adalet.az header logo
  • Bakı 13°C

KƏRAMƏT BÖYüKçÖLüN "çÖL" ROMANI

VAQİF YUSİFLİ
190332 | 2011-09-24 04:21

   
   Kəramət Böyükçölün 23 yaşı var. Amma ədəbi aləmdə, xüsusilə, yaşıdları arasında yaxşı tanınır və deyim ki, onun tanınmağı heç də atası Qəşəm Nəcəfzadəyə görə deyil. Olsun ki, Qəşəm onun şeirlərinin, publisistik yazılarının ilk oxucusudur və bir ata kimi uğurlarına sevinir. Amma 23 yaşlı Kəramət vaxtilə 23 yaşında olan, amma o illərdə zillətlə çap olunan Qəşəm Nəcəfzadə deyil. Kəramət zəmanə uşağıdır. Artıq bir şeir kitabı çıxıb ("Çatlamış fincan"), İNTERNET deyilən oxu maşınında da Kəramət Böyükçölün öz "ərazisi" var, ədəbi qalmaqallardan da uzaq deyil. Bu yaxınlarda Kəramət mənə "Çöl" əsərinin bir nüsxəsini hədiyyə elədi.
   
   Və oxudum.
   
   Qətiyyən fərqinə varmadım ki, bu romanı yazanda onun müəllifinin 20-21 yaşı olub. Çünki roman mən gördüyüm 20-21 yaşlı bir gəncin təfəkkürünə sığmırdı. Yəni müəllifinin yaşından irəli gedən bir düşüncə tərzinin məhsuludu bu əsər.
   
   Əlbəttə, bəri başdan deyim ki, Kəramət yaşlı cavanların bir çoxu artıq ilk romanlarını (hətta bəziləri ikincisini) çap etdiriblər. Romana belə inadcıl və iddialı bir marağın səbəbləri məlumdur. Bu dövranın ədəbi gəncliyi öz maraq dairəsinə görə yetmişinci, səksəninci, doxsanıncı illərin cavan yazarlarından əhəmiyyətli dərəcədə irəli getmək fikrindədirlər. İrəli gedirlərmi? Məncə, bu, başqa bir söhbətin mövzusudur.
   
    Klassik "ənənəyə" görə hər bir nasir yazıçılığa əvvəlcə hekayədən başlayır, bu janrda özünü doğruldandan sonra keçir povestə, burda da özünü sınayır və sonra romanın qapısını döyür. Nümunə göstərəkmi? Buyurun: Anar, Elçin, Fərman Kərimzadə, Əlibala Hacızadə, Əkrəm Əylisli, Mövlud Süleymanlı, Məmməd Oruc, Seyran Səxavət, Aqil Abbas, Elçin Hüseynbəyli. Xatırladım ki, bir sıra gözəl hekayələr müəllifi olan Rafiq Tağı heç bircə povest də yazmayıb. Amma onun ən gözəl hekayələri elə oxuduğumuz bir çox povest və romanlar kimi maraqlıdır.Yəni belə hallar da olur. Amma ikimininci illərin cavanları əvvəlcə şeir yazır, sonra romana keçirlər, ya da bir-iki hekayədən sonra dərhal roman çap etdirirlər. Təbii ki, bu məsələdə bir kimsəni qınamaq istəməzdik, yaradıcılıq azaddır, amma bu "klassik gediş"ə riayət eləməmək, nəsrin nisbətən kiçik formalarında lazımi təcrübə toplamamaq özünü gənclərin romanlarında daha artıq büruzə verir.
   
   Romana yazdığı balaca giriş sözündə Kəramət qeyd edir ki: "Çöl" romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təəssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornamentləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır".
   
   Çox gözəl! "Təki belə olsun" deyibən romanı oxumağa girişdim. Əlbəttə, mən müəllifin "Əlavə qeydlər"inə də biganə qalmadım. Oradakı "Gigiyenik qaydalara əməl olunması", "Romanın yazılmasının ideya-məqsədi" və "Nobel mükafatı zamanı verilən bir milyon dörd yüz əlli min dollardan istifadə qaydaları" ilə bağlı özünə təlqin "qaydaları"nın mənim fikrimcə,romana heç bir dəxli yoxdur. Çünki "Dostayevskinin əsərlərinin üstünə çıxmaq (?)" ya "Orxan Pamuka nifrət eləmək" mən bilən, Don Kixotun amansız yel dəyirmanları ilə döyüşünə oxşayır. Bu izhari-bəyan postmodernist olmayan Kəramət Böyükçölün öz romanına yamaq kimi vurduğu "postmodernist" rəngdir.
   
   Keçək romana.
   
