adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YETMiŞ YEDDi iL, NOBEL MüKAFATI VƏ SONRA...

BABƏK YUSİFOĞLU
21785 | 2011-09-20 07:37
Özünün də dəqiq yadına gəlmirdi ki, yazmaq həvəsi onda nə vaxtdan baş qaldırıb. Amma bunu yaxşı xatırlayırdı ki, yazmağa başlayanda yeniyetmə çağlarıydı və sonradan özünü bütünlüklə həmin istəyə həsr etdi. Nə çətinliklər, nə cap üçün üzücü rədd cavabları, nə də qarşısındakı maneələr onu yolundan sapdırmadı. Naqib yazdı, yorulmadı. Hətta yazmaq həvəsi ona öz şəxsi həyatını belə unutdura bildi. Bəlkə də məhz buna görə idi ki, ərəb dünyasının məşhur romançısı Naqib Mahfuz ailə qurmağı, necə deyərlər, ev-eşik sahibi olmağı belə yadından çıxarmışdı.
   
   Bu onun haqqında yazanların ritorikası deyildi. Müsahibələrinin birində məşhur yazıçı bunanla bağlı özü etiraflarda bulunmuşdu. Bir dəfə jurnalistlər Naqibdən niyə gec evləndiyinin səbəbini soruşanda o demişdi:
   
   -Mən işimlə və yazıçılıqla "yüklənmişdim". Gündüzlər dövlət qulluqçusu, gecələr isə yazıçı idim. Günüm bütünlüklə bu işlərə həsr olunurdu. Evlənməkdən çəkinirdim də... Xüsusilə, bir sıra sosial problemlərlə çarpışan bacı-qardaşlarımın qayğılarını gördükdən sonra. Belə təsəvvürüm vardı ki, ailə həyatı mənim bütün vaxtımı udacaq...
   
   Ərəb dünyasının böyük yazıçısı Naqib Mahfuz həqiqətən də evlənəndə yaşı artıq 40-a az qalmışdı. Və onu qeyd etmək vacibdi ki, yazıçının öz yaradıcılığı üstündə belə əsməsi boşuna deyildi. Mahfuz özünü yazıçı kimi təsdiqləmiş bir şəxsiyyət idi. Müsəlman dünyasından boylanan bu qələm sahibi özünün bütün istedadı ilə Qərbin də diqqətini özünə cəlb edə bildi. Çünki Naqib Mahfuzun yaratdıqlarını qəbul etməmək mümkün deyildi. Və təəccüblü də olsa o, Nobel mükafatına da layiq görüldü. Avropalılar axı belə addım atmırlar. Müsəlmanlara niyə bu böyük mükafatı versinlər ki? Amma...
   
   Şərqin, eləcə də dünyanın ən böyük romançılarından biri sayılan bu ərəb oğlunun həyatı haradan, necə başlamışdı? Nələr yaşamışdı?
   
   Əslində bütün bunlar da maraqlıdı.
   
   
   
   QAHİRƏLİ OĞLAN
   
   
   
   O, 1911-ci il 10 dekabrda Qahirədə bir məmur ailəsində dünyaya göz açmışdı. Uşaqlığı, ilk təhsil illəri digər ərəb uşaqlarından xüsusi cəhətləri ilə fərqlənməsədə içindəki bir istəyin həmişə onu ardıyca çəkdiyini hiss etmişdi. Və bir də kitablara olan həvəsi həmişə onunla birgə olmuşdu.
   
   Hələ yeniyetmə ikən məktəbli dostlarından birinin məsləhəti ilə oxuduğu Hazif Nəcibin "Consonun oğlu" əsəri ona inanılmaz təsir bağışladı, belə demək mümkünsə, Naqibin həyata baxışlarını belə dəyişdi. Əslində bunu yazıçı gələcəkdə özü də söhbətlərində etiraf edəcəkdi. Bununla bərabər elmə, təhsilə olan sonsuz marağı heç şübhəsiz ki, öz təsirini göstərəcəkdi. Göstərdi də. Naqibin yolu həmin dövrlərdə Şərqin ən böyük təhsil ocaqlarından biri sayılan Qahirə Universitetinə yönəldi və universitetin fəlsəfə fakültəsinə daxil oldu. Hələ 16-17 yaşlarından başlayaraq yazdığı və hələ bunların sonradan nələrə çevriləcəyini bilmədiyi yazılarına məhz tələbəlik dövrlərində daha ciddi yanaşmağa başladı. 1934-cü ildə Naqib universiteti başa vurdu.
   
