adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DÖNüŞ

ORXAN ARAS
25136 | 2011-10-08 07:35
Yalta, Qızıldaş, Qurzuf, Ağməsçid, Baxçasaray... Məni uşaqlıqla dəliqanlılıq arasında yuxusuz buraxan yerlər... Adını eşidib özünü görmədiyim, suyunu içib torpağını qoxlamadığım uzaq diyarlar. Amma yuxularımda ürəyimi sıxan, içimi acıdan, gözlərimi yaşardan məkanlar..
   
   Hara idi Qızıldaş, hara idi Qurzuf?
   
   Yurdunu itirən adamın canında, qanında, fikrində, zikrində olan bu isimlər niyə məni bu qədər yandırıb sarsırdı?
   
   Londonun Fulham Road bölgəsində bir adam bu isimləri sayıqladıqca, xəyalında Qurzuf"un Ayı dağında, Gəlinqayasında gəzinirkən, mənim də uşaqlıq xəyallarımda fırtınalar qopurdu. Londonun Southfieldsinde bir adam,
   
   "İşdə işdə... Gələyatır
   
   Ayağında qırmızı qatır
   
   Gələyatır Çora Batır." türküsünü ağlaya- ağlaya söylədikcə mən sürgün Sadıq Turanı, bəxtsiz Çoban Seyid Əlini düşünür və kövrəlirdim..
   
   İlk öncə "Yurdunu itirən adam"ı oxumuşdum. Sonra da "Qorxunc illər"i... Savaş, ölümlər, qorxunc insanlıq faciələri, sürgünlər... Bütün bunlar uşaq qəlbimi qızğın bir dəmir kimi dağlamışdı. Amma ən çox Sadıq Turanın savaşın ortasında kəndinə gedib, Krımı son kəs görməsinə ağlamışdım. Qovuşmalarla birlikdə ayrılıqlar nə çətindir, Allahım! Hələ son görüşlər, son toxunuşlar, son gülüşlər, son əl sallayışlar...
   
   Zatən ondan sonra da minlərcə insanın heyvan daşıyan vagonlarda öldürüldüyü sürgün dönəmi başlamışdı.
   
   Krımı, Ağməsçidi, Qurzuf"u Çingiz Dağçının dilindən oxumaq nə yaman şeymiş! Amma oxumuşdum işdə... Minlərcə kilometr uzaqda və gözlərimi Qaradənizin ötəsinə, bir zamanlar bizim olan yurdlara dikmiş, oxumuşdum.
   
   Dağçı uzun illər öncə yurdunu itirdi, sonra da əllər üzərində əbədi olaraq yurduna döndü. Onun vəfatını duyduğumda illər öncə oxuduğum kitablarındakı məkanlar, isimlər capcanlı varlıqlar kimi yenidən gözlərimin önündə canlandılar.Və anladım ki, əslində hər şeyi yaşadan sənətdir. Amma Çingiz Dağçının romanlarında sadəcə sənət yoxdu. O, yurduna və yurdundan topdan qovulmuş insanlarına ağı deyirdi. Bizlərin də payına o ağıları oxuyub ağlamaq düşürdü.
   
   Tam 92 yaşında yurduna döndü. Əllər üzərində. Onu tutan əllərin içində bir Türk Xarici İşlər Nazirinin, bir Türk Mədəniyyət Nazirinin əlləri də vardı. Bu dönüş möhtəşəm bir dönüşdü. Çünki Dağçı sənətiylə Osmanlının onun yurduna olan borcunu beləcə ödəmişdi.
   
   9 Mart 1919-cu ildə Qurzuf"da başlayan ömür, dilindən düşmədiyi Qızıldaş kəndinin güllü-çiçəkli təpəsində sona çatırdı. Bu acı dolu ömür sona çatarkən, onun romanlarında canlanan, dillənən qəhrəmanlarla birlikdə Türk nazirləri də divan önündə saf tuturdular.
   
   On altıncı yüzilin ən möhtəşəm şairi Baki deyirdi:
   
   Qədrini səngi musallada bilib, ey Baki,
   
   Durub əl bağlayalar yaran saf saf...
   
   Dağçının da qədrini şükür ki, bütün millət və böyük Osmanlının varisləri bildilər və önündə sadəcə yar-dost saf bağlamadı, nazirlər də saf bağladılar... Osmanlının nəvələri olan nazirlər...
   
   Osmanlı ilə Krımın hekayəsi uzun. Bu başqa bir yazı mövzusudur. Amma Çingiz Dağçının hekayəsi bir sürgün hekayəsidir. Acı dolu,ürək yaxan, üsyan etdirən bir hekayə...
   
