adalet.az header logo
  • Bakı 19°C

SÖZÜ RƏNGİNDƏN TANIYAN İNSAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
56696 | 2015-06-04 08:27
Həyat çox qəribədir. Nəyin harda, nə vaxt başlayacağını bilmirsən. Sənə elə gəlir ki, bu dünya elə məhz sənin arzunla istəyinlə... sənin təkanınla yaşayır, mövcuddur, hərəkətdədir... rənglər də sənin ürəyincədir... baş verən hadisələr də... hətta göy gurultusu da, yağış yağmağı da... Amma...
Amma bu dünya nə mənlə mövcuddur, nə mənlə nəfəs alır, nə də mənim çaldığım havaya oynayır. Mən daha çox ona uyğunlaşmağa, onun hansısa bir işinin qulpundan tutmağa, onun istəklərinə öz istəklərimi uyğunlaşdırmağa cəhd edirəm, maraq göstərirəm, hətta bəzən israr edirəm. Bütün inadkarlıqlar mübahisəlidi. Necə ki, bütün müqayisələr uğursuzdu. Bunu hamı bilir. Bax, bütün bunlardan çıxış edərək bir məqama yanaşmaq, bir məqama üz tutmaq niyyətim var. O da təbii ki, içimdəki adamların mənə bəxş etdikləri və bu dünyayla baş-başa gələndə tək qalmamaq üçün yanımda olduqları üçündür. Lap çılpaq desəm, mən içimdəki adamlarla güclüyəm, dəyanətliyəm. Onların mənəvi dəstəkləri məni sınmağa, yıxılmağa qoymur. Deməli, bu dünyanın arxalı, güvəncli adamlarının sırasında mənim də yerim var. O yerimin mövcud olmasında məhz içimdəki adamlar, yəni dostlarım öz varlıqlarıyla mənə stimul veriblər. Və mən də ən ağrılı, ən narahat çağımda gözümü tavana zilləyib bu dünyayala haqq-hesab çəkmək istəyəndə onların nəfəsini duymuşam, onların səsini eşitmişəm. O nəfəs, o səs 40 arşınlıq quyuya atılan kəndir kimi mənim yenidən qayıdışıma, qaranlıqdan işığa dönməyimə bir yol olub, bir körpü olubdu...
Bəli, onunla tanış olduğum günü dəqiq xatırlamıram. Mənə elə gəlir ki, onu hardasa elə doğulduğu və Azərbaycan cəmiyyətində özünü təsdiq etdiyi gündən tanıyıram. Çünki o adamın işi, gücü fəaliyyəti kağızın, dəftərin, sözün içərisində olub həmişə. Bu gün də belədi. Həmsöhbət olanda, qarşılaşanda mütləq ilk eşitdiyim söz mənim və yaxud digər dostlarının yeni yazısı, yeni kitabı, yeni fikirləri barəsində olubdu. Fikirləşmişəm ki, bu qədər qayğıların, problemlərin içərisində mənim sözümü diqqətə almağa vaxt tapan, zaman ayıran hər kəs, o cümlədən də barəsində indi yazdığım bu dəyərli insan çox böyük adamdı. Mən bu ifadəni fiziki anlamda işlətmirəm. Çünuki o, bir insan olaraq cismani cəhətdən çox normal, hətta bir az arıq bir Allah bəndəsidir. Sadəcə, səliqəli geyinməyi, səliqəli davranışı, sözünün vergülündən nöqtəsinə qədər hər bir ara məsafəsini kifayət qədər dəqiqliyi ilə gözləyən, bilən və mənə də məhz sözə verdiyi real qiymətə görə doğma olan bu kişi heç vaxt düşündüyündən, əmin olduğundan artıq nəyisə büruzə verməyib. Mən heç vaxt onu ehtimalla, tərəddüdlə nəyisə dilinə gətirdiyini eşitməmişəm. Nə deyibsə, nəyə işarə edibsə, o həmişə bir kriteriya kimi, ölçü kimi özünü ortaya qoyub. Deməli, yüz ölçüb bir biçib münasibət bildirmək bu insanın mənə bəlli olan ən yüksək keyfiyyətlərindən biridir...
