etmək üçün də Makiavellist fikirdən hərəkət edərək nə tələb olunursa onu həyata keçiribdir. On beşinci əsrdə qarşılarına çıxan ispaniolları bir başlarına üstələyə bilmiyəcəklərindən Osmanlı Dövlətindən yardım dilənən ingilislər, aradan üç əsr ötəndən sonra Osmanlı Dövlətinin məhvi üçün digər qərbli imperialistlərlə birləşərək öz əməllərinə çatacaq qədər biz türklərin yadırğadığı bir siyasi əxlaq anlayışına malik olduqlarını sübuta yetiribdir.
   
   Tarixi sənədlərə görə ingilislər, hədəf götürdükləri bir mənzilə çatmaq üçün əsla bir kanal üstündə işləməyibdir. Qurban kimi seçdikləri ölkələrin və xalqların ətrafında hörümçək kimi tor hörüb pusqu quraraq fəaliyyətlərini aramsız yeridib və vaxtı gələndə də əvvəlcədən hazırladıqları bütün kanalları işə salaraq hücuma keçibdir.
   
   İngilislər, yeraltı sərvətləri ilə dolu olan Orta və Yaxın Şərqdə, gücsüz və xalqının əksəriyəti cahil olan ölkələri caynaqlarına keçirmək üçün hər vasitədən istifadə ediblər, edirlər, edəcəklər. Onlar, dövlət və millət olaraq qarşılarında məğlub edilməz, heç cürə basılmaz bir güc yaradan İslam dinini pozmaq, İslam dünyasını fikir və etiqad yönündən müxtəlif parçalara bölmək üçün hər cürə fəaliyyətə əl atmışdır, atmaqdadır. Vəhhabilik də onların səyi ilə yaradılıb üzə çıxarılıbdır. Vəhhabiliyi, Məhəmməd bin əbdülvəhhab qurubdur; ancaq onu bu məzhəbi qurmağa vadar edən isə Britaniya Müstəmləkələr Nazirliyinin məşhur casusu Hempherdir.
   
   İngiltərə, müstəmləkə siyasətinə başladıqdan sonra "Müstəmləkələr Nazirliyi" adıyla bir nazirlik yaratmış və müstəmləkələrində hansı siyasəti izləyəcəyini uzun müddət içində sınaya-sınaya elmi özülə oturtmuşdur.
   
   Suud ailəsi on səkizinci əsrdə Hindistan ticarət yolunun təhlükəsizliyini təmin üçün strateji bölgələri müstəmləkələşdirən ingilislərin əlində necə deyəllər oyuncağa dönmüşdü. İngilislərin toruna düşərək Vəhhabi məzhəbini yaradan Məhəmməd bin əbdülvəhhab, Bəni Təmim tayfasındandır və Hənbəli məzhəbinə mənsub olduğu halda əhli sünnət məzhəblərini qəbul etməyən İbni Teymiyyənin fikirlərinin təsiri altında qalmış 1792-ci ildə də Deriyyədə zindanda dünyasını dəyişmişdir.
   
   İngilis casusu Hempher, Bəsrədə tanış olduğu Məhəmməd bin əbdülvəhhabın üsyankar bir xarakterə malik olduğunu başa düşdükdə onunla olan dostluğunu möhkəmləndirir və Müstəmləkələr Nazirliyinin tapşırığını yerinə yetirərək onu maddi yöndən daim dəstəkləyir. Ona, "İslam dinini düşdüyü bu bataqlıqdan xilas edə biləcək yeganə lider sənsən; Sən, dörd xəlifədən belə daha böyük işlər görə bilərsən; İslamda həqiqi inqilabı sən gerçəkləşdirəcəksən" kimi təlqinlərlə, onsuz da eqoist, özündənrazı bir xarakterə malik olan bu şəxsi qurur və Qur"an-i Kərimi öz fikrinə görə yozumlamasını, hədislərin bəzilərini qəbul etməməsini, özlərinin istədiyi fitvaları verərək ayrı bir xətti izləməsini, cahil ərəbləri özünə ram etmək üçün də kiçik həcmli dini risalələr yazmasını gerçəkləşdirirlər. Hemper, Vəhhab oğlunu yeni bir məzhəb yaratması üçün daimi olaraq təhrik edir. Müstəmləkələr Nazirliyində işləyən və kod adı Səfiyyə olan qadın casuslarını onunla tanış edən Hempher, onunla Səfiyyəyə mütə (müvəqqəti kəbin) kəbini kəsdirir. əbdülvəhhab oğlunu ovucları içinə alıb oyuncağa döndərən bu qadın casus ilə Hempher, onun 1738-ci ildə Vəhhabi məzhəbini elan etməsinə nail olurlar. Nazirlik tərəfindən geri qaytarılan Hempherin yerinə təyin edilən və kod adı əbdülkərim olan ayrı bu casus bu dəfə Şirazlı bir yəhudi olan və Müstəmləkələr Nazirliyinin ən istedadlı və etimad edilən cazibəli casusu Asiyyəni onunla tanış edir. Məhəmməd bin əbdülvəhhab bu səfər Asiyyə adlı casusla oturub-durur. Müstəmləkələr Nazirliyi, əbdülvəhhaba yaratdırdıqları bu məzhəbin yayılmasını təmin üçün, hökmən məhəlli qüvvələrə ehtiyac olduğunu bildiyindən, Nəcd əmiri Məhəmməd bin Suuda casusları vasitəsiylə böyük məbləğdə pullar ötürür, siyasi və hərbi yardımlar vəd edərək bu məzhəbi dəstəkləməsinə nail olur. Məhəmməd bin Suuda söykənən əbdülvvəhhab oğlu, cahil, qarətçi və davakar olan nəcdlilər arasında, "Vəhhabiliyi qəbul etmiyən müsəlmanların mallarını qarət etmək, onları qətlə yetirmək halaldır" fitvasını verərək nəcdliləri öz səfinə çəkir. Öz əmirliyinin torpaqlarını böyütməyin xəyalını quran Məhəmməd bin Suud, çöl ərəblərini manqurtlaşdıran Məhəmməd bin əbdülvəhhabdan öz mənafəinə istifadə etməyə başlayır. Müqabil tərəfdəkindən suistifadə etdiyini zənn edən Məhəmməd bin əbdülvəhhab ilə bin Suud, əslində bu hərəkətləriylə ingilislərə xidmət etdiklərinin fərqinə varmırlar, vara bilmirlər. Cahil və vəhşi çöl ərəbləri isə soyğun və cinayətlərlə varlanmanın xəyalı ilə yanıb-töküldüklərindən. Məhəmməd bin Suudun hərbçisi olmaq üçün necə deyəllər yarış aparmağa başlayırlar.
   