   Amma heç nə asan olmadı. Naqib yazdıqlarını insanlara təqdim etməyə imkan qazana bilmirdi. Əslində Naqibin ciddi olaraq 1929-cu ildən yaradıcılığa başladığını söyləmək mümkündü. Sadəcə olaraq uzun illər naşirlər Mahfuzun yazdıqlarını çap etməyi lazım bilməmişdilər. O, məşhurlaşandan sonra həmin dövrləri belə xatırlayacaqdı:
   
   "Mənim bütün hekayələrim rədd edilirdi. "Macalla"nın redaktoru Salman Musa hər dəfə mənə deyərdi ki, sənin yazmaq potensialın var, ancaq sən onu hələ inkişaf etdirə bilməmisən".
   
   
   
   "QAPI"NI AÇDI...
   
   
   
   Amma Naqib nə deyilməsinə baxmayaraq ruhdan düşmədi, inadından dönmədi. Çünki o, yaradıcılıq həvəsinə üstün gələ bilməzdi. Müntəzəm yazmağa başlayandan düz 10 il sonra - II Dünya Müharibəsi ərəfəsində nəhayət onun ilk əsəri "Abat əl- Əktar" çap olundu. Və bu Mahfuzun artıq yaradıcılıq yolunda ilk qələbəsi idi. "Qapı" açılmışdı. Elə həmin il onun burjua cəmiyyətindəki zəngilik və yoxsulluğun yaratdığı problemlərdən bəhs edən ilk novellalar toplusu da işıq üzü gördü. Müharibə illərində isə Naqib intensiv şəkildə iri əsərlər üzərində işlədi. Və çox keçmədi ki, "Taleyin oyunları" əsərini yazdı. 1943-cü ildə "Şəcərə", 1944-ci ildə "Fiv döyüşü", 1945-ci ildə isə "Yeni Qahirə"ni ərsəyə gətirdi. Həmin vaxtlar dünyanın çox gərgin, sıxıntılı, hərbi-siyasi qarşıdurmalar dövrü olsa da, incəsənət, ədəbiyyat, humanizm prinsipləri nisbətən arxa plana keçsə də yazıçının bu əsərləri oxucular tərəfindən rəğbətlə qarşılandı. Bir zamanlar yazıları naşirlər tərəfindən qəbul edilməyən Naqib Mahfuz hər yerdə tanınmağa başladı.
   
   Qeyd etmək lazımdı ki, həmin vaxtlar Naqibin həyata baxışında, həyat prinsiplərində müəyyən dəyişikliklər baş verməkdəydi. Belə ki, yazıçı özünün sosialist ideyalarından əl çəkdi və uzun müddət psixoloji cəhətdən qeyri-müəyyənlik içərisində qaldı. Bütün bunlar isə bir azdan onun dərin pessimizmə qapılmasına səbəb oldu. Artıq o, həyat haqqında, inandıqları barəsində əvvəlki kimi düşünmürdü. Gününün böyük bir hissəsini məqsədsiz söhbətlərə həsr edir, hər birinin öz dünyası olan Adil Kamalla, Əhməd Zəki Məkhlüflə tərk-dünyalıqdan, ədəbiyyatın dəyərdən düşməsindən danışardı. Hətta iş o yerə gəlib çatdı ki, fikirlərini məşğul edən metafizik suallara cavab tapmaq üçün sufi mistikasını öyrənməyə girişdi. Lakin bu da uzun müddət davam etmədi. Və nəhayət o, elmi sosializmi və mənəvi problemləri araşdıran fəlsəfi meyyarlar üzərində dayandı. Nə bilmək olardı, bəlkə də bütün bu fəlsəfi düşüncələr "sənaye erası"nın mühitə gətirdiyi yeni dünyagörüş ilə bağlı idi.
   
   
   
   ... TRİLOGİYA
   
   
   
   Bütün bunlara baxmayaraq Naqib Mahfuz yeni əsərlər üzərində işləməyə böyük məsafəli ara vermirdi. Yaradıcılığının yeni mərhələsinə qədəm qoyanadək - 1956-cı ilədək bir neçə romanla oxucularının qarşısına çıxdı - "Xan əl-Xəlili" (1946), "Middak küçəsi" (1947), "Başlanğıc və son" (1949) kitablarını yazdı. İndi o, Qahirədə oxucuların ən çox haqqında danışdığı müəlliflərdən birinə çevrilmiş, ölkəsində kifayət qədər şöhrət sahibiydi. Lakin onun həm istedadı, həm də yazmaq istəyi artıq elə bir səviyyədə idi ki, yolu dünyaya çıxırdı. Təəssüf ki, məhz həmin dövrlər Naqib yaradıcılıqla daha az məşğul olurdu. Bu təxminən bir neçə il beləcə davam etdi və həmin fasiləni əslində onun yaradıcılığında yeni bir mərhələyə keçid hesab etmək olar.
   
   
   
   (Ardı 27 sentyabr sayımızda)

TƏQVİM / ARXİV