adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

çərpələng

YUSİF GÜNAYDIN
26384 | 2011-10-08 07:35
(əvvəli ötən sayımızda)
   
   
   
   
   
   Aqava
   
    Nəriman Həsənzadəyə
   
   
   
   Ukraynanın Lvov şəhərində taksi saxladım, ön oturacaqda, sürücünün yanında əyləşib, yerimi rahatladım. Kefim kök idi. Bütün Sovet İttifaqında məşhur olan sanatoriyaya istirahətə gedirdim. Sürücüyə ünvan deyəndən sonra böyük məmuniyyətlə bol gün işığına bələnmiş qədim, təmiz şəhərin maşınım sağ pəncərəsinə gələn panoramını süzməyə başladım. Sürücü nəsə xatırlamış kimi mənə dedi ki, şəhər parkında aqava ağacı çiçək açıb, əgər maraqlanıramsa, ora gedə bilərik. Düşündüm ki, məni, cənubda dünyaya gələn, şaftalı ağacının, heyva ağacının gül açıb, nur saçdlğını görə-görə, iydənin çiçəkləndiyi vaxt ətrafa yaydığı bihuşedici qoxunu duya-duya böyüyüb yaşa dolan bir admı hər hansı bir ağacın çiçəyə bürünməsi ilə təəccübləndirmək olarmı? Yəqin sürücü məni şəhərdə gəzdirib, artıq pul almaq fikrindədir. O isə fikrlərini oxuyurmuş kimi mənə muraciətlə dedi ki, bilirsiniz də, aqava ağacı ömründə bir dəfə gül açır, bundan bir-iki gün sonra quruyur, adam kimi yıxılıb, ölür. Ağacın gül açmağı onun ömrünün sona çatmağının əlamətidir. Aqava on beş ildən sonra da çiçəkləyə bilər, əlli il yaşayandan sonra da. Hər ağacın insan kimi öz taleyi var. Bunları eşidəndən sonra qətiyyətlə maşını mərkəzi parka sürməyi xahiş etdim.
   
   Aqava ağacının aqavakimilər fəsiləsinə aidliyini, onun vətəninin Cənubi Amerika olduğunu bilirdim, hardasa oxumuşdum ki, ağacın gövdəsindəki liflərdən ip, hətta kəndir hazırlanır, sıxılmış liflərin şirəsindən Meksikada populyar olan pulke, tekila kimi tünd içkilər hasil edilir. Amma aqavanı, yəni onun kolunu deyil, ağac növünü heç görməmişdim. Taksi parka yan alanda orda qələbəlik vardı. Yalan olmasın, yüzlərlə insan aqava gülünə tamaşa etməyə toplanmışdı. Yerli televiziya bu məkandan canlı efir rejimində reportaj ötürür, foto müxbirlər biri-birini qabaqlamağa çalışaraq, əlverişli rakurslar axtarırdı. Bu canlanma, bu basırıq mənə qəribə gəlir, hadisəyə olan marağımı artıraraq, ona xəfif bir həyəcan qatırdı. Müəyyən səylərdən sonra irəlidə özümə yer eləyə bildim. On, on iki metrlik boyu olan bu ekzotik ağac demək olar ki, başdan ayağa çiçəyə bürünmüşdü. Güllərin düm ağ ləçəkləri yarıdan yuxarı açıq çəhrayı rəngə keçirdi. Çox gözəldi çiçək açmış aqava! Bu gözəllik göz oxşayır, insanın könlünə həzin bir rahatlıq yayırdı. Birdən bu şuxluğun, bu füsunkarlığın yaratdığı harmoniya itib, qeyb oldu, ağlıma gələn acı bir həqiqəti bütün çılpaqlığı ilə dərk etdim. Axı bu ağac həyatla vidalaşmaq üçün belə gözəl don geyib, dünyanı tərk etmək üçün təzə gəlin kimi bəzənib, ətrafına xoş bir aura yaradaraq, bu görüşə toplaşanları duyğulandırır. Onunla vidalaşmağa gələnlərin xatirəsində bu ağac həmişə belə şux, belə cazibədar qalacaq, təbiətin bu kiçik möcüzəsi onu görənlərin hafizəsində həmişə yaşayacaq, onu ananları həyat və ölümlə bağlı dərin düşüncələrə qərq edəcək, bu fani dünyada gözəllik yaradanların qədr-qiymətini bilməyə səsləyəcək!
   
   Bilirsinizmi ağlıma nələr gəldi, nələr haqda düşünməyə başladım?
   
