adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

666

BABƏK YUSİFOĞLU
38292 | 2011-10-04 02:31
İnsanların ən qədim peşələrindən, sənətlərindən, bacarıqlarından... bir çoxu tarixin qəliz qatlarında itib-batmış, unudulmuş və ya daha işə yaramadığı üçün tərk edilmişdir. Bir qismi isə elmi-texniki inkişafın nəticəsində sıradan çıxmaq məcburiyyətində qalmışdır. Lakin bu sırada elələri də var ki, heç bir sınağa, heç bir inkişafa, maneələrə, hətta qadağalara belə baxmadan min illikləri adlayaraq bu günümüzə qədər yaşamış, hətta inkişaf edərək daha da müasirləşmişdir. Əlbəttə, həm sıradan çıxmışların, həm də əsrlərin sınağına tab gətirənlərin adlarını uzun-uzadı sadalamaq olar, lakin buna ehtiyac yoxdur. Çünki indi onlardan yalnız biri - magiya, daha doğrusu onun məşhur nümayəndələrindən biri haqqında söhbət açmaq istəyirəm.
   
   Əslində magiyanın tarixi çox-çox qədimlərə gedib çıxır. Hətta bizim eradan əvvllərə. Həmin dövrlərdə şamanlar, sehirbazlar, kahinlər təbiətlə təmasa girməyi öyrənmiş, insanların psixologiyalarına təsir etməyi bacarmış, mistikanın və təlqinin gücü ilə inanılmaz işlər görmüşlər. Əlbəttə, burada insanların inancı, düşüncələri də müəyyən rol oynayırdı. Zaman keçdikcə, dövr dəyişdikcə, insanların düşüncə tərzi müasirləşdikcə magiya da mərhələlərdən keçdi, maqlarsa əvvəlki formatdan uzaqlaşdılar. Və mən deyərdim ki, onlar indi daha mükəmməl bir sistem üzərində bacarıqlarını tətbiq edə bilirlər. Amma bütün bu imkanlardan yalnız neqativ işlər üçün istifadə edənlər də az olmadı. Və sonradan bu üsula ad da verildi - "Qara magiya" və ya satanizm. Məncə bu haqda söz açarkən onun bir nömrəli isimlərindən olan Edvard Aleksandr Alister Kroulinin adını çəkməmək qəti doğru olmaz. Kim idi Krouli?..
   
   
   
   ALEKSANDR
   
   
   
   Edvard 1875-ci il oktyabrın 12-də İngiltərənin Uorikşir qraflığının Liminqton-spa şəhərində doğulub. Ailələri imkanlı olmaqla yanaşı qatı dindar idi. Hətta pivə istehsalı ilə məşğul olan atası Edvard Krouli, anası Emili Bert "plimut qardaşları" dini sektasının üzvləri idilər. Bibliyanın gündəlik oxunması ailədə hər kəsin ən vacib işlərindən biri hesab olunurdu. Bu üzdən də Aleksandr yazıb-oxumağı öyrənəndən sonra həmin qaydalara ciddi şəkildə riayət etməyə məcbur idi. Belə həyat tərzi yeniyetmənin canını sıxasa da başqa cür mümkün deyildi. Atası öldükdən sonra bu məşğələlərin azalacağını düşünən Aleksandr səhv etmişdi. Çünki anası bundan sonra övladlarının dinə bağlılığını artırmaq üçün daha çox səy göstərməyə başlamışdı. Bu da Aleksandrı bərk qıcıqlandırar, əsəbiləşdirərdi. Sonradan bütün bunlar onda hər şeyə şübhə ilə baxmağa, şəkkaklığa gətirib çıxardı. Onun belə qaydaya üsyanları, etirazları elə bir həddə gəlib çatdı ki, anası öz aralarında onu "yırtıcı-666" adlandırırdı. Lakin bu cür ad Kroulini zərrə qədər də narahat eləmirdi.
   
   Edvard Aleksandr Krouli daxilində ilk mistik duyğuların təlatümünü hiss edəndə onun 21 yaşı var idi. Sonralar o özü bunları belə xatırlayacaqdı: "mənim daxilimdə əzab, qorxu, hətta hüdudsuz dəhşət və eyni zamanda izah olunmaz tərtəmiz, müqəddəs heyrət vardı".
   
