adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
27865 | 2011-10-05 11:15
(əvvəli ötən sayımızda)
   
   Nəzarətçiyə dedi ki, bunu apar üçüncüyə, 88-ə. Məni elə həmin gün ikinci korpusdan çıxarıb apardılar üçüncü korpusa. Nəzarətçi korpusun qapısında məni başqa bir nəzarətçiyə təhvil verdi. Enli dəhlizin sonuna az qalmış bir kameranın qabağında dayandıq. Gözlərim qapının üstündəki nömrəyə sataşdı - 88. Məni içəri salıb qapını arxamca bağladılar. İçəridə siqaret tüstüsündən duman yaranmışdı. Küncdə yerləşən tualetə qədər divarboyu ikimərtəbəli, alt-üst "nara" (taxta döşəmədən çarpayı, ensiz, uzun taxt) yerləşirdi. Kameranın dəmir qəfəslə örtülü iri pəncərəsi vardı. Pəncərə yerində divarın qalınlığı görünürdü, təxminən bir metr olardı.
   
   Sağ tərəfdə döşəməyə ensiz, qısa dəmir stol və stolboyu üzbəüz dəmir oturacaq bərkidilmişdi. İki nəfər nərd oynayır, bir neçə nəfər isə ayaq üstə dayanıb oyuna tamaşa edirdi. Alt-üst naralarda bir-birinin yanınca köhnə, sınıq-salxaq çirkli döşəklər salınmışdı. Tualetin qapısı açıq idi, heç nə asılmamışdı... Yuxarı narada kimisi pal-paltarlı uzanıb dincəlir, kimisi də üç-üç, beş-beş bardaş qurub nə haqdasa söhbət edirdilər. Bir anlıq diqqətlər mənə yönəldi. Var-gəl eləməyə başladım. Siqaretim yox idi deyə hövsələdən çıxmışdım. Xeyli keçəndən sonra nərd oynayanlar ayağa durdu, sıçrayıb qalxdılar yuxarı başa. Biri məni səslədi ki, "brat" qalx yuxarı.
   
   Kapron su qabında çay qoydular. Konserv qutusunun qapağından "kipitilnikləri" (elektrik qızdırıcısı) vardı, bir qutu çayı boşaltdılar suya. Ortaya çay gəldi. Siqaret təklif elədilər, təşəkkür edib bir siqaret yandırdım. "Sxodka" başladı. Xeyli söhbətdən sonra mənə dedilər ki, bizimlə oturarsan, yatarsan yuxarıda. Və onu da dedilər ki, bir müddət tanışlıqdan sonra kimi istəsən özünə "kent"avat (süfrə yoldaşı, duz-çörək yoldaşı) eləyə bilərsən, öz işindi. Gecə səhərəcən yatmadıq, ədəbi məclis keçirdik. Şamaxıdan Vaqif adlı (indi sürücü işləyir) bir oğlan dəmir miskini qaşıqlarla döyəcləyə-döyəcləyə (nağara əvəzi) xeyli meyxana dedi. Kamerada çoxları darıxmasın deyə, suvenirlər-ürək şəkilli klon, kibrit qutusu boyda üstü kiməsə yazılmış kitab, qələm, təsbeh və i. düzəltməklə vaxt öldürürdülər. Bunun üçün "klestr"dən (sterjen və xəmir), lakdan, süpürgə çöpündən istifadə olunurdu.
   
   Aşağı narada yatanların (niputyovılar) bir qrupu isə kameranın təmizliyinə baxırdılar, digər bir qrup tualeti yuyub-təmizləyirdi. Kamerada ilk dəfə həbsə düşənlər, məhkəmə gözləyənlər, istintaq altda yatanlar, iş kəsilməyən dustaqlar yatırdı. Bir yaşlı rus sürücüsü altı yaşlı qızı zorlamağa cəhd etdiyi üstə yatırdı. Dustaqlar onu ölüncə döymüş, öz papağı, pencəyi ilə tualet yumağa məhkum etmişdilər. Hələ ən murdar cinayət üstə yatanlardan söhbət açmıram (bunlar barədə yazdığım romanda ayrıca bölmələr var). Heç kəs törətdiyi cinayətdə özünü təqsirkar bilmirdi...
   
   Həqiqətən elə dustaqlar vardı ki, günahı olmadan, heç bir cinayət törətmədən haqsız yerə cəza çəkirdilər. (İçərilərində aç-burax olanlar da olurdu, olmayanlar da). Üçüncü gecənin axşamı nəzarətçi qapını açıb məni çölə çıxardı. Çox təəccübləndim. Sonra düşündüm ki, yəqin kiminsə vasitəsilə mənə ərzaq gəlib, onu verəcək. Təəccübləndiyimi görüb dedi ki, səni qonaq çağırıblar, yüzüncü kameraya. Bu kamera xüsusi rejimli kameradı (üst-üstə neçə dəfə mühakimə olunanlar, peşəkar cinayətkarlar yatır orda). Qapını açıb məni içəri saldı. Kameradakı səliqə-sahman, sakitlik diqqətimi cəlb elədi.
   
