adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

AYAQ TUTUB YERiYƏN YALAN

BABƏK YUSİFOĞLU
23142 | 2011-10-01 03:58
Əvvəlki illərdə maraqlı dövlətlər Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll variantından bu qədər narahatlıq duymurdular. Mövcud vəziyyət onlara elə bir başağrısı gətirmədiyindən sakitcə regionda öz maraqları naminə siyasət yürüdürdülər. Və ümid edirdilər ki, bu vəziyyəti uzun müddət beləcə saxlaya biləcəklər. Lakin son dövrlər situasiya köklü şəkildə dəyişib. Yəni, Azərbaycan təbii resurslarından, yerləşdiyi coğrafi məkandan yararlanaraq inkişaf etdi, hərbi potensialını artırdı, yeni silahlar alaraq ordusunu gücləndirdi. Hərbi büdcəsini işğalçı ölkənin bütöv dövlət büdcəsindən də artıq səviyyəyə çatdırdı. Məhz bundan sonra Ermənistanın havadarları olan dövlətlər narahatçılıq keçirməyə başlayıblar. Torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq Azərbaycanın istənilən an hərbi güc vasitəsi ilə öz ərazi bütövlüyünü təmin edəcəyi onlara aydın olub. Məhz bu narahatçılığa görədir ki, indi həmin ölkələr müharibənin qəbuledilməzliyindən tez-tez danışmağa başlayıblar.
   
   Son günlər Rusiya xarici işlər nazirinin, Birləşmiş Ştatların Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanın verdiyi bəyanatlar da bunu təsdiqləyir. Sergey Lavrovun BMT-dəki çıxışı ilə bağlı ötən sayımızda bəhs etdiyimə görə, onun üzərində dayanmıram. Metyu Brayza bu haqda deyib: "Dağlıq Qarabağ münaqişəsinin hərb həll yolu mövcud deyil. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir. Bu, pozitiv inkişaf, pozitiv haldır. Deyə bilərəm ki, Azərbaycan münaqişənin hərbi güc tətbiq etmədən, sülh yolu ilə həllinə çox bağlıdır. Baza prinsiplərini razılaşdırmaq prosesini yekunlaşdırmaq lazımdır. Bu, mümkün olmayan məsələ deyil. Tərəflər arasında fikir ayrılığına səbəb olan hallar həlli mümkün olan məsələlərdir. Bir daha təkrar edirəm ki, münaqişənin hərbi yolla həlli mümkün deyil".
   
   ABŞ özü BMT TŞ-nın daimi üzvü kimi Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı verilən qətnamələrə səs verən dövlətdir. Əgər baza prinsiplərini razılaşdırmaq prosesini yekunlaşdırmaq lazımdırsa, Vaşinqton kimi gözləyir? Beynəlxalq hüquqda qəbul olunmuş qaydalar var. Həmin qanunları ki, başda Vaşinqton olmaqla Qərb özü yazıb. Niyə Beynəlxalq Təşkilatlar özlərinin qəbul etdikləri qətnamələrə ermənilərin tüpürdüyünün hesabını onlardan soruşmurlar?! Bizə göstəriş verməyə qalxanlar bəs hansı maddəyə əsasən bölgədə, başqa bir ölkənin ərazisində ikinci bir erməni dövlətinin yaranmasının 20 ildir müzakirəsini aparır?! Yoxsa o qanunlarda yazılıb ki, hər kəs istədiyi yerdə özünə yeni-yeni dövlətlər qura bilər? Əgər belədirsə, onda bu beynəlxalq deyilən qanunlar birdəfəlik ləğv edilməli, BMT, ATƏT, Avropa Şurası və digər dünya təşkilatlarının hamısı zamanının zibil yeşiyinə atılmalıdır. Hərçənd elə atılmış durumdadır.
   
