adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

HƏR KƏS YERiNi BiLMƏLi

BABƏK YUSİFOĞLU
58954 | 2011-09-22 07:35
Qərb nə qədər Türkiyəni və Azərbaycanı kandardan kənarda qoymağa çalışsa da bu alınmır. Azərbaycanın malik olduğu enerji resursları, strateji əhəmiyyətli regionda yerləşməsi, intellektual potensialı... Türkiyənin qüdrətli ordusu, Şərqdəki nüfuzu... məcbur edir ki, beynəlxalq güc sahibləri istəməsələr belə bu ölkələrlə əməkdaşlıqda bulunsunlar. Elə son günlərdə Xəzərin Azərbaycan sektorunda tapılmış nəhəng qaz yatağı dünya üçün Bakının hansı dəyərdə olduğunu bir daha xatırlatdı. İndi qardaş Türkiyəyə təzyiqlərin əks effekt verdiyinin fərqində olmağa başlayıblar. Avropa Birliyi elə zənn edirdi ki, üzvlük məsələsi ilə daha 40 il Ankaranın başına corab hörə biləcək. Lakin aydın oldu ki, Türkiyə onların hoqqasından xəbərdardır və başqa səmtə istiqamət götürə bilər.
   
   Son dövrlər regionda cərəyan edən hadisələr də beynəlxalq aləmdə Türkiyənin imicini xeyli yüksəldib. Ərəb dövlətlərində biri-birinin ardınca baş verən siyasi rejim dəyişiklikləri, inqilablar və həmin ölkə xalqlarının Ankaraya rəğbəti, "Mavi Mərmərə" olayından sonra İsraillə yaranan qarşıdurmada türklərin qətiyyəti, Qərbi bəzi şeylərə məcbur etdi. Əlbəttə, həm Təl-Əvivə, həm də Qərbə elə gəlirdi ki, Ankara göstərilən əks reaksiyadan çəkinəcək, hər dəfə olduğu kimi yenə onların istəklərinə uyğun hərəkət edəcək. Lakin Türkiyə biri-birinin ardınca daha qətiyyətli mövqe nümayiş etdirməklə qarşı tərəfi seçim qarşısında qoydu.
   
   Məhz bu üzdəndir ki, son olaylardan sonra bir sıra nüfuzlu qərb mətbuatı, tanınmış politoloqlar Türkiyənin liderliyi ələ alaraq xilafəti bərpa etməsi haqqında məqalələr verməyə başladılar. Arxasındakı güclərə güvənən İsrail indi anlayır ki, davranışları Türkiyəni zəiflətmək, qorxutmaq əvəzinə mövqeyini daha da gücləndirir, dövlətləri onun ətrafında birləşdirir. Türkiyənin təkrarən Qəzzaya humanitar gəmi göndərməyə hazırlaşması məsələni daha da çətinləşdirib. Onlar hiss edirlər ki, Ankaranın olayla bağlı irəli sürdüyü tələbləri yerinə yetirməyəcəyi halda gərginlik artacaqdır. Bu da ona xeyir gətirə bilməz. Çünki qüdrətli orduya malik Türkiyə İsrail üçün nə Fələstindir, nə Suriyadır, nə də Misir.
   
   Bu günlərdə baş verən bir olay məsələnin təsəvvür edildiyindən də ciddi olduğunu təsdiqlədi. Qeyd edim ki, TAPO şirkətinə Kipr adası sahillərində neft-qaz yataqları ilə bağlı kəşfiyyat işləri aparmağa icazə verilib və Cənubi Kiprin Şərqi Aralıq dənizində neft-qaz yataqları ilə bağlı kəşfiyyat işlərinə başlaması Türkiyəni hərəkətə gətirib. Bununla da Türkiyə böyük 18 hərbi gəmisindən səkkizini və bir sualtı döyüş qayığını Şərqi Aralıq dənizinə göndərir və bununla bağlı artıq qərar verilib. Bu günlərdə nəzərdə tutulanlar həyata keçirilməlidir.
   
