adalet.az header logo
  • Bakı 18°C

Səssiz filmdə bomba səhnəsi

FƏRHAD ŞABANOV
29779 | 2011-09-24 09:27
Ankarada bu həftə bomba partladı. 3 nəfər həyatını dəyişdi, 34 nəfər yaralandı. Bəli, 3 nəfərin bütün yaxınlarının da həyatı dəyişdi. Bu hadisənin də "günah keçisi" kimi pkk və ya başqa bir terror təşkilatı göstərilə bilər.
   
   Həyatımda ilk dəfə bomba səsi eşitdim. Ancaq İraqda demək olar ki, hər həftə bomba partlayır və günahsız insanların yaşamına son qoyur. Liviyada da. Əfqanıstanda da. Pakistanda da həmçinin. Suriyada etiraz edənləri Əsəd rejimi güllələyir. Bunlar bizim həyatımızda gündəlik xəbərlərdən başqa bir şey deyil bəlkə də. Ancaq görün ki, bir bomba səsi insanı həmin olayların içinə atmağa bəs etdi. Nifrət edirəm. Eqolarla idarə olunan siyasətə. Söz güləşinə. Kostyum içindəki kaprizli uşaqlara. Diktatorların gözünü bürümüş qızıl və iqtidar istəyinə. Sözü uzatmaq fikrim yoxdu. Yazımın qalanını Çarli Çaplinə ayırmaq istəyirəm. Bizim dövr onu çox az gördü. Lap uşaq idik. Bəlkə də başa düşmədən gülürdük. İndi isə başa düşərək, düşünmənin vaxtıdı. Çünki kapitalizm, faşizm, hegemonya və stratejik güc maraqlarının ortaya çıxardığı savaşlara qarşı ən güclü silahlardan biri də onun sözləridir. "Həyatımın Hekayəsi" kitabından seçdiyim hissəni sizə təqdim edirəm. Bunları bomba səsi eşitmədən anlaya bilməniz üçün...
   
   "Məni bağışlayın ancaq mən imperator olmaq istəmirəm. Bu mənlik iş deyil. Nə ölkələri fəth, nə də insanları idarə etmək istəyirəm. Əlimdən gəlsə hər kəsə, istər Yəhudi, istər qara dərili, istərsə ağ olsun bütün insanlara kömək etmək istəyirəm.
   
   Hamı qarşındakına kömək etmək istər. Bütün insanlar belədir. Qarşımızdakının sevincini görmək istəyirik, kədərini deyil. Bir-birimizdən nifrət etmək və bir-birimizi alçaltmaq istəmirik. Bu dünyada hər kəsə bəs edəcək qədər yer var. Torpaq hamımızın ehtiyacını qarşılayacaq qədər bərəkətlidir.
   
   Həyatın bizim üçün müəyyən etdiyi yol gözəlliklər və azadlıqlarla doludur, ancaq biz bu yolu itirdik. Hirs insanların ruhunu zəhərlədi, dünyanı öz əsarətinə aldı və hamımızı qaz yerişi ilə səfalətin və qanın içinə sürüdü. Sürətimizi artırdıq, ancaq bunun əsiri olduq. Bolluq gətirən robotlar bizi yoxsul etdi. Əldə etdiyimiz biliklər bizi ələ saldı, zəkamızı isə qatı və acımasız. Çox düşünürük amma az hiss edirik. Texnologiyadan çox insanlığa ehtiyacımız var. Zəkadan çox yaxşılıq və anlayışa ehtiyacımız var. Bu dəyərlər itdikcə həyat yaşanmaz hala gəlir.
   
   Təyyarələr və radio bizləri bir-birimizə yaxınlaşdırdı. Bunlar təbii olaraq, insanın içindəki yaxşılığı ortaya çıxarmağa, xalqlar arası qardaşlığı yaratmağa və bizi birləşdirməyə çalışır. Hal-hazırda mənim səsim dünyadakı milyonlarla insana, əzab çəkən qadınlara, kişi və uşaqlara, günahsız insanları həbsə məhkum edib işkəncə edən bir sistemin qurbanlarına çatır. Məni eşidənlərə demək istəyirəm ki, ümidsizliyə məğlub olmayın. Üstümüzə çökən bəla, vəhşi bir eqonun, insanlığın inkişaf etməsindən qorxanların duyduğu acının bir nəticəsidir. İnsanlardakı bu nifrət duyğusu yox olacaq, diktatorlar öləcək və xalqdan zorla aldıqları iqtidar yenə xalqın əlinə keçəcəkdir. İnsanlar uğrunda ölə biləcəkləri müddət azadlıq var olacaqdır.
   
   Əsgərlər! Sizləri aldadan, sizlərdən qul kimi istifadə edən, nə etməli, necə düşünməli olduğunuzu və necə ölməli olduğunuzu sizə öyrədən bu zalımlara boyun əyməyin! Sizləri bir heyvan kimi tərbiyə edib güllə qarşısına sipər edənlərə boyun əyməyin! Beyinləri və ürəkləri robot kimi olan bu adamlara boyun əyməyin! Sizlər robot deyilsiniz. Sizlər insansınız! Qəlbiniz insanlıq sevgisi ilə dolub daşır. Nifrət etməyin. Sadəcə sevilməyənlər nifrət edər. Sevilməyənlər və anormal olanlar.
   
   Əsgərlər! Köləlik uğrunda deyil, azadlıq uğrunda savaşın! Müqəddəs Lukanın İncilində 17-ci bölümündə cənnətin bir tək adamda, ya da bir qrup insanda deyil, bütün insanların içində olduğu yazılır. Siz insanlar güclüsünüz. Maşınları düzəldəcək gücə sahibsiniz. Xoşbəxtliyi yaradacaq güc sizdədir. Bu həyatı azad və gözəl edəcək güc bizdədi. Bu həyatı qeyri-adi macəraya çevirəcək yenə sizlərsiniz. Belə ki, demokratiya uğrunda bu gücdən istifadə edək, birləşək. Yeni bir dünya üçün mübarizə aparaq. Hər kəsin işlə təmin olunduğu, gənclərə gələcək, yaşlılara güvənli bir dünya üçün mübarizə aparaq.
   
   Zalimlər də belə sözlər verərək iqtidara gəldilər. Ancaq yalan söylədilər. Sözlərini tutmadılar. Heç bir zaman da tutmayacaqlar. Diktatorlar öz həyatlarını düşünərək xalqdan qul kimi istifadə edir. Artıq dünyanın azadlığı üçün mübarizə aparaq kibirdən, nifrətdən və anlayışsızlıqdan özümüzü təmizləyək. Texnologiyanın bizi xoşbəxtliyə aparacağı bir dünya üçün mübarizə aparaq. Demokratiya uğrunda birləşək!
   
   Hannah məni eşidirsən? Harada olursan ol, başını qaldırıb bax! Bax, Hannah. Buludlar dağılır. Günəş çıxır. Qaranlıqdan aydınlığa çıxırıq. Yeni bir dünyanın bir addımlığındayıq. İnsanların nifrətdən və qəddarlıqdan təmizləndiyi yeni bir dünyaya yaxınlaşırıq. Başını qaldır və bax. Hannah! İnsan ruhu qanadlandı və uçmağa başladı artıq. Göy qurşağına doğru uçur, ümid işığına doğru. Başını qaldır və bax, Hannah!"

TƏQVİM / ARXİV