adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ANORMALLIQ

OQTAY SALAMOV
27855 | 2011-10-01 03:58
Normaldan fərqlənən, üstünə "standart" adı və möhürü qoyduğumuz hüduddan çıxan, bizim kimi olmayana, bizim oxşaya bilmədiyimizə, qəbul ediləndən kənara çıxan hər şeyə anormallıq kimi baxırıq. Təbiət hadisələrində olan anormallıq müəyyən çətinliklər yaratsa da, indiki dəbdə olan sözlə, yəni "yola vermək" mənasında onları birtəhər siniririk. Vay o günə ki, bu anormallıq özümüzdə olsun, nəticəsi bizə toxunan işlərdə olsun, məğzini bilmədiyimiz situasiyalarda olsun, bax, bu olur əsl anormallıq. Gözün görür, amma ağlın kəsmir, beynin həzm eləmir...
   
   Dünən oxuyuram ki, İngiltərədə anormal bir hadisə baş verib, tarlanın ortasında balina tapılıb. Doğrudan da, dənizdən bir kilometr aralıda, tarlanın ortasına balinanın düşməsi anormallıqdır. İndi mütəxəssislər başlarını sındırmağa bir məsələ də tapıblar. Belə bir qərarın üzərində durublar ki, 10 metrlik nəhəng heyvanın sahilə çıxaraq ölüb, sonra isə dənizə tökülən çaylardan birinə sürükləndiyini, bu yolla da tarlaya gələ bilərdi...
   
   Sadəcə olaraq boş vaxtında oxuduğun maraqlı xəbərdən artıq bir şey deyil. Ya da Polşa alimlərinin qənaətləri bizə anormal kimi gəlsə də, buna sadəcə olaraq maraqlı fakt kimi yanaşarıq. Onların fikrincə, bir yaşayış məntəqəsindən olan valideynlərin uşaqların hündürboylu olmamaq ehtimalı böyükdür. Amma əgər ata-ana ayrı-ayrı regionların sakinləridirsə, uşaqları boyca onları ötüb keçəcəklər.Yəni, gen müxtəlifliyi nə qədər qabarıqdırsa, uşaqların orqanizmi valideynlərinə nisbətən bir o qədər sürətlə inkişaf edir. Alimlər valideynlərin boyunu və gəlirini nəzərə alaraq (ay köpəyoğlunun gəliri), 2 min 675 oğlan və 2 min 603 qız üzərində tədqiqat aparıblar. Eksperimentin nəticələri təsdiq edib ki, uşaqların boyunu irsiyyət və valideynlərin maddi durumu (imkanlı insanlar daha yaxşı qidalanırlar) kimi amillər müəyyən edir. Alimlər, eyni zamanda, birmənalı şəkildə sübuta yetiriblər ki, valideynlərin boya-başa çatdıqları regionlar arasında məsafə oğlanların 20 faizinin və qızların isə 14 faizinin boyunun çıxması amilinə təsir göstərir.
   
   Deyəsən məsələ bir az qəlizləşir. Bu təkcə boş vaxtı öldürmək üçün material deyil, normal məntiqlə nəticə çıxarmalı məsələdir. Anormallıq ondadır ki, adamların diyarbədiyar gəzib gələcək uşaqlarının boyu uzun olsun deyən "xarici" yar axtarması məntiqi yaranır.
   
   Anormallığın izahı üçün vəziyyəti bir az da mürəkkəbləşdirək: insan təbiətindəki xüsusiyyətlərdən birinə, başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq anormallığı cəhdlərindən misal çəkək. Ağlınıza ilk gələn bir qadının və ya kişinin başqasının ailəsini dağıtması misalı gəldi, elədir? Normaldır! Amma təsəvvür edin ki, bizimkilər "Fənərbağça" klubunun futbolçusu Əmrə Belözoğlunun zədə səbəbindən Oktyabrın 7-də Almaniya, oktyabrın 11-də isə Azərbaycan yığmaları ilə futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında hər iki oyunda iştirak etməyəcəyini Azərbaycan üçün xoşbəxtlik adlandırır. Üzərində düşünülməli anormallıqdır.
   
   Jurnal qurtardı, kinosu başlayır. Necə bilirsiniz, hamının arzusu olan xoşbəxt yaşamaq normal istəkdir? Məncə. bəli! Baxmayaraq ki, bu sözdəki "xoş"un taleyi çox vaxt "bəxt"in necəliyindən asılı olur. Hər halda normal adamların çalışdığı-vuruşduğu pulun çoxluğu və xoşbəxtlik uğrunda mübarizədir. (Haşiyə: bizim televiziyalar da içərisində olmaqla dünya ekranlarını yemək və xəstəlik "azarı" tutub. Elə bil hamı ya acından ölür və ya heç kəs yemək bişirə bilmir, ya da hamı xəstədir, hər kanalda, hər gün müxtəlif xəstəliklərdən danışırlar. Deyə bilmərəm ki, bu normaldır, yoxsa anormal, amma xoşbəxt olmaq üçün təkcə pulun olması kifayət deyilmiş, sağlamlığın olması da şərt imiş...).
   
