adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

EYLüL VƏ AZƏRBAYCAN

SEYFƏDDİN ALTAYLI
50372 | 2011-09-24 04:21
İnsan sosial varlıqdır və hər şəxsin özünə məxsus bir xarakteri və xarakterinin müəyyənləşdirdiyi sərhədlər daxilində yaratdığı bir mühiti vardır. Digər tərəfdən hər şəxsin də özünə məxsus bir xəyal dünyası, xoşuna gələn, gəlməyən, başına gəlmiş əhvalatlar, acı-şirin xatirələri vardır.
   
   İnsan, şəxsi və milli olmaqla əslində bir-birinə tamamilə zidd olan iki yönlü məsuliyyətə malikdir. Öz şəxsi mənafeyini milli məsuliyyətindən sonrakı növbəyə salanlar, bu şüuru dərk etməyin zirvəsinə çatanlar təbii olaraq digərlərindən fərqlənirlər.
   
   Fəsillərdən ən çox yazı sevirəm, aylardan da may və sentyabr ayını, yəni Türkiyədəki adıyla eylülü. May ayı, təbiətin bütün ehtişamını tamaşaya qoyduğu, həyatı bütün cah-calalı ilə ifadə edə bildiyi aydır. Eylül isə, təbiətin necə deyərlər mühasibat dəftərindəki qeydlərinə baxdıqda məhsuldarlığının zirvəyə çatdığı vaxtdır.
   
   Dünyaya gəlib, boya-başa çatdığım Dizə kəndi, uşaqlıq xəyallarımın ən gözəl xatirələri ilə doludur. İptidai məktəbimiz Araz çayının düz sahilində idi. Araz daşdıqda kəndi sel basmasın deyə Dövlət Su İşləri idarəsi onun böyründə sədd tikmiş, döşünü də qara daşlarla toxumuşdu. Məktəb vaxtı bəzən müəllimlərimizlə və ya yoldaşlarımızla səddin üstünə çıxar, qarşı tərəfdəki kənd-kəsəyə tamaşa edər, çöldə kim var kim yox, nə edirlər deyə maraqla gözlərimizi zilləyərdik. Məktəblər bağlanıb yay gələndə də, ya işimiz olduqda, ya da qaravula çıxan əsgərlərin aralanmasından sonra qaçıb özümüzü Arazın ilıq sularına atıb çimər və onu özümüz üçün böyük bir macəra kimi qəbul edərdik. Çayın qarşı sahilində hər beş yüz metrdə bir hərbi qüllə vardı və zaman-zaman Sovet hərbçilərinin (biz onlara Urus əsgəri deyirdik) qülləyə dırmandığının və ya ordan endiyinin, ya da səddin üstündə qaravula çıxdıqlarının şahidi olurduq. Əvvəllər oraların Ermənistan olduğunu bilmirdik, çünki kəndimizin üzbəüzündə vaxt-vaxt eynilə bizim kimi danışan, bir-birini səsləyən insanların səsini eşidərdik. Böyüklərimiz, kəndimizin üzbəüzündəki kəndin Qarxın olduğunu deyirdi. Çox sonralar tariximiz və mədəniyyətimizlə bağlı araşdırmaları apararkən bu adın "Qarxın" adlı Türk tayfasının adını daşıdığını, bu tayfanın həmin kəndi saldığını öyrəndim. Ondan bir az irəlidə, Şorkənd, daha aşağılarda Vedibasar, babalarımın kəndinin olduğu Zəngibasar, Çobankərə, Alagöz dağlarına sarı Üçkilsə, ermənilər oranın adını Eçmiadzin kimi dəyişdiriblər və böyüklərimizin dediyinə görə burada xristian dininə məxsus üç məzhəbin kilsəsi olduğuna görə babalarımız ora Üçkilsə deyərmiş. Dağın yamacında isə gecələri ulduz-ulduz yanan (indi qaranlıqlar dünyasına gedib) şəhər İrəvandı və böyüklərimizin dediyinə görə bura min-min ildən bəri türklərin yaşadığı ulu bir şəhər imiş, hətta bir vaxtlar güclü-qüdrətli bir xanlıq imiş. Yenə böyüklərimizin öz aralarındakı danışıqlarından eşitmişdik ki, uruslar, erməniləri gətirib burada məskunlaşdırıblar və İrəvanı da Azərbaycanın əlindən alıb onlara hədiyyə kimi veriblər. Böyüklərimiz öz aralarında söhbət edərkən bəzən, "kopoyoğlu urus, bizim torpaqlarımızı əlimizdən alıb buralara donuz otaran dığaları gətirib məskunlaşdırdı, sərhəddi bağladı, indi ordakı yurdlarımıza gedə bilmirik..!" tərzində öz narazılıqlarını və reaksiyalarını dilə gətirirdilər. Kəndimizdəki hər bir uşağın ən böyük xəyalı və əqidəsi bu torpaqları "uruslardan və ermənilərdən təmizləmək" idi. Bəzən öz aramızda söhbət edir, "böyüyəndə əsgərə gedib silahdan istifadə etməyi öyrənəcəyik və o taydakı qardaşlarımızla birləşib müqəddəs torpaqlarımızı düşmənlərin murdar çəkmələrindən təmizləyəcəyik" deyə fikirlərimizi və xəyallarımızı bir-birimizə danışırdıq.
   
