adalet.az header logo
  • Bakı 13°C

çərpələng

YUSİF GÜNAYDIN
23267 | 2011-10-05 14:01
Saqqal əmanəti
   
   Təvəkkül Səlimova
   
   Ağır dövrlər gəldi, çox ağır! Qıtlıq, aclıq, pulsuzluq! Camaat evdəki son bəzək-zinət əşyalarını bazara çıxarıb, dəyər-dəyməzə satmağa məcbur olurdu ki, çörək pulu əldə edə bilsin. Hamı borc içində idi. Borclular yolunu borc sahibinin məhəlləsindən salmamağa çalışırdı - birdən üz-üzə gələrlər, pərtlik olar. Kəndin əli iş tutan cavanları buraları tərk edib, qazanc dalınca şimala tərəf üz tutmalı olurdular. Çoxları orda tam müflis olub, məyus-məyus geri dönürdü, bəzilərinin isə özü yox, meyidi qayıdırdı. Bununla belə ruzi dalınca qürbətə getmək istəyənlərin sayı azalmırdı, hər kəs məhz onun işinin gətirəcəyinə imid edirdi. Buraları tərk etmək istəyənlərin arasında Məşədi Ələkbər dayının cavan oğlu da var idi. Daimi işi olmayan, təsadüfi, xırda gəlirlərlə bir təhər baş girləyən gənci öz yanına çağıran əsgərlik yoldaşı Əlihüseyn idi. O qürbətdə ailə qurub, ev- eşik sahibi olmuşdu, işləri pis getmirdi, daimi, sanballı qazancı var idi. Yanına çağırdığı dostuna da xoş günlər vəd edirdi, bir şərtlə, o buralara əliboş gəlməsin, işə başlamaq üçün sərmayə gətirsin, işi düzüb, qoşmağı, qeydiyyat məsələlərini isə dostu öz boynuna götürürdü. Yazdığı məktublarda, ara-sıra saxladıqları telefon əlaqələrində onu əmin edirdi ki, çox yox, üç -dörd aydan sonra mayanı çıxarıb, qazanca düşəcək, bəy kimi dolanacaq, qoca atasına da arxa, kömək olacaq. Məşədi Ələkbər dayı ömrü boyu, halal zəhmətlə ailə dolandırmışdı, evinə bir haram tikə də gətirməmişdi, qızlarını da halallıqla köçürmüşdü. İnişil ömür-gün yoldaşını dəfn edəndən sonra saçı- saqqalı tam ağarmış, gözlərinin işiğı yarıbayarı itmişdi. Sonbeşik oğlunun fikrini edirdi. Ahıl yaşında aldığı (daha doğrusu, vaxtı-vaxtında almadığı) pensiyası dava-dərmana olan ehtiyacını güclə ödəyirdi. Təbii ki, günlərini çayxanada keçirən oğlunu qürbətə, iş dalınca göndərməyə əlində pulu yox idi, gərək borc eləyəydi. Kənddə camaata borc verən imkanlı adam var idi, amma borc verəndə yerinə girov istəyir, əmanət tələb edirdi- ya qızıl, ya da malqara. Məşədi Ələkbər dayıgildə qızıl-mızıl qalmamışdı, hamısını satıb yemişdilər, həyət-bacasında üç-dörd toyuqdan başqa heç nə yox idi. Bir gün onu borc almağa təhrik edə-edə canını boğaza yığmış övladı ilə ağsaqqal Məşədi Ələkbər dayı bir daha ciddi söhbət etdi. Borcun məbləğini, ödəmə müddətini dəqiqləşdirdi, bir qədər düşünəndən sonra, ehtiyat üçün borcun qaytarılacağı vədəni bir qədər də uzatdı. Sonra ayağa qalxıb, yuxarı başdakı dolabdan atasından yadiğar qalan "Quran"ı götürərək, Hacağagilə yollandı. Məşədi Ələkbər dayının el içində özünə görə hörməti var idi, o heç vaxt böyük iddialara düşməmiş, aza qane olmuşdu, qonum-qonşunun xeyrindən, şərindən heç vaxt yayınmamış, ən başlıcası, uzun ömrü boyu dilindən bir dəfə də olsun yalan söz çıxmamışdı. Odur ki, Hacağanın qapısını cəsarətlə açıb, dərdini ona danışdı. Söz girovun üstünə gələndə Məşədi Ələkbər dayı ayağa qalxıb, ağ saqqalından bir-iki tük qopardı, "Quran"ı açıb, arasına qoydu, müqəddəs kitabı öpərək, ev sahibinə uzatdı. Hacağa var-dövlət yiyəsi olana qədər başı daşdan-daşa dəymişdi, çoxlarını aldadıb müflis etmişdi, ona kələk gələnlər də az olmamışdı. Onun üçün həyatda müqəddəs sayıla biləcək heç nə yox idi. Amma vaxtı ilə atasından qədim kişilərin saqqal əmanəti deyilən bir adəti haqqında eşitmişdi, buna görə də saqqal sahibinin istədiyi məbləği sayıb ona verdi. Bir həftədən sonra sevinci yerə-göyə sığmayan övlad böyük arzularla ata evini tərk edib, qürbətə üz tutdu. Tezliklə ondan məktub gəldi, yazırdı ki, işləri yaxşı gedir, ondan nigaran qalmasınlar. Daha bir aydan sonra poçt şöbəsindən atası qürbətçi oğluyla telefonla danışıb, ona xatırlatdı ki, kişinin yanında söz verib, əmanət qoyub, borcu vədə tamam olandan bir qədər də əvvəl qaytarmaq yaxşı olar. Cavabından yenə də and-aman eşitdi ...
   