   Bəs indii birdən sizə desələr ki, alimlər deyir ki, xoşbəxtlik pis şeydir, o psixikaya ziyan vurur, ömürü qısaldır - buna normal yanaşarsınız, yoxsa anormal? ABŞ-ın Yels, Denver, Yerusəlimin Yəhudi universitetlərinin alimləri iddia edirlər ki, xoşbəxtlik, hətta ona doğru cəhdlər insan psixikasına zərər vurur, ömürü qısaldır. Maraqlıdır ki, onların topladığı materiallar da bunu təsdiqləyir. Alimlər aydınlaşdırıblar ki, uşaqlıqda qayğısız və şən kimi xarakterizə olunanların əksəriyyəti gələcəkdə orta hesabla özlərinin qaraqabaq, həmyaşıdlarından az yaşayırlar.
   
   Sən demə, xoşbəxtliyin coşub-daşması -böyük problemmiş. Bu hissin çoxluğu bihuşdarı təsiri göstərir, adamlar qayğısız və risqə meylli olurlar. Risqdən sonra isə məlumdur ki, xoşagəlməzliklər də olur ki, bunlar da adam ömrünə pis təsir edir. Hələ bu azmış, alimlər deyir ki, necə xoşbəxt olmaq haqda kitab və məqalələr oxumaq da bir çox bədbəxtliklər gətirir. Deyir, oxucu o qədər informasiya yığır ki, necə xoşbəxt olsun, sonra da bu proqnozların puça sıxdığını gördükcə, uğursuzluğa düçar olduqca özlərini bədbəxt hiss edəcəklər.
   
   Və bilirsiniz bu "xoşbəxtlik" haqda yazıda məni heyrətə gətirən nə oldu və bu yerdə alimlərlə tam razıyam? Deyilir ki, başqa problem isə odur ki, xoşbəxtlik hissi sadəcə olaraq yersiz görünür: çox vaxt onu gizlətmək, sıxmaq lazım olur, məsələn, ətrafında olan bədbəxt adamları bir az da bədbəxt eləməmək üçün. İnanın ki, bu çox ciddi diskomfortdur. Bir də, deyirlər ki, əgər adam xoşbəxtdirsə, onun yaradıcı düşüncəsi zəifləyir...
   
   Bununla bağlı alimlər məsləhət görür ki, sizin xoşbəxt olmağınız haqda həyəcanlarınız gərəksizdir və nəticədə məhz belə düşüncə əsl xoşbəxtlik gətirər......
   
   Anormallıqdı? Bəlkə də. Amma bəlkə də çox normaldır. Axı dəlilərin gözündə biz anormalıq...
   
   Çayxana, kababxana, dəlixana... İndiki vaxtda dəli olm aq da çətindir, olmamaq da. Bir yazının qəribə bir girişi vardı: Deyirəm, indiki dövrdə Azərbaycanda gərək dəli olmayasan. Söhbət heç də Koroğlunun dəlilərindən, ya da Leylinin dərdindən dəli olub çöllərə düşən Məcnundan getmir. Söhbət bu ölkədə ruhən xəstələnən, lakin yatmağa yer tapmayan, cəmiyyətdə gülüş obyektinə çevrilən insanlardan gedir. Bu cəmiyyətdə ruhi xəstələr "dəli", onların müalcə aldığı yer isə "dəlixana" adlandırılır.
   
   Yazıda Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli ilə intiharlar haqda söhbət gedirdi. Doğrudan da qəribədir, ölkədə kim intihar edirsə, deyirlər, ruhi xəstəydi. Yəni normal insan hər hansı bir sosial və ya digər problemi üzündən özünə qəsd edə bilməzmi? Burada normallıqla anormallıq arasında fərq necə müəyyənləşdirilir?
   
   Mütəxəssis deyir ki, o qədər adam var ki, kiçik problem üçün psixiatrik xəstəxanaya girməkdən utanır, həkimə müraciət etmirlər, problem qalır və daha da dərinləşir. Necə bilirsiniz, psixiatra müraciət normallıqdır, yoxsa anormal baxılan işdir? "Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda intihar edənlərin yalnız 15-20 faizi ruhi xəstələrdir. Həmçinin, intihar edənlərin 15-20 faizi "psixiatr və ya psixoloqun nəzarəti altında ola bilərdilər" cümləsi də burada ifadə olunur. Yerdə qalan 50-60 faiz isə sağlam insanların payına düşür". Sağlam adamı və intihar- belə baxanda anormallıqdır. Bəs belə baxmayanda?
   
   Baş psixiatr intiharların səbəbləri haqda danışanda depressiya, təşviş və stres pozuntuları, doğuşdan sonra yaranan pozuntular, tənhalıq kimi səbəbləri göstərir: "İnsan özünü tənha hiss etdikdə həyatdan küsür və bu da intihara səbəb olan çox ciddi amildir. Burada söhbət fiziki tənhalıq yox, psixoloji cəhətdən tənhalıqdan gedir".
   
   Bilmirəm, psixiatrın bu məsləhətinə normal baxacaqsınız, ya yox, depresiyaya düşmək və uzun müddət orada qalmaq əksəriyyətimiz üçün normallıq sayılırmı, hər halda nəzərinizə çatdırıram: depressiyaya düşməmək üçün əsas 3 amil var: normal yuxu yatmaq (8 saat), gündə 3 dəfə normal qidalanmaq və gündə ən azı iki saat fiziki fəallıq göstərmək.
   
   Sonda psixoanalizin banisi, məşhur Ziqmund Freydin "hər bir insanın həyatında ən azı bir dəfə intihar etmək fikri yaranır" sözünü misal gətirəcəm. Anormal fikirdi? Məncə yox...

TƏQVİM / ARXİV