adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
24980 | 2011-10-07 07:54
(əvvəli ötən sayımızda)
   
   
   
    Uşaqlardan kiməsə nahaq yerə cəza verib şizoya salmışdılar. Beş-altı nəfər bu işin haqsız olduğunu və o dustağın dərhal buraxılmasını tələb etmişdi. Növbətçi zabit biədəb söyüş söymüş, bu isə hamının qəzəbinə səbəb olmuşdu. Şizoda karserdə kim vardısa dəmir qıfılları sındırıb hamısını buraxmışdılar bayıra. Növbədə olan nəzarətçinin əlindən açarı almış, o da öz növbəsində qaçmışdı iş zonuna. Gecə saat birə yaxın binanın damındakı uşaqlar xəbər verdi ki, bəs silahlı əsgərlər, yanğın söndürən maşınlar, su vuran maşınlar zonu mühasirəyə alıb.
   
   Aşağıdan yuxarı xəbər göndərdik ki, əldə düzəltmə partlayıcı şüşələri onlara atmasınlar, sakitcə dursunlar, biz nə qərar çıxartsaq hamı ona əməl eləməlidi. Məlum idi ki, hücum üçün, silah işlətmək üçün o tərəfə bir bəhanə lazımdır... Bir az keçmiş, saat ikiyə işləmiş ikimərtəbəli "vaxtın" damına bir neçə adam çıxdı. Bir nəfər maqnitafonla bizə müraciət etməyə başladı: "Sizinlə danışığa bir neçə nümayəndə gəlib. Mən islah-əmək düşərgələri üzrə nazir müavini Səlahəddin Kazımovam, sizin qəhrəman oğlunuz. Müharibədə Sovet İttifaqı Qəhrəmanı adı almışam, sizin ata-anaları qorumuşam, tək-tək sağ qalan qəhrəmanlardan biriyəm azəri torpağında. Dağılın, gedin yatmağa, məni eşidin". Heç kəs yerindən tərpənmədi. Bir neçə nəfər, o cümlədən Mərkəzi Komitədən gəlmiş nümayəndə də çıxış etdi.
   
   Amma buntun səbəbini soruşmadan başladı öyüd-nəsihət verməyə deyə, sözünü ağzında yarımçıq qoydular, fit səsləri maqnitafonun səsini eşidilməz etdi. Yenə maqnitafonda Kazımovun səsi eşidildi: "Avaralar, nankorlar, mən sizə adam kimi müraciət elədim, qanmadınız, indi əsgərlərə əmr verərəm barrikadalarınızı darmadağın edib içəri girərlər, qalarsınız tırtılların altında, tapdaladaram sizi, onda qoyun kimi olacaqsınız". Fit səsləri, söyüş səsləri düşərgəni başına götürdü. Nazir müavini səhv etmişdi, o, bu cür sözlərlə hamını qızışdırmışdı. Bu sözlərlə dustaqları qorxutmaq istədi, amma daha iş işdən keçmişdi, qorxan kim idi. Çoxları güllənin qabağına belə getməyə hazır idi.
   
   Hər şeydən əli üzülmüş, ailəsini, ev-eşiyini, var-yoxunu itirmiş, səhəri gün taleyin hansı zülmüylə bir daha üzləşəcəyi məlum olmayan dustağı belə bir kortəbii üsyanın axırında nəinki işgəncə, hətta ölümün özüylə də qorxutmaq olmazdı. İstər-istəməz kor-təbii axına qoşulub axmalı olursan və axın sənin bütün hisslərinə, düşüncələrinə hakim kəsilir. Yarım saat keçdi. Yuxarıdan gələnlər zor tətbiq etməyin ağır nəticələr verə biləcəyini duymaya bilməzdi.
   
   Lap arxa tərəfdə dayanıb məsələdən çıxış yolu axtara-axtara bir qrupla məsələni müzakirə edirdik. Birdən Kazımov maqnitafonu ağzına tutub gur səslə bildirdi: "Şərtlərinizi dinləyib qəbul etməyə hazırıq, danışıq üçün şair Zakir Fəxrini nümayəndə seçiblər, əgər razısınızsa qoyun gəlsin, gözləyirik. Hamı seçilmiş nümayəndəyə razıdırmı? Hamı bir ağızdan razılığını bildirdi. Doğrusu gözləmirdim. Camaatdan aralanıb keçmək üçün mənə ensiz bir dəhliz açdılar. İti addımlarla hündür dəmir qapıya yaxınlaşdım. Vaxtın ikinci mərtəbəsində dayanmış silahlı əsgərlər aşağıya kəndir pilləkan salladılar. Məni tək qalxmağa qoymadılar. Əldəqayırma partladıcı şüşə butulkalarla, bıçaqla silahlanmış beş nəfər məni dövrəyə aldı.
   