   İngilis Müstəmləkələr Nazirliyi, "Müsəlmanlara güc və qüdrət bəxş edən nə varsa aradan götürmək üçün tövsiyyələr" adlı bölmənin 16-cı maddəsində öz casuslarına bu təlimatı veribdir:
   
   "Müsəlmanlara güc bəxş edən dəyərlərdən biri də onların müqəddəs məkanları ziyarət etmələridir. Bu məkanlara önəmlə yanaşmağın və bəzəməyin bidət və şəriətə zidd olduğunu, peyğəmbər dövründə bu cür şeylərin olmadığını, ölülər üçün ibadət edilmədiyini dəlilləri ilə sübut etməliyik. Yavaş-yavaş dini tikililərin dağılmasıyla və bu məqbərələrin izlərini aradan götürməklə xalq bu ziyarətlərdən əl çəkdirilməlidirg"
   
   Vəhhabilərin isə üç əsas ümdəsi bunlardır:
   
   1-İbadət imanın bir parçasıdır, o azalar da, çoxalar da. Bir fərzi yerinə yetirməyən, onun fərz olduğuna inandığı halda ərinib yerinə yetirməyən kafir olar. O şəxs öldürülə bilər və malları vəhhabilər arasında bölüşülə bilər.
   
   2-Peyğəmbərin və övliyaların ruhlarından şəfaat istəyən, onların qəbrini ziyarət edən, onları vasitəçi edərək dua edən kafir olar. Ölmüş peyğəmbərlərdən də bir şey istəmək Allaha şərik qoşmaqdır.
   
   3-Qəbirlərin üstündə məqbərə ucaltmaq və məqbərələrdə namaz qılmaq, ölənlərin ruhuna sədəqə vermək caiz deyildir. Məscidi Hərəmeyn xalqı indiyə kimi qübbələrə və divarlara tapındı. Sünnülər və şiələr bu səbəblə müşrikdir, onları öldürmək, mallarını qarət etmək halaldır və onların kəsdiyi heyvanın əti yeyilməz.
   
   Bir an üçün dayanıb fikirləşək. İngilis Müstəmləkələr Nazirliyinin casuslarına verdiyi təlimat ilə Vəhhabiliyin əsas ümdələri müqayisə edilərsə İslam dünyasında nə cür dəhşətli bir fəaliyyətin yeridildiyini başa düşərik. Bu dövrdə Vəhhabiliyin sponsoru zahirdə Səudiyyə ərəbistanıdır, yəni Məhəmməd bin Suudun nəslidir; əslində isə bu məzhəbin dəstəklənməsini təmin edən ingilislərdir. Hempherin 18-ci əsrdə həyata keçirdiklərini 19-cu əsrdə Lawrens adlı casusları hərbi sahədə reallaşdırmış və çöl ərəblərini qızıllarla satın alaraq Osmanlı Dövlətinə qarşı üsyan etdirmiş və müqəddəs torpaqları müstəmləkələşdirmişdir. İndiki dövrdə ərəb dünyasına baxdıqda 17-18 və 19-cu əsrlərdəki vəziyyətlə indiki arasında hərhansı fərqin olmadığını, ingilis imperializminin yanına ABŞ və İsrailin də əlavə olunduğunu görərik.
   
   Vəhhabilik, Sovetlər Birliyinin dağılmasından sonra müstəqilliyini qazanan Türk cümhuriyyətlərində və muxtar bölgələrdə də sürətlə yayılma təmayülündədir. Vəhhabilik insanlara, onları manqurtlaşdıracaq bir inam aşılayır. Bu da, həm Türk dünyası həm də İslam dünyası üçün nə boyda böyük bir təhlükə mənbəinə çevrilirsə, imperialistlərin də çörəyinə o böyüklükdə yağ sürtür. Hər bir Türk bu mövzuda uzun-uzun fikrə getməli və nə lazımdırsa onu həyata keçirməlidir.

TƏQVİM / ARXİV