Uzun müddətdir ki, içimdə götür-qoy edirdim. Düşünürdüm ki, onun barəsində fikirlərimi mətbuat səhifəsinə çıxaranda necə yazım ki, onu tanıyanlar, xüsusilə onun özü mənim yazdıqlarıma hansı səmtdən baxır baxsın, bir uyğunsuzluq, bir boğazdan yuxarı deyidmiş və söz xatirinə yazılmış sözə rast gəlməsin. Çünki əvvəldə xatırlatdığım kimi, bu adam sözü rəngindən, yazılma yerindən və nəhayət deyilişindən tanıyır, oxuyur, duyur, qiymətləndirir. Deməli, sözü rəngindən tanıyan bir kişi haqqında, yəni içimdəki adam haqqında yazdğım bu yazıda mən bir etirafı dilə gətirmək istəyirəm və tam səmimiyyətimlə demək istəyirəm ki, mən bu yazını öncə və öncə Allahverdi müəllimin sözü rəngindən tanıdığına görə yazıram. Üstəlik, bir də ona görə yazıram ki, bu adam kağızın, sözün içində ola-ola ölçüsüz-biçisiz söz işlətmir. Elə bil sözə bir ehtiramla, bir sayqıyla, həm də bir az ehtiyatla yanaşır. Sözün ruhunun inciyəcəyinə, sözün qəlbinə toxunacağına ehtiyat edən adam kimi...
Allahverdi müəllimi "Azərbaycan" nəşriyyatında tanımayan yoxdu. Amma "Azərbaycan" nəşriyyatından kənarda da Allahverdi müəllimin sözə verdiyi qiyməti çox-çox adam bilir və onu bu cür də tanıyır. Həyatımda sözlə bağlı aldığım ən böyük dəstəklərdən birini mənə Allahverdi müəllim təqdim edib. Bir dəfə iş telefonuma zəng gəldi. Telefonu qaldırdım, danışan Allahverdi müəllim idi. "Ədalət" qəzetindəki bir yazımla bağlı fikirlərini söylədi. Düşündüm ki, ola bilsin ki, bu keçəri bir münasibətdi. Amma sonralar bu zənglər, bu fikir bildirmələr artıb çoxaldı. O, mənim şeirlərimi misra-misra təhlil edib alt qatlarını da çox ustalıqla həm mənə yenidən göstərdi, həm də öz baxış bucağında onun nələri ifadə etdiyini dilə gətirdi. Bax ondan sonra mən anladım ki, demək olar ki, hər gün görüşdüyüm, hər gün qarşılaşdığım bu insan özü ilə birlikdə bir söz xəzinəsini də gəzdirir. O xəzinəyə də ürəyinə, ruhuna yaxın sözləri yığıb toplayır. Yatır kimi yox, sadəcə dəyər kimi, nəfəs alan canlı sözlər onun özünə də, onun münasibətdə olduğu alamlara da bir rənglər dünyası bağışlayır. Həmin rənglərin harmoniyasında Allahverdi müəllim həm dincəlir, istirahət edir, həm düşünüb münasibət bildirir, həm də özünün ikinci bir ünvanını qazanır. O ikinci ünvan da dost ürəyidi. Zənnimcə xoşbəxt adam həm də dost ürəyində yaşayan adamdı.
Biz onunla nəşriyyatın 5-ci mərtəbəsindəki iş otağında dəfələrlə müxtəlif mövzularda fikir mübadiləsi etmişik. Xüsusilə bədii sözə, poeziyaya onun baxışı mənim üçün həmişə maraqlı olub. Çünki peşəsilə poetik söz arasında yerlə göy qədər məsafə olan bir insanın şeiri hava kimi, su kimi qəbul etməsi çox maraqlıdı. Üstəlik, bu insan həmin o bədii sözlə yaşayan, ömrünü onun içərisində əridən dostlarına qarşı o qədər həssas və diqqətlidir ki, gözündən heç nə yayınmır. Sözün rəngindən onun hansı ovqatla yazıldığını və o yazılma anının yaşantılarını da görüb qiymətləndirən Allahverdi müəllim hərdən pessimist, ruh düşkünlüyü yaradan misralara görə iraldını da bildirməkdən çəkinmir. O, fikirlərini, istəklərini o qədər səmimi ifadə edir ki, burda inciməyə, narazı olmağa iynə ucu boyda olsa da yer, imkan qalmır. Deməli, bunun özü də sözü rəngindən tanıyan bir isnanın ziyalılıq göstricisidir. Mənə görə fikrini olduğu kimi ifadə edən, dilinin altına çöp qoymadan danışan hər bir Allah bəndəsi həm göründüyü kimiv ar, həm də olduğu kimi. Böyük Mövlanənin söylədiyi olduğun kimi görünmək fikri bütün parametrləri sanki Allahverdi müəllim kimi insanlara istinadən deyilibdi.
