adalet.az header logo
  • Bakı 20°C

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
35059 | 2011-10-08 07:35
(əvvəli ötən sayımızda)
   
   
   
   Bu qəfil yatabla bağlı bir meyxana yazdım, əvvəlcə bizim kupe, sonra isə səs-səsə verib bütün kupedəki dustaqlar nəqarət tutub xorla oxumağa başladılar...
   
   
   
   Şirin yuxudan zor oyatdı bizi...
   
   Gecəyarı nadzor oyatdı bizi.
   
   Hansı zalım oğlusa satdı bizi,
   
   On beş nəfər "şestoydan" düşdük yola,
   
   Bala-bala yol aldıq Yaroslava.
   
   
   
   Yaxamızdan qırıldı baxt düyməsi,
   
   Eşit a "şestoy", a Akopyan, Məsi...
   
   Məst etdi bizi Ryazan türməsi.
   
   "Balanda" vurduq bədən üç tava
   
   Bala-bala yol aldıq Yaroslava.
   
   
   
   Qatarımız ilan kimi süründü,
   
   Yolüstü Rostov, Voronej göründü.
   
   Çöllər, düzlər meşələrə büründü
   
   Get-gedə soyuyub dəyişdi hava
   
   Bala-bala yol aldıq Yaroslava.
   
   
   
   Gözlərinin gəl yaşını sil, qədeş,
   
   At qəmini danış qədeş, gül qədeş.
   
   "Vozvrata" çarə yoxdu, bil, qədeş,
   
   Görməsin pis gün bizə Allah rəva,
   
   Bala-bala yol aldıq Yaroslava.
   
   
   
   Bakıdan Yaroslava düz doqquz gün yol getdik. Kupedə qayda yaratmışdıq. Yuxarı mərtəbədə bir yeri yataq üçün boşaldası olduq. On beş nəfər gün ərzində gözlərimizin yuxusunu alaq deyə hərəyə cəmi saat yarım vaxt ayırmışdıq. Heç kimdə saat yox idi, odur ki, saatı sayla, rəqəm saymaqla müəyyənləşdirirdik, bu işi iki nəfərə həvalə eləmişdik. Say min beş yüzə çatanda saat yarımı bitmiş hesab edirdik. Tələsmədən, ağır-ağır saymalıydılar... Ancaq beşinci gecə bir nəfər Amil adlı oğlan qan qusdu deyə (ciyərləri xəstə idi) o yeri birdəfəlik ona verdik. Yuxumuzu oturaq halda alırdıq. Yuxusun alıb oyananlar elə bil hardasa bir anlığa yaşadıqları azadlığın içində ailəsini, ev-eşiyini, dost-tanışını, nişanlısını gördüyündən danışırdı. Həmişə də yuxun çin olsun deyib, yuxunu yaxşıya yozardıq: "ki, bəs səni nahaqdan tutublar, düzgün mühakimə etməyiblər, tezliklə işinə təzədən baxılacaq və səni aç-burax edəcəklər..." Ən maraqlı, ən qəribə səhnə bu idi ki, yuxusunu alıb oyanan kim olur-olsun, onun üz-gözündə dustaqlığın acı, tünd cizgilərindən əsər-əlamət qalmazdı... Üz-gözündəki dumanlar əriyir, əvəzində işıqlı bir ifadə alınardı, azadlıqda necə olubsa, o şəklə, o görkəmə düşərdi və yerdə qalanlardan nəzərə çarpacaq dərəcədə fərqlənərdi. Bir-iki saat keçəndən sonra isə üzə, gözə, ruha qonmuş o işıq sönər və adam öz dustaq görkəminə qayıdardı... Bizimlə yatab gedən (çoxusu ilə indi də görüşürəm) Ramizi çox haqsız yerə məhkum etmişdilər. Nişanlı bacısına qırsaqqız olub əl çəkməyən bir oğlanı döydüyü (iki sillə vurub) üçün 207-ci maddənin üçüncü bəndi il dörd il iş almışdı... Döyülənin "yekə adamı" var imiş... Bu maddə ilə iş kəsilənlər qatı bir xuliqanlıq kimi ağır cəzalandırılır. Yatab gedən günlərdəki maraqlı bir hadisəni, gözlərimdən çəkilməyən bir səhnəni xatırlayıram. Ryazanda növbə dəyişəndən sonra başımızın üstündə duran bir erməni zabiti idi. Yadımdadı, ona Armik deyə müraciət edirdik. Kupeyə yaxınlaşıb bizdən soruşdu ki, bəs "seans" görmək istəyirsinizmi. Qiyməti iyirmi beş manatdan, on beşi mənim, onu isə sahibinin. Uşaqlardan biri köynəyinin yaxalığında gizlətdiyi puldan ona bir iyirmi beşlik verdi. On dəqiqə keçməmiş özü ilə on altı-on yeddi yaşlı bir dustaq qız gətirdi, adı Mariya idi, qara saçları, qara qaşları vardı. Yanağındakı xal üzünə ayrıca bir yaraşıq verirdi. Armik şərt qoydu ki, "seans" cəmi bir dəqiqəlik olacaq... Qız lüt soyunub kupenin qapısı ağzında durdu və iki dəfə yerində fırlandı. Ehtirasdan qopan səs-küy hələ də qulaqlarımdadır... Geyinməyə başlayanda bir hay-haray, bir mübahisə qopdu ki, gəl görəsən. Bəs bir dəqiqə tamam olmadı, heç otuz saniyə keçmədi... Sonrakı günlər həmin "seans"lar başqa kupelər üçün də göstərilirdi... Gündüzün qəflətindən qopan fit səsləri, müxtəlif sözlər, hay-küy buna işarə idi... Rəhman adlı bir oğlan yaxamdan yapışıb qır-saqqız oldu ki, "bəs, brat, ayağının altında ölüm, qələminə qurban olub, bu qıza meyxana yaz, mən də gecə-gündüz oxuyum". Armikdən on iki vərəqlik dəftər aldıq, üçcə manata... Rəhmanın çox qəşəng meyxana oxumağı vardı, şəhər uşağı idi. Onun sözünə əməl edəsi oldum, amma dedim ki, bu meyxananı səninçün bu yataba yadigar olaraq yazıram, köçür özünçün, ayrı düşsək oxuyub bu günləri xatırlayarsan.
   