   Azərbaycanda bu "sürgün" hekayəsi nə qədər tanınır, bilmirəm. Amma Azərbaycanın ünlü yazarı İsmayıl Şıxlının "Cəbhə yollarında" kitabında oxuduğum iki cümlə, bəli, iki cümlə məni bir gecə yuxusuz buraxmışdı. İsmayıl Şıxlı savaşdan döndüyü sırada vağzalda bir xalqın, öz canından, qanından olan bir xalqın yox edilməyə doğru gedişinin başlanğıcını görür. Və kitabının bir bölümündə eynən belə yazmışdır: "Hər yerdə tatarları sürgün edirlər...Bir qız mənim müsəlman olduğumu anlayıb, mənə əl edərək vidalaşdı. Ürəyim ağrıdı."
   
   Demək ki, bu qorxunc faciəyə sadəcə mənim ürəyim ağrımırmış.
   
   Çingiz Dağçı bir ömür yaşadı.Uzun bir ömür.Yarısı acı, yarısı həsrət dolu bir ömür. İyirmidən çox kitab yazdı. Elə hey özünü anlatmaq istəyirdi, amma qələmi hər dəfəsində yurdunu anlatdı.Yurdunu itirmiş bir adamdan nə anlatmasını gözləmək olardı ki? Bir romanın adı olan "Üşüyən Küçə" dəki kimi, yaşadığı Londonda üşüdükcə Qurzuf"un, Qızıldaşın günəşi üçün darıxdı, anasını sayıqladı. Ona uzun- uzun məktublar yazdı...Qocaman adam olmasına rəğmən əlinə hər qələmi aldığında, bir uşaq olub, başını qoymaq üçün anasının dizlərini aradı.
   
   "Anacığım, hələ də anacığım deyirəm sənə. Oysa ixtiyar bir adamam mən, saçlarım ağardı çoxdan."- deyə yazırdı uşaq duyğularıyla...
   
   Sürgün adam bəlkə də sürgün olduğu ildə qalır Dağcı! O nədənlə hər gün yüzlərcə dəfə anacığım demə haqqın var Sənin. Bax belə! Utanma, yaşlandım deyə özünü qınama! Bilirik ki, yurdunu itirən adamlar qınanmazlar!
   
   Çingiz Dağçı artıq yaşamır. Amma səsi hələ də qulaqlarımızda... Mən gecənin bir yarısı bu sətirləri yazarkən onun London küçələrində, Earlsa Court dəmiryolu stansiyasında "anacığım" deyə inildəməsini duya bilirəm. Bəlkə minlərcə insan da eyni şəkildə onun səsini duyurlar. Onun səsini duya bilməmizin nədəni, Dağçının səsinin yurdunun səsiylə qarışması, bir olması nədəniylədir.
   
   Çingiz Dağçı 1941-ci ildə Ukrayna cəbhəsində almanlara əsir düşür. Rusların tərəfində vuruşmasına rəğmən, onların xalqına, ölkəsinə etdiyi zulümləri əsla unutmaz. Bir sürə sonra almanların yaratdığı Türkistan Legionunda vəzifə alır və ruslara qarşı savaşır. Bu savaş sadəcə onu deyil, yurdunu, xalqını da məhv edir. O,1946-cı ildə Edinburqa yerləşməyə çalışdığında artıq Krımda bir Krım türkü belə yaşamamaqdadır. Ona isə qələmini alıb xalqının ardından ağılar söyləmək düşür.
   
   Bir böyük insan, böyük bir sənətçi gürbət eldə gözlərini həyata yumdu. Yaşadığı dönəmdə yurdunu görəmmədi. Amma xəyalında o yurdun dağlarında, ovalarında gəzdi. Oradakı güllərlə, çiçəklərlə və məzarsız tanış ölülərlə danışdı. Sonunda onun xəyalları ondan daha cəsur çıxdılar və onun edə bilmədiyini etdilər. Cənazəsini alaraq Qızıldaşa götürdülər.
   
   Həm də nə götürmə....
   
   Böyük Türkiyənin nazirlərinin, möhtəşəm Osmanlının oğullarının əlləri üzərində...Və əlbəttə ki, Krımın ən igid oğullarından Mustafa Cəmiloğlunun nəzarətində.
   
   İndi şükürlər olsun ki, içimi dağlayan o acı duyğular anidən əsən bir yel kimi ürəyimdən əsdi və keçib getdilər. Çünki yurdsuz adam yurduna qovuşdu.Və bir nazirin bir əl öpüşü ilə (Nazir Davudoğlu Qızıldaş kəndində Çingiz Dağçının bacısının əlini öpdü.)Yalta da, Qızıldaş da, Qurzuf da, Ağməsçid də yenidən canlandı, yenidən isindi, yenidən yurd oldu, yuva oldu.
   
   Gedişin yıxımdı, təxribatdı, sürgündü, fəlakətdi, dönüşün möhtəşəm oldu!
   
   Çingiz Dağçı, yurduna xoş gəldin!

TƏQVİM / ARXİV