   Kaş ki, yer üzərində yaşayan hər bir insanın da qəlbi ömür boyu heç olmasa bircə dəfə çiçəklənə biləydi, gül açmamış bar verməmiş ölən, özündən sonra xoş xatirə qoyub getməyənlər olmayaydı ...
   
   Bu hadisədən onilliklər ötsə də, ölüm qabağı bəzənib, onu ziyarətə gələnlərin üzünə gülən, onların könlünü oxşayan aqava ağacı, xatirimdən silinmir, məni onun görüşünə gətirən taksi sürücüsünü minnətdarlıqla xatırlayıram!
   
   
   
   
   
   Çərpələng
   
   
   
   İndi bir çox mağazalarda xaricdə istehsal olunan müxtəlif ölçülü, müxtəlif biçimli alabəzək çərpələng var. Bizim uşaqlıq çağlarımızda heç yerdə çərpələng satılmırdı. Bəlkə elə belə yaxşı idi. Çünki yay vaxtı ətraf bağlardan toplaşıb, bir araya gələn qonşu uşaqların öz əlləri ilə çərpələng hazırlanması, sonra onu göyə uçurması hamıya bayram əhval-ruhiyyəsi bəxş edən xoş bir məşğuliyyət idi...
   
   Bizim bağla qonşumuz Qəzənfər əminin bağ sahəsinin şimaldan kəsişdiyi yerdə ( o zaman Abşeron bağlarında hündür daş hasarlara çox nadir hallarda rast gəlmək olardı) üstündə qəcec və dəvətikanı kolları bitmiş hündür qum təpəsi var. Valideynimiz bizə o təpədən yan keçməyi tövsiyə edərdi,çünki qonşulardan kimsə, nə vaxtsa orada ilan görmüşdü. Təpənin zirvəsindən bir qədər aşağı, kolluqların arasında illərdir qonşu uşaqların yəqin ki, aşağı bağlardan haçansa havaya qaldırıb uçurduğu, hardasa sapını qıraraq " qəzaya" uğrayıb, uçub gözdən itən çərpələng quyruğunun bir parçası çırpınmaqdadır. Biz buraya köçdüyümüz ilk gündən çox güman ki, köhnə yorğan üzündən parça-parça kəsilib biri-birinə düyünlənərək çalanmış çərpələng quyruğunun bir metrə yaxın hissəsini hündürlüyün üstündə əsən yellərin təsiri ilə qıvrılan gördüm. Qış fəsli ötəndən sonra yeni mövsümdə bura qayıdarkən yenə də çərpələngin bu vacib müvazinət detalı tikanlığın içində görərdim,elə bil əlimlə qoymuşdum. Sadəcə yağmurların təsiri ilə rəngi bir qədər soluxmuş, qırmızı fondakı göy güllərə bənzər naxış fraqmentləri ağarmış kimi gözə dəyərdi.
   
   Çərpələng uca, mavi göylərlə, uçmaq, yüksəlmək diləyi ilə, yeniyetmə qəlbini coşduran romantik ovqatla bağlı olduğundan, səmadan bizim bağ sahəsinə enərək, burada məskən salan, kim bilir nə müddətdir ki tikanlığın içində yatıb qalan, yalnız dənizdən əsən yellər ona çatanda oyanıb hərəkətə gələn bu detal uzaq uşaqlıq dünyasının məktəb tətilləri, barlı-bəhrəli yay mövsümü, ləpədöyənin uğultusu, dəymiş əncir qoxusu, təzə tutulmuş abqora tamı, aşağı bağlardan sakit yay gecələrinə yayılan həzin qarmon səsi, daha nələr, nələr ilə oyanan xatirələri mozaik bir panorama düzür, uşaqlıq, hətta gənclik yaşından çıxsam belə, ara-sıra yuxuma girir, emosinal yaddaşımın dərin qatlarınna varır. Buludsuz, şux mavi yay səmasında üzən çəlpələngi biz, onu yüksəkliyə buraxanlar aşağıdan həyəcanla süzdükcə, qəlbimiz köksümüzə sığmır, sanki çərpələngə qoşulub, dənizin sinəsindən qalxan sərin yellərin mavi ucalıqda yaratdığı saflığa qovuşurdu. Bu anlar mənə elə gəlirdi ki, illərdir göydən yerə düşmüş bu əlvan detal da, yenidən ənginliklərə qalxmaq, çərpələngə çatıb, ona bağlanmaq, yer üzünü göylərdən seyr etmək üçün səylə çırpınaraq, tikanlıqdan qurtulmağa can atır...
   