Mən Allahverdi müəllimlə müxtəlif məclislərdə də qarşılaşmışam, bir yerdə həmin məclislərin iştirakçısı olmuşam. Bunu xüsusi vurğlayıram. Çünki iş yerindən kənarda da bu insanlara diqqət yetirmək mənim üçün maraqlı məqamlardan biridi. Həmin məqamlarda mən adamları öz oturduğu kürsüdən kənarda daha rahat görürəm. Onların standartlardan çıxmağı, obrazlı desək, öz əsl geyimlərində olmaları insan üçün sirr qapısı kimi açılır. Baxıb görürsən ki, məclisdə, yol yoldaşlığında bu insan daha hansı xüsusiyyətlərə malikdir, daha nələri özündə ifadə edir. çox sevinirəm ki, ürəyimdə yeri olan, içimdəki adamlardan biri kimi mənim öz dünyamda hər gün həmsöhbət olduğum Allahverdi müəllim ikili həyat yanamır. Onun rəngindən tanıdığı sözlər kimi həyatı da elə tanıdığım kimidi. Mən ondakı hər şeyi geniş ürəklə, səxavətlə (və bəlkə də təkrar kimi səslənsə də - Ə.M.), amma həqiqətən olduğu kimi təqdim etmək qabiliyyətinin önündə ancaq susmuşam. Bu gün isə məhz ürəyimin istəyiylə o susqunluğun qapısını açıram. Dostlarımın sırasında içimdəki adamların yanında yeri olan Allahverdi müəllimi içimin adamı kimi oxucularıma da təqdim edirəm. Düşünürəm ki, bu mənim haqqımdı. Özü də birmənalı şəkildə haqqımdı. Çünki onun dəstəyi, ən vacibi isə onun sözü rəngindən tanıması mənə bu haqqı veribdi. Hər halda mən yazdıqlarımın, yəni ürəyimin söylədiklərinn arxasında elə ürək rahatlığı ilə dayanmağı bacarıram. Və deməli, Allahverdi Məmmədov mənim üçün haqqında yazdığım və artıq xeyli müddətdir ki, davam edən "İçimdəki adamlar silsiləmin" sırasında layiqli yeri olan bir Kişidi!
Heç kimə sirr deyil ki, bir insanın, bir Allah bəndəsinin baxışı, münasibəti hər şeyi həll etmir və hər şey də demək deyil. Amma içdən gələn, ürəyin səsiylə, duyğuların diliylə ifadə olunanlar zənnimcə çox şey deməkdi. Ona görə də mənim dostlarım barəsində yazdıqlarım məhz mənim ürəyimin dedikləri, duyğularımın pıçıltılarıdı. Mən də qələmimin, sözümün gücünə söykənib onları bir növü açıb hamıya göstərirəm, çatdırıram. Zənnimcə bunların necə alınmağı və bu təqdimatların necə qarşılanmağı həm zamanından, həm də ovqtadan asılıdı. Odur ki, siz təkcə mənim içimdəkilərə yox, həm də öz içinizdə olanlara zamının və ovqatın gözündən baxanda belə ürəyin səsinə, duyğuların pıçıltılarına qulaq asın. Əgər belə etsəniz, yanılmayacaqsınız... gər ğbelə yanaşsanız, onda içinizdəki adam da sizi yanıltmayacaq.


TƏQVİM / ARXİV