   Roman bizim klassik romanlarımız kimi ayrı-ayrı hadisələr üzərində qurulub. Hadisə, bu hadisələrlə bağlı insan obrazları, bu obrazların qarşılıqlı münasibətləri və onların hər birinin daxili aləminin, necə deyərlər, iç dünyasının təsviri olmayan bir əsəri necə roman adlandırmaq olar? Kəramətin "Çöl"ü də bu ənənəvi roman poetikasına sədaqətlidir.
   
   Roman tərəkəmə həyatının təsviri ilə başlayır. Elə ilk cümləsi romandan nədən söhbət gedəcəyini açıqlayır: "Bizə tərəkəmə deyirlər. Yayda yaylağa, payızda Mil-Muğan düzündə yerləşən "Şirinqum" adlanan qışlağa köçürük". Əlbəttə, Azərbaycan nəsrində tərəkəmə həyatını təsvir edən əsərlər çox da deyil, amma nə yazılıbsa, tərəkəməliyin mahiyyəti Kəramətin əsərində olduğu kimi işıqlandırılmayıb. Tarixi mənbələrdən və bəzi ensiklopedik səciyyəli kitablardan öyrəndiyimiz budur ki, tərəkəmələr Azərbaycanın etnogenezisində iştirak etmiş qədim türk tayfalarıdır. Əvvəllər Sırdəryanın sağ sahilində yaşamış və ərəb istilalarından sonra türkmən adlandırılmış oğuz türkləri XI əsrdən İran, Zaqafqaziya, Kiçik Asiya və Mesapotamiyaya yayılmışlar. Köçəri həyat sürən oğuzların bir hissəsi tərəkəmə adlandırılmışdı. Azərbaycanda Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr əkinçiliklə də məşğul olmuşlar. "Tərəkəmə" xalq rəqsinin tərəkəmələrlə əlaqədar olması da məlum.
   
   Romanda təfərrüat genişliyi onun başlıca məziyyətlərindən biridir. Tərəkəməliyin çölçülük stixiyası, zahiri elementləri, maldarlıq və təsərrüfatla bağlı bütün detallar sıralanır. Özü də bunlar təhkiyəçinin tərəkəmə həyatı haqqında bilgilərinin çılpaq nümayişinə, məlumatfüruşluğa çevrilmir, müəyyən hadisənin və ya obrazın təsviri ilə əlaqələnir. Gəlin, romana müraciət edək: "Qum təpələrinin yaxınlığında babamgilin ferması var. Ağzıqara itlərimiz, əniklərimiz, qaşqa atlarımız; maydanlarımız, dayçalarımız, yabılarımız, daylarımız köçümüzün gözəlliyiydi. Qədim fərməşlər mitilləri yığmaq üçün çox əla vasitədi. Atların boynuna bağlanmış sicim ən gözəl oyuncağımdı. Atları bu sicimlə sağa-sola fırlamaq əsas məşğuliyyətimə çevrilib. Bu oyundan yorulanda atlarımıza düşaq vururam, yəni, balaca kəndirlə atların qabaq ayaqlarını bağlayıram, at tullana-tullana yeriyir. Bunu ona görə edirəm ki, ferma ərazisindən uzaqlaşıb, itməsin. Uzun-uzun örkənlər, uclarında doğanaqlar köç gedəndə yükləri atlara, dəvələrə sarım-sarım sarıyar, köç getməyəndə mənim qatarım olar, arxacda örkənləri sürüm-sürüm sürərəm". Yenə bir başqa misal gətirmək istəyirəm: Quzuların altına hər axşam kətiyən döşüyürük. Bu həm quzuların yerini quru saxlayır, həm də sərbəst hava keçimini təmin edir ki, bu da nəmişliyin qarşısını alır. Qoyunların çəhlimini, cığırını özümə yol eləmişəm. Çəhlimin əvvəli arxacdan başlayır, örən yerəcən gedir, ordan da xama çatır. Bütün çəhlimlər otlaq sahəsinə gedir, xam yerə çəhlim gec düşür. Otların yaşamaq eşqinə qoyunlar qalib gələ bilmirlər". Diqqət etdinizmi, gətirdiyim misallarda çölçülük həyatının, tərəkəmə dünyasının uşaq yaddaşından süzülüb gələn bütün bu xatirələr romanda oxucu ilə təhkiyəçi arasında isti, səmimi bir münasibət yaradır. O da maraqlıdır ki, romanda folklor dünyasının qəhrəmanları da (Koroğlu, Halaypozan, Sarı donlu Selcan xatun və s.) "iştirak edir", lakin onlar nağıllardan, dastanlardan qopub gəlmirlər, adlarındakı simvolik məna ilə gerçəkliyin, reallığın bir parçasına çevrilirlər.
   