   Əvvəlcə iki nəfər qalxdı. Yuxarıda dayanan əsgərlərlə məsafə saxlamağı tələb etdilər. Sonra məni səslədilər. Mənim ardımca daha üç nəfər qalxdı. Məni qoruyanlar sağımda və solumda hazır vəziyyətdə dayanmışdılar. Nümayəndələrlə aramızdakı məsafə üç addım olardı. Danışığa başlamazdan əvvəl dedim ki, istifadə etdiyiniz maqnitafonu yaxına qoyun, danışığı hamı eşitməlidi. Şərtə dərhal əməl etdilər. Şərtlər çox deyildi, sadə şərtlərdən ibarət idi. 1. Düşərgədə haqsızlıq, özbaşınalıq edən inzibati işçilər cəzalandırılmalı və işdən xaric olunmalıdır. 2. Dustaqlara qarşı haqsız cəza tədbirlərinə, söyüşlərə son qoyulmalıdır. Donosçuların yalan məlumatlarından rejim işçiləri şəxsi qazanc məqsədləri üçün istifadə etdikləri metodlardan əl çəkməlidir. 3. Bu buntun səbəblərini təhlil edib səhəri gün günahsız yerə heç kim cəzalandırılmamalıdır, uzaqlara yatab göndərilməməlidir. Kazımov da, düşərgə rəisi də, mərkəzi komitənin işçisi də bu tələblərə əməl edəcəklərini və bu tələblərin haqlı olduğunu dönə-dönə qeyd etdilər.
   
   Balalarının canına,qəbirdə yatanlarının ruhuna əllərində tutduqları duz-çörəyə və nəhayət müqəddəs Qurana and içib verdikləri vədi pozmayacaqlarını bildirdilər. Kazımov həmin gecə məni çaya qonaq edib iki saata yaxın söhbət elədi və vəd etdi ki, sənin kimi istedadlı bir oğlanı qoymaram dustaq yata, səni qurtaracağam bu xarabadan. On gündən sonra düşərgənin yarısını hissə-hissə, gecələr xəlvətə salıb uzaqlara sürgün etdilər, mən də sürgün olunanların içindəydim. Üstündən bir müddət keçmiş düşərgədə (Rıbinskdə) eşitdim ki, Səlahəddin Kazımovu iş başında güllə ilə vurublar...
   
   
   
   Yatab
   
   
   
   Həmin gün olduğu kimi yadımdadı. Səhərə yaxın idi, saat təxminən dörd olardı, gündəliyimi vərəqləyirdim.
   
   Deyəsən gündəliyim maraqlıydı. Çünki, dustaq yoldaşlarımın çoxu həmişə xahişlə o gündəliyi məndən bir neçə saatlığa alıb oxuyar, axşam düşəndə isə hökmən qaytarardılar, bilərdilər ki, günün sonunda ardını yazmalıyam. Həmin gecə yazdığım iki-üç cümlə də yadımdadır: "Bu gün düşərgədə bir nəfəri aç-burax elədilər, ona bəraət kağızı gəlmişdi. Saçları ağappaq idi, yaşlı adama oxşayırdı, amma cəmi otuz yaşı vardı. On beş yaşında qətl üstündə məhkum olunmuş, on beş il iş almışdı. Əvvəlcə cəzasının bir neçə ilini azyaşlılar olan düşərgədə çəkmiş, yaşı çatanda isə onu böyüklər yatan islah-əmək düşərgəsinə, altıcı kalona köçürmüşdülər.
   
   Düz on dörd il doqquz ay yatandan sonra əsil canini, qatili tapmış, onu isə azadlığa buraxmaq haqda hökm vermişdilər... Yazığın üzündə bir damla belə sevinc işartısı görmədim, başını bulaya-bulaya, siqareti siqaretə calaya-calaya yır-yığış edirdi..." Hamı şirin yuxuda idi. Siqaret yandırıb ayağa qalxdım, elə dəhlizə çıxmaq istəyirdim ki, çiynimə bir əl toxundu. Dəstə rəhbərimiz idi, qulağıma pıçıldadı ki, səni düşərgə rəisi, Suren Minasoviç Akopyan bayırda gözləyir, işi var sənnən. Özü məndən qabaq asta addımlarla otaqdan çıxdı, heç kəsi oyatmasın deyə ayaqlarının ucu ilə yeriyirdi. Nəsə şübhələndim, şübhəli-şübhəli çıxdım bayıra. Əynimdə idman forması, ayağımda isə yüngül çust vardı.
   
   Əyilib stolun üstündəki siqaret qutusunu, kibriti götürmək istəyəndə yavaşca dedi ki, qoy qalsın, beş dəqiqəyə qayıdarsan... Pillələri düşüb bayıra çıxan kimi on-on beş silahlı əsgər məni mühasirəyə aldı, artıq gec idi,yatab aparırdılar... Bu gözlənilməz zalımlığı, ölçüyə gəlməz vicdansızlığı bu cür, bu şəkildə gözləmirdim. Əyin-başımı dəyişməyə, yazı-pozumu, gündəliyimi götürməyə icazə istədim, zabit biədəb söyüş söyüb avtomatın qundağı ilə məni qabağa itələdi. "Varanok"dan (dustaq maşını) düşəndə hava yenicə işıqlanırdı. Maşın qatarın, minəcəyim vaqonun yanında dayanmışdı.
   