   Əgər Metyu Brayzanın ölkəsi separatizmi dəstəkləmirsə, münaqişələrin ədalətli həllinə çalışırsa və ATƏT-in üzvü kimi sülh üçün bölgədədirsə, onda hansı prinsiplərə əsalanıb ermənilərə 40 milyon dollar yardım ayırır, Dağlıq Qarabağa isə hər il 10 milyon pul verir? Özü də bu yalnız bir il, iki il deyil, belə maliyyə dəstəkləri 10 ildən çoxdur göstərilir. Ağlı başında olan hər kəs buradan belə nəticə çıxarar ki, dünyada, ən azı Qafqazda separatizmi dəstələyən ən böyük dövlət elə Birləşmiş Ştatlardır. Cənab Metyu Brayza, siz bütün bunlara cürbəcür diplomatik adlar qoysanız da bunun xristiyan təəssübkeşliyindən, separatizmə dəstəkdən başqa adları yoxdur və bunu indi nəinki Azərbaycanda, eləcə də bütün xristyian olmayan ölkələrdə hər kəs yaxşı bilir. Bəd ayaqda bunlardan elə siz də xəbərdarsınız.
   
   Dediyinizdən belə anlaşılır ki, münaqişələrin müharibə yoluyla həlli mümkün deyil. Əgər Birləşmiş Ştatlar bütün problemləri, qarşıdurmaları sülh yolu, dialoq, beynəlxalq qanunlarla həllinin tərəfdarıdırsa, niyə İraqda diktaturanın olduğunu, kütləvi qırğın silahlarının mövcudluğunu əlində bayraq edib həmin ölkənin başına 20 ilə yaxındır bomba yağdırır. Kim ona mandat verib ki, okeanın o tayından gəlib iraqlıları qırsın. Yəqin Metyu Brayzanın da xəbəri var, qeyri-rəsmi rəqəmlərə görə, bu illər ərzində İraqda öldürülən müsəlmanların sayı bir milyon yarımı ötüb. Yaxud Əfqanıstanda radikal islamı, beynəlxalq terroru bəhanə gətirərək illərlədir əfqan xalqına olmazın zülmlərini verir.
   
   Amma Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərinin bütövlüyünü bərpa etmək, bir milyon qaçqını öz doğma yurdlarına qaytarmaq üçün separatçıları cəzalandırmaq istəyəndə bağırmağa başlayırsınız ki, "Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil". Niyə mövcud deyil, cənab səfir?! Əgər doğrudan da mövcud deyilsə, onda zəhmət çəkin siz Azərbaycanın öz evlərindən qaçqın düşmüş vətəndaşlarını yerlərinə qaytarın, erməni separatizminə regionda son verin. Lakin siz son vermək əvəzinə onlara maliyyə göndərirsiniz.
   
   ABŞ-ın demokratiya, insan haqları uğrunda ən müasir silahlar işlətməsinin amacları artıq hər kəsə aydındır. Maraqlıdır, Birləşmiş Ştatlar bu prinsiplərdə niyə ayrı-seçkilik salır. Niyə İraqa, Əfqanıstana... apardığı o "demokratiya"nı, "insan haqlarının qorunmasını", "kütləvi qırğın silahlarının yaradılmasının durdurulmasını" Çinə, Şimali Koreyaya da tətbiq eləmir?!. ABŞ-ın "xoşuna gəlmədiyi" bütün "məsələlər" ki, həmin dövlətlərdə var. Bu suala əslində heç bir Amerikalı məmurun, diplomatin doğru və birmənalı cavab verməyə cürəti çatmaz, elə Metyu Brayzanın da. Çünki Birləşmiş Ştatların həmin dövlətlərdən qorxduğunu onlar etiraf etməzlər.
   
   Hər kəs bilsin ki, kimin, haranın nə deməsindən asılı olmayaraq Azərbaycan xalqı öz ərazisini erməni işğalından qurtarmaq üçün istədiyi varianta əl atacaq. Çünki Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan torpaqları bütün beynəlxalq təşkilatlar tərəfindən və beynəlxalq hüquqla Azərbaycan əraziləri sayılır. Xalqınsa istənilən varianta əl atmağa haqqı var. Metyu brayzalar da göstərişlərini özü üçün saxlasa daha doğru olar.

TƏQVİM / ARXİV