   Tanış səs gəldi: - "Şair, qalx yuxarı". Yaşa idi. Yuxarı başda yan-yana iki təmiz yorğan-döşək salınmışdı: Ortada ağ süfrə, süfrədə isə cürbəcür qovurma, toyuq soyutması, yağ, pendir, göy-göyərti, cürbəcür konservlər, kolbasalar düzülmüşdü. Yaşa əvvəlcə məni yanındakı ağ maykalı, bahalı idman kostyumu geyinmiş oğlanla tanış elədi - "Vaçkosdu, zavağzalnıdandı, qardaşı Rudik də yatır, indi "dalnıdadı" (uzaq Sibirdə). "Vor zakonnikdilər". Vaçkos milliyyətcə erməni idi, tanınmış "oğru" idi.
   
   Çay-çörək yeyəndə göz qoydum ki, iki nəfər papiroslara nəşə doldurur. Süfrədə bizdən başqa pəhləvan cüssəli dörd oğlan əyləşmişdi. Papirosu mənə verdilər ki, sən başla... Dedim ki, bəs çəkən deyiləm, hələ dilimə vurmamışam. Hamı təəccüblə mənə baxdı: - Yaxşı görək, zarafatı boşla, sən onda necə şairsən, bəyəm nəşəsiz də yazmaq olur, - Yaşa dilləndi. Dedim düz sözümdü, inanın çəkməmişəm, amma bu gün sizinlə çəkəcəm, bir şərtlə ki, birinci və sonuncu dəfə olsun. Söhbət vaxtı mənə dedilər ki, sizin kamerada "verx" (yuxarı baş) aparan trusdu, niputyovıdı, "fuflo"du (boş, mənasız, şərəfsiz) onun yeri buradı, üçüncü dəfədi iş alır, maya buraxıb qorxusundan birinci "sudimuslar" (ilk dəfə iş alanlar) olan kameraya soxulub, gedən kimi onu sal aşağı...
   
   Aşağıda kamerada var-gəl edən iki nəfər dava elədi, möhkəm savaşdılar. Qurtaranda birini yuxarı çağırıb səbəbini soruşdular. Onu dinləyəndən sonra Vaçkos bir nəfərə tapşırdı ki, düş məsələni həll elə. O oğlan dalaşanların ikisini də möhkəm əzişdirdi. İkisinin də ağzı-burnu qanla dolmuşdu. Qalanları da dinməzcə tamaşa edirdi. Döyülənin birini tualetə bitişik yerə otuzdurdu və dedi ki, burda yatarsan... Döyülən o iki nəfərdən cınqırını çıxaran da olmadı... Mən öz kameramıza qayıdandan sonra on beş dəqiqə keçməmiş qapı açıldı, iri zənbildə "qref" (pay) göndərmişdilər, gətirən dedi ki, şair üçün Yaşadandı... Zənbildə xeyli ərzaq, siqaret və yüz əlli manat pul var idi. Həmin gecə "verx" aparan (kameranın ağsaqqalı) Sabir adlı oğlanı aşağı salıb dərsini verdik. O gündən ağsaqqallığı mənə həvalə etdilər... Bit əlindən yata bilmirdik. Hər axşam soyunub bitdənirdik. Yatdığımız döşəklər oturub-duranda şalvara yapışırdı, illər uzunu dəyişilmirdi deyə döşəklər çirkdən qapqara kir bağlamışdı. Yorğan əvəzi bez kisələr verilirdi. Yatanda o kisələrin içinə girirdik (Yəqin indi də elədi). Bir dəfə aclıq elan etdik və bütün türmə qoşuldu bizə.
   
   Döşəklərin dəyişilməsi qaydalarına əməl olunmasını, yeməyin keyfiyyətli bişirilməsini, təmizlik (Allaha ağır getməsin, itə töksən it yeməzdi...) tələb etdik. Əvəzində mənim kameramı dəyişdilər atdılar məni 89-a. Amma dustaqlar orda da məni başda oturtdular. Deyəsən, daha ağsaqqal adına yiyələnmişdim. Nəzarətçi Şerbakov vardı, bir dəfə qapını döyüb "qarmoşka"nı açdırdım, xahiş elədim ki, qoy bir az açıq qalsın, boğuluruq, siqaret tüstüsündən nəfəs almaq olmur. Razılaşdı, amma dəqiqəsinə bir manat istədi. Neçə dəqiqə qalsa, manat hesabı ödəyin dedi.
   
