adalet.az header logo
  • Bakı 19°C

ÖDƏNƏN BƏDƏLLƏR...

BABƏK YUSİFOĞLU
22586 | 2011-09-24 04:21
Biz müstəqillik qazandıq, Rusiya imperiyasının əsrlərlə davam edən işğalına son verdik. Və müstəqilliyə, indi çox dəbdə olan demokratiya yoluna qədəm qoyduq. Çox gözəl. Bu, xalqın mütləq əksəriyyətinin illərlə ürəklərində bəslədikləri, gizlətdikləri bir arzu idi. O da, necə deyərlər, çin olmuşdu. Bizə, şəxsən mənə elə gəlirdi ki, yad ideologiyanın, yad dilin, yad əxlaq tərzinin, yad milli-mənəvi dəyərlərin boyunduruğundan qurtulandan sonra biz bu yolda arzusunda olduğumuz bütün hər şeyə tez və mükəmməl nail olacağıq. Amma biz qazandığımız o müqəddəs dəyərlərin bədəlini çox ağır itkilərlə ödəməli olduq. İtirdikcə itirdik...
   
   İndi sovet rejimində yaşamış insanların əksəriyyəti o dövrdən söz düşəndə qəribə bir nostalji hissləri keçirir. Həmin nostalji hisslərinə ona görə qəribə deyirəm ki, heç kəs müstəqilliyimizi müzakirə obyektinə çevirmədən həmin dövrün ədalət meyarlarından, insanların davranışlarından, yaşanan həyat tərzindən... həsrətlə söz açır. Çünki o dövrü yaşayanlar çox yaxşı bilirlər ki, Rusiyanın imperiya siyasətinin qurbanı olsaq da xalqımız özünün bütün dəyərli mənəvi-əxlaqi, mədəni keyfiyyətlərini, dinini, dilini, tarixini, incəsənətini, böyüyə, kiçiyə hörməti... göz bəbəyi kimi qoruyub saxlayırdı. Namus duyğusunun nə olduğunu bilməyən və bizdən sayca qat-qat çox olan hakim xalq bizim insanlarımıza namussuzluğu öyrədə bilməmişdi. Allahı, dini tanımayan kommunist ideologiyası, başımız üzərində siyirməqılınc dayansa da kimsə nə Tanrısını, nə də dinini yaddan çıxarmışdı. İnsanlar o vaxtlar günah etməkdən daha çox qorxardılar.
   
   Bunu ağlı başında olan hər kəs bilir, yəqin ki, mənimlə də razılaşarlar. Əvvəlki dövrlərdə ən qədim peşə sahiblərinin sayı çox az idi və onlara cəmiyyətin tullantıları kimi baxardılar. Abırlı adamlar hətta hansısa növbədə elələri ilə yanaşı durmağı belə özünə təhqir sayardı. İnsafən elə namusunu alver malına çevirən bu qadınlar özləri də cəmiyyətdəki yerlərini yaxşı anlayardılar və heç yerdə səslərini bərkdən çıxarmazdılar. Çünki onların "adı" üstlərində idi. İndi Dubaydan vurub İrandan çıxan, Türkiyədən başlayıb Pakistanda "at oynadan" qadınlar (belələrini də "qadın" adlandırdığım üçün bütün namuslu qadınlarımızdan dönə-dönə üzr diləyirəm) Azərbaycana gələndə hörmətli xanıma "çevrilirlər". Belələri hətta namuslu xanımlara yuxarıdan aşağı baxır, özlərini daha dəyərli hesab edirlər. Məgər fahişəlik demokratiyanın elementidi?
   
   O dövrlər də rüşvətlə, oğurluqla məşğul olanlar vardı. Qəribəsi budur ki, belələri indikilər kimi heç vaxt bu haram pullarla fəxr etməzdilər. Gizlətməyə çalışardılar. İndi isə ən böyük faciə belə şeylərin reklam olunması, fəxrlə danışılmasıdır. Daha rüşvət, oğurluqla varlananlara, başqalarının göz yaşları, qan-qarğışları hesabına yığılan sərvətin sahiblərinə daha çox hörmətlə yanaşılır. Daha çox haram pul qazana bilmək böyük fərasət, bacarıq kimi dəyərləndirilir. İnsanlar onların nə əməl sahibi olduğunu bilsə də hər yerdə belələrini təbəssümlə qarşılayır, qayğı nümayiş etdirməyə çalışırlar. Pul verib oğlunu hərbi xidmətdən yayındıra bilməyən, rüşvətlə uşağını ali məktəbə düzəltməyi bacarmayan, vicdanını satıb əvəzində evinə cibləri dolu getməyən valideynləri "peysər", ən yaxşı halda isə mağmun adlandırırlar.
   