   Romanda nağılvarilik güclüdür. Nağıl isə qorxulu da ola bilər, şirin də. O da asılıdır nağıl danışanın-təhkiyəçinin hansı nağılı seçməyindən. Kəramət hər iki nağıla üz tutur, tərəkəmə həyatı haqqında nağılları nə qədər şirindisə, romantika ilə yoğrulubsa, ordu həyatından bəhs etdikləri qorxuludur. Əlbəttə, mən "nağıl" kəlməsini şərti mənada işlədirəm. Yeri gəlmişkən qeyd edim ki, romanda bir çox adlar şərti məna daşıdığı kimi, təsvir olunan hadisələrin də bir çoxu şərtilik prinsipi əsasında qurulub.Deyək ki, "Koroğlunun Amerika səfəri" şərtilik üzərində qurulub.
   
   Öncə dedim ki, "Çöl" hadisələr romanıdır və bu hadisələri bir çoxu keçmişlə bağlıdırsa, bir çoxu da təhkiyəçinin bilavasitə özünün müşahidə etdiyi, gördüyü və izlədiyi hadisələrdir. Romanda bu hadisələrin bir məhvər ətrafında birləşməsi, yəni vahid süjet xəttində cəm olması, birinin digərini şərtləndirməsi mühüm şərtdir. Amma əsərdə bəzi fəsillər artıq görünür. "Kitabxanada seks" fəsli kimi. İnandırıcı olmayan, ancaq müəllifin təxəyyülü ilə romana daxil edilən hadisələr və təsvirlər də diqqətdən yayınmır. Əvvəli tərəkəmə həyatının gözəlliyi və romantikası ilə başlayan səhifələr sonda sanki bu romantikanın və gözəlliyin inkarına çevrilən təsvirlərlə, hadisələrlə əvəz olunur. Bir misal: "Kənddə qadınlar get-gedə ərlərindən soyuyurdu. Ərləri də seks filmlərindən və rezin kuklalardan sonra gecələr dallarını arvadlarına çevirib yatırdılar. Bu əyri qılçalı kənd arvadları Avropa qadınlarının yanında heç nə idi. Kənddə ərə gedən qızların ilk toy gecəsində gəlin olmamasının əsas səbəbi də elə Yetər arvadın Hollandiyadan gətirdiyi süni alətlər, seks filmləri idi. Kişilərin kişiliyini bu kuklalar əllərindən almışdı. Qadınlar qadınlıqlarını, kişilər kişiliklərini itirirdilər. Nevroz xəstəliyi kəndi başına almışdı. Gəlinlər uşağa qala bilmirdilər. Güc-bəla ilə qalanda isə bu da bəzən Yetər arvadın köməkliyi ilə baş tuturdu".
   
   Təbii ki, tərəkəmə həyatının o gözəllikləri və özəllikləri fonunda bu tipli təsvirlər namünasib görünür. Ümumiyyətlə, "inteqrasiya" bəlası gənc Kəramətin də romanından və deyərdim ki, elə özünün baxışlarından yan keçməyib. Onun təsvir etdiyi qəhrəmanlar lap "qibtə" edilməlidir-super mayallaq aşıb tərəkəmə çöllərindən Amerikaya, Fransaya, Moskvaya uçurlar, Buşla və istənilən prezidentlə "diplomatik", hətta lotuyana söhbətlər aparırlar.Amma bütün bu "səyahətlər"in romandakı Azərbaycan ordusunun daxilində baş verən hadisələrin təsviri ilə müqayisədə o qədər də əhəmiyyətli olmadığı aydın görünür. Kəramətin romanındakı həmin fəsillər (vaxtilə ordudakı başıpozuqluq, rüşvətxorluq və qəsdən qətllər törədilməsi və s.) belə bir həqiqəti sübut edir ki, günümüzün reallıqlarını yazmaq nə qədər vacibdirgYadda qalası bunlar olacaq.
   
   Kəramət, heç şübhəsiz, həyat hadisələrini müşahidə qabiliyyətinə görə yaşıdlarından seçilir, amma bütün bu gördüklərini, yaxud eşitdiklərini bir romanda hansı məcraya yönəltməkdə çətinlik də çəkir. Hər gördüyünü və hər eşitdiyini ROMAN deyilən ali janrın süjetinə sığışdırmaq pərakəndəliyə, səliqəsizliyə aparıb çıxarır.
   
   "Çöl" romanıyla bağlı ən başlıca bir iradımı da bildirmək istəyirəm. Sual etmək olar: "Çöl"ün əsas qəhrəmanı kimdir? Təhkiyəçimi? Yox! "Koroğlu" deyilən, amma haqqında yalnız söz-söhbət gedən, özü isə əksər hallarda "gözəgörünməz" olan "mifik müasirimizmi"? Yox! Halaypozanmı? Dəmirçioğlumu? Zaman kişimi? Züleyxa arvadmı? Yox! Yox! Yox! Məncə, gələcək romanında Kəramət Böyükçöl real, bu günün həqiqətlərini təmsil edən QƏHRƏMAN axtarışına çıxmalıdır... Bu yolda ona uğurlar arzulayıram!

TƏQVİM / ARXİV