   Məlumat üçün bildirim ki, Cənubi Kipr dənizdə kəşfiyyat işlərini bir ABŞ şirkəti ilə müqavilə bağlayaraq həyata keçirir və Birləşmiş Ştatların şirkətinin platforması ətrafında İsrail pilotsuz təyyarələri uçur. Türkiyə döyüş gəmilərindən 3-ü də məhz İsrailə qarşı növbə tutacaq. Türkiyə isə vaxt itirmədən Şərqi Aralıq dənizində neft-qaz axtarışlarına başlayacaq. Artıq TAPO şirkətinə Kipr sahillərində kəşfiyyat işləri aparmağa icazə verilib və kəşfiyyat platformasını Türkiyə donanmasının iki döyüş gəmisi qoruyacaq. Bu artıq dörd bir yana verilən kifayət qədər sərt xəbərdarlıqdır. Çünki artıq dövrəyə türk hərbçiləri daxil olur.
   
   Bir sıra şərhçilər bu qənaətdədir ki, Türkiyənin bu davranışları Vaşinqtonla razılaşdırılıb. Elə iki gün öncə Rəcəb Tayyib Ərdoğanın ABŞ lideri Barak Obama ilə görüşməsini, saatyarımlıq təkbətək məsləhətləşmələr aparmasını da bu razılaşmaların yekunu kimi göstərirlər. Amma Ərdoğanın görüşdən sonra verdiyi açıqlamalarda bir sıra digər məsələlərin də müzakirə olunduğunu deməsi çox mətləbdən xəbər verir. Baş nazir bildirib ki, PKK ilə mübarizə sahəsində Türkiyənin istəklərinin siyahısı Barak Obamanın nəzərinə çatdırılıb. Suriyaya qarşı atılacaq addımlara da toxunub: "Hazırda Türkiyə Suriya hakimiyyəti ilə münasibətləri, müzakirələri dayandırmış vəziyyətdədir. ABŞ-ın Suriyaya qarşı həyata keçirməyə başladığı sanksiyalar var. Bu sanksiyaların nələr ola biləcəyi ilə bağlı Türkiyə və ABŞ xaric işlər nazirlərinə tapşırıqlar verdik".
   
   İsraillə bağlı yaranmış vəziyyətin də müzakirəsi nəzərə çatdırılıb. Və bəzi nüanslar şərhçilərin fikirlərinin həqiqətə yaxın olduğunu göstərir: "Mavi Mərmərə" olayını da müzakirə etdik. Beynəlxalq sularda gəmiyə qarşı həyata keçirilən hücuma etirazımızı haqlı sayırlar. Ancaq indiyə qədər ABŞ-ın qanuni dəstəyini görmədik. İsrail üzr istəyənə, təzminat ödəyənə və Qəzzanın blokadasını qaldırana qədər iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil. Bu mövqeyimizi davam etdirəcəyimiz qarşılığında Barak Obama fərqli mövqe göstərmədi. İsraillə bağlı Türkiyəyə "bunu etməyin" demək durumunda deyil, çünki haqlı olduğumuzu bilir".
   
   Bundan başqa, Türkiyənin baş naziri Şərqi Aralıq dənizində neft və qaz yataqlarının axtarışına başlayan Cənubi Kiprə analoji şəkildə cavab verildiyini belə vurğulayıb: "Resurslarda Şimali Kiprin də payı var. Qarant ölkə kimi bu haqların qorunması ilə bağlı hər cür dəstək verəcəyik. Bu axşam, ya da sabah biz də dənizdə neft və qaz yataqlarının axtarışına başlayacağıq". Doğrudan da bu cür prinsipiallıq, qətiyyət çoxdan idi ki, göstərilmirdi. Belə davam edəcəyi təqdirdə hər kəs qüdrətli Türkiyənin gücünü hiss edəcək. Və bu vacibdi. Çünki belə bir qənaət formalaşmışdı ki, Türkiyə ilə istənilən formada danışmaq olar, onu hər şeyə məcbur etmək mümkündü. Amma səhv etdiklərini görəcəklər...

TƏQVİM / ARXİV