   Övladlarını sovet ordusuna zurna-qavalla, toy-bayramla yola salan valideynlərin bir çoxu Vətənin ordusuna uşaqlarını göndərməmək üçün min cür fırıldaqlara əl atırlar. Gənclərimizə təhsil vermək, onları bu gözəl ölkə üçün savadlı kadr kimi hazırlamaq adı altında bəzi işbazlar universitet yaradıb oğlan uşaqlaını "ali məktəbdə oxuyur" adı ilə əsgərlikdən qurtarırlar. Əvəzində də böyük rüşvətlər alıb, həmin haram pullarla övladlarını böyüdürlər.
   
   Niyə axı, müasirlik, demokratiya deyibən Qərbin naqis, əxlaqsız, kosmopolit... nəyi varsa cəmiyyətimizə sırımaq istəyənlərə bu qədər laqeyidik? Biz atalarımızdan, analarımızdan miras aldığımız o möhtəşəm əxlaqi-mənəvi keyfiyyətlərimizin belə sürətlə məhv olmasına seyirçi gözü ilə baxmağı axı necə bacarırıq? Bizdə də ictimaiyyət var, bəs niyə onda ictimai rəy yoxdu? Hansı səbəbdən biz fahişəyə fahişə, namussuza namussuz, vicdansıza vicdansız, oğruya oğru... kimi münasibət göstərmirik?!
   
   Bəs deyirlər "Cənnət anaların ayaqları altındadır". Özləri bal-yağ içərisində, analarının isə zülümdə yaşadığından xəbəri belə olmayan övladlar tanıyıram mən... 69 yaşlı anasını evin içərisində boğaraq qətlə yetirən 39 yaşlı övlad meşədə, cəmiyyətdən kənarda ərsəyə gəlməyib ki? 70 yaşlı bir adam ədalətsizliyə dözməyib intihar edirsə, bunun adını nə qoymaq olar ki?
   
   Müqəddəs yerlərə getməklə, oğurluq puldan ara-sıra kimlərəsə qəpik -quruş bağışlamaqla Allaha rüşvət verə biləcəklərini düşünən nə qədər adam barmağını başqalarının gözünə soxmaqdadır. Yalanlarına insanları inandırmaq üçün getdiyi Həccə, Kəbə evinə and içənlərə hansı birimiz rast gəlməmişik ki? Allaha gerçəkdən inanalar, Onun yolunu tutanlar möminlər, inanmayanlar kafirlər, dildə, el gözünə Tanrıya iman gətirənlər isə münaqiflər hesab edilir. Müqəddəs Kitabda məhz münaqiflərin daha böyük günah sahibi olduqları bildirilir. İndi münaqiflər daha çoxdu. Ürəyində Allah sevgisi, ən azı Allah xofu olan insanların çoxluq təşkil etdiyi cəmiyyət bu gündə ola bilməz axı.
   
   Aləm qarışıb biri-birinə. Bütün meyarlar itmək üzrədir. Kim nəyi bacarır deyil, kim hara dürtülə bilir, kim haranı satın ala bilir prinsipi ön plandadır. Pul hər şeydən "şirin", pul hər şeydən üstün olub. Və hər kəs də böyründəkini, başqasını günahkar bilir. Kimsə özünü bu prosesə görə günahkar hesab etmir. Heç kim günahkar deyilsə bəs niyə vəziyyət bu gündədi?! Niyə bizdə mənəviyyat haqında düşünənlərin, əxlaqı baş tacı hesab edənlərin, harama tamah salmayanların sayı getdikcə azalır? Niyə yeddi dəfə ərə gedib boşananlar, hər dərədə bir arvad boşayıb qoyanlar insanlara əxlaq dərsi verir? Məgər bunlar gizlidi ki?
   
   Bəli, biz qazandığımız o müqəddəs dəyərlərin bədəlini çox ağır itkilərlə ödəməli olmuşuq. Amma ümid etməyək ki, bütün bunlar özü-özünə qaydasına düşəcək, bizdə də hər şey öz yerini tutacaq. Xeyr. Bundan ötrü cəmiyyət toparlanmalı, hərəkətə gəlməlidir. Bunun üçünsə hər kəsin bir vətəndaşlıq, bir insanlıq borcu var. Elə onlara əməl edilsə, heç kim, heç nəyin xiffətini çəkməz. Biz də biz olarıq... Amma hər kəs mənə nə var deyərsə...
   
   Allah bizi daha ağır bədəllər ödəməkdən qorusun.

TƏQVİM / ARXİV