   Ona bir meyxana da qoşmuşdum. Hərif tapdı, ya toruna düşdü ov, Quyruq bular orda nadzor Şerbakov. Amma bununla bərabər korpusun starşinası Savalan Cəbrayılov çox insanpərvər adam idi, hamıya əl tuturdu... əlindən gələn köməyi dustaqdan əsirgəməzdi. Səhər və günorta yeməyindən sonra qanun əsasında yarımca saat hava almağa, gəzintiyə çıxırdıq. Gəzinti meydanı dörd tərəfi hündür divarlarla əhatə olunmuş, üstü isə dəmir torla bərkidilmiş (yuxarıda müşahidə üçün nəzarətçi dayanır və dustaqlara göz olur) eni-uzunu iyirmi addım olan bir meydançadır və belə meydançalar bir ayrıca sahədə, bir-birinə bitişik olur... Beləliklə hər günüm bir macərayla keçən Bayılda səkkiz ay qaldım, düz səkkiz ay...
   
   6 N-li islah-əmək düşərgəsi Məhkəmə cəza kəsəndən, cəza müddətini təyin edəndən sonra başqa kameraya köçürülürsən. İş kəsilmiş dustaqlar ibtidai istintaq altında yatan dustaqlardan təcrid olunur və qanuna görə onların bir yerdə saxlanılması qadağan edilir. 88-ci kamerada olduğu kimi, burda da kamera ağzınacan dolu idi və nəzərdə tutulduğundan bəlkə də iki dəfə artıq dustaq yerləşdirilmişdi. Aşağı narada yer azlıq etdiyindən çoxları növbə ilə yatıb yuxusunu alırdı. Bir aya başa çatması mümkün olan istintaq və məhkəmə prosesləri aylarla çəkir (üç il, dörd il istintaq altında yatanlar olur. Hansı ki, qanuna zidd olan bu proses dünyanın heç bir sivilizasiyalı ölkənin istintaq, məhkəmə praktikasında tətbiq olunmur...). İş kəsilmiş dustaqların bölgü üzrə islah-əmək düşərgələrinə göndərilməsi də beləcə ləngidilir, uzadılır... Bu gözləmələr adamı tamam üzüb əldən salır. Dustaqları həyəcanda, üzüntüdə saxlayan ən əsas amillərdən biri də onun hara, hansı düşərgəyə, yerli islah-əmək düşərgələrindən birinə, ya ucraq yerlərə düşəcəyinin fikridir. Dustağın çoxluğundan yerli düşərgələrdə yer çatışmazlığına görə ucqarlara göndərilənlər çox olur. Bundan istifadə edib özünün şəxsi qazanc məqsədini güdən inzibati işçilər az deyil... (Necə ki, bir zamanlar "ƏFQANISTAN" deyə əsgəri xidmətə çağırılanlardan pul qoparan voenkomlar, hərbi işçilər var idi...) heç bir ailə öz dustaq balasının ucqar yerlərə düşməsini, təbii ki, istəməz.
   
   Uzaq düşərgələrə dustaq yanına gedib-gəlməyin xərci, əziyyəti çox ağır olur. (Allah heç kəsin başına gətirməsin). Çoxları kimi mən də bir aydan artıq yatab gözləyəsi oldum və nəhayət ki, Keşlədə yerləşən 6 N-li islah-əmək düşərgəsinə göndərildim. Adətən, türmədən düşərgəyə yatab aparılanda necə "yatdığın", özünü necə apardığın, əqidən haqda məlumat həmin düşərgəyə sənin özündən qabaq gedib çatır və səni hansı dəstənin qarşılayıb öz sıralarına, dairələrinə qəbul edəcəyi bundan asılı olur. Məni qarşılayanların arasında orta məktəb yoldaşım Adili görəndə çox təəccübləndim, amma doğma bir üz, doğma bir işıqdan toxtadım da...
   
   Ticarət işçisi olan Adilin dükanından yoxlama zamanı artıq mal tutulub deyə ona yeddi il iş kəsmişdilər. Qarşılayanların çoxu Bayıl türməsində mənimlə yatmış dustaqlar idi. Anbardan əyin-baş, əl-üz dəsmalı aldılar mənə. Səhəri gün düşdüyüm briqadanın nömrəsini də öyrəndim, briqada yeşik düzəltməklə məşğul olurdu və otuz nəfərdən ibarət idi.
   
   Uşaqlar dəstə rəhbəri ilə "dil" tapıb məni bir həftə qonaq saxladılar və işə çıxmağa qoymadılar. Uzun aylar bağlı kameralarda havasızlıqdan rəngim-rufum saralmış, özüm isə quru çöpə dönmüşdüm. Bəlkə də Bayıl türməsi ölkənin ən soyuq, ən natəmiz, ən baxımsız, ən zalım türməsidir. Bu bir həftə ərzində düşərgə ilə, düşərgədəki ab-hava ilə yaxından tanış oldum.
   
   (ardı gələn sayımızda)

TƏQVİM / ARXİV