   
   
   "Gözəlnamə"
   
   
   
   (İxtisarla)
   
   
   
   Ahəstə get, nazlı nigar, tələsmə,
   
   Külək kimi gəl min bir səmtə əsmə.
   
   Ayaq saxla, umud telimi kəsmə
   
   Var bir sözüm; - Yox hələ tezdir oğlan.
   
   Əzəl məni qəlbində gəzdir oğlan.
   
   
   
   Məftun olmuşam o baxışlarına,
   
   Üzdə xalına, çatma qaşlarına.
   
   Zəncirə oxşar qarə saçlarına
   
   Çiçək düzüm: - Yox, hələ tezdir oğlan.
   
   Əzəl məni qəlbində gəzdir oğlan.
   
   
   
   Bəxtəvərsən arzu-kama yetişmiş,
   
   Yaşın da on beş tamama yetişmiş.
   
   Sinəndə bir cüt şamama yetişmiş,
   
   Dərim üzüm: - Yox, hələ tezdir oğlan.
   
   Əzəl məni qəlbində gəzdir oğlan.
   
   
   
   Zakir Fəxri yaşayammaz Vətənsiz,
   
   Bülbül susar qalsa əgər çəmənsiz.
   
   Od almışam, heç bilmirəm ki, sənsiz
   
   Necə dözüm: - Yox, hələ tezdir oğlan.
   
   Əzəl məni qəlbində gəzdir oğlan.
   
   
   
   Doqquzuncu gün Yaroslava çatdıq. Bizi ayrı-ayrı kameralara saldılar və o gündən daha bir-birimizin üzünü görə bilmədik, kimin hansı şəhərə, hansı düşərgəyə düşdüyündən xəbər tuta bilmədik.
   
   Rıbinsk
   
   həbs düşərgəsi
   
   
   
   Yaroslav "peresilkası"nda (yatab göndərilən dustaqların müvəqqəti dayanacaq izolyatoru) düz bir ay qaldım. Bu bir ayda kamera iki-üç dəfə dolub-boşalmışdı. Ölkənin, demək olar ki, hər yerindən bura yatab olunmuş dustaqlar ən geci bir həftədən sonra müxtəlif islah-əmək düşərgələrinə yola salınırdı. Müxtəlif vilayətlərdə yerləşən düşərgələrdən bura "alıcılar", yəni, zabitlər gələr və özlərinə gərək olan, əl verən dustaqları qul kimi seçib aparardılar, ən çoxu da sənətkarları: - bənna, dülgər, çilingər, elektrik və qaz qaynaqçıları, istixanada işləmiş ocaqçılar və s. Tanışlıq təbii ki, dustağın şəxsi işindən başlayır, sonra isə onun özünü çağırtdırıb söhbət aparırdılar. Bu bir ayın altı gününü karserdə qaldım... Üçüncü gün kamerada dava düşdü. Bir nəfərə dedim ki, süpürgəni götürüb kameranı süpürsün. O da öz növbəsində qayıtdı ki, bəs özün süpür. Hər şeydən elə bezmişdim ki, elə bu bircə kəlmə də məni özümdən çıxarmağa bəs idi, qəflətən onun üstünə sıçradım və möhkəm əzişdirdim. Səs-küyə nəzarətçilər tökülüşdü və türmə rəisinin göstərişi ilə məni karserə saldılar. İki gün yuxumu soyuq sement döşəmənin üstündə oturaq halda aldım... Üçüncü gün növbədə olan nəzarətçi insaflı çıxdı, xəlvətə salıb mənə bir köhnə pambıq gödəkçə (teleqreyka) verdi. İki gündü ki, dilimə siqaret dəyməmişdi, hansı nəzarətçidən xahiş edirdimsə, rədd cavabı alırdım. Gödəkçə gətirən nəzarətçidən qəzet parçası da aldım və gödəkcədən pambıq çıxarıb "siqaret" bükdüm... Və karserdə qaldığım həmin günləri pambığı tütün əvəzi qəzetə büküb çəkəsi oldum. Hər qullabdan sonra yarım saat öskürürdüm... Gecikməyimə, bir ay ləngiməyimə səbəb demə şəxsi işimə əlavə olunmuş saxta bir arayış imiş. Bakıdakı 6

TƏQVİM / ARXİV