   Vaxt ötdü, zamanın təkəri fırlandı, iptidai, orta, lisey və müəllim məktəbindən məzun oldum, müəllim işlədim, əsgərliyə getdim, sonra universitetə daxil olub ali təhsili başa vurdum, TRT-də işə daxil oldum və gün gəldi həyat yoldaşım Fatma xanımla daim xəyal qurduğumuz, daha düzü xəyallarımızı bəzəyən Azərbaycana getmək qismət oldu. 1988-ci ildə dostum Sabir Rüstəmxanlının köməyi ilə əvvəlcə məktublaşdığım, sonra da telefonla əlaqə saxladığım Azərbaycan Pedaqoji İnstitutunun müəllimi dossent Yunis Məmmədovun dəvətiylə Azərbaycana getmək qərarına gəldik. Əvvəlcə Sovet səfirliyindən viza aldıq və günü gəldikdə də Qars-Qızılçaxçax xəttini təqib edən qatarla qədim və ulu şəhərimiz Gümrüyə sarı yola düşdük. Gümrüdəki kömrükdə işləyən ermənilər apardığımız yüzlərlə kitabı, audio və videokasetləri saatlarla yoxladıqdan və bizi ittiham edəcək heç nə tapa bilməyib muruzları düşdükdən sonra yaxamızı qurtardıq və binadan çıxdıq. Bir də baxdıq ki, dostlarımız beş maşınla bizi qarşılamağa gəliblər. Yunis bəyin dostu Hamlet Bəy, Firidun Ağasıoğlu, Mövlud Süleymanlı, Yunis bəyin qohumu Xasay bəy və digərləri. Mən də yoldaşım da dostlarımızın bu hərəkətindən həddən artıq duyğulanmışdıq, çünki bu cür qonaqpərvərlik, qədirşünaslıq nümunəsi qeyri-adi idi. Dostlarımızla görüşüb tanış olduqdan sonra maşınlara minib Azərbaycana yönəldik. Ulu babalarımızın bir vaxtlar hakim olduğu Qərbi Azərbaycan torpaqlarını ötüb yenə qədim yurdumuz Borçalını geridə buraxıb Bakıya çatdıq və düz otuz səkkiz gün Azərbaycanda qaldıq. Bu vaxt ərzində kimlərlə görüşmədik ki, böyük hörmət bəslədiyimiz əmimiz Məmməd Arazı, Abbas Zamanovu, Fərhad Əliyevi, Fərman Kərimzadəni, Vilayət Əliyevi, Zəlimxan Yaqubu, Fərəməz Maqsudovu, Xəlil Rza Ulutürkü, Marifə Hacıyevanı, Becan Fərzəliyevi, Hüseyn Qağanı, Əhməd Oğuzu, Tahir Talıblını, Rəfiq Zəka Xəndanı və adları ürəyimdə həkk olunmuş digər dostlarımızın sayəsində günlər nə cür gəlib keçdi bilə bilmədik. KQB-nin əməkdaşları hər getdiyimiz yerdə bizi izləsələr də heç vaxt narahat edilmədik, olmadıq; çünki KQB işçiləri də Azərbaycanlı qardaşlarımızdı, onların da bizim kimi ürəklərinin qardaş həsrətilə dolu olduğunu hiss edirdik. Gün gəldi, eylül ayının barlı-bərəkətli bir günündə getdiyimiz yoldan Anadoluya yönəldik. Lenin və Stalin tərəfindən zorbazorluqla alınıb Gürcüstana hədiyyə edilən Borçalıdan çıxmaq üzərə ikən Alagöz dağlarından qopan qara buludlar Azərbaycana sarı axışıb gedirdi. Bu mənzərəni gördükdə ürəyim bir təhər oldu, sanki yumruq boyda bir daş gəlib ürəyimin başına oturdu və maşın nəriltiylə yolu udarkən dəftərimi açıb bu cümlələri yazdım.
   
   "Ulu Tanrı, ulu babalarımızın yatdığı bu müqəddəs torpaqları hifz elə, Azərbaycanımızı kəm gözlərdən uzaq tut. Bu qara buludlar bacı-qardaşlarımızın yaşadığı torpaqlara qada-bala aparmasın, sən onlara kömək ol, bəlaları onlara yaxın qoyma. Qərbi Azərbaycan, qardaşlarımızın əlindən zor gücü ilə alınıb düşmənlərimizə verildiyində onlara əngəl olacaq gücümüz yoxdu. İndi də bizi yer üzündən birdəfəlik silmək istəyən düşmənlərimiz həddən artıq güclüdür. Babalarımızın təmbəlliyi, laqeydliyi və elmdən aralanmalarına görə hələ də istədiyimiz qədər güclənə bilməmişik, əlini üstümüzdən çəkmə, birlik ola bilməmiz üçün nəslimizə yol göstər. Bizlər millət olaraq ən başından sənə canı-dildən bağlıyıq, bunu bilirsəng Tarix boyu daim ordun olduq, bunun üçün sənə şükür edirik, düşmənlərimizin bizi incitməsinə icazə vermə Ulu Tanrı..! Bizə birlik ruhunu bəxş et, dirliyimizi, nizamımızı gücləndir, sən hər şeyə qadirsən!"
   