   
   
   SATANİZMƏ GEDƏN YOL
   
   
   
   Məktəbi bitirdikdən sonra - 1895-ci ildə o, Kembric Universitetinə daxil oldu. Kitablara böyük həvəs göstərən Krouli ilk illərdə "əxlaq elmləri"ni oxumağa başladı. Ardınca fəlsəfəni, psixologiyanı, daha sonra iqtisadiyyatı öyrənməyə girişdi. Onun savadını və bacarığını görən müəllimi Edvard Aleksandra ingilis ədəbiyyatını öyrənməyi məsləhət gördü. Əslində özünü elmə, təhsilə, yaxud başqa bir işə həsr etməkdə onun üçün heç bir maneə yox idi. Çünki atasının ölümündən sonra Aleksandra böyük miras qalmışdı. Və həmin illəri Kroulinin həyatının ən qayğısız illəri adlandırmaq olar.
   
   1896-cı ildə o, özünü bütünlüklə okkultizmi (bir sıra dini təlimlərin ümumi adıdır) və mistikanı öyrənməyə həsr etdi. Krouli bu aləmə qapıldıqca ətrafa, həyata fərqli nəzərlərlə baxmağı öyrəndi. Xarakterində onu digərlərindən fərqləndirən cəhətlər yaranmışdı. Bir sözlə, o daha əvvəlki adam deyildi və harasa can atardı.
   
   Məşğul olduğu elmlərə yetərincə yiyələnəndən sonra Aleksandr "Əlkimya"nı, yəni yalançı kimyanı və magiyanı öyrənməyə başladı. Bu həmin illər idi ki, Krouli yazdığı poetik kitabını, "Adeliada"nı çap etdirmişdi. İndi o özünə qeyri-adi varlıq kimi baxmağa başlamış (hər halda özü bunu söyləyirdi), fikirlərini, yazdıqlarını ehkam kimi qəbul edirdi. Bir müddət keçdikdən sonra isə Kemricdən getməyə qərar verdi və getdi. Sonra "qədim məbəd-cəngavərləri ideyaları"nın varisi olan "Qızıl Sübhün Germetik Ordeninə" daxil oldu. Bir il sonra isə Şotlandiyaya gedərək orada özünə Lox-Ness gölünün sahilində ev alıb magiyada yeni təlimlər üzərində işləməyə girişdi. Çox çəkmədi Krouli Ordenin ierarxiyasında özünə yer edə bildi.
   
   
   
   QARA MAGİYA
   
   
   
   1900-cu ildə o, Köhnə Qitəni tərk edərək Meksikaya getdi. Orada bir qədər qaldıqdan sonra isə Hindistana, Seylona yol aldı. Bir müddət o yerlərdə yaşayıb yenidən Avropaya - Parisə qayıtdı. Amma burada çox qalmadı. Bu dəfə Misirə üz tutdu. Qeyd edim ki, onun məhz Qahirədə məşğul olduğu magiq eksperimentlər, magiya seansları onun "Telma" adlandırdığı dini nəzəriyyənin əsasını təşkil edir, insanlara yaratdığı yeni "din"i, "satanizm"i öyrədirdi. 1904-cü ildə Alister Kroulinin həyatında əlamətdar hadisə baş verdi. Əslində hər şey onun göstərişləri ilə arvadı Rozanın özünü qəribə aparması ilə başladı. Krouli bəyan etdi ki, hansısa magiq varlıqlar onun arvadı ilə əlaqəyə girməyə can atır.
   
