Kinomuza Pələng gəlir!

ETİBAR CƏBRAYILOĞLU
45664 | 2011-09-24 09:33
"Dolu"nun yaratdığı əks-sədanı gözləmək çox lazım gəlmədi. Aqil Abbasın yazdığı əsər çap olunduğu gündən böyük maraq doğurdu. Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülən bu romanın qəhrəmanlarını yaxın zamanlarda ekranda da görə biləcəyik. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Dolu"nun çəkilişləri davam edir. Dövlət sifarişi ilə çəkilən bədii filmdə tanınmış aktyorlar rol alıb. Quruluşçu rejissor Elxan Cəfərov gənclərə də böyük etimad göstərib. Əsərdəki əsas obrazlardan birini-Pələngi ekranda canlandırmaq kinoda ilk addımını atan Elvin Əhmədova etibar olunub.
   
   Yaradıcı qrupun və çəkiliş prosesini izləyənlərin fikrincə, Elvin bu rolun öhdəsindən gəlməyi bacarır.
   
   Son illərin ən uğurlu ədəbi qəhrəmanlardan birini-Pələngi kinoda canlandıran Elvin Əhmədovla yaxından tanış olmağın tam zamanıdı.
   
   
   
   Pələng olana qədər
   
   
   
   - Elvin, inşallah ulduz aktyor olanda bəlkə də bu sual sənə bir qədər şablon görünəcək. Amma indi bu sual təbii səslənməlidi. Özün haqqında oxucularımıza bilgi verə bilərsənmi?
   
   - 1990-cı il fevralın 3-də Salyanda anadan olmuşam. Ailəmiz Bakıya köçəndən sonra orta təhsilimi paytaxtda almışam. Əvvəlcə Əhmədlidəki 88 saylı orta məktəbdə, sonra isə 10 saylı məktəbdə oxumuşam. 2007-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar və tədbirlər rejissoru fakültəsinə qəbul olundum.
   
   - Həmin universitetə qəbul olunmaq öz seçimin idi, yoxsa test imtahanlarının özəlliyi səni oralara apardı?
   
   - Yox, öz seçimim idi. Hələ uşaq yaşlarından incəsənətin müxtəlif növləri ilə məşğul olurdum. Doqquzuncu sinifdə oxuyanda Arif Qazıyevin rəhbərlik etdiyi Muğam Teatrına gedirdim. Retro-estrada janrında ifam deyilənə görə pis alınmırdı. Amma müğənni olmaq istəmədim.
   
   - Nİyə? Sənin yaşıdlarının çoxu bu dəqiqə müğənni olmaq istəyir...
   
   - Elə ona görə də müğənni olmaq istəmədim. İndi o qədər oxuyan var ki... Səsi olan da, olmayan da əlinə mikrofon alıb səhnəyə çıxır. Belə münasibət məni həvəsdən saldı.
   
   Bayaq dediyim kimi, incəsənətin digər növləri ilə, o cümlədən kino ilə balaca yaşlarımdan maraqlanırdım. Ona görə "Azərbaycanfilm" kinostudiyasında işə düzəldim. İşə qəbul olunanda artıq əsgəri xidməti başa vurmuşdum. Qiyabiçi olduğumdan I kursu bitirən kimi məni əsgər apardılar və Dövlət Sərhəd Xidmətinin "N" saylı hissəsində qulluq etdim.
   
   - Kinostudiyada çalışsan da "Dolu" filmindəki Pələng deyəsən sənin ilk böyük rolundu?
   
   - Bu rola qədər bir-iki reklama çəkilmişəm. Ona görə də Pələngi böyük kinoda debütüm saymaq olar. Buna qədər Ənvər Əblucun "Tərsinə çevrilən dünya" filmində rejissor assisenti olmuşam.
   
   
   
   Pələng olanda
   
   
   
   - "Dolu"ya necə düşdün?
   
   - Bu ilin aprelində rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində baş rola çəkilməyə dəvət almışdım. Lakin foto probdan sonra bəyənilmədim. Buna baxmayaraq həmin filmdə rejissor assisenti kimi çalışmalıydım. Bununla paralel olaraq "Dolu" filmində də rejissor assisenti təyin edildim.
   
   - Amma rejissor assisenti Pələngə çevrildi...
   
   - Təxminən ay yarım rejissor assisenti kimi çalışdım. Çəkilişlərin başlamasına bir ay qalmış quruluşçu rejissor Elxan Cəfərov Pələng rolunda çəkilməyi təklif etdi. Sözün açığı, bu təklif mənim üçün gözlənilməz oldu. Elə bilirdim ki, hansı rola kimin çəkiləcəyi, o cümlədən Pələngə çəkiləcək aktyor artıq müəyyənləşib. Nə isə, görünür qismətim də Pələng obrazına çəkiləcəyim var imiş.
   
   - Filmdə Pələng olmaq istəyənlər çox idi?
   
   - Mənə qədər Elxan müəllim altı nəfəri bu rol üçün sınaqdan keçirib, lakin bəyənməyib.
   
   - Alternativlərin arasında tanınmışlar, kino təcrübəsi olanlar da var idi?
   
   - Onlardan yalnız birini gənclər tanıyırdı. Bir vaxtlar yayımlanan "Qəfəs" realiti-şousundan tanınan Şəhriyar Əbilov da Pələng roluna çəkilmək üçün sınaqdan keçirilmişdi. Amma bu rola uyğun gəlməmişdi. Sınaq çəkilişlərindən sonra mən təsdiqləndim. Həmin gündən "Mən evə qayıdıram" filmindəki işimi təhvil verib "Dolu"nun çəkiliş qrupuna qoşuldum.
   