   Novruza az qalmışdı, havalar yavaş-yavaş düzəlirdi. Qonşu Müzəffər kişi oğlunu evləndirməyə hazırlaşır, indidən xırda-xırda toy tədarükü görürdü. Qonum-qonşudan ilk olaraq toya çağrılan Məşədi Ələkbər dayı bu ərəfədə bir də oğlu ilə telefon əlaqəsi qurdu, söhbətdən sonra kişinin qanı bərk qaraldı. Oğlu yenə and içirdi ki, borcu mütləq qaytaracaq, buna özü ilə yanaşı, evində qaldığı əsgərlik yoldaşı Alikin, onun arvadı Larisanın adından da zəmanət verirdi. Amma ortalığa bir-iki problem çıxdığından pulu zamanında qaytara bilməyəcək "vaxtı, çox-yox, bir- iki ay uzatsaq, nə olacaq, dünya dağılmayacaq ki?..."
   
   Atasının yalvar-yaxarına, hətta hədə-qorxusuna baxmayaraq, o vəziyyətin gərgin olduğunu, borcu vaxtında ödəyə bilməyəcini əsəbi-əsəbi təkrarladı.
   
   Səhəri gün qonşunun açıq qalmış qapısından içəri girən Müzəffər kişi gördü ki, otuz illik dostu Məşədi Ələkbər dayı həyətin ortasındakı Qarağacın şah budağından özünü asıb. Dəfndən sonra Müzəffər kişi oğlunun toyunu qırx gün təxirə saldı...
   
   
   
   Zəfəran şərbəti
   
   
   
   Qonşunun azyaşlı uşağı parkın içindəki köşkdən bir daha su alıb içmək üçün anasından pul istəyir. Əvvəlcə xahiş edir, sonra xahiş təkidə keçir, başı rəfiqəsi ilə şirin söhbətə qarışan gənc anasının ona fikir vermədiyini görüb, zarımağa başlayır. Nəhayət qadın söhbəti davam etdirə- etdirə böyründəki alabəzək çantasını skamyanın üstündən qaldırıb, açır, zəhləsini aparmış övladına pul verir. Sevincdən gözləri alacalanmış balaca Orxan pulu alıb, köşkə tərəf götürülür. Bütün televiziya kanallarında gecə-gündüz səylə reklam edilən ekzotik markalı qazlı şirin içkini alıb, elə oradaca başına çəkir, 500 qramlıq plastik qabın içindəki soyuq mayenin yarısını içir. Sonra nəfəsini dərib, anası ilə onun rəfiqəsinin əyləşdiyi skamyaya yanaşır, onların sağında əyləşir. Çox çəkmir ki, suyun qalanını da bir nəfəsə içib, plastik qabı ayaqlarının altına atır.
   