   Zaman ötdü. Uzun illərin ayrılığından sonra o yerlərə bir də qayıtmalı oldum. Payız çağı idi, yəqin ki, bir-iki günə havalar pozulacaq, yağışlar düşəcəkdi. Qəzənfər əminin evinin qapısı qıfıllı idi. Sahibsiz qalmış evin səkisini üç tərəfdən kol- kos əhatə etmişdi. Qəzənfər əminin çoxdan vəfat etdiyini bilirdim. O da, ömür gün yoldaşı, mehriban, şirindil Bilqeyis xala da bizimlə səhərdən-axşama qədər yorulmadan top qovan,çəlpələng uçuran oğulları Şamilin Qarabağda, Daşaltıda itkin düşməsinə tab gətirə bilməyib, biri-birinin ardınca dünyadan köçmüşdülər. Qızları Səidə şəhərətrafı qəsəbələrdən birinə gəlin köçmüş, yoldaşı qazanc dalıyca qürbətə getdiyi üçün iki uşaqla tək qalmışdı. Qardaşının itkin düşməsi təbii ki, ona da ağır təsir etmişdi, deyilənlərə görə ara-sıra ürək keçmələri olurdu...
   
    Külək bizim də boş qalmış evin damının qırıq şiferinin altına girib, onu dingildədir, adamın zəhləsini aparan bir taqqıltı,dalğa-dalğa ətrafa yayılırdı. Cənub tərəfdən hündür daş hasarlarla əhatələnmiş iki-üç mərtəbəli villalar artıq geniş bir ərazini tutmuşdu. Son hasardan bir qədər aralı, qrunt yolun kənarına bir xeyli daş gətirilmiş, çınqıl tökülmüşdü. Yəqin tezliklə buralarda yeni bir imarətin özülü qoyulacaqdı. Mənə yaxın olan villanın qırmızı keramit damından azca yuxarıda ağır-ağır ləngər vuran bir çərpələng dəydi gözümə-qırıcı təyyarə biçimindəydi, hərbi komuflyaj stilində boyanmışdı.
   
   Nəzərlərim qeyri-iradi olaraq üstü kolluqlu qum təpəsinə tərəf yönəldi və qəlbimə çökmüş məhzunluq şirin bir həyacanla əvəz olundu. Sanki çoxdan itirdiyim, qəlbimə əziz və məhrəm olan nəyisə burda tapcağıma bir inam hiss etdim, ürəyim tez-tez döyünməyə başladı. Bu illər ərzində qum təpəsi bir xeyli böyüyüb, ucalmışdı, gözdən itən tikanlıqların yalnız ucları görünürdü. Nə düşündümsə, topuqlarıma qədər quma bata-bata, çətinliklə də olsa təpənin üstünə qalxdım. Gözəyarı təxmin etdiyim yerdən ilıq qum qalağını əllərimlə eşələməyə başladım. Dəqiqələr ötdükcə daha inadla, daha israrla qazırdım, ilan-çilandan qorxduğum günlər çoxdan arxada qalmışdı. Tövşüməyə başlamışdım, bu anlar məni kənardan görən olsaydı, yəqin ki, ağlımın çaşdığını zənn edərdi. Birdən barmaqlarımı qumun içində nəsə daladı. Tez əlimi çəkib, üzümə yaxınlaşdırdım, barmaqlarımın arasından qan sızırdı, ovcumun içinə də dəvətikanı iynələri sancılmışdı. İti ağrı bayaqkı inadımı yox etdi, psixoloji müvazimətimi özümə qaytardı. Anladım ki, bu işə nahaq yerə baş qoşmuşam, duydum ki, mənim axtardığım bir -iki qarışlıq ensiz, alabəzək çit parçası deyil. Mənim səylə axtardığımı zamanın sərt rüzgarları sapı qırılmış çərpələng kimi ora-bura çırpa-çırpa uzaqlara, çox uzaqlara aparıb. Onu tapıb geri qaytarmaq mümkün deyil!
   
   Oradan ayrılarkən, ayaq saxlayıb, geriyə baxdım. Narın qumlar üzərinə həkk olunmuş ləpirlərim çuxurdan qalxıb, üstü kolluqlu qum təpəsinə doğru yönəlirdi. İndi xəfif-xəfif saçlarımı oxşayan xəzri gecə güclənərsə, sübhə qədər bu izləri silib aparacaq...

TƏQVİM / ARXİV