adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DüŞüNSüNLƏR, DüŞüNƏ BiLiRLƏRSƏ...

BABƏK YUSİFOĞLU
43911 | 2011-09-21 07:05
Məlum olduğu kimi Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkmək istəmir və hər dəfə də ən müxtəlif bəhanələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesini pozur, mövcud situasiyanın davam etməsinə çalışır. O da bəllidir ki, dünya birliyi əsl həqiqəti dəqiq bilsə də münaqişənin həlli üçün deyil, uzanması üçün çalışır. Və bundan ötrü ATƏT-in Minsk qrupu deyilən mənasız bir qurum yaradıb. Dünyanın məhz bu münasibəti üzündən də ac-yalavac Ermənistan 20 ildir işğal etdiyi torpaqlardan geri çəkilmir. Bugünkü reallıq belədir.
   
   Rəsmi Bakı vəziyyətdə irəliləyişə nail olmaq üçün məsələni yenidən BMT-nin Baş Assambleyasının sessiyasının gündəliyinə salmağa nəhayət ki, nail olub. Sənəd "Azərbaycanın işğal altında olan torpaqlarında situasiya" kimi müzakirəyə çıxarılacaq. Maraqlıdır ki, bu sənədin gündəliyə salınmaması üçün dəridən-qabıqdan çıxan erməni diplomatları hətta şantajedici çıxışlarda da bulunurdular. Lakin nəticə almadıqlarından hədə-qorxu variantına əl atdılar. Tez-tez Ermənistanın Dağlıq Qarabağı tanıyacağı haqqında bəyanatlar səsləndirdilər. Amma Azərbaycan tərəfi məqsədində israrlı idi. Əslində erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması barədə BMT dəfələrlə qətnamə qəbul edib, lakin işğal hələ də dəyişməyib. Və bu səbəbdən də sənədlərin gərəksizliyi barədə bizdə artıq bir fikir formalaşıb. Bəli, mahiyyətcə bu belədir, amma buna baxmayaraq uzun fasilədən sonra Beynəlxalq Birlik tərəfindən yeni bir sənədin qəbul edilməsi diplomatik baxımdam bizim üçün böyük əhəmiyyət daşıyır.
   
   İndi də BMT-dəki diplomatik məğlubiyyətdən sonra erməni siyasiləri erməni xalqının başının altına yastıq qoymaq, Azərbaycanın diplomatik uğurunun dəyərini azaltmaq üçün hərəkətə keçiblər. Hətta bu dəfə yalnız politoloqlar deyil, rəsmi şəxslər də həmin kampaniyaya qoşulub. Sülh danışıqlarının tərəfdarı olduqlarını yalandan israr edən Yerevan şantaj siyasətini davam etdirir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlər qarşısında bildirib ki, BMT-dəki müzakirələrin ciddi bir əhəmiyyəti yoxdur: "...Son vaxtlar Azərbaycan ATƏT-in MQ formatında aparılan danışıqları pozub başqa beynəlxalq instansiyaya keçirməklə "DQR xalqı" daha çox "azadlıq" qazanır". Dövlət rəsmisinin bu cür cəfəng bəyanatı bir daha sübut edir ki, Ermənistan militarist siyasətdən heç vaxt əl çəkməyəcək.
   
   Amma onun yalandan BMT-dəki müzakirəni əhəmiyyətsiz kimi göstərməsini elə özlərinin növbəti çıxışı ilə sübut etmək mümkündü. Regional Araşdırmalar Mərkəsinin rəhbəri Riçard Qiraqosyan Yerevanda keçirdiyi mətbuat konfransında bəyan edib ki, BMT-də ciddi beynəlxalq təşkilatlardan biridir ki, orada Ermənistanın mövqeyi çox zəifdir: "Yaddan çıxarmaq lazım deyil ki, BMT məhz həmin beynəlxalq qurumdur ki, qəbul etdiyi qətnamələrdə "işğal" terminindən istifadə edib. Əvvəllər bu cür sənədlərin qəbul edilməsindən xeyli keçsə də yenə hər şey bizim əleyhimizədir. Nəzərə almaq lazımdır ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvünə çevrilib. İndi ermənilər daha aktiv olmalıdırlar. Ermənistanın mövqeyinin BMT-də yaxşılaşması yolunda, eləcə də digər məsələlərdə xeyli əngəllər var..."
   
   Hazırda bu cür düşünənlər Ermənistanda həyəcan təbili çalmaqdadırlar. Onlar hesab edirlər ki, BMT tərəfindən biri-birinin ardınca qəbul edilən bu sənədlər hələlik gücsüz hesab edilsə də onların vaxtı gələndə Ermənistan üçün böyük başağrı yaradacağı reallıqdır. Azərbaycanın da beynəlxalq sənədləri daim qabartması Yerevana qarşı təsirli ideoloji silah rolunu oynayır. Ermənistanın BMT-də zəifliyini əsaslandıran şərhçilər daha çox bundan əndişə duyurlar: "Azərbaycanın işğal altında olan torpaqlarında situasiya" haqqında müzakirə edilən sənəd BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə avtomatik daxil edilib.
   
   Ermənilər etiraf etməsələr də tülkü kimi özləri də çox yaxşı bilir ki, əgər BMT-də hansı bir məsələnin iclasdan qabaq müzakirəsinə ehtiyac duyulmursa, o, avtomatik olaraq növbəti iclasın gündəliyinə daxil edilir. Göründüyü kimi, Təşkilat Azərbaycan tərəfinin haqlı müraciətini iclasa çıxarılıb-çıxarılmamasını öncə müzakirə etməyə ehtiyac belə görməyib. Bu da o deməkdir ki, Təşkilat məsələni iclasa çıxarmağı haqlı sayır. Və əvvəlki sənədlərin bu dəfə də davamı gələcəksə belə hesab etmək olar ki, bu bir daha Ermənistanın işğalçı kimi göstərilməsidir.
   
   Hadisələrin bu cür inkişaf etməsi erməni lobbisini də narahat etməkdədir. Onlar himayədarlarına ermənisayağı "təpkilərini" göstərirlər. Fransada, Amerikada, Rusiyada olan erməni lobbisi hakimiyyətə qarşıdakı prezident seçkilərini xatırladaraq incikliklərini bildirib. Moskvanı müəyyən addımlar atmağa təhrik etmək üçün Ermənistanda Rusiya əleyhinə bəzi fikirlər səsləndirilməyə başlayıblar. Hətta nisbətən aşağı ranqlı dövlət məmurları sərt şəkildə Ermənistanın regionda Rusiyanın yeganə müttəfiqi olduğunu önə çəkirlər. Moskvaya eşitdirirlər ki, Qərbin təklifləri hələ ermənilər üçün davam edir.
   
   Bu arada Rusiya politoloqlarının sərt şərhləri məhz bu üzdən artmağa başlayıb. Bakını yumşaq mövqeyə çəkmək üçün olmazın sözləri danışılır. Lakin rəsmi Bakı çox doğru olaraq belə mesajlara konkret və onlardan da sərt cavab verdi. Azərbaycan Ordusu Naxçıvan hərbi birləşməsində növbəti genişmiqyaslı təlimlərə başlayıb. Verilən məlumatlara görə, müdafiə naziri, general polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə Quru Qoşunları və Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələri cəlb olunub. Bu da ermənilərin və onların yaltaqlarının şantajlarına məncə ən yaxşı, yerində verilən cavabdır. Qoy bu haqda düşünsünlər, düşünə bilirlərsə...

TƏQVİM / ARXİV