   - Buna qədər "Dolu" romanını oxumuşdun?
   
   - Sözün açığı, romanı oxumamışdım. Amma "Dolu"nun sorağını eşitmişdim. Televiziyada, qəzetlərdə Aqil Abbasın bu əsəri haqqında çox danışılırdı. Rejissor assisenti kimi təbii ki, rejissor ssenarisini oxumuşdum. Özü də 4 dəfə.
   
   - Rola çəkiləndə rejissor ssenarisi ilə kifayətləndin?
   
   - Yox. Qəhrəmanımı daha yaxından tanımaq üçün kitabı tapıb romanı tam oxudum.
   
   - Romanı oxuyanların hər birinin öz Pələngi var. Bəs sənin oynadığın Pələng necə olacaq?
   
   - Mən filmin quruluşçu rejissorunun görmək istədiyi Pələng obrazını oynamağa çalışmışam. İstəmişəm ki, Elxan müəllimin görmək istədiyi Pələng obrazını yarada bilim. Mənə elə gəlir ki, rejissorun ürəyindəki Pələng elə ürəyimdəki Pələngə oxşayır. Bu baxımdan Elxan müəllimlə istəklərimiz üst-üstə düşür.
   
   Pələng "Dolu"da üç əsas qəhrəmanlardan biridi. O, hamıya, hətta Drakona da yaxşılıq etmək istəyir və sonda Drakonu ölümdən qurtarır. Pələng heç bir canlını öldürmək istəmir. Yalnız evinin üstünə gələn, evini dağıdan dəmiri-tankı vurur.
   
   - Sən kinoda ilk rola çəkilirsən, Elxan Cəfərov isə saçını çəkiliş meydançalarında ağardıb. Yəqin ki, çəkildiyin obrazla bağlı ürəyində hansısa bir təklifin, fikrin olub, amma bunu dilə gətirə bilməmisən...
   
   - Bir epizodla bağlı təklifim var idi. Uzun müddət ürəyimdən keçdi. Lakin bunu Elxan müəllimə deyə bilmədim.
   
   - Bəlkə ürəyini qəzetə boşaldasan...
   
   - Filmdə belə bir epizod var. Pələng və Drakon da daxil olmaqla 6 nəfər kəşfiyyata gedir. Onlardan biri laldı. Ürəyimdən keçirdi ki, kəşfiyyata gedənlər dincələn zaman mənim lalla söhbət etmək imkanım olsun, Pələng içindəki hisslərini lala başa salsın. Təəssüf ki, ürəyimdən keçən bu təklifi cürət edib rejissora deyə bilmədim. Həmin epizod da çəkilib qurtardı.
   
   - Kinonun belə işləri var, inşallah öyrəşəcəksən, boş ver getsin. Aqil Abbas o gün qəzetimizdə yazmışdı ki, Pələngin ölüm səhnəsi çəkilən epizodlar yaman təsirli alınıb. Çəkiliş qrupunun üzvləri, prosesi kənardan izləyənlər yaman təsirləniblər. Özün həmin kadrlara baxmamısan?
   
   - Elxan müəllimin özünəməxsus iş metodu var. Çəkilən kadrlara aktyorların baxmasına imkan vermir. Ona görə də çəkildiyim kadrların heç birinə baxa bilməmişəm. Ölüm səhnəsinə gəlincə, həmin epizod çəkilməzdən öncə texniki məsələlər həll edilməli, sonra biz məşq etməli idik. Elxan müəllim gəlib durdu başımızın üstündə və dedi ki, çəkirik. Rza Rzayevlə (Drakon) bir-birimizin üzünə baxa-baxa qaldıq. Çünki epizodu məşq etməmişdik. "Motor!"- deyilən kimi sükut yarandı. Ömrümdə belə sükut eşitməmişdim. Yalnız yarpaqların səsini eşidirdim. Epizod çəkilən kimi hamı yaxınlaşıb məni təbrik etdi. Fürsətdən istifadə edib çəkiliş zamanı mənə inanan, mənəvi dayaq duran, məsləhətlərini əsirgəməyən insanlara, tərəf müqabillərimə təşəkkürlərimi bildirirəm. İnşallah bizim əziyyətimiz boşa getməyəcək.
   
   Bilirəm ki, "Dolu" adi bir film deyil. Mədəniyyət və Turizm Nazirliyi də, yaradıcı və texniki heyət də, tamaşaçılar da filmdən böyük uğur gözləyir. İnanıram ki, baxımlı, yadda qalan bir ekran əsəri olacaq. Bunun əksini heç ağlımda belə keçirə bilmirəm.
   
   
   
   Pələngdən sonra
   
   
   
   - Kinoya Pələng kimi xarakterik obrazla gəlirsən. Bundan sonra sözsüz ki, təkliflər çox olacaq...
   
   - Artıq belə təkliflər var. Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" əsəri əsasında çəkiləcək filmə dəvət almışam. Filmi çəkəcək Türkiyəli rejissor mən də daxil olmaqla bir neçə aktyoru baş rola sınayacaq. Sınaq çəkilişlərindən sonra rejissor bu barədə qərarını bildirəcək.

TƏQVİM / ARXİV