   Əli avtomatlı dörd əsgərin müşayiəti ilə vaqona qalxdım. Girəcəkdə bir əlində zəncirə bağlı iri bir it, bir əlində avtomat silah tutmuş əsgər dayanmışdı. Vaqonun ensiz dəhlizindəki hər pəncərənin yanında silahlı bir əsgər vardı. Ayaqaltı döşəmə də tor idi. Kupelərdəki taxta arakəsmələr, döşəmə, tavan belə dəmir qəfəslə örtülmüşdü. Dəmir çubuqlarla toxunmuş qapını iri açarlarla iki-üç yerdən açandan sonra məni içəri saldılar. Eynən sərnişin qatarındakı kimi dörd nəfərlik kupedə məndən başqa on dörd nəfər də var idi... Bərk səs-küy qopdu, məni görən uşaqlar təəccüblərini gizlədə bilmədilər, başladılar düşərgə rəisliyini, hökuməti sağına-soluna söyməyə. Əksərimiz bir düşərgədən idik, qalanları ilə isə Bayıl türməsindən tanışdım. Gecə xəlvəti olaraq hamını bir-bir, eynən mənim tək yuxudan oyadıb gətirmişdilər bura. İki-üç saat keçdi, hələ qatar tərpənməmişdi.
   
   Elə bu zaman bayırdan, düz vaqonun yaxınlığından qışqırıq, fəryad səsləri gəldi. Kiminin ata-anası, kiminin qardaş-bacısı bu hadisədən təcili xəbər tutmuş, özlərini dərhal vağzala çatdıra bilmişdilər. Eşidilsin deyə qışqıraraqdan gedən danışıqlar bir-birinə qarışmışdı, heç nə eşitmək, anlamaq olmurdu. Bir azdan qatar tərpəndi, arxaca gələn fəryad, ah-nalə səsləri getdikcə əriməyə, sönməyə başladı. Hamının üzünə bir məyusluq, dərin bir kədər çökmüşdü, ələlxüsus da öz doğmalarının səsini eşidənlərin...
   
   Yola düşəndən sonra tualetə getməyə icazə verdilər, amma əsgərlərin nəzarəti altında bir-bir aparırdılar və cəmisi də ikicə dəqiqə vaxt verirdilər hərəyə. Tualet dəmir zindana oxşayırdı. Türmədə eşitdiyim söz-söhbətlər düşdü yadıma, anladım ki, vaqon məşhur "Stolıpin" vaqonudur. Xeyli keçmiş başımızın üstə gedən zabit kupenin qapısını açdı, hərəyə iki qutu siqaret və xeyli ərzaq payladı. Kimdən olduğunu soruşduqda dedi ki, bəs perronda camaat biləndə ki, dustaq aparırıq, kim əlinə nə keçdisə dükanlardan qaçaraq alıb xahiş elədilər ki, aranızda bölək. Görünür, zabiti razı salanlar olmuşdu, yoxsa... Oturmağa yer olsun deyə dörd nəfəri yuxarı, ikinci mərtəbəyə çıxarası olduq. Üç günlük ərzaq verdilər bizə, balıq konservasından və qara çörəkdən ibarət ərzaq cəmi gün yarıma kifayət elədi. Vaqonda cansıxıcı, boğanaq bir bürkü vardı. Odur ki, dəqiqəbaşı əsgərləri səsləyib dəhlizdə qoyulmuş dəmir su çənindən içməyə icazə istəyirdik. Çəndəki su elə qızmışdı ki, gölməçə suyunun tamını verirdi... Girəcəkdəki kupedə qadınları yerləşdirmişdilər. Çoxu cavan qızlar idi, hamısı da ruslar... Bütün kupelər dustaqlar ilə dolu idi. Gecə yarı qadınlar olan kupedən bərk qışqırıq, söyüş səsləri gəlirdi, kişi dustaqları köməyə çağıranlar da olurdu.
   
   Amma əlimizdən nə gəlirdi ki, üstümüzdə gedən zabit və yekəpər silahlı əsgərlər çox özbaşınalıq edirdilər... Dördüncü gün qatar dayandı və dustaq vaqonunu qatardan ayırdılar. Aclıq və susuzluq hamını taqətdən salmışdı. Bizi bir-bir qatardan düşürüb, dustaq maşınına mindirdilər və harayasa apardılar. Mənzil başına çatanda öyrəndik ki, Ryazan türməsindəyik. Sübh tezdən yenə bizi maşınlara mindirib qatar yoluna apardılar. Bu dəfə vaqonumuz başqa sərnişin qatarına qoşulmuşdu. Vaqona minəndə gördük ki, bütün nəzarətçi əsgərləri dəyişib yeniləri ilə əvəz ediblər. Uşaqlar bir meyxana yazmağımı xahiş elədilər ki, yolboyu oxuyaq, dərd-qəmimizi bir az dağıdaq. Güc-bəla ilə bir üzü ingiliscə yazılmış lüğəti (kimsə məşğuliyyət, dil öyrənmək üçün yazmışdı) üç dama-dama şagird dəftərinin vərəqini əldə elədik. (Həmin vərəqlər indi yazı masamın üstündədir).
   
   
   
   (ardı gələn sayımızda)

TƏQVİM / ARXİV