   Bundan sonra Krouli xüsusi rituallarla Misir allahlarını çağıraraq onların köməyi ilə arvadındakı dəyişikliyi qaydasına qoyduğunu bəyan etdi. Alister Krouli deyirdi ki, o yeni dinin peyğəmbəridir. Və çox keçmədi ki, yazdığı "Qanun Kitabı"ını üzə çıxardı. Krouli hər kəsi inandırırdı ki, bu kitabı ona özünü Ayvas adlandıran bir səs diqtə edərək yazdırıb. Ümumiyyətlə, onu da qeyd edim ki, "satanizmin" banilərindən biri olan Kroulinin yazdığı bir sıra əsərlər - "Yoqa haqqında 8 mühazirə" "777", "Yalanlar kitabı", "Müdrikliyin və ya axmaqlığın kitabı", "Ayın övladları", "Magiyalı Dao", "Magiya - nəzəriyyədə və təcrübədə", "Telma+nın müqəddəs kitabları", "Tota kitabı"... təkcə sehirbazlıq təlimləri, magik nəzəriyyələr, ümumiyyətlə magiya haqqında deyildi. Bunlar yeni bir dinin, yeni bir təlimin kitablar idi. Bəlkə də Alister Krouli insanlar arasında gəzən, onlarla birbaşa təmasda olan iblisin nümayəndəsi idi. Çünki Krouli uşaqlıqdan xoşlanmadığı, sonradan isə zəhləsi getdiyi xristianlığın əleyhinə idi və özünu yer üzünə xristianlığı silmək missiyası ilə gəldiyini bildirirdi. Və yazılanlara görə, Alister adını da məhz buna görə götürmüşdü.
   
   Krouli "Magiya - nəzəriyyədə və təcrübədə" əsərində qara magiyanın təsir gücündən bəhs etməklə yanaşı yazırdı ki, o, artıq uşaq yaşlarında 666 rəqəmli bir yırtıcı olduğunu bilirmiş. Kroulini "Qızıl Sübh" magik ordeninin bünövrəsini qoymuş Littl Mazerenin ən yaxşı öyrəncilərindən biri hesab edilirdi. İşinin ustası olan məşhur Mazere təlimlərində Kabbala ilə Şərq demonologiyasını birləşdirmişdi ki, burada da Qədim Misir, Vavilion və Yunanıstan misteriyasının (bibliya mövzularında orta əsr dramı, və ya şəbihi) rituallarından istifadə edilirdi. Və sonradan bu orden magiyanı və onların təlimlərini öyrənmək istəyənlərin məktəbinə çevrildi ki, həmin tələbələr bir çox insanın ictimai şüurunu magiya və digər vasitələrlə dəyişdirməyə xidmət göstərərək "satanizmi"n təlimlərini daha da "elmiləşdirdilər" .
   
   
   
   YENİ TƏLİMLƏR
   
   
   
   Lakin onu qeyd edim ki, bir sıra sahələrdə Krouli öz müəllimlərindən də irəli getdi. Elə buna görə idi ki, o, Qara və Ağ magiyaları mükəmməl öyrəndikdən sonra məhz Qara magiyaya və demonologiyaya əsaslanan "Telem abbatlığı" yaratdı. Məhz buradan da özünün təlimlərinə başladı. Bu təlimlərdə Krouli narkotikadan və digər uyuşdurucu təsirə malik vasitələrdən də istifadəyə əl atdı. Onu da deyim ki, qədim tantrizmdən bəhrələnərək seksual magiyanın əsasını məhz Krouli qoymuşdur. Burada bir kredo əsas idi - "Sevgi və seks - bu qanundur" və ya "Nə istəyirsən, et". 1923-cü ildə onun yaratdığı "Telma Abbatlığı" bağlansa da artıq onun təlimləri bir çox yerlərə gedib çatmışdı və müxtəlif ölkələrdə, xüsusilə Almaniyada olan maqlar, cadugərlər ondan öyrənirdilər.
   
   Krouli özü qadınlarla münasibətə həvəs göstərən biri olmuşdir. Təhqiqatçıların yazdığına görə, o bir neçə dəfə evlənmiş, minlərlə qadını "yoldan çıxarmışdır". Arvadlarından biri - Rozadan 1904-cü ildə bir qızı da dünyaya gəlmiş, uşağın adını Nuit Ma Axator Qekata Safo Cezabel Lilit Krouli qoymuşdu. Bəlkə də günah əməllərinin cəzası idimi, ya qızcığaza böyüyüb atasının elədiklərinin şahidinə çevrilməməsi üçün edilən rəhm idimi, Cezabel Lilit 2 yaş yarımlığında öldü. Amma Tanrı rəhmdildi, bağışlayandı, o ikinci dəfə ata oldu və bu dəfə də bir qızı dünyaya gəldi - Lola Zaza. Əslində Kroulinin Lolo Zazadan başqa digər övladları da olub.
   