   Bir müddət sonra hər şey yenidən başlayır, uşaq əvvəlcə xahiş edir, sonra xahiş təkidə keçir, sonra...
   
   Oğlunu danlamağa başlayan gənc ana bu susamanın, bu arası kəsilməyən yanğının səbəbini anlamır. Dərk edə bilmir ki, müxtəlif telekanallarda, dünyanın müxtəlif dillərində tez-tez susuzluğun əlacı kimi təqdim olunan bu əcaib içkilər əslində susuzluğu yatırmaq üçün yox, onu artırıb, şiddətləndirmək üçündür. İsti yay günləri daha çox satılan bu içkilər yalnız onları qurtumlayan zaman adamın susuzluğunu yatırır, qısa müddətdən sonra susuzluq yenidən baş qaldırır, şiddətlənib, yanğıya dönür. Az əvvəl onu içib, "həzz" almış insan yenidən əlini cibinə salıb, marketə üz tutmalı olur.
   
   İnsanların susuzluq hissini şüurlu şəkildə istismar edən transmilli şirkətlər günü-gündən varlanaraq, gəlirlərinin bir hissəsini yeni reklam kompaniyalarına yönəldir. Müasir reklam ustaları bu içkiləri gah ekvatorial Afrikada, gah Antarktidada, gah da az qala, Marsda bəhbəhlə içib, ləzzətlə ağzını marçıldadan dürlü irqlərə məxsus insanların bəxtəvərlikdən işıq saçan simalarını ekranlara gətirib, bunu gecə-gündüz, ardıcıl şəkildə təkrarlayaraq, kütlənin iradəsinə hakim olurlar. Qonşunun uşağı da göz görə-görə bu kompaniyanın qurbanına çevrilmiş milyonlardan biridir.
   
   Yadıma uşaqlıq dünyasının illər ötdükcə korlaşıb, unudulmağa başlayan dadları, tamları, qoxuları sırasında anamın mənim ad günlərimdə, bayram axşamlarında hazırladığı zəfəran şərbəti düşür. Çox sadə "texnologiya" əsasında hazırlanırdı bu dadlı və faydalı içki. Qaynadılmış su hələ tam soyumamış ona məhdud miqdarda şəkər və hələ dünəndən armudu istəkanda dəmlənmiş ətirli zəfəran qatılardı. Daha sonra iri bir limonun yarısı sıxılıb, şirəsi ora əlavə edilər, o biri yarısı isə balaca, tünük dilimlərlə doğranıb şərbətin içinə atılardı. Son ştrix kimi bir neçə dənə keşniş toxumu da əlavə edilirdi bura. Toxumlar isti suda çırtdayıb açılır, öz ətrini, tərkibindəki faydalı qıda yağlarını şərbətə ötürürdü. Soyuyana qədər ətri ətrafı bürüyən şərbət, sonradan buz dolabına qoyulur, süfrənin açılmasına az qalmış dolçalara süzülüb, masaya düzülürdü. Min dərdin dərmanı olan zəfəranın tərkibindəki xeyirli maddələr yayda da, qışda da ürəklərə qüvvət verir, təzyiqi nizamlayır, turşməzə limon tamı susuzluğu yatırır, keşniş toxumları şərbətə özəl bir dad və xoş qoxu verməklə yanaşı, köpün qarşısını alır, həzmi asanlaşdırırdı. Bu neməti böyük də, kiçik də məmnuniyyətlə nuş edirdi. Təbii ki, bu şərbət o vaxtlar heç yerdə reklam edilmirdi, rəhmətlik anam milli mətbəximizin bəzəyi olan bu şərbəti hazırlamağı vaxtı ilə ya öz anasından, ya da qayınanasından öyrənmişdi.
   
   O illər Abşeronun kəndlərində keçirilən məclislərdə bu şux qızılı rəngli, ətirli şərbətə ara-sıra rast gəlmək olurdu, sonradan bu içki o süfrələrdən də çəkildi. Daha artıq təəssüf doğuran isə budur ki, anasının zəhləsini tökən balaca Orxan, onun yaşıdları zəfəran şərbətinin nə olduğunu bilməyəcək!
   
   
   
   (ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV