adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ALAÇATI...

FAİQ QİSMƏTOĞLU
30941 | 2015-06-02 00:35
Havalar get-gedə daha da istiləşməyə başlayır. Artıq hətta bir neçə gündür ki, Xəzər dənizinin çimərliklərində çoxlu sayda insanlar çimirlər. Təbii ki, havaların birdən-birə istiləşməsi istər-istəməz insanları müxtəlif yerlərə - dənizə, çaya, meşələrə getməyə məcbur edir. Bunları başa düşmək o qədər də çətin deyil. Biz heç də bu yazımızda isti yay günlərində insanların necə istirahət etməsindən və sərinləməsindən danışmaq istəmirik.
Yazımızın mövzusu ondan ibarətdir ki, havalar istiləşəndə rayon və kənd yerlərində ilanların sayı daha da artır. Əsas məsələ də budur ki, zəhərli ilanlardan qorunmaq üçün çoxlarımız təhlükəsizlik tədbirlərindən istifadə eləməyə ərinirik. Ən azından ona görə ki, düşünmürük ki, otlaq sahəsində, əkin-biçin yerlərində hər an zəhərli ilanlara rast gələ bilərik.
Aydındır ki, Azərbaycan ərazisində ən zəhərli ilanlar gürzələr sayılır. Gürzələr də isti havalarda otun, kolun-kosun arasında özünü günə verirlər. Bir çox insanlar isə istər ot biçini zamanı, istərsə də təsərrüfat işləri görərkən diqqətsizlik edir və kolun-kosun arasında olan ilanı tapdalayırlar. Əlbəttə, bu cür anda o ilanlar insanları çalırlar.
Amma gəlin onunla razılaşaq ki, bir qədər adamlar diqqətli olsalar və ehtiyatı əldən verməsələr bu cür qorxulu anlar yaşamazlar. Respublika Klinik Xəstəxanasının toksikologiya şöbəsindən aldığımız məlumata görə, son 15 gündə ilansancma diaqnozu ilə xəstəxanaya xeyli sayda insan gətirilib. Onların əksəriyyətinin həyatını xilas etmək mümkün olub. Çünki birincisi, həmin xəstələr vaxtında xəstəxanaya çatdırılıb və onlara lazımi zərdab vurulub.
Bir neçə gün bundan əvvəl isə Cəlilabad rayonunun kəndlərindən birində təsərrüfat işi ilə məşğul olan yeniyetmə qızı gürzə çalıb. Vaxtında göstəriləin tibbi köməklik nəticəsində onun həyatını xilas etmək mümkün olub. Yeniyetmə qız rayon mərkəzi xəstəxanasına aparılıb və ona lazımi vaksin vurulub. Vaxtında göstərilmiş müalicə metodu öz müsbət nəticəsini verib.
Sözümüzün canı ondan ibarətdir ki, hələ qarşıda isti yay günləri durur. Bu isti yay günlərində isə çöldə, bayırda, təsərrüfat işləri ilə məşğul olan insanlar daha diqqətli olmalıdırlar. Məmləkətimizdə ən çox zəhərli ilanlar Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Kürdəmir, Göyçay, Ucar rayonlarında olur. Təbii ki, bu rayonlarda əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı işləri ilə məşğuldur.
Onlar bostan, tərəvəz məhsulları əkir, otlaq sahələrində ot biçir və digər təsərrüfat işlərini həyata keçirirlər. Ona görə də bu işlə məşğul olan insanlar işləyərkən uzunboğaz ayaqqabılardan istifadə etməlidirlər. Bununla yanaşı, həkimlər məsləhət bilir ki, ilanvuran adama ilkin tibbi xidmət göstərərkən o yaranı heç vaxt çərtmək və qanını sormaq olmaz. Sadəcə olaraq, həmin yeri yodla təmizləmək, yaranın ağzını isə tənziflə bağlamaq lazımdır. İmkan daxilində ilançalan adam yeriməməli və o, təcili xəstəxanaya çatdırılmalıdır.
Şər deməsən, xeyir gəlməz. Bu elə bir şeydir ki, hər insanın başına gələ bilər. Ona görə də isti yay günlərində təsərrüfat işlərində çalışan adamlar daha diqqətli olmalı, ilançalma hadisəsi baş verəndə özlərini itirməməli və həkimlərin məsləhətlərinə qulaq asmalı, xəstəni təcili yaxınlıqdakı xəstəxanaya çatdırmalıdırlar. Atalar yaxşı deyib: "İlan vuran alaçatıdan qorxar".

TƏQVİM / ARXİV