   Krouli başqaları kimi ailə həyatı sürmürdü. Onun bütün vaxtı magiya təlimlərinə, yaratdığı sektada işləməklə keçirdi. Bunlardan başqa isə onun həyatının çox böyük bir hissəsi səyahətlərdə, getdiyi yerlərdə "yeni din"nin təlimlərinə sərf olunurdu. Fransaya, İtaliyaya, Hindistana, Meksikaya, Amerikaya, Misirə, Rusiyaya, Himalaya, Çinə, Almaniyaya, Şimali Afrikaya, Siciliyaya... səyahətlər edən Krouli bu ölkələrin bəzilərinə öyrənməyə, bir qismində isə təlimlər keçməyə getmişdi. Şahidlərin danışdığına görə, bir sıra ölkələrdə onun təlimləri zamanı hətta həyatını itirənlər də vardı. Bəlkə də bu facilər səbəb oldu ki, Krouli haqqında qəzetlərdə biri-birinin ardınca məqalələr dərc olundu, ictimaiyyət, eləcə də dövlət orqanları hər şeydən xəbər tutdular, daha ona göz yuma bilmədilər. Bunun da nəticəsində Krouli getdiyi bəzi ölkələrdən çıxarıldı.
   
   
   
   LƏNƏTLƏNMİŞ
   
   ADAMIN SONU
   
   
   
   Tanrının yer üzünə göndərdiyi dinlərin heç birini qəbul etməyən, iblisə qulluq edən, bu məxluq həyatının son illərində bir yerdə qərarlaşa bilmirdi. Bu üzdən də tez-tez yerini dəyişir, mehmanxanadan mehmanxanaya köçürdü. Onun həyatını öyrənənlərin bir çoxu yazır ki, Krouli narkotik maddələrə bağlı olub və ömrünün axır dönəmlərində heroindən daha çox istifadə edirmiş. Və bu da onun axırına çıxıb. Belə ki, Londonda bir qədər yaşadıqdan sonra Qastinqsə gəlib və 1947-ci il dekabrın 1-də pansionların birində yüksək dozada heroin qəbul etməsi nəticəsində ölüb. Özünün vəsiyyətinə görə, onu dörd gündən sonra yandırıblar. Yeri gəlmişkən, qeyd edim ki, həmin vaxt ona sadiq olan tələbələri krematoriyanın önünə toplaşaraq özlərinin himnini oxumağa başlamışlar. Və bu zaman orada dava düşmüşdür.
   
   72 il yaşayan Edvard Aleksandr Alister Krouli bu uzun ömrü Tanrıya deyil, iblisə qulluqda keçirdi. Elə bildi ki, yeni bir din yaradacaq, peyğəmbər olacaq. Amma iblisə biyət edib lənətləndi. Bununla bağlı yalnız bir maraqlı faktı xatırladım. "Yırtıcı - 666"-ın ölümündən sonra onun yaşadığı qəsrə heç kim yaxın durmadı. Yalnız 20 ildən sonra - 1967-ci ildə məşhur "Led Zeppelin" gitaraçı qrupu - qeyri-adilikləri xoşlayan Cimmi Peyc bütün qorxuları qulaq ardına vuraraq qəsri aldı. Bundan sonra qrupun uğursuzluqları başladı. Peyclər ailəsi avtomobildə qəzaya uğradı. Solistin oğlu Planta və zərb alətinin ifaçısı naməlum xəstəlikdən vəfat etdilər. Başqa ifaçıların ailələrində müxtəlif uğursuzluqlar yaşandı. Peyc təcili qəsrdən canını qurtardı. Və indiyədək o "yırtıcı yuvası"nda kimsə yaşamır.

TƏQVİM / ARXİV