   Bəli, bu sətirləri yazdım; ancaq ruslardan güc-qüvvət alan ermənilər biz gələndən sonra rusların qışqırtması ilə başlayan münfərid hadisələri birdən kütləviləşdirdilər. Rus qoşunlarının da dayağ olduğu ermənilər Azərbaycanımıza təcavüz etdilər, torpaqlarımızın iyirmi faizini işğal etdilər, yüzilliyin qara ləkəsi olan Xocalı Soyqırımını yaratdılar. 1988-ci ildə addım-addım başlayan işğal hələ də davam edir. Erməniləşdirilən Qərbi Azərbaycanda həyata keçirilən etnik təmizliklə öz dədə-baba torpaqlarından çıxardılan və işğal bölgələrindən məcburi köçə məruz qalaraq qaçqın vəziyyətinə düşən bir milyondan artıq soydaşımız iztirabların hər cürəsinə dözərək gəlib bu günə çıxdı.
   
   Dünyada, millətlərarası problemləri həll etmək üçün BMT deyə bir təşkilat, onun da BMT Təhlükəsizlik Şurası yaradılıb. BMT-dən əvvəlcə yaradılan Cəmiyyəti əqvam, ingilislərin barmağına baxıb hərəkət edirdi, Kərkük-Mosul məsələsində qarşımıza o çıxmışdı və öz yurdumuz olan bu torpaqları ən zəif anımızı fürsət bilərək bizdən alıb ingilislərin müstəmləkəsi olan və təzə yaradılan İraqa vermişdi. BMT və BMT əmniyyət Şurası indi kimə xidmət edir sizin özünüz qərar verin. Səddamı aşağı salmaq, İraqı işğal etmək üçün işıq sürəti ilə yığışan və bir cələsədə qərara yetişərək onu həyata keçirən güclər bu işi, yəni işğalı demokratiya adına, uluslar arası ədalət adına həyata keçirdiklərini irəli sürürdülər. Azərbaycanın işğal altındakı torpaqlarının öz yiyəsinə qaytarılması üçün neçə-neçə qərar yetişilib. Yaxşı, İraqı işğal edən banditlər həmin qərara uyub niyə Ermənistanı işğal etmir və rus dəstəkli erməniləri işğal altındakı torpaqlarımızdan çıxarmır?! İraq müsəlman idi, ermənilər isə xristiandı ona görəmi? Avropa Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı tərəfindən1992-ci ildən yaradılan Minsk Qrupu niyə həvəngdə su döyür? Qrupun həmsədri Metyu Brayza bəyanat yayıb;
   
   "Yuxarı Qarabağ xalqının bölgənin statusu barədə özü qərara yetişəcəkdir və bir referendum keçiriləcəkdir. Buradakı xalqın Azərbaycanın hakimiyyətinə daxil olub-olmayacağı barədəki qərarı özü verəcəkdir" deyir.
   
   Yuxarı Qarabağ və digər yerlər işğal altındadır, buradakı türklərin tamamı qaçqındır. Bölgədə yaşayan ermənilər də Sovetlər Birliyi vaxtından bəri Ermənistana qoşulmaq üçün fürsət axtardılar və bu yolda dəridən-qabıqdan çıxdılar. İndi əllərinə rusların dəstəyi ilə belə qızıl kimi bir fürsət keçibdir, onu bada verib Ermənistan əvəzinə Azərbaycanın hakimiyyəti altına girərlər? Rusların, başda Fransa və ABŞ olmaqla qərblilərin qışqırtması və dayağı ilə tökülən, iyirmi beş mini ötən Azərbaycanlı şəhidin qanı deməli ermənilərin bu bölgəni Ermənistana bağlamaq üçün axıdılıb?! Di gəl belə bir dünyada haqqın və ədalətin olduğuna inam bəslə!..
   
   Harda qaldı hər il eylül ayları gələndə təşkil etdiyimiz və onun xəbərini alan düşmənlərimizin qaçıb gizlənmək üçün siçan deşiyini satın aldıqları, dostlarımızın qürur mənbəyi olan qurultaylarımız?!
   
   Biz, elm-ürfan və texnolojidə geri qaldığımız, birliyimizi yarada bilmədiyimiz müddətcə başımız bəladan qurtula bilməyəcək, xalqlarımız Uyğurustanda, Güneydə, Sibirdə olduğu kimi əsir, soydaşlarımız, qandaşlarımız qaçqın olacaqlar.

TƏQVİM / ARXİV