adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Tom Soyerin BMT Sərgüzəztləri

FƏRHAD ŞABANOV
35126 | 2011-10-05 14:00
Ötən həftə Ərdoğan Birləşmiş Millətlər Təşkilatında gündəmə dair çıxış etdi və beynəlxalq hüquq normalarının bütün ölkələrə eyni formada şamil edilməsini istədi. Qısaca olaraq demək istədi ki, nə İsrailin buynuzu var, nə də Kipr Rum dövlətinin. Bu hadisə Türkiyə mətbuatında çox işıqlandırıldı. Hətta məşhur jurnalist Mehmed Ali Birand da bu məsələyə biganə qalmadı və qələmə aldığı bir yazıda bildirdi ki, Ərdoğan kürsüyə çıxanda ilk başlarda həyəcanlandı, sonra isə sanki mitinqdə danışırmış kimi rahatlamağa başladı. Onunla birgə Birand da həyəcanlanırmış. Səbəbi isə belə açıqlamışdı: "Nə də olsa, biz də Türkük."
   
   Söz Birləşmiş Millətlərin kürsüsündən düşmüşkən, bu sehrli yer ilə bağlı bildiklərimi sizinlə paylaşmaq istədim. Ərdoğan orda danışan nə ilk, nə də sonuncu siyasətçidi. Ordan kimlər keçib, kimlər... Ən yadda qalan çıxışları yada salaq.
   
   "Birləşmiş Millətlər Məclisinin 65-ci açılışında danışan İran prezidenti Əhmədinecat 11 sentyabr ilə bağlı fikirlərini sərt bir formada dilə gətirdiyi sırada salonda oturanların yarısı ona protest olaraq salonu tərk etdi.
   
   "1957-ci il. Hindistanlı diplomat Krişna Menon Kaşmir bölgəsi ilə bağlı gedən mübahisədə BMT tarixinin ən uzun çıxışını etdi. Menonun nitqi 8 saatdan çox çəkdi. Danışdığı yerdə halı pisləşdi və özündən getdi. Xəstəxanaya aparılan Menon həkimlərin müdaxiləsindən sonra özünə gəldi və salona geri qayıdaraq çıxışına 1 saat daha davam etdi. Çıxışı bitənə qədər yanında bir həkim onu gözlədi.
   
   "1960-ci il. Menonun çıxışı qədər təsirli olmasa da Fidel Kastronun BMT-dəki ilk çıxışı 4 saatdan çox çəkdi. Beləliklə, Kastro BMT tarixində çıxışı ən uzun çəkən lider ünvanının sahibi oldu. Kürsüyə çıxdığı əsnada o dönəmin ABŞ-dakı prezidentliyə namizəd olan Kennedi və Niksona ağır təhqirlər etdi. "Əgər Kennedi milyoner, oxuma-yazma bilməyən bir cahil olmasaydı, onda kəndlilərə qarşı inqılabın mümkün olmadığını anlardı." Bundan bir il öncə isə Kastro BMT-də çıxış etmək üçün gəldiyi şəhərdəki otel otağında toyuq saxladığı üçün zarafat obyektinə çevrilmişdi.
   
   "SSR Baş Nazirlərindən olan Xruşov çıxışı sırasında etdiyi bir hərəkətlə BMT-nin simvola çevrilmiş anlarından birinin qəhrəmanı kimi tarixə düşdü. SSR siyasətini tənqid edən Filippinli bir diplomatı susdurmaq üçün Xruşov ayaqqabısını çıxardı və kürsüyə vurmağa başladı. Bu davranış sözün yetərsiz qaldığı anlarda göstərilən davranışın simvolu oldu. Eyni zamanda bu hərəkətin "sizi basdıracağıq" deyən bir siyasətçidən gəlməsi də düşündürücüdür.
   
   "1960-cı ildə BMT-yə Rus-Amerikan gərginliyi öz damğasını vurdu. Ruslar öz hava sahəsində Amerikaya aid U-2 Casus təyyarəsini vurduqlarını iddia etdilər. Bu iddiaya çox əsəbləşən ABŞ-lı diplomat Henri Kabot Loc inanılmaz cavablar verməyə başladı. Loc, Sovet-Amerikan Dostluq Dərnəyi tərəfindən Amerikanın Moskvadakı səfirliyinə həddiyə edilən suveniri göstərdi. Sonra isə suvenirdəki qartalın dimdiyindən balaca bir mikrofon çıxardı. Bununla da rusların BMT-də səsləndirdikləri casusluq iddiaları kəsildi.
   
   "1974-cü ildə Yasər Arafatın BMT iclasına dəvət edilməsi ilk dəfə təşkilatın bitərəfliliyindən xəbər verirdi. Arafat kürsüyə çıxıb Siyonizm əleyhinə danışmağa başladı. Bir il sonra Siyonizm Rasizmlə bir tutulmağa başlandı. Bundan sonra İsrail ilə BMT-nin arası heç vaxt düzəlmədi.
   
   "1987-ci ildə Nikaraqua Dövlətinin başçısı Daniel Orteqa kürsüyə çıxıb ABŞ əleyhinə fikirlər səsləndirməyə başladı. ABŞ-ın Orta Amerika siyasətini yerdən-yerə vurduğu sırada salon boşalmağa başladı. "Problemlərin həllini ancaq işğalda görən dar beyinli insanlara münasibət bildirmədən öncə prezident Reqana sözüm var: Rembo sadəcə filmlərdə olan bir obrazdır."
   
   "Venezuela dövlət başçısı Huqo Xavez BMT kürsüsünü ən çox sevən liderlərdən biridir. Bunu isə ən çox ABŞ-ın eks-prezidenti Corc Buş haqqındakı fikirlərini səsləndirdiyi zaman göstərdi. Bununla yanaşı Xavez hər çıxışında sosialist yazarların kitablarını kürsüdən reklam etdi. Corc Buşu şeytana bənzədən Xavez, "şeytan dünən buradaydı, hələ də burnumuza kükürd qoxusu gəlir" fikri böyük əks-səda doğurmuşdu. Barak Obama prezident seçildikdən sonra "artıq kükürd qoxusu gəlmir" deməyə başladı.
   
   "Sudan dövlətinin başçısı Ömər Əl-Bəşir 2006-cı ildə etdiyi çıxışda Darfurda yaşanan qətliamların artmasının səbəbkarı olaraq Qərbdən gəlmiş yardım təşkilatlarını göstərdi. O düşünürdü ki, yardım təşkilatları daha çox gəlir əldə etmək üçün ixtişaşları artırır. Bundan başqa Bəşir İsrailin siyasətini Sudan dövlətinə qarşı olmaqla günahlandırdı və Siyonizmi lənətlədi.
   
   "2008-ci ildə Əhmədinecat çıxdığı BMT Kürsüsündə Avropa və ABŞ xalqlarının talelərinin bir ovuc Siyonist varlığın əlində olduğunu bildirdi. Azlıq olmalarına baxmayaraq bütün maddi gəlirlərin mənbəyini onlara bağladı, hətta Cənubi Osetiya münaqişəsinin əsl səbəbkarı kimi Siyonistləri göstərdi. Ümumiyyətlə ,İran Prezidenti Əhmədinecat hər dəfə BMT kürsüsündən çıxış edəndə İsrail dövləti bundan öz payını alır.
   
   "40 illik iqtidarda olmasına baxmayaraq Qəddafi ilk çıxışını 2009-cu ildə etdi. "Bu bir Təhlükəsizlik Şurası deyil, Terror Şurası olaraq adlandırılmalıdır." Bir çoxlarının fikrinə görə bu çıxış vaxt itkisindən başqa bir şey deyildi. 100 dəqiqəlik çıxışında ABŞ-ın yaydığı donuz qripindən tutmuş Kennedi sui-qəstində qədər bir çox mövzuya münasibət bildirdi. Oteldə qalmağı rədd edən Qəddafi özü ilə gətirdiyi bədəvi çadırını qurdurmaq üçün bir neçə yer axtardı, ancaq məqsədinə nail ola bilmədi. Sonda isə milyarder Donald Trampın baxçasına qurmaq məsləhət görüldü və o da əməl etdi.